Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2685/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.11.2018-ci il tarixli 2(103)6340/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 28 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Əliyev, iş № 2(005)-34/2018) İddiaçı Cavabdeh-yə qarşı işə bərpa, ödənilməmiş əmək haqqının verilməsi, məcburi işburaxmaya görə əmək haqqının və ödəncin tutulması, mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehdən İddiaçı xeyrinə 2015-ci ilin fevral-oktyabr ayları üzrə 9 ay üçün hər ay 176 manat olmaqla cəmi 1584 manat məbləğində ödənilməmiş əmək haqqının, 01 dekabr 2007-ci il tarixdən 28 oktyabr 2015-ci il tarixədək istifadə edilməmiş məzuniyyətə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiyanın hesablanaraq tutulması, əmək haqqının verilməsinin kecikdirilmiş hər 1 günü üçün 1 faiz hesablanmaqla ödəncin tutulması öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.Ş.Talışinski, Z.Ə.Əliyev və R.Ə.Eyvazov) Nərimanov rayon məh kəməsinin 28 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddianın qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə əmək haqqına görə 1250,20 manat, ödənilməmiş məzuniyyətə görə 943,35 manat, əmək haqqının gecikdirilməsinə görə 500 manat tutulmasına dair qətnamə qəbul edilmişdir. İşin halları: İddiaçı 01 fevral 2011-ci il tarixdən Cavabdeh-də sürücü vəzifəsində işləmiş, MMC-nin direktorunun 28 oktyabr 2015-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən-mülkiyyətçiyə maddi ziyan vurması əsası ilə işdən azad edilmişdir. 2016-cı ilin noyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2015-ci ilin fevral ayından indiyə kimi ona əmək haqqının ödənilməməsini, 9 il ərzində əmək məzuniyyətindən istifadə etməməsini, son radan isə işdən azad edilməsinin ona məlum olmasını və s. əsas göstərməklə işdən azad edilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa olunması, 2015-ci ilin fevral – oktyabr ayları üzrə cəmi 9 ay üçün əmək haqqının ödənilməməsinə görə cavabdehdən 7200 manatın, əmək haqqının hər gecikdirilmiş günü üçün 1 faiz, yəni 1080 manat məbləğində ödəncin tutulması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, mənəvi zərərə görə 5000 manat, istifadə etmədiyi məzuniyyətlərə görə 7200 manatın alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilməməklə maddi və prosessual hüquq normaları nın pozulması ilə çıxarılmasını əsas göstərməklə qətnamənin iddianın rədd olunmasına dair hissədə ləğv edilib həmin hissədə iddianın təmin olunmasına dair qərar qəbul edilməsni xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə mənəvi ziyanın və əmək haqqının gecikdirilməsinə görə faizlərin tutulması tələblərinə dair hissələrdə ləğv edilib həmin hissələrdə işin yeni apellyasiya baxışın a göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsində 9 ay üçün ödənilməmiş əmək haqqının, əmək haqqının hər gecikdirilmiş günü üçün 1 faizi miqdarında ödəncin (1080 manat) tutulması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, mənəvi zərərin (5000 manat) ödənilməsi və istifadə olunmasını əmək məzuniyyətinə görə 7200 manatın tutulması barədə tələblər irəli sürmüşdür. İddia tələbinin qismən təmin olunmasına dair Nərimanov məhkəməsinin 28 fevral 2018-ci il tarixli qətnaməsindən həm İddiaçı və həm də Cavabdeh apellyasiya şikayətləri vermişlər. İddiaçının apellyasiya şikayətində qətnamənin iddia tələbinin rədd olunmuş hissəsində, cavabdehin apellyasiya şikayətində isə qətnamənin iddia tələbinin təmin olunmasına dair hissədə ləğv edilməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 may 2018-ci il tarixli qərardadı ilə hər iki apellyasiya şikayəti mümkün hesab edilmişdir. Belə olduqda apellyasiya instansiyası məhkəməsi hər iki apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini tam həcmdə yoxlamaqla nəticəyə gəlməli idi. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.(372.1) Ap ellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.(372.6) Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.(372.7) İddiaçı apellyasiya şikayətindən görünür ki, o, eyni zamanda mənəvi ziyanın ödənilməsi tələbinin rədd olunmasına dair birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunub iddianın həmin hissədə təmin edilməsini xahiş etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini həmin hissədə yoxlamamış, iddianın həmin hissədə əsaslı olub-olmamasına qiymət verməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 218-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.(218.1.) Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.(218.3.) Kollegiya hesab edir ki, qətnamə həmin hissədə qanunun tələbinə uyğun əsaslandırılmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsində əmək haqqının hər gecikdirilmiş gününə görə ona 1080 manat məbləğində ödəncin verilməsini xahiş etmiş və birinci instansiya məhkəməsi ödəncin məbləğinin hesablanıb ödənilməsini cavabdehin üzərinə qoymuşdur. Apellyasiya instansiyası məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərardadına əsasən verilmiş audit rəyində iddiaçıya əmək haqqının gecikdirilməsinə görə cəmi 12.127,81 manat məbləğində ödəncin verilməli olması müəyyən olunmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi iddiaçıya əmək haqqının gecikdirilməsinə görə 500 manat tutulması barədə nəticəyə gəlmiş, lakin gəldiyi nəticəni qanunun tələbinə uyğun əsaslandırmamış, bu zaman qanunun normasına istinad olunmamışdır. Qətnamədə həmin məbləğin azaldılması üçün əsas kimi dəbbə puluna a id müddəalardan analogiya kimi istifadə olunması göstərilsə də qətnamə həmin normaların tələbləri baxımından da əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əml ak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya instansiyası məhkəməsi əgər mübahisəni həmin normaların tələbləri baxımından həll edirdisə, belə halda analogiyanın tətbiqinin mümkünlüyü də əsaslandırılmalı idi. Kollegiya hesab edir ki, qətnamə həmin hissədə də qanunun tələblərinə uyğun əsaslandırılmadığından həmin hissədə də ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməlidir. İddia tələbləri qalan hissələrdə audit rəyinə, müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun həll edildiyindən, kollegiya qətnaməni həmin hissələrdə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarılmış hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-c u maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 12 noyabr 2018-ci il tarixli qətnaməsi əmək haqqının hər gecikdirilmiş günü üçün ödənclərin verilməsi və mənəvi ziyanın ödənilməsi tələblərinə münasibətdə ləğv edilsin. Həmin hissələrdə mübahisəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2685/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2685/2019
10.04.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver