Məhkəmə qərarları › İş №2(102)-2692/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2692/2023

28.08.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2692/2023 28.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, intizam tənbehinin verilməsi müddətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlunun (məruzəçi), hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)1661/2023 nömrəli, 14 mart 2023-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üz rə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra - iddiaçı) 01 sentyabr 2003-cü il tarixdən başlayaraq orta məktəbdə müəllim, təlim-tərbiyə işləri üzrə direktor müavini, direktoru əvəzi işləmiş, 20 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin (hal-hazırda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, bundan sonra Nazirlik və ya cavabdeh) əmri ilə Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbinə direktor təyin edilmişdir.

2. İddiaçının hüquqazidd əməllərə yol verməsi barədə şikayət xarakterli müraciətin araşdırılması üçün xx.xx.2021-ci il tarixdə Nazirliyin əməkdaşları tərəfindən Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbində yoxlama keçirilmiş, İnsan resursları şöbəsinin və Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktda aparılmış yoxlama nəticəsində aşkar olunmuş nöqsan və çatışmamazlıqlar qeyd olunmuşdur. 3. 29.10.2021-ci il tarixdə iddiaçının əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə münasibət bildirilməsi üçün ATİAHİ Daşkəsən rayon komitəsinin Rayon Təhsil Şöbəsi üzrə ilk həmkarlar təşkilatının sədrinə təqdimat göndərilmiş, həmin Təşkilatın xx.xx.2021-ci il tarixli iclasında iddiaçının əmək müqaviləsinin göstərilən əsasla ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir.

4. Nazirliyin “Yoxlamanın nəticələrinə dair” xx.xx.2021-ci il tarixli, K-1400 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsi iddiaçının müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqavilələri üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin tarixdən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunmağı barədə Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K1400 saylı əmrinin ləğv edilməsi və əvvəlki iş yerinə Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru vəzifəsinə bərpa olmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini o nunla əsaslandırmışdır ki, uzun illər nöqsansız çalışmış, heş bir intizam xətasına yol verməmişdir. Yoxlama məzuniyyətdə olduğu dövrdə keçirilmiş, aşkar olunmuş pozuntular əhəmiyyətli olmamış, bir hissəsi isə pandemiya şəraiti ilə əlaqədar ondan asılı olmayan hallardan irəli gəlmişdir. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələblərinə, əmək müqavilələrinin ləğv olunması qaydalarına riayət olunmamış, müqavilənin ləğv edilməsi zəruriliyi əsaslandırılmamışdır.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 aprel 2022-ci il tarixli, 2(005)-1503/2022 saylı qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işə götürən tərəfindən iddiaçının fəaliyyətində yol verilən pozuntuların xx.xx.2021 -ci il tarixdə aşkar edilməsinə baxmayaraq, işçi barəsində müvafiq inzibati tənbeh xx.xx.2021-ci il tarixdə icra olunmuşdur. Halbuki Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən tənbeh tədbiri pozuntuların aşkar olunmasından sonra 1 ay müddətində verilə bilərdi. Beləliklə işəgötürən tərəfindən işçi ilə əmək müqaviləsi qanunvericiliyin imperativ normaları pozulmaqla ləğv edilmişdir.

9. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 10, 68.1, 68.2, 71.2, 80, 80.2, 186.1, 186.2, 187.1,187.2, 311-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1. 112.1.3, 124.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın r ədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tətbiqində kobud pozuntuya yol vermişdir. Belə ki, məhkəmə işəgötürən tərəfindən iddiaçının hansı əsasla işdən azad edildiyini əsaslandırmamış, yalnız Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsaslanaraq, müddəti tətbiq etmişdir. Halbuki Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Lakin iş materiallarından göründüyü kimi, mübahisə tərəfi müddətin tətbiqi ilə bağlı ərizə verməmiş və müddəti mübahisələndirməmişdir. Məhkəməyə təqdim olunmuş yoxlama aktında sadalanan nöqsanların əsaslı olub- olmaması, aşkar olunan faktlarda iddiaçının hansı dərəcədə təqsirli olub-olmaması, yoxlayıcılar tərəfindən akt yazılarkən hüquq normalarına riayət olunub-olunmaması, mübahisələndirilən əmrin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olub-olmaması və s. kimi hallar araşdırılmamış, qətnamədə bu məsələlərə hüquqi münasibət bildirilməmişdir. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verməmiş və qətnamədə yoxlama aktında aşkar olunan faktlara və cavabdehin izahatına və təqdim olunan sənədlərə münasibət bildirməmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4613/2022 saylı, 05 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Namiq Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırılması ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin baxılması üçün yenidən apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəyə Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsini tətbiq etmiş, lakin həmin maddənin 3-cü hissəsinin tələbinə əhəmiyyət verməmiş, həmçinin iş materiallarına əlavə olunmuş sübutlara hüquqi qiymət verməmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5185/2022 nömrəli, 11 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: Mehparə Əhmədova (məruzəçi), Ələsgər Əliyev, İsmayıl Xəlilov) cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya məhkəməsinin 05 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1661/2023 saylı, 14 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir.

18. Məhkəmə hesab etmişdir ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinin ləğv edil məsi barədə əmr verilərkən əmək qanunvericiliyinin imperativ göstərişləri tam şəkildə yerinə yetirilmişdir. Belə ki, iddiaçının peşə fəaliyyətinin yoxlanılması xx.xx.2021-ci il tarixdə aparılmış və işəgötürənə intizam tənbehi xx.xx.2021-ci il tarixdə verilmişdir. İşə baxan birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin tələblərinə istinad edərək, işəgötürən tərəfindən intizam tənbehinin verilməsi üçün bir aylıq müddətin ötürülməsi qənaətinə gəlsə də, həmin maddənin 3-cü hissəsinin tələbini nəzərə almamışdır. İş üzrə işəgötürən tərəfindən intizam tənbehi tətbiq edilməsi üçün son tarix xx.xx.2022-ci il olmuşdur. Bu halda isə işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən olunmur. Lakin işə baxan birinci instansiya məhkəməsi əmək qanunvericiliyinin göstərilən tələblərini nəzərə almamışdır. Bu səbəbdən də iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslı olmamışdır.

19. Məhkəmə kollegiyası iddiaçının iddia tələbində yoxlama aktında aşkar olunmuş nöqsanlarla razılaşmaması barədə dəlillərini müzakirə edib, həmin dəlilləri əsaslı hesab etməmişdir.

20. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 68.1, 68.2, 70, 71(2), 187, MPM-in 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

22. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci və 3-cü maddəsini düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi

24. Maddə 68 (1). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

25. Maddə 68 (2). Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəs indən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

26. Maddə 70 (ç). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

27. Maddə 187 (2). İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

28. Maddə 187 (3). İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nə ticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

29. Maddə 300 (1). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddəni n ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 218.3. Ha kim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

36. Maddə

386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddi ndə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 417.1.4 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

40. Maddə 417.2. Bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun.

41. Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

43. Hazırkı kassasiya şikay ətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Baxılan işin məhkəmələr tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçının fəaliyyətinin araşdırılması xx.xx.2021-ci il tarixdə yekunlaşmış, həmin tarixdə yol verilmiş pozuntularla bağlı akt tərtib edilmiş və iddiaçının həmin pozuntulara dair izahatı alınmış, yəni iddiaçının işdən azad edilməsinə əsas olmuş intizam pozuntuları işəgötürən tərəfindən ən geci xx.xx.2021-ci il tarixdə aşkar olunmuşdur. İşçiyə onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv olunması barədə intizam tənbehi isə həmin tarixdən 4 aydan artıq müddət keçdikdən sonra xx.xx.2021-ci il tar ixdə verilmişdir.

45. Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Maddəyə əsasən işəgötürən işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən ən geci bir ay müddətində ona intizam tənbehi verə bilər. İstinad olunan normada ifadə edilmiş müddət qanunverici tərəfindən işçilərin mənafelərinin müdafiəsi üçün müəyyən edilmiş mühüm təminat olmaqla, intizam pozuntusuna yol vermiş işçilərin uzun müddət ərzində işəgötürənin iradəsindən asılı vəziyyətdə saxlanılmasına qarşı yönəlmişdir. Həmin müddət kəsici müddət olduğu üçün onun keçməsi ndən sonra işçinin barəsində intizam tənbehinin tətbiq olunması istisna edilir.

46. Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsi nəzərdə tutur ki, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.

47. Qeyd olunmalıdır ki, maddənin 3-cü hissəsində nəzərdə tutulmuş 6 aylıq və 2 illik müddətlər intizam pozuntusunun aşkar edildiyi vaxtdan deyil, intizam xətasının törədildiyi gündən hesablanır. Yəni əgər törədilmiş intizam xətası işəgötürən tərəfindən sonradan aşkar edilərsə, onun törədilməsi üzərindən artıq müvafiq olaraq 6 ay və 2 il müddət keçibsə, işçiyə intizam tənbehi verilə bilməz. Göründüyü kimi 3-cü hissədə müəyyən edilmiş müddətlər də əslində işçilər üçün əlavə təminat olmaqla, intizam xətasının törədilməsi üzərindən həmin müddətlər keçdikdən sonra işçinin intizam məsuliyyətini istisna edir. Eyni zamanda törədilmiş intizam xətası işəgötürən tərəfindən sonradan aşkar edilmişdirsə, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq işəgötürən tərəfindən işçiyə intizam tənbehi hər bir halda həmin pozuntunun aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.

48. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsini düzgün tətbiq etməmiş və belə qənaətə gəlmişdir ki, işçiyə intizam tədbiri əmək və intizam pozuntusunun aşkar edildiyi gündən 6 ay müddətində verilə bilər.

49. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən və iş üzrə müəyyən edilmiş hallar və sübutlar yeni qərar qəbul olunmasına imkan verdiyindən MPM-in 417.1.4 və 417.2-ci maddələrinə əsasən iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin olunmalıdır.

50. Məhkəmə kollegiyası nəzərə alır ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq işəgötürən işçi ilə əmək münasibətlərinə əmək qanunvericiliyinin tələblərinə zidd xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhk əmə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamədə bununla bağlı tələbin irəli sürübsürməməsindən asılı olmayaraq məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə məsələni də həll etməlidir. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır, lakin qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1661/2023 nömrəli, 14 mart 2023ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. Azərbaycan Respublikası Təhsil Nazirliyinin (hazırda Azərbaycan Respublikasın ın Elm və Təhsil Nazirliyi) K-1400 nömrəli, 18 noyabr 2021-ci il tarixli əmri İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbinə direktor vəzifəsinə bərpa olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar