Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2800/2024 04.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Xaçmaz rayonu Qoçaqlı kənd tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv olunması və işə bərpa tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-679/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə Təhsil sektorunun Qoçaqlı kənd tam orta məktəbi üzrə xx.xx.2023-cü il tarixli 50 saylı əmrinə əsasən, məktəbin ibtidai sinif müəllimi - İddiaçı (bundan sonra – iddiaçı) təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Əmrin verilməsinə əsas xx.xx.2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-29/3-2-573F/2023 nömrəli əmri olmuşdur.
2. Xudat şəhər poliklinikası ASM tərəfindən verilən xx.xx.2023-cü il tarixli, SN 00008 № ******* saylı arayı şa əsasən müəyyən edilmişdir ki, iddiaçı “Hipertoniya” xəstəliyi diaqnozu səbəbindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəməyə müraciət edərək, 4 sentyabr 2023-cü il tarixli, 50 nömrəli əmrin (bundan sonra - Əmr) ləğv edilməklə onun işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun 29 avqust 2023-cü il tarixdə keçirilmiş sertifikatlaşdırma imtahanında iştirak etməməsi səbəbi ilə əmək müqaviləsinə xitam verilmişdir. Halbuki həmin ərəfədə o, səhhətində problem olduğu üçün imtahanda iştirak edə bilməmişdir. Odur ki, Əmr əsassız və qanunsuzdur.
5. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 yanvar 2024-cü il tarixli, 2(067)-449/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Abıyeva) iddia tələbi təmin edilməmişdir.
6. Məhkəmənin öz mövqeyini iş materiallarına istinadən belə əsaslandırmışdır ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarının 5.2-ci bəndinə əsasən, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunduqlarından və həmin qərarın 5.4-cü maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın ke çirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi nəzərdə tutulduğundan, iddiaçının təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edilməklə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi qanuna uyğundur, ona görə də mübahisəli Əmrin ləğv edilməsi üçün əsas yoxdur.
7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarının 5.2, 5.3 və 5.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq belə əsaslandırılmışdır ki, iddiaçı sertifikatlaşdırılmanın keçirildiyi dövrdə bülletendə olmuşdur. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarının 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməy ən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. O, da üzrlü səbəbdən sertifikatlaşdırmadan keçməmişdir. Buna görə də, onun işdən azad edilməsi tam qanunsuzdur.
9. Məhkəmə iclasında izahat verən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, iddiaçı birinci sertifikatlaşdırma imtahanında 30 baldan aşağı, – 21 bal toplayaraq imtahandan keçməmişdir, daha sonra ikinci dəfə, yəni xx.xx.2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanında iştirak etməmişdir və bununla da təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci mad dəsinin “c” bəndinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bundan əvvəl də belə bir hal olmuş, digər bir xanım müəllimə əməliyyat olunduğu üçün təkrar keçirilmiş sertifikatlaşmada iştirak etməmiş və işdən azad olunmuşdur. Təkrar sertifikatlaşdırma mərhələsində üzrlü halın olması və bununla bağlı güzəştin edilməsi nəzərdə tutulmamışdır.
10. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-679/2024 nömrəli mülki iş üzrə 30 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Məmmədov - sədrlik edən və məruzəçi, L.E.Rəhimli və İ.K.Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirmişdir ki, qanunvericilik təkrar sertifikatlaşdırmada bu qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən və iştirak edə bilməyən təhsilverənlər tərəfindən əmək müqaviləsinə xitam verilməsini konkret olaraq nəzərdə tutmuşdur. İşçilərin üzrlü səbəblərdən təkrar sertifikatlaşdırmada iştirak etmədiyi hallar üçün isə sertifikatlaşdırmanı təxirə salmaq kimi bir qayda nəzərdə tutmamışdır. xx.xx.2023-cü il tarixdə təkrar sertifikatlaşdırma keçirilmiş, iddiaçı isə təkrar sertifikatlaşdırmada iştirak edə bilməmişdir.
12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi, “Dövlət ümumi təhsil müəssisələrində (üm umi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarının 5.2, 5.3, 5.4-cü bəndlərinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti və kassasiya şikayətinə əlavə ərizə verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı məktəbin direktoruna imtahanda iştirak edə bilməyəcəyi ilə bağlı məlumat vers ə də, direktor bununla bağlı qərəzli olaraq tədbir görməmişdir.
15. Həmçinin Qoçaqlı kənd tam orta məktəbinin iddiaçı barəsində verdiyi işdən azad etmə əmri və birinci və apellyasiya instansiyası məhkəmələrinin qətnamələri Əmək Məcəlləsinin 74-cü maddəsinin tələblərinə, xüsusən də bu maddənin Qeyd hissəsi və 79cu maddənin 1-ci hissəsinin 1-ci abzası ilə ziddir. Çünki həmin maddənin Qeyd hissəsinə görə, Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi, habelə əmək qabiliyyətini müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Yəni faktiki olaraq xəstə olmağıma görə sertifikatlaşdırma imtahanlarının 2-ci mərhələsində iştirak etmədiyimdən mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Burada məhkəmələr səbəblə nəticə arasında əlaqəyə hüquqi qiy mət vermədən qərar qəbul etmişlər.
16. Bundan əlavə, işəgötürən iddiaçını bu Məcəllənin 70-ci maddəsinin “C” bəndi ilə işdən çıxardarkən, Əmək Məcəlləsinin 74 və 79-cu maddələrinin tələblərinə əməl etməmiş və bununla da 74-cü maddədə nəzərdə tutulmuş müqavilənin ləğv edilməsi əsaslarını pozmuş, 79-cu maddədə nəzərdə tutulmuş hallara əhəmiyyət verməmiş və beləliklə də, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndini tətbiq etməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının 5.2, 5.3, və 5.4-cü bəndlərini əlaqəli şəkildə tətbiq etməmi şdir. Belə ki, Sözügedən Qaydanın 5.2-ci bəndinin tətbiqində 1-ci və 2-ci instansiya məhkəmələrinin yanlışlığı ondan ibarətdir ki, məhkəmələr 5.2 bəndin mənasını düzgün anlamayıblar və 5.2 bəndi ilə 5.3 və 5.4 bəndlərini əlaqəli şəkildə tətbiq edə bilməyiblər. Belə ki, 5.2-ci bəndi “və ya” bağlayıcısı ilə ayrılmaqla bərabər qüvvəyə malik iki hissədən ibarətdir. Əslində məhkəmələr bu bəndin “və ya” bağlayıcısına qədər olan hissəsini iddiaçıya münasibətdə tətbiq etməli idilər. Həmin hissənin mənasına görə “üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən təhsilverənlər üçün 1 (bir) il müddətində iş yeri saxlanılır və təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olurlar. Üzürlü səbəblər sertifikasiya imtahanlarının istənilən mərhələsində ola bilər və norma yaradan qurum yaln ız sertifikasiya imtahanlarının 1-ci mərhələsi ilə bu üzürlü səbəbləri şərtləndirə və ya əlaqələndirə bilməz. Yəni sertifikasiya imtahanlarının 1-ci mərhələsində xəstə olmuş təhsilverən, 2-ci mərhələsində xəstə olmaya bilər və ya əksinə 1-ci mərhələdə sağlam olmuş təhsilverən 2-ci mərhələdə xəstə ola bilər. Nazirlər Kabineti üzürlü səbəbləri yalnız sertifikasiya imtahanlarının 1-ci mərhələsi üçün əsaslı hesab edib, 2-ci mərhələsi üçün əsassız hesab edə bilməz. Başqa sözlə, əgər sertifikasiya imtahanlarının 1-ci mərhələsində üzürlü səbəblər hansısa təhsilverənlər üçün qəbul edilən hesab edilirsə, 2-ci mərhələsində digər bir üzürlü səbəb başqa təhsilverənlər üçün qəbul edilən hesab edilmirsə, qanun qarşısında hamının bərabərliyi prinsipi pozulmuş olur və təhsilverənlərin hüquqlarına ayrı-seç kilik əsasında yanaşma ortaya qoyulur ki, bu da insan haqlarının pozulması anlamına gəlir.
18. İddiaçı sertifikasiya imtahanlarının 1-ci mərhələsində iştirak etmişdir, lakin “təkrar sertifikatlaşdırma” adlanan test imtahanlarının 2-ci mərhələsində isə xəstə olduğundan iştirak etməmiş və bu zaman təkrar sertifikatlaşdırma mərhələsi iddiaçı üçün üzrlü səbəbdən baş verməmiş hesab olunur ki, bununla da iddiaçı üçün iş yeri saxlanılmaqla təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ yaranır. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş sözügedən Qaydanın 5.2-ci bəndində “təkrar” sözü bu mənada iddiaçı üçün qüvvədə qalmış olur. Yəni iddiaçı üzürlü səbəbdən təkrar sertifikatlaşdırmada iştirak edə bilmədiyindən bu üzürlü səbəb onun üçün təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ yaradır. Yəni iddiaçının xəstə olması səbəbi ilə norma yaradan orqan və ya məhkəmə təkrar sertifikatlaşdırmada iştirak etmək hüququnu iddiaçının əlindən ala bilməz və ya onu belə bir hüquqdan məhrum edə bilməz. Çünki üzürlü səbəbdən sertifikatlaşdırmada iştirak etməmək sertifikatlaşdırmadan keçməmək anlamına gəlmir və gələ də bilməz. Hətta Nazirlər Kabinetinin sözügedən Qaydasının 5.2-ci bəndinin 2-ci hissəsində üzürlü səbəb nəzərə alınmayıbsa belə, kassasiya instansiya məhkəməsi tam səlahiyyətli Məhkəmə kimi iddiaçının hüquqlarını müdafiə edə bilər və ona belə bir hüququn verilməsini təmin edə bilər və ya bu bəndin Konstitusiyaya və qüvvədə olan digər normativ hüquqi aktlara uyğunluğu məsələsinə şərh verilməsi üçün Konstitusiya Məhkməsinə sorğu ilə müraciət edə bilər. Təkrar sertifikatlaşdırma hüququnu üzürlü səbəbdən reallşdıra bilməyən iddiaçı üçün 5.2-ci bəndinin “və ya” hissəsindən sonra gələn hissəsi (“Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar”) qüvvəyə minə bilməz və ya iddiaçıya tətbiq oluna bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
20. Maddə 70, “c” bəndi. Əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə ləğv edilə bilər. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, p eşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdu r. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi əmək qanunvericiliyinə uyğun olmuşdur. Ona görə ki, iddiaçı birinci sertifikatlaşdırma imtahanından keçməmiş, təkrar sertifikatlaşdırmada isə iştirak etməmişdir. Qanunvericilikdə işçilərin üzrlü səbəblərdən təkrar sertifikatlaşdırmada iştirak etmədiyi hallar üçün isə sertifikatlaşdırmanı təxirə salmaq kimi bir qayda nəzərdə tutmamışdır. Belə olan halda iddianın təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir.
30. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
31. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki pros esdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
33. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apell yasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-679/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.