Məhkəmə qərarları › İş №2(102)-2929/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2929/2024

23.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2929/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi; eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “miras əmlakdan məcburi payın müəyyən olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4162/2024 nömrəli, 1 iyul 2024-cü il tarixli qərardadından iddiaçı tər əfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı hazırkı iddiadan əvvəl Cavabdeh qarşı “mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsini üzrlü hesab edilərək, həmin müddətin uzadılması, Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən 2V-58 nömrəli reyestr ilə qeydə alınan xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin ləğv edilməsi, mərhum anası X1 məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov prospekti ev 70 mənzil 4-ün cavabdeh və iddiaçı arasında bölünməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3263/2022 nömrəli, xx.xx.2022 -ci il tarixli qətnaməsi ilə həmin iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-683/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3263/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunmaqla iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasnın 2(102)-3071/2023 nömrəli 10 oktyabr 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-683/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

2. İkinci dəfə apellyasiya məhkəməsində işə baxılan zaman iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətindən imtina barədə ərizə təqdim etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-720/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin apellyasiya şikayətindən imtinaya dair ərizəsi qəbul edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3263/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş və mülki iş üzrə apellyasiya icraatına xitam verilmiş, nəticədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

3. İddiaçı iddia əriəzəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V58 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” və 2V-57 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, xx.xx.2020-ci ildə təsdiq edilən və reyestrdə 2V-04 nömrəsi ilə qeyd olunan “vəsiyyətnaməyə əsasən anası X1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti ev 70, mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv metr olan mənzildən ibarət miras əmlakdan məcburi payının müəyyən olunması və qətnamənin icrasının Bakı şəhəri 35 saylı Notariat Ofisinə həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Birinci instansiyası məhkəməsinin e-2(008)-281/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim V.Qasımov) iş üzrə icraata xitam verilmişdir.

5. Birinci instans iyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı mirasın qəbulu üçün müddətin uzadılması barədə iddiası rədd edilmiş, onun mirasın bölünməsində iştirak etmək hüququnun olmaması müəyyən edilmiş, bununla da həmin qətnamə ilə hazırkı iş üzrə iddia tələbləri bütövlükdə həll edilmişdir. Ona görə də hazırkı iddia tələblərinə yenidən məhkəmədə baxılması istisna olunur.

6. Məhkəmə gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 71 və 261.0.2-ci maddələrinə istinad etmişdir.

7. İddiaçı şikayət verərək, birinci instansiyası məhkəməsinin qərardadını ləğv edilməklə, mülki işin icraata qəbul edilməsini və mahiyyət üzrə baxılmasını xahiş etmişdi r.

8. Şikayət onunla əsaslandırılmışdır ki, birinci iddia üzrə iddia tələbi başqa predmeti, yəni qanun üzrə vərəsəlik payı və başqa əsasla – qanun üzrə vərəsəlikdə payın müəyyən edilməsi barədə verilmişdir. Hazırki iddia isə digər predmet, yəni işdə vəsiyyətnamə olduğundan miras əmlakda məcburi pay və başqa əsasla, yəni vəsiyyətnaməyə əsasən miras əmlakda müəyyən edilməli olan məcburi pay barədə olduğundan, sözügedən mülki iş eyni predmeti barəsində və eyni əsaslar üzrə mübahisə kimi qəbul edilə bilməz.

9. Birinci instansiya məhkəməsinin e-2(008)-281/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı qismən, yəni xx.xx.2022-ci il tarixli, 2V-57 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, xx.xx.2020-ci ildə təsdiq edilən və reyestrdə 2V-04 nömrəsi ilə qeyd olunan “vəsiyyətnaməyə əsasən anası X1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti ev 70, mənzil 4 (yeni qaydalarla: AZ1092, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51,3 kv metr olan mənzildən ibarət miras əmlakdan məcburi payının müəyyən olunması və qətnamənin icrasının Bakı şəhəri 35 saylı Notariat Ofisinə həvalə olunması hissədə ləğv edilmiş, qalan hissədə, yəni “Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2V-58 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbi ilə bağlı hissədə iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

10. Apellyasiy a instansiya məhkəməsinin 2(103)-4162/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), İ.Şirinov və N.Cəfərov) iddiaçının şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı birinci iddiada 2V-58 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinin ikinci iddiada yenidən irəli sürülməsini Bakı şəhəri 35 saylı Notariat Ofisinin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına xx.xx.2024cü il tarixli cavab məktubunda göstərilənlərlə əlaqələndirir. Əvvəla, Notariat Ofisinin qeyd olunan məktubda göstərdiyi səhvi birinci iddiaya baxılan zaman da iddiaçı ya bəlli idi və o da hər bir halda 2V-58 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni birinci iddiasında onsuzda mübahisələndirmişdir. Hətta Notariat Ofisinin məktubunda qeyd olunanlar ona sonradan məlum olsa da belə, bu hal iddiaçıya eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə yenidən məhkəməyə müraciət etməyini istisna edir.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, miras payının tam həcmdə kimə keçməsi vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsində deyil, qanun üzrə vərəsəlik şəhadətnaməsində nəzərdə tutulması dəlili də başadüşülən olmamışdır. Eyni zamanda yalnız vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin etibarsızlığı barədə irəli sürdüyü tələb iddiaçının mirasda məcburi payının daha az həcmdə m üəyyən ediləcəyinə səbəb olacağı halı da iddiaçıya əsas vermir ki, o, qanun üzrə vərəsəlik şəhadətnaməsini qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda yenidən mübahisələndirsin. Üstəlik işin halları iddiaçıya çatacaq mirasda məcburi payın həcminin düzgün hesablanması üçün qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsızlığı tələbini zəruri etmiş olsa belə, bu həm faktiki, həm də qanuni cəhətdən digər əsas kimi qiymətləndirilə bilməz. Əlbəttə ki, iddiaçının hazırki iddiasının uğurlu olacağı təqdirdə o, nail olmaq istədiyi məqsədə çata bilər, yaxud zərurət olarsa yeni əsasla məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər.

13. Məhkəmə gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək, mülki işin icraata qəbul edilməsi və mahiyyət üzrə baxılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə icraata hissəvi baxılması barədə xx.xx.2024-cü il tarixli qərardadını nəzərə almadan, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadını dəyişdirmədən saxlayaraq, şikayəti təmin etməmiş və bununla da iş üzrə icraata yenidən xitam vermişdir. Beləliklə, bu mübahisə üzrə birinci instansiya məhkəməsinin iş üzrə icraata hissəvi baxılması barədə 29 may 2024-cü il tarixli qərardadı və apellyasiya instansiya məhk əməsinin iş üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərardadları olmaqla, bir-birinə zidd iki məhkəmə qərarı mövcuddur. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin mövqeyi başa düşülən deyil və kobud prosessual pozuntudur.

16. Həmçinin kassasiya şikayətində qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadda qeyd edilən “Üstəlik işin halları iddiaçıya çatacaq mirasda məcburi payın həcminin düzgün hesablanması üçün qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsızlığı tələbini zəruri etmiş olsa belə, bu həm faktiki, həm də qanuni cəhətdən digər əsas kimi qiymətləndirilə bilməz. Əlbəttə ki, iddiaçının hazırki iddiasının uğurlu olacağı təqdirdə o, nail olmaq istədiyi məqsədə çata bilər yaxud zərurət olarsa yeni əsasla məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər.” qənaəti də ziddiyyətlidir. Belə ki, apellyasiya məhkəməsi instansiyası bir tərəfdən qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsızlığı barədə qeyd etdiyi əsası yeni hesab etmir, bununla yanaşı gələcəkdə məhkəmə müdafiəsi hüququndan istifadə üçün yeni əsasın olduğunu göstərir, lakin bu əsasın nədən ibarət olduğunu qeyd etmir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi iddiamızın uğurlu olacağı təqdirdə istədiyimiz məqsədə çata bilməyimiz qənaətinə gəlir və eyni zamanda mübahisəmizi yalnız vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin etibarsızlığı üzrə davam etdirə biləcəyi qərara alaraq daha bir ziddiyyətli mövqe nümayiş etdirir.

17. İddiaçı şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193, 1195 və 1196-cı, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77, 82.3 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh etiraz göndərərək apellyasiya instansiyası məhkəməsinin qərardadını dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

19. Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı I. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübut lara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

24. Maddə 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qər ardadı olarsa hakim iş üzrə icraata xitam verir.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlill ərindən asılı olmayaraq yoxlanılmalıdır.

28. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya məhkəməsi qərardadı ləğv edilməklə iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

32. Belə ki, iş materaillarandan görünür ki, İddiaçı əvvəlki mülki iş üzrə xx.xx.2022-ci il tarixli, 2V-58 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması” barədə tələbini irəli sürərkən digər vərəsə olan qardaşı Cavabdeh qanunsuz hərəkətləri nəticəsində mərhum anasından qalmış qanun üzrə vərəsəlik üzrə miras paydan məhrum olması, hazırkı iş üzrə isə vəsiy yətnamə üzrə vərəsəlik zamanı məcburi paydan məhrum olması, miras əmlakın ikidə bir hissəsinin qanun üzrə vərəsəlik qaydasında cavabdehə keçməsinin məcburi payının azalması ilə əsaslandırmışdır. 33. ünvan 2 ünvanlanmış 26 yanvar 2024-cü il tarixli 55 nömrəli məktubundan da görünür ki, Cavabdeh adına miras əmlakın ikidə bir hissəsinə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin səhv olması notarius tərəfindən etiraf edilmişdir.

34. Belə olan şalda məhkəmə kollegiyası qeyd edir ki, birinci iş üzrə iddia tələbi qanun üzrə vərəsəlik qaydasında miras əmlakın ikidə bir hissəssinin əldə olunması üçün şəhadətnamənin ləğv olunması, hazırkı iş üzrə isə miras əmlakdan məcbur payını azalmasının qarşısının alınması məqsədilə həmin şəhadətnamənin etibarsızlığı barədə iddianın eyni əs aslar üzrə olması barədə apellyasiya instansiyası məhkəməsi qənaəti qanuni və əsaslı deyildir. Ona görə də apellyasiya məhkəməsinin qərardadı ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-4162/2024 nömrəli iş üzrə, 1 iyul 2024-cü il tarixli qərardadı ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar