Məhkəmə qərarları › İş №2(102)-2980/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2980/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2980/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3051/2025 nömrəli, 4 iyun 2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 22 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin predmetini Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14 faizlə 120 ay müddətə qədər kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil etmişdir.  Həmin müqavilənin 4.3-cü bəndinə əsasən 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq "xxxx" MMC həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alğı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir.  Həmin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kreditlər üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə "xxxx" MMC-yə bildiriş verməklə həmin günə olan kredit borc unun və ona hesablanmış faizlərin tam şəkildə Banka ödənilməsini tələb etmək hüququna malikdir. 2. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 14/162 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115,8 kv.m. olan 133 nömrəli mənzilin alınması üçün illik 14 faiz ödənilməklə, 120 ay müddətinə, 70.800 manat məbləğində kredit verilmişdir. 3. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli mənzilin alğı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 115,8 kv.m. olan, 133 nömrəli mənzil Cavabdeh2 satılmışdır. 4. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivi, 240 nömrəli evin 133 nömrəli mənzilə görə 70.800 manat ödəmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5194/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər X1 İddiaçı ASC-yə və X1 İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “artıq hesablanmış borcun silinməsi və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiasının təmin edilməsi, iddiaçı Cavabdeh2 cavabdeh LPO İddiaçı ASC-yə ilkin iddia tələbi ilə məhkəməyə müraciət e dilən tarixə olan əsas borcu 64.406,56 manat, faiz borcu 37.454,75 manat, ümumilikdə isə 101.861,31 manat məbləğində müəyyən edilməsi, iddiaçı Cavabdeh2 ilə "xxxx" ASC-nin arasında bağlanmış xx.xx.2014-cü il tarixli, İP 14/138 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 14/162 nömrəli kredit müqaviləsinə əsasən 60.397,84 manat əsas borc, 41.271,60 manat faiz borcu olmaqla, ümumilikdə 101.669,44 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2247/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) LPO İddiaçı ASC-nin cavabdehlər "x xxx" MMC-yə və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2247/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5194/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən (qarşılıqlı iddia ərizəsinin təmin edilən hissəsində) Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 14/162 nömrəli kredit müqaviləsinə əsasən 60.397,84 manat əsas borc, 41.271,60 manat faiz borcu olmaqla, ümumilikdə 101.669,44 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir.

8. Mədaxil qəbzlərinə əsasən Cavabdeh2 tərəfindən Banka xx.xx.2022-ci il tarixdə 700 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 800 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat ödəniş edilmişdir.

9. LPO İddiaçı ASC tərəfindən Cavabdeh2 xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, borcun 3 gün ərzində ödənilməsi tələb olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya m əhkəməsindəki icraat:

10. İddiaçı X1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra iddiaçı, yaxud Bank) cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdeh, yaxud ad, soyadı, MMC) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cəmi 119.483,97 manat - bundan 62.906,56 manat əsas, 56.577,41 manat faiz borcu və iş üzrə ödənilmiş 407 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, MMC ilə Bank arasında xx.xx.2014-cü il tarixli əməkdaşlıq müqavilə si bağlanmışdır. Əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq Bank tərəfindən müxtəlif dövrləri əhatə edən tarixlərdə müştərilərə MMC Abşeron rayonu, H.Əliyev prospekti, 240 ünvanında inşa etdiyi yaşayış mənzillərinin alınması məqsədilə kreditlər verilmişdir. Həmin kreditlərdən biri, Bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi olmuşdur. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər d ə hesablanmaqla ümumi məbləğin illik 0,1%-i məbləğində borcverənə dəbbə pulu ödəməlidir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh MMC ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən MMC Cavabdeh2 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Əməkdaşlıq müqaviləsinin 2.1-ci maddəsinə əsasən müqavilənin predmeti Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14 faizlə 120 aylıq müddətə qədər kreditləşməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil etmişdir. Eyni müqavilənin 4.3-cü maddəsin ə əsasən bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə bankdan bildiriş aldığı gündən, cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alğı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. Həmçinin müqavilənin 5.2-ci maddəsinə əsasən müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kreditlər üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə cəmiyyətə bildiriş verməklə həmin günə olan kredit borcunun və ona hesablanmış faizlərin tam şəkildə Banka ödənilməsini tələb etmək hüququna malikdir. Əməkdaşlıq müqaviləsinin 8.1-ci maddəsinə əsasən bu müqavilə bağlandığı andan qüvvəyə minir və cəmiyyət tərəfindən öhdəliklər tam icra olunanadək qüvvədədir. 8.2-ci bəndinə əsasən bu müqavilə aşağıdakı hallarda xitam olunur: a) Bu müqavilə üzrə Cəmiyyətin öz üzərinə götürdüyü öhdəliklər Cəmiyyət və ya üçüncü şəxs tərəfindən vaxtında tam həcmdə yerinə yetirildikdə; b) Bu müqavilə üzrə Cəmiyyətin öz üzərinə götürdüyü öhdəliklər Cəmiyyət və ya üçüncü şəxs tərəfindən vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə. Eyni zamanda, müqavilənin 12.1-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında müqavilə şəklində bu müqaviləyə dəyişikliklər və əlavələr oluna bilər. Müqavilələr imzalandığı gündən bu Müqavilənin tərkib hissəsi hesab edilir. Göründüyü kimi xx.xx.2 014-cü il tarixli, 14/162 nömrəli kredit müqaviləsi üzrə MMC və Cavabdeh2 birgə məsuliyyət daşıyırlar. Cavabdeh2 cavabdeh Banka qarşı 2021-ci ilin iyun ayında “artıq hesablanmış borcun silinməsi və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5194/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 xx.xx.2021-ci il tarixə Banka əsas borc üzrə 64.406,56 manat, faiz borcu üzrə isə 37.454,75 manat, ümumilikdə 101.861,31 manat müəyyən edilmişdir. Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdə 700 manat əsas borc üzrə, xx.xx.2023-cü tarixdə 300 manat əsas borc üzrə, xx.xx.2023-cü il tarixdə 300 manat faiz borcu üzrə ödəniş həyata keçirilmişdir. Bank tər əfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə Cavabdeh2 və MMC-yə xx.xx.2023-cü il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər kredit borcunun qaytarılmasını təmin etməmişlər. Cavabdeh2 ilə bağlanmış kredit müqaviləsinin 12.2-ci bəndində göstərilmişdir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək “Borcalan”ın vəzifəsidir. Eyni müqavilələrin 12.1-ci bəndinə əsasən müqavilə şərtlərini vaxtında və lazımi qaydada icra etmək “Borcalan”ın vəzifəsidir. Həmin müqavilələrin 13.3-cü bəndinin tələbinə görə “Kreditor”un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardı r.

12. Cavabdeh2 iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsindən və təqdim edilmiş sənədlərdən də göründüyü kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5194/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 cavabdeh LPO İddiaçı ASC-yə qarşı iddiası üzrə məhkəməyə müraciət edilən tarixə olan əsas borcu 64.406,56 manat, faiz borcunun isə 37.454,75 manat, ümumilikdə isə 101.861,31 manat məbləğində müəyyən edilmiş, iddiaçı Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, İP 14/138 nömrəli ipoteka müqaviləsi etibarsız hesab edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin tarixli qətnaməsi ilə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmış, İddiaçı ASC-yə münasibətdə isə ləğv edilmişdir. Ali Məhkəmənin qərarı ilə Ba kı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bank ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi 120 ay müddətinə, 14 faiz ödənilməsi şərtilə bağlanmışdır. Kredit müqaviləsinin icra müddəti hələ bitməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ilə Cavabdeh2 xx.xx.2021-ci il tarixə əsas borcu 64.406,56 manat, faiz borcu isə 37.454,75 manat, ümumilikdə isə 101.861,31 manat məbləğində müəyyən edilmişdir. Həmin dövrdən sonra Cavabdeh2 tərəfindən mütəmadi olaraq ödənişlər həyata keçirildiyindən ona qarşı həmin borcun yenidən mübahisələndirilməsinə əsas yoxdur.

13. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, Bank ilə MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə Azərbaycan Res publikası Mülki Məcəllənin 402-ci maddəsinin tələblərindən irəli gələrək ilkin müqavilədir. Həmin maddi hüquq normasına görə (402.1) ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin müqaviləni zaminlik müqaviləsi hesab etmək olmaz. Çünki zaminlik müqaviləsinə dair qanunvericiliyin xüsusi tələbləri var, habelə məhkəmə təcrübəsində də dəfələrlə hüquqi münasibət bildirilmişdir. xx.xx.2014-cü il tarixli müqavilə Bank və MMC tərəflər arasında qarşılıqlı razılıq niyyətlərini əks etdirir. Mülki Məcəllə zaminlik müqaviləsinə dair tələblərini müəyyən etmiş və bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenu munun şərhlər var. (470,1) Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (477.0.2) Əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə zaminliyə xitam üçün əsasdır. Müddəanın tələbindən göründüyü kimi zamin kreditor qarşısında mütləq qaydada borclu şəxsin öhdəliyinin icrasına məsuliyyəti müəyyən edilməsini şərtləndirir. Lakin hazırkı iş üzrə cavabdeh MMC borcalan Cavabdeh2 ilə iddiaçı Bankın Sumqayıt filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış kredit öhdəliyinə görə məsuliyyəti üzərinə götürməmiş və bununla bağlı Bank məhkəməyə heç bir sübut – zaminlik müqaviləsi təqdim etməmişdir. Digər tərəfdən, Ban kın Sumqayıt filialı ilə borcalan Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin 4.1-ci bəndinə görə, müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu alınacaq mənzilin ipotekasıdır; 9.2-ci bəndinə görə, yaranmış borc və ya vurulmuş zərər borcalanın hesabından akseptsiz qaydada silinir; 9.3-cü bəndinə görə, gecikdirilmiş borc yarandığı tarixdən borcverən qanunvericiliklə müəyyən edilmiş qaydada borcalanın öhdəliklərinin icrasının təminata yönəldilməsi prosedurasına başlayır; 15.5-ci bəndinə görə, borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməməsinə görə borcverənə dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır; 15.9-cu bəndinə görə, mənzil borcalana verilmədikdə və ya vaxtında təhvil verilmədikdə borcverən bu hallara görə heç bir məsuliyyət daşımır və borcalan bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin icrasından azad edilmir. Sadalanan bəndlərdən göründüyü kimi sözügedən kredit öhdəliyinin təminat üçün girov və ipoteka predmeti olan daşınmaz əmlak mənzil çıxış edir. Lakin kredit müqaviləsində öhdəliyin icrasının təminatı olaraq xx.xx.2014-cü il tarixli müqavilə barədə müddəa, həmçinin konkret kredit öhdəliyin icrasının gecikdirilməsi halında MMC-nin məsuliyyəti, habelə MMC-nin iddiaçı Bankda olan bank hesablarından akseptsiz qaydada silinməsinə dair tələblər, hətta əlaqələndirici, yönəldici şərtlər göstərilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin borcun cavabdeh MMCdən tutulması hissəsinin rədd edilməsini xahiş etmişdir.

14. Məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/1345 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 Banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və xx.xx.2014-cü il tarixli, 14/162 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2023-cü il tarixə (1-ci maliyyə arayışında göstərilən tarix) Banka olan əsas və faiz borcu 121.595,96 manat məbləğində, xx.xx.2023-cü il tarixə (iddia ərizəsində göstərilən tarix) Banka olan əsas və faiz borcu 121.719,54 manat məbləğində və xx.xx.2023-cü il tarixə (2-ci maliyyə arayışında göstərilən tarix) Banka olan əsas və faiz borcu 123.694,29 manat məbləğində müəyyən edilmişd ir. O cümlədən, xx.xx.2023-cü il tarixə əsas borc üzrə - 63.555,66 manat, faiz borcu üzrə - 58.040,30 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 63.555,66 manat, faiz borcu üzrə - 58.163,88 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 63.555,66 manat, faiz borcu üzrə - 60.138,62 manatdır. Bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 14/162 nömrəli kredit müqaviləsi üzrə təqdim edilmiş Cavabdeh2 bank hesabından çıxarış məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdən (2-ci maliyyə arayışında göstərilən tarix) sonra 1.300 manat məbləğində kredit faizi ödənilmişdir. Hazırkı tədqiqatla borc qalığı xx.xx.2023-cü il tarixədək (2-ci maliyyə arayışında göstərilən tarix) hesablandığdan sonradan ödənilən 1.300 manat faiz ödənişi hal-hazırki hesablamada nəzərə alınmamışdır. Rəy in tədqiqat hissəsində göstərilənlərə əsasən, Bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 bank hesabından çıxarış məlumatlarına əsasən həyata keçirilmiş ödənişlər Bank tərəfindən müqavilə şərtlərinə uyğun olaraq ilk olaraq faiz borcundan sonra isə əsas borcdan silinmişdir.

15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(011)-35/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia qismən təmin edilərək, Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 62.906,56 manat əsas, 56.577,41 manat faiz borcu olmaqla, ümumilikdə 119.483,97 manat borcun və 407 manat dövlət rüsumunun iddiaçı Bankın xeyrinə tutulması, iddia tələbinin cavabdeh MMC-yə qarşı təmin edilməməsi qət olunmuşdur.

16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Bank cavabdehin cəmi 119.483,97 manat - bundan 62.906,56 manat əsas, 56.577,41 manat faiz borcu və iş üzrə ödənilmiş 407 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və MMC-dən müştərək qaydada tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi iddia tələbinə etiraz edərək, borcun məbləğini mübahisələndirmiş və cavabdeh tərəfindən ödənişlər olduğunu bildirmişdir. Qeyd olunan halların araşdırılması məqsədi ilə məhkəmə tərəfindən məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 9/1345 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi verilmişdir.

17. Məhkəmə ekspert rəyinə münasibətdə qeyd etmişdir ki, məhkəməyə təqd im edilmiş ekspert rəyi hazırkı mülki iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, ekspert rəyində müəyyən edilən məbləğ iddiaçının tələbindən də artıq olmaqla, tərəflərin mənafeyinə uyğun hesab edilmir.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bank ilə MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin (2.1-ci bəndi ilə) predmeti Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85%-dən artıq olmayan hissəsinin illik 14 faizlə 120 ay müddətə qədər kreditləşdirməsi barədə ümumi razılıq olsa da, əqdin 4.3 və digər müddəaları tam və müstəqil məsuliyyət müəyyən edən öhdəliklər nəzərdə tutmuşdur. MMC borcalan Cavabdeh2 ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli k redit müqaviləsi üzrə yaranmış kredit öhdəliyinə görə zamin kimi birgə məsuliyyəti üzərinə götürməmişdir. Belə ki, xx.xx.2014-cü il tarixli əqdin 4.3-cü bəndində ipoteka ilə təmin edilmiş öhdəlik 120 ay müddətində icra edilməli olması qeyd edilmiş, lakin bu əqdə münasibətdə kredit öhdəliklərinin müştərək məsuliyyətini müəyyən edən əsaslar sübuta yetirilməmişdir.

19. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu iş materialları ilə öz təsdiqini qismən tapdığından, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 62.906,56 manat əsas, 56.577,41 manat faiz borcu olmaqla, ümumilikdə 119.483,97 manat borc tutularaq iddiaçı Bankın xeyrinə ödənilməli, iddia tələbi cavabdeh MMC-yə münasibətdə təmin edilməməlidir.

20. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 427, 429, 442, 445, 448, 449, 739-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

21. Qətnamədən iddiaçı Bank apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin müddəti müəyyən edilərək MMC tərəfindən öhdəliklər tam icra olunanadək qüvvədədir. MMC ilə Bank arasında bağlanmış əməkdaşlıq müqaviləsi Mülki Məcəllənin 390.4-cü maddəsinə uyğun olaraq bağlanmış qarışıq müqavilədir. Həmin müqavilə tərəflər üçün hüquq və vəzifələr yaradır və qanunvericiliyin tələblərinə zidd deyil. MMC ilə Bank arasında xx.xx.2014-cü il tarixli müqavilə əvəzli müqavilədir. MMC satıcısı olduğu mənzillərin satılması, müştərilərin cəlb edilməsi ilə bağlı Bank ilə əməkdaşlıq müqaviləsi bağlamışdır. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən, Bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Bankdan bildiriş alındığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq Cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alğı-satqı mü qaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir. Bank ləğv prosesindədir və sözügedən əməliyyatın aparılması mümkün deyildir. Birgə əməkdaşlıq müqaviləsinin şərtlərindən də görünür ki, MMC gələcəkdə bağlanacaq kredit müqavilələri üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. Əgər müqaviləyə əlavə edilmiş müddəalar gələcəkdə tətbiq olunmayacaqdırsa, onların müqaviləyə daxil edilməsinin heç bir mənası da olmazdı. Bank məhz müqavilənin bu müddəalarına əsaslanaraq MMC-nin tikdiyi mənzillərin kreditləşməsini həyata keçirmişdir. Tərəflər müqaviləni imzalamaqla eyni zamanda gələcəkdə yarana biləcək öhdəli klərini müəyyən edən müqavilə imzalamışdır. Tərəflər qarışıq müqavilə bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və pul tələbi üzrə öhdəliyin icra edilməsi ünsürləri əhatə olunmuşdur. Sözügedən müqavilədən göründüyü kimi, müqavilə yazılı şəkildə, onun iştirakçıları tərəfindən imzalanmaqla bağlanmış və orada öhdəliyin icra edilməsi ilə bağlı müqavilə aydın şəkildə göstərilmişdir. Belə ki, MMC həmin müqavilə çərçivəsində hərəkət edərkən satdığı mənzilə görə onun hesabına köçürülmüş kreditin məbləğindən, kreditin müddətindən və ona hesablanmış faizlərdən və digər şərtlərdən tam xəbardar olmuş və öhdəliyi icra etməsi ilə bağlı Bank qarşısında məsuliyyət daşımışdır. Həmçinin, MMC əməkdaşlıq müqaviləsini imzalamaqla eyni zamanda gələcəkdə yarana biləcək öhdəliklə rini müəyyən edən müqavilə bağlamışdır. Həmçinin, Bank peşəkar maliyyə təşkilatıdır və məqsədi minimum risklə maksimum gəlir əldə etməkdir. Bu səbəbdən Bank tərəfindən öhdəliklərin təminatı olmadan 70.800 manat məbləğində kreditin verilməsi Bank fəaliyyətinə ziddir və qeyrimümkündür. Bank nəzərə almışdır ki, kredit borcu gecikdirildiyi təqdirdə MMC ilə müştərilər arasında bağlanmış alğı-satqı müqaviləsinin 3.1.1.6-cı bəndinə əsasən MMC tərəfindən ev satılaraq alınan məbləğ hesabına Bankın borcu ödəniləcəkdir. MMC borcun onlardan tutulmaması üçün əsassız olan versiyalar ortaya ataraq cavabdeh qismindən yayınmaq istəyir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhk əmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarına əlavə edilmiş aşağıdakı sübutlara məhkəmə tərəfindən münasibət bildirilməmişdir:

1. MMC ilə Bank arasında xx.xx.2014-cü il tarixli əməkdaşlıq müqaviləsi;

2. İH/B-B(b)020 nömrəli alğı-satqı müqaviləsi;

3. İddiaçının cavabdeh MMC-nin etirazına mülahizəsi;

4. Məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması üçün iş materiallarına əlavə edilmiş məhkəmə qərarları. Bank digər tikinti şirkətləri ilə də eyni növlü müqavilələr bağlamışdır və heç birində ayrıca zaminlik müqaviləsi bağlanmamışdır. Həmin şirkətlərə qarşı da Bankın iddiaları məhkəmələrdə təmin edilmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-3051/2025 nömrəli, 4 iyun 2025-ci il tarixli qətn aməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - iddia tələbinin cavabdeh MMC-yə qarşı təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 62.906,56 manat əsas, 56.577,41 manat faiz borcu olmaqla, ümumilikdə 119.483,97 manat borc və 407 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və MMC-dən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

24. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə tərəflər arasında bağlanmış müqaviləyə düzgün qiymət verməmişdir. Bank ilə MMC arasında bağlanmış xx.xx.2014 -cü il tarixli müqavilə Mülki Məcəllənin 390-cı maddəsinə əsasən qarışıq müqavilə və Mülki Məcəllənin 460,1-ci maddəsinə əsasən öhdəliklərin icrası üzrə müqavilədə nəzərdə tutulan digər üsulların ünsürlərini daşıyan müqavilədir. Məhkəmə qətnamədə qeyd etdiyi kimi həmin müqaviləyə münasibəti birgə məsuliyyət yox, subsidiar məsuliyyət daşıması barədə müqavilə kimi qəbul etməklə düzgün nəticəyə gəlməmişdir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən müqavilədə subsidiar məsuliyyətin göstərilməsi imperativ qayda kimi göstərilmişdir (əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar). Lakin tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə subsidiar məsuliyyətə heç bir maddədə istinad edilməmişdir. Müqavilənin 4.3-cü bəndinə əsasən, müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq Cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alğı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsinə öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir.

25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Bank ilə MMC (Cəmiyyət) arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə tərəflərin iradə ifadəsini əks etdirən, yazılı formada tərtib olunan və imzalarla təsdiq edilmiş qarışıq müqavilə olmaqla özündə birgə əməkdaşlıq göstərilməsi və bir növ zaminlik müqaviləsinin ünsürlərini əks etdirir. Tərəflər arasında birgə əməkdaşlıq müqaviləsi bağlanmaqla orada birgə fəaliyyət göstərilməsi və zaminlik müqavilələrinin ünsürləri əhatə olunmuşdur. Belə olan halda Kollegiya hesab etmişdir ki, iddia cavabdeh MMC-dən pul tutulması hissəsində əsaslı hesab olunur.

26. Belə ki, xx.xx.2014-cü il tarixdə borcverən Bank ilə borcalan Cavabdeh2 arasında kredit müqaviləsinin bağlanması, sonuncunun həmin müqavilə üzrə öhdəliklərinin yaranması və onun həmin öhdəliklərini tam yerinə yetirməməsi işin müəyyən olunmuş hallarıdır. Eyni zamanda Bank ilə MMC (Cəmiyyət) arasında xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən MMC satdığı mənzilin dəyərinin hansı hissəsi miq darında kredit məbləğinin ayrılması, krediti müddəti, ona hesablanan faizlər barədə məlumatlı olmaqla alıcı tərəfindən bank qarşısında olan kredit öhdəliyinin icra edilməməsi halında özü bank qarşısında öhdəlik götürmüşdür. Sözügedən müqavilədə MMC-nin subsidiar məsuliyyət daşıması göstərilməmişdir. Əksinə müqavilə ilə MMC mövcud olan kredit borcunu və ona hesablanmış faizləri eyni zamanda öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsinə öhdəsinə götürmüşdür. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin 4.3-cü bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq Cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzili n alğı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu Banka verir.

27. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 442, 443.1, 445.2.1, 448.1, 491.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372.6 və 384.0.2-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

28. Qətnamədən cavabdeh MMC (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin MMC-yə aid hissədə təmin edilməməsi barədə qərar olunmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank ilə MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə mahiyyətinə görə ilkin müqavilədir və yalnız əsas müqavilənin bağlanmaması halında öhdəlik yaradır. MMC tərəfindən iddiaçıya zərər vurulması halı sübuta yetirilmir. İddiaçı Bank dəymiş zərərin əvəzinin ödənilməsini yalnız Cavabdeh2 tələb edə bilər. Bank ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə onda iştirak etməyən, öhdəliyin icrası üsulu kimi zaminlik müqaviləsi bağlamayan MMC tərəfindən öhdəliyin icra edilməsinin tələb edilməsi maddi hüquq normalarının pozuntusudur. Bank ilə MMC arasında hər hansı bir zaminlik müqaviləsi bağlanmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi şəxslər arasında bağlanmış müqaviləni “zaminlik” müqaviləsi kimi qiym ətləndirməsi maddi hüquq normalarının pozulmasıdır. Bank ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin 4.1-ci bəndinə görə öhdəliyin icrasının təminat üsulu alınacaq mənzilin ipotekasıdır; 9.2-ci bəndinə görə borc və ya vurulmuş zərər borcalanın hesabından akseptsiz qaydada silinir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

30. İddiaçı Bank cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

35. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

36. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

37. Maddə 491.1. Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini q ərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

41. Maddə 77.1. Hər bir tərə f öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayə tində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin v ə ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh MMC tərəfindən ona aid hissədə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

51. Məhkəmə k ollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan ap ellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud q ətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

56. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3051/2025 nömrəli, 4 iyun 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar