Məhkəmə qərarları › İş №2(102)-2989/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2989/2021

14.09.2021 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2989/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh3 ASC, "xxxx" QSC BOKT və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın yenidən qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı1 vəkili Vəkil1 və cavabdeh "xxxx" QSC-nin vəkili İmanverdiyev Beytulla Dadaş oğlunun iştirakları ilə, Bakı Apellya siya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli, 2(103)3690/2019 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Nizami rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 18 yanvar 2007-ci il tarixli 2-56/2007 saylı qətnaməsi ilə "xxxx" MMC-dən iddiaçı Cavabdeh3 ASC-nin xeyrinə 720.808,65 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın “BataBat» MMC tərəfindən girov qoyulmuş 84 ədəd əmlaklara və cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən sahəsi 2800,1 kv.m olan Bakı Enerjiquraşdırma İdarəsinə yönəldilməsi qət edilmişdir.

2. Nizami rayon Məh kəməsinin 18.01.2007-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Binəqədi rayon Məhkəmə icraçıları bölməsinin sifarişi ilə tutma yönəldilmiş əmlaklar "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və sonradan əmlaklar açıq hərracdan satılması üçün "xxxx" MMC-yə təqdim edilmişdir. Hərrac mərkəzi tərəfindən ipoteka predmeti olan əmlaklar açıq hərraca çıxarılmış və əmlakların alıcısı olmadığı üçün borcun əvəzi olaraq “X1” ASCyə təqdim edilmişdir. Bununla bağlı Y-360 saylı və Y-361 saylı hərracın nəticələri haqqında protokollar tərtib edilmiş və hərracın yekunları üzrə 03.11.2014-cü il tarixli əmlakın alqı-satqı barədə müqavilələr bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh3 ASC, "xxxx" QSC BOKT və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə mülkiyyətdə olan və ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3199-cu məhəllə, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının (Bakı Enerjiquraşdırma İdarəsi) qiymətləndirilməsi barədə "xxxx" MMC-nin 29.05.2009-cu il tarixli, 09-650 saylı hesabatın, həmin əmlakların Cavabdeh3 ASC-yə satılmasına dair 03.11.2014-cü il tarixli, Y-361, Y-360 nömrəli hərracın yekunları barədə protokolların, 03.11.2014-cü il tarixli alqı-satqı müqavilələrinin və onların bütün hüquqi nəticələrinin etibarsız hesab edilməsi, həmin əmlakın 1.680.600 manat, avadanlıqlar isə 109.460 manat qiymətlə yenidən hərraca çıxarılması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh3 ASC-yə verilmiş 10.12.2014-cü il tarixli, RX seriya, ******* nömrəli çıxarışın və "xxxx" ASC-yə verilmiş 18.04.2018-ci il tarixli, RX1266103 seriyalı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş hesabata əsasən zavod (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3199-cu məhəllə, ünvan 3 ünvanında yerləşən Bakı Enerjiquraşdırma İdarəsinin) avadanlıqlarla birlikdə cəmi 401.500 manat məbləğində (avadanlıqlar 81500 manat, zavodun özü isə 320.000 manat) qiymətləndirilmişdir. Lakin qiymətləndirici ekspert qeyd edilən ünvanda yerləşən daşınar əmlakları yararsız hesab edilərək düzgün dəyər verməmişdir. Bundan başqa hesabatda göstərilən digər avadanlıqlar dəyərindən qat-qat aşağı qiymətə dəyərləndirilmiş, qiymətləndirici ekspert, avadanlıqları, eləcə də qeyri-yaşayış binasını qiymətləndirərkən, əldə etdiyi məlumatlardan düzgün, yaxud tam istifadə etməmiş, qiymətləndirməni düzgün aparmaq üçün əldə etməli olduğu məlumatların hamısını əldə etməmiş, qiymətləndirmə səthi aparılmışdır. Qiymətləndirici daşınmaz əmlaka dair zəruri olan bütün sənədlərlə tanış olmamış, qiymətləndirilən əmlakların dəyərinə təsir edən amillər müəyyən edilməmiş, əmlakın real bazar dəyərinin müəyyən edilməsi üçün mülkiyyətçidən müsahibə alınmamış, analoji əmlakların bazar dəyəri təhlil edilməmiş, uyğun əmlakların müqayisəli təhlili aparılmamış və əmlakın bazar dəyəri q eyri-obyektiv təyin edilmişdir. Bundan əlavə əmlaka qiymət qoyulan zaman mülkiyyətçinin iştirakı təmin olunmamış, daşınmaz əmlaklara kənardan baxış keçirilməklə qiymət qoyulmuşdur. Qeyd edilən əmlaklar ipoteka qoyularkən “X2” tərəfindən 3.038.000.000 AZM dəyərində qiymətləndirilməsinə baxmayaraq, qiymət yalnız qeyri-yaşayış binasına qoyulmuş, onun içərisi isə sonradan avadanlıqlarla doldurulmuşdur. Bundan sonra 2800,1 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi dəyərindən aşağı qiymətləndirilməsi azmış kimi, həmin əmlakın yerləşdiyi sahəsi (1,26209 ha) ümumiyyətlə qiymətləndirmə zamanı nəzərə alınmamışdır. Mübahisəli əmlak 29.05.2009-cu ildə qiymətləndirilməsinə baxmayaraq, 5 ildən çox bir müddətə 15.09.2014-cü ildə hərraca çıxarılmışdır. Bu isə həmin ərəfədə əmlakın bundan əvvəl dəfələr lə hərraca çıxarılıb satılmamasına əsaslı şübhələr yaradır. Eyni zamanda 2009-2014-cü illər ərzində daşınmaz əmlak bazarında qiymət sıçrayışının olması hamıya bəlli olan haldır. Göründüyü kimi mübahisəli əmlak 2009-cu ildə dəyərindən 10 dəfə aşağı qiymətə qiymətləndirilməsinə baxmayaraq, 5 ildən artıq müddətə eyni qiymətə hərraca çıxarılmışdır. Bundan başqa cavabdeh "xxxx" MMC tərəfindən mülkiyytəçilərin hərracda iştirakı təmin edilməmiş, qanunvericiliklə müəyyən edilmiş qaydada bildiriş göndərilməmiş, 09.08.2014-cü ildə və 19.09.2014-cü ildə göndərilmiş bildirişlər isə mülkiyytəçilərə çatdırılmamışdır. Belə ki, 15.09.2014-cü ildə keçiriləcək hərrac barədə birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilməli olduğu halda, bildirişlər 28.08.2014-cü ildə, 2 0.08.2014-cü ildə, 21.08.2014-cü ildə mülkiyyətçilərə göndərilmiş, lakin heç bir bildiriş mülkiyyətçilərə çatdırılmamışdır. Bundan başqa hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilməli olduğu halda hər hansı bir elan verilməmişdir. Eyni zamanda 23.10.2014-cü il tarixli təkrar hərracın keçirilməsi barədə hər hansı bir elan və ya bildiriş tərəflərə ümumiyyətlə göndərilməmiş, bununla bağlı kültəvi informasiya vasitələrində elanlar verilməmişdir.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08.01.2019-cu il tarixli, 2(009)-303/2019 saylı qətnaməsi ilə (sədrlik edən Ş.Z.Abdullayev) iddia təmin edilməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar hüquqlarının pozulmasını bildiyi andan qanunla nəzərdə tutulmuş müddətdə pozulması ehtimal edilən hüququn bə rpası üçün məhkəməyə müraciət etməmişlər və bununla da müraciət müddətini ötürmüşlər.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçılar həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli, 2(103)3690/2018 saylı qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və F.F.Babayev) iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir.

10. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən müqavilələr bağlanarkən, müqavilənin şərtləri kon kret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə bağlandıqdan sonra uzun müddət müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmişdir.

11. Həmçinin Cavabdeh3 ASC-nin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, hazırda mübahisələndirilən, müqavilələr 03.11.2014-cü il tarixdə bağlanmış, lakin həmin tarixdən 4 il keçdikdən sonra 10.10.2018-ci il tarixdə iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı1 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apelyasiya instansiyası məh kəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008ci il tarixli Qərarında göstərilir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulmas ı ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

14. İddia tələbinin də təkzibedilməz hallarından göründüyü kimi keçirilmiş hərrac və onun nəticələri barədə məlumatı iddiaçılar yalnız 2018-ci ilin sentyabr ayında hərrac keçirən orqana müraciəti əsasında əldə edilmiş sənədlərdən müəyyən etmiş, həmin sənədlə rlə tanış olduqdan dərhal sonra müvafiq iddia tələbi irəli sürmüşdür.

15. Hərrac təşkilatı ipoteka saxlayanla ipoteka qoyan arasında ipoteka predmetinin ilkin satış qiymətinə alınması barədə müqavilənin baş tutub- tutmamasını aydınlaşdırmadan ikinci təkrar hərracın keçirilməsinə dair bildiriş vermiş və bununla da “İpoteka haqqında” Qanunun 43.3 və 43.4. maddələrinin tələblərini pozmuşdur. Halbuki, ipoteka saxlayan ilkin satış qiyməti ilə ipoteka predmetini müqavilə əsasında ipoteka qoyandan əldə edəcəyi təqdirdə satışdan əldə edilən pul məbləği borclunun daha çox borcunun ödənilməsinə səbəb olacaqdı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı1 vəkili Vəkil1 kassasiya şik ayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

18. Cavabdeh "xxxx" QSC-nin vəkili İmanverdiyev Beytulla Dadaş oğlu kassasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, təmin olunmamasını xahiş etdi.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 20. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə a lınan daşınar əşyaların girovudur; 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Maddə 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.

5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7. Bu Qanunun 43.1.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bi r tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyas iya instansiyası məhkəməsinə göndərə bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhk əməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

23. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrə k, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

27. Belə ki, birinci instansiya məhkəməsi tələb üzrə müddət tətbiq edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar hüquqlarının pozulduğu nu bildiyi andan bir il müddətində əqdin etibarsızlığı ilə bağlı mübahisə açmamış, bununla da qanunla müəyyən olunmuş müraciət müddətini ötürmüşdür.

28. Nəzərə alınmalıdır ki, müddətin bitməsi barədə gəlinən nəticə, ilk növbədə həmin müddətin axımının başlandığı vaxtın müəyyən olunmasını tələb edir. Müddətin axımını müəyyən etmədən müddətin keçməsi barədə gəlinən nəticə əsassızdır. Müddətin axımına səbəb olan hüquqi fakt ən ümumi halda şəxsin hüququnun pozulduğunu bilməsi və ya bilməli olması ilə əlaqələndirilir.

29. İşə baxmış məhkəmələrin qərara gələrkən istinad etdyi Mülkli Məcəllənin 354-cü maddəsi isə, müqavilənin etibarsız sayılması barədə müraciət müddətinin başlanğıcını əhəmiyyətsiz əqdin icrasına başlanıldığı gündən, digər halda isə, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş z orakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd üzrə isə mübahisəyə əsasın məlum olduğu andan başlanmasını nəzərdə tutur.

30. Baxılan işdə məhkəmələr iddiaçılara münasibətdə məhz hansı tarixdən müddətin axımının başlanmasını, hansı müddətdə bitməsini müəyyən etməmiş, müddətin axımının hansı hadisə ilə başlandığını əsaslandırmamışdır.

31. Nəzərə alınmalıdır ki, hərracın nəticələrinin rəsmiləşdirildiyi vaxtdan indiyə kimi keçən müddətdə iddiaçılar sözügedən qeyri-yaşayış sahəsindən istifadə etməkdə davam edir. Tələbkarın hərracın nəticələrinə əsaslanmaqla borclulara qarşı obyekti tərk etmək barədə tələb irəli sürülməsi və ya onlarla icarə müqaviləsi bağlanması iş materiallarından görünmür. Yəni iddiaçılar əvvəlki kimi ipoteka predmetinə sahiblik edirlər, tələbkar hərracda bağlanmış müqavilənin icra edilməsini nümayiş etdirməmişdir.

32. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

33. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyy ətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

34. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbl əri baxımından düzgün qiymət verməlidir.

35. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli, 2(103)3690/2019 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar