Məhkəmə qərarları › İş №2(102)-3001/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3001/2025

27.11.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3001/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" X2 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kompensasiya ödənilməklə tikilinin sökülməsi 27.11.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 iyun 2025-ci il tarixli, 2(103)1732/2025 saylı qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənar hissəsində 27 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 134.67 kv.metr olan M-83 saylı fərdi yaşayış evi Cavabdeh faktiki sahibliyindədir.

2. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 340 saylı Sərəncamı ilə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi, ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" Açıq Səhmda r Cəmiyyətinə icarə əsasında istifadəsinə verilmişdir. 3. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sifarişi üzrə “X1 tərəfindən verilmiş 29 may 2024cü il tarixli qiymətləndirmə rəyinə əsasən, Bakı şəhər İcra Hakimiyyəti başçısının 23 dekabr 2021-ci il tarixli, 340 saylı sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsində) yerləşən torpaq sahəsində Cavabdeh tərəfindən M-83 saylı ünvanda inşa edilmiş tikilinin real bazar qiməti təqribən 65.000 manat təşkil edir.

4. Cavabdeh sifarişi üzrə "xxxx" Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 07 avqust 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, aparılmış hesablamalara və təhlillərə görə 22 saylı MKİS tərəfindən tərti b edilmiş 94 saylı Akta əsasən ümumi sahəsi 134,67 kv.metr təşkil edən Cavabdeh istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolun kənar hissəsində yerləşən M-83 saylı evin (söküntü məqsədi ilə) bazar dəyəri 270.000 manat təşkil edir.

5. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli qərardadı üzrə “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş “Daşınmaz əmlakın qiymətləndirilməsi” barədə hesabata əsasən, aparılmış təhlil və hesablamalar nəticəsində ümumi sahəsi 134,67 kv.metr təşkil edən Cavabdeh istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolun kənarında (Qanlı gölün şimal-qərb hissəsində) yerləşən M-83 saylı evin bazar dəyəri 75.000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsind əki icraat

6. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- iddiaçı) məhkəmədə Cavabdeh (bundan sonra- cavabdeh) qarşı müraciət edərək, cavabdehə 65.000 manat ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-83 saylı ünvanda ona məxsus özbaşına tikilinin boşaldılaraq sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini işin yuxarıda qeyd olunan halına istinad etməklə belə əsaslandırmışdır ki, sərəncamda qeyd olunan ərazidə yerləşən tikililər qanunsuz tikililərdir, bəzi vətəndaşlar, eləcə də hazırkı iddia üzrə cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsidir və həmin ərazidə özlərinə heç bir norma və tikinti qaydalara uyğun olmayan yararsız, tam və yarım çıq yaşayış və qeyri-yaşayış sahələri tikmişlər, həmin tikililər qanunsuz olmaqla yanaşı, həm də istifadə üçün yararsız və qəzalı vəziyyətdədir. Göstərilən sərəncamın icrası ilə bağlı, iddiaçı tərəfindən həmin ərazidə yerləşən digər sahə istifadəçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq real dəyərə uyğun kompensasiya ödənilmiş və həmin tikililərin sökülməsi təmin edilmişdir. Buna baxmayaraq, cavabdeh razılığa gəlməkdən imtina etmiş, hüquqlarından sui-istifadə etməklə, ədalətsiz məbləğdə kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur. Qeyd olunan faktlar və tikililərin real qiyməti və sahəsi barədə rəy verilməsi üçün “X1”nin ekspertlərinə müraciət olunmuş və bu barədə müvafiq ekspertiza rəyləri əldə edilmişdir. Həmin rəyə əsasən cavabdeh tərəfindən M-83 saylı ünvanda inşa olunmuş tikili qanunsuz (özbaşına) tikilidir, tikinti qaydalarına uyğun inşa olunmamış, qəzalı və yararsız vəziyyətdədir, tikilinin ümumi dəyəri- 65.000 manatdır. Bununla belə iddiaçının öhdəliyi olmasa belə humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri və cavabdehin istifadəsində olan qanunsuz (özbaşına) tikilinin sökülməsi qarşılığında ona tikilinin real dəyərində kompensasiya ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh isə bununla razılaşmaqdan imtina etsə belə, imtina qanuni hesab edilə bilməz. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin özbaşına, qanunsuz tikili olmaqla qəzalı vəziyyətdə sa xlanılması, iddiaçı ilə müqavilə bağlamış digər vətəndaşların hüquqlarını pozur və həmin ərazidə yeni yaşayış kompleksinin tikilməsinə, bununla bağlı verilmiş sərəncamın icrasına mane olur. Göründüyü kimi, cavabdehin qanunsuz tikilisi maraqlı şəxs olan iddiaçının hüququnu pozur və digər vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin icrasına maneəçilik yaradır. Bu isə iddiaçıda işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurur.

8. Sonradan, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehə 75.000 manat kompensasiya ödəməyə razı olduğunu bidirmişdir.

9. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, cavabdeh, 1994-cü ildən bəri həmin ünvanda yaşamaqla kommunal xidmətlərin haqqını ödəyir. Onun tərəfindən "xxxx" MMC-nə müraciət olunmuş və onların təqdim etdiyi mütəxəssis rəyində evin qiymətinin 270.000 manat olduğu göstərilmişdir. Odur ki, ev üçün iddiaçı tərəfindən təklif olunan rəqəm ağılabatan deyil. İddiaçı ağlabatan məbləğ təklif edərsə, yaxud evin sahəsinə uyğun başqa bir evlə cavabdehi təmin edərsə mübahisənin sülh yolu ilə həllinə etiraz etməzlər.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(004)3478/2024 saylı qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia təmin edilərək, "xxxx" ASC tərəfindən cavabdehə 75.000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-83 saylı ünvanda cavabdehə məxsus özbaşına tikilinin boşaldılaraq sökülməsi qət edilmişdir.

11. Məhkəmə müəyyən et mişdir ki, mübahisəli ev özbaşına tikili olmaqla, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 saylı Sərəncamına əsasən yeni yaşayış kompleksinin tikintisi məqsədilə iddiaçının icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsinin ərazisində yerləşir. Tərəflər özbaşına tikilinin söküldüyü halda kompensasiya məbləğinə dair razılığa gələ bilmədiklərindən, iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. 04 oktyabr 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən M-83 saylı ünvanda inşa olunmuş tikilinin real bazar qiyməti təqribən 75.000 manatdır.

12. Beləliklə, hazırkı mülki iş üzrə Mülki Məcəllənin 180.4-cü maddəsinin dispozisiya şərtləri müəyyən edildiyindən, cavabdeh tərəfindən tikilmiş özbaşına tikili məhkəmənin qərarı əsasında boşa ldılaraq sökülməli, kompensasiya olaraq 75.000 manat cavabdehə ödənilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4-cü, habelə MPM-in 107, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və ona məxsus evin bazar qiyməti ilə bağlı çoxsaylı qiymətləndirici rəylərinin, hesabatlarının olmasını nəzərə almamış və evin sökülmə si ilə bağlı ona təklif olunan 75.000 manat kompensasiyanın nəyə görə yetərli olmasını qətnamədə lazımı qaydada əsaslandırmamışdır. Habelə birinci instansiya məhkəməsi işin başqa vaxta təxirə salınmasına dair onun nümayəndəsinin və vəkilinin göndərdiyi vəsatəti nəzərə alınmamış və işə onun iştirakı olmadan baxılmışdır.

16. Cavabdeh sifarişi üzrə "xxxx" MMC-in 13 yanvar 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, aparılmış təhlil və hesabatlar nəticəsində müəyyən edilmişdir ki, 22 saylı MKİS tərəfindən tərtib edilmiş 94 saylı Akta əsasən ümumi sahəsi 134,67 kv.metr təşkil edən Cavabdeh istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolun kənar hissəsində yerləşən M-83 saylı evin bazar dəyəri 268.300 manat təşkil edir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasını n 4 mart 2025-ci il tarixli qərardadı üzrə “Mərkəzi Ekspertiza Bürosu” tərəfindən verilmiş 22 may 2025-ci il tarixli hesabatından görünür ki, Cavabdeh istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolun kənar hissəsində yerləşən M-83 saylı evin bazar dəyəri 79.000 manat təşkil edir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 iyun 2025-ci il tarixli, 2(103)1732/2025 saylı qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Sabit Bəhramzadə və Xumar Mərdanova) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmişdir.

19. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, mübahisəli özbaşına tikili iddiaçının icarə əsasında istifadəsinə verilmiş to rpaq sahəsinin ərazisində yerləşir. Tərəflər arasında özbaşına tikilinin söküldüyü halda kompensasiya məbləğina dair razılıq əldə etmək mümkün olmadığından iddiaçı məhkəməyə müraciət etmişdir.

20. İddiaçı cavabdehə qiymətləndirici tərəfindən müəyyən olunmuş 79.000 manat kompensasiya verməyə razıdır, cavabdeh isə evin pulla kompensasiyasına razı deyil, əvəzində həmin yerdə inşa olunan binaların birində eyni ölçülü mənzil tələb edir. İddiaçı bu tələbi qəbul etmir.

21. Birinci instansiya məhkəməsi keçirdiyi qiymətləndirmənin rəyini ağlabatan hesab edərək qeyd etmişdir ki, həqiqətən də yaxın ərazidə (xüsusilə də 3 saylı Asan Xidmət Mərkəzinin arxasında) analoji sənədsiz evlərin real bazar qiyməti təmir vəziyyətindən və s. şəraitindən asılı olaraq təqribən 70.000-90.000 manat civarındadır.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, normal vəziyyətdə, yəni iddiaçı həmin ərazidə tikinti işləri aparmasaydı və cavabdeh evini sərbəst şəkildə satmaq istəsəydi, çətin ki, göstərilən qiymətdən baha sata bilərdi. Odur ki, ilk baxışdan iddiaçının təklifi ədalətli görünür. Ancaq nəzərə almaq lazımıdr ki, sökülməsi tələb olunan ev cavabdeh və ailəsinin yeganə yaşayış yeridir və cavabdehin başqa yaşayış yerinin olması müəyyən olunmur. Cavabdeh artıq uzun illərdir (37 ildir) həmin evdə yaşayır və məhz həmin ev hesabına ailəsinin mənzil tələbatını ödəyə bilmişdir. İddiaçının nümayəndəsi həmin evi şəraitsiz mənzil hesab etsə də, cavabdeh üçün bu evin əhəmiyyəti çox böyükdür. Avropa Konvensiyasının 8-ci maddəsinin tələbləri baxımından da mübahisəli ev cavabdehin yaşayış yeri hesab olunur. İddiaç ı tərəfindən təklif olunan 75.000 manata Bakı şəhərində ümumi sahəsi 134,67 kv.m təşkil edən evin alınması real deyil.

23. Nəzərə alınmalıdır ki, sakinlərin yaşayış səviyyəsi nə qədər aşağı olsa belə, onlar illər boyu həmin ərazidə yaşamaqla öz mənzil tələbatlarını ödəyirlər.

24. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, qeyd olunan ərazidəki torpaq sahəsi iddiaçının icarəsinə kommersiya məqsədləri üçün verilib, yəni iddiaçının gördüyü iş (binaların inşası) dövlət ehtiyaclarını ödəmək məqsədini daşımır, iddiaçı həmin ərazidə çoxsaylı binalar inşa edərək qazanc əldə edir. O da nəzərə alınmalıdır ki, sakinlərin bir qismi ilə “evləri daha yaxşıdır” deyərək yeni mənzillə əvəzləşdirmə etmək, digərlərinə isə “evləri şəraitsizdir” deyərək təxminən bir kvadrat metr üçün 500 manat kompensasiya v ermək ayrı-seçkilik və hüquqdan sui-istifadə hesab olunur.

25. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd etmişdir ki, evinin sökülməsi müqabilində ona ödəniləcək kompensasiyanın formasını (naturada və ya pulla) seçmək cavabdehin hüququdur. İddiaçı cavabdehin uzun illər əvvəl tikilmiş evinin yerində kommersiya məqsədi ilə hündürmərtəbəli yaşayış kompleksi inşa etmək məqsədi ilə həmin evi sökmək qərarına gəlibsə, onda yaradılmış şəraitə uyğun olaraq vətəndaşın sökülən “əmlakını” onun istəyinə uyğun kompensasiya etməlidir.

26. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 180.1, 180.2, 180.4, 560.1, 560.3.5.1-ci, habelə MPM-in 107, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində ic raat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. İddiaçı kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, qanunsuz tikilinin sökülməsi ilə bağlı kompensasiya ödənilməsi qanunvercilikdə nəzərdə tutulmasa da, cavabdehə məxsus özbaşına tikilinin sökülməsi müqabilində ona bazar dəyərinə uyğun vəsait ödənilməsi təklif edilmişdir. Həmin tikilinin dəyəri keçirilmiş ekspertizaların rəyi ilə müəyyən edilmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi də əmlakın dəyərinin həmin qiymətə olması ilə razılaşmışdır. Buna baxmayaraq, əsassız olaraq iddia tələ bini rədd etmiş və öz mövqeyini Mülki Məcəllənin 180-cı maddəsinin tələbləri baxımından düzgün əsaslandıra bilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

32. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

33. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

34. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

35. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərb aycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 407.2. Kassasiya şikayətində i şin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. İddiaçının kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlükdə ləğv edilməsinə yönəldiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

44. Kassasiya instansiya sı məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəlidyi nəticə maddi və prosessual hüquq normalarının tələblərini uyğun deyil.

45. Belə ki, işin mübahisə olunmayan hallarına görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolun kənarı-“Qanlı gölün” şimal-qərb hissəsində yerləşən, ümumi sahəsi 134,67 kv.metr olan M-83 saylı ev cavabdehin və ailə üzvlərinin faktiki sahibliyindədir. Həmin ev lazımi icazələr alınmadan, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilməklə, hüquqi statusuna (vəziyyətinə) görə özbaşına tikinti sayılsa da, cavabdeh və ailə üzvləri son 37 ildir ki, həmin tikilidən yaşayış sahəsi kimi istifadə edirlər və istifadələrində başqa yaşayış sahələri yoxdur.

46. Həmçinin işin mübahisə olunmayan d igər hallarına görə, Bakı şəhər İcra Hakimiyyəti başçısının 23 dekabr 2021-ci il tarixli, 340 saylı sərəncamı ilə sözügedən evin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla, bütövlükdə 25,31 ha torpaq sahəsi icarə əsasında iddiaçının istifadəsinə verilib və həmin sərəncamda və ona əlavə edilmiş sənədlərdə 25,31 ha torpaq sahəsində, ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunverciliyin tələblərinə uyğun olaraq qarşılıqlı razılıq əsasında tənzimləmək və orada yeni yaşayış kompleksi tikmək vəzifəsi iddiaçının öhdəsinə qoyulub. Həmin sərəncam və ona əlavə edilmiş sənədlər bu gündə qüvvədədir.

47. Hazırda iddiaçı, sözügedən sənədlərə əsaslanaraq 25,31 ha torpaq sahəsinin icarə əsasında istifadəsinə verildiyini, humanistlik nü mayiş etdirərək sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürdüyünü, cavabdehin faktiki istifadəsində olan tikilinin sökülməsi qarşılığında ona 75.000 manat kompensasiya təklif etsə də, bununla razılaşmadığını, nəticədə yeni yaşayış kompleksinin tikintisinin yubanmasına görə onunla müqavilə bağlamış digər şəxslərin hüquqlarının pozulduğunu və beləliklə də sərəncamın icrasına mane olduğunu, bu səbəbdən də ona külli miqdarda maddi ziyan dəydiyini göstərib, cavabdehə 75.000 manat kompensasiya ödənilməklə sözügedən özbaşına tikilinin boşaldılaraq sökülməsini iddia edir.

48. Cavabdeh isə 1994-cü ildən qeyd olunan tiklidə yaşamaqla, evin bütün kommunal xidmət haqlarını ödədiyini, hazırda evin real bazar qiymətinin mütəxəssis rəyinə əsasən 270. 000 manat təşkil etdiyini, iddiaçı tərəfindən təklif olunan 75.000 manat kompensasiya məbləğinin ağlabatan olmadığını, iddiaçı tərəfindən evin real bazar dəyərinə uyğun kompensasiya təklif edilərsə və yaxud sözügedən tikilinin sahəsinə uyğun başqa bir evlə təmin olunarsa mübahisənin sülh yolu ilə həllinə etiraz etmədiyini göstərib, iddia etiraz edir.

49. Birinci instansiya məhkəməsi iddianı təmin etsə də, apellyasiya instansiyası məhkəməsi bununla razılaşmayaraq qeyd etmişdir ki, sökülməsi tələb olunan ev cavabdehin və ailə üzvlərinin yeganə yaşayış sahəsidir və onların başqa yaşayış yerləri yoxdur. Cavabdeh artıq uzun illərdir (37 ildir) ki, həmin evdə yaşayır. Torpaq sahəsi isə iddiaçının icarəsinə kommersiya məqsədilə verilib, yəni iddiaçının gördüyü iş (binaların inşası) dövlət ehtiyac larını ödəmək məqsədi daşımır və iddiaçı həmin ərazidə çoxsaylı binalar inşa etməklə qazanc əldə etmək istəyir. O, da nəzərə alınmalıdır ki, sakinlərin bir qismi ilə “evləri daha yaxşıdır” deyərək yeni mənzillə əvəzləşdirmə etmək, digərlərinə isə “evləri şəraitsizdir” deyərək təxminən 1 kv.metr üçün 500 manat kompensasiya ödəmək ayrı-seçkilik və hüquqdan sui-istifadə hesab olunur. Həmçinin, evin sökülməsi müqabilində cavabdehə ödəniləcək kompensasiyanın formasını (naturada və ya pulla) seçmək hüququ cavabdehə məxsusdur. Belə olan halda iddiaçı, sözügedən evin yerində kommersiya məqsədi ilə hündür mərtəbəli yaşayış kompleksi inşa etmək məqsədi ilə həmin evi sökmək qərarına gəlibsə, onda cavabdehin söküləcək “əmlakını” onun istəyinə uyğun kompensasiya etməlidir.

50. Göründüyü kimi apellyasiy a instansiyası məhkəməsi, iddiaçı tərəfindən cavabdehə ümumi sahəsi 134,67 kv.metr olan söküləcək evinə görə təklif olunan (1 kv.metr üçün 500 manat olmaqla) 75.000 manat kompensasiya məbləğini ədalətli saymamışdır.

51. Əvvəla, kassasiya instansiyası məhkəməsi də apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən evin (statusundan asılı olmayaraq) 1 kv.metr sahəsinə görə 500 manat kompensasiya təklif olunması açıq-aşkar ədalətli sayıla bilməz.

52. Belə ki, hazırda Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşayış sahəsinin 1 kv.metrinin dəyərinin 500 manat olması faktı işə əlavə edilmiş çoxsaylı qiymətləndirici rəylərlə və hesabatlarla təkzib olunur. Həmin rəy və hesabatlardan görünür ki, cavabdehin və ailə üzvlərin in faktiki sahibliyində olan Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolun kənar hissəsində (Qanlı gölün şimal-qərb hissəsində) yerləşən M-83 saylı evin (hüquqi vəziyyəti nəzərə alınmaqla) 1 kv.metrinin bazar dəyəri təqribən 2.004 manat olmaqla, təqribən 268.300- 270.000 manat təşkil edir. Belə olan halda iddiaçı tərəfindən cavabdehə ümumi sahəsi 134,67 kv.metr olan tikilinin sökülməsinə görə cəmi 75.000 manat (1 kv.metr üçün 500 manat olmaqla) kompensasiyanın təklif olunması, ən azından həmin ərazidə olan evlərin real bazar dəyərini özündə əks etdirmir.

53. Nəzərə alınmalıdır ki, kompensasiya- latın sözü olub “compencatio” sözündün götürülüb- tarazlaşdırmaq, ödəmək, bərpa etmək, haqqını vermək və sair mənalarda işlədilir. Kompensasiya institutundan bilavasitə şəxsiyyətə, əmlaka və y a şəxsin nüfuzuna dəymiş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin ödənilməsi məqsədilə istifadə olunur.

54. Digər tərəfdən, sözügedən sərəncam və ona əlavə edilmiş sənədlərdə də 25,31 ha torpaq sahəsinə düşən ərazidə yerləşən istifadəçilər, mülkiyyətçilərlə danışıqlar aparmaq, orada olan tikililərin sökülüb ərazidən çıxarılması, daşınmaz əmlakların mülkiyyətsçiləri və istifadəçilərinə yeni tikiləcək binalardan mənzillərin verilməsi və yaxud söküləcək tikililərin əvəzinə onlara müvafiq kompensasiyaların ödənilməsini təmin etmək vəzifəsi iddiaçının öhdəsinə qoyulub.

55. Göründüyü kimi, cavabdeh artıq uzun illərdir (37 ildir) ki, sözügedən evdə yaşayır və o, həmin evin sökülməsi nəticəsində ödəniləcək kompensasiya hesabına ailə üzvlərinin mənzil təlabatını ö dəmək istəyir. İddiaçının nümayəndəsi qeyd olunan evi şəraitsiz mənzil hesab etsə də, cavabdeh üçün bu evin əhəmiyyəti çox böyükdür. Avropa Konvensiyasının 8-ci maddəsinin tələbləri baxımından da mübahisəli ev cavabdehin yaşayış yeri hesab olunur.

56. Belə olan halda iddiaçı tərəfindən təklif olunan 75.000 manat kompensasiya məbləği Bakı şəhərində ümumi sahəsi 134,67 kv.metr olan evin satın alınması üçün ağlabatan, ədalətli məbləğ sayıla bilməz.

57. Eyni zamanda işdən görünür ki, qeyd olunan evin də yerləşdiyi 25,31 ha torpaq sahəsi yeni hündür mərtəbəli yaşayış binalarının tikintisi üçün icarə əsasında iddiaçının istifadəsinə verilib və sərəncamın icrası ilə bağlı iddiaçı həmin ərazidə yerləşən digər istifadəçilərlə danışıqlar apararaq razılıq əldə etsə də, cavabdehlə belə bir razılıq əld ə edə bilmədiyi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edib.

58. İddiaçı, həmçinin iddia edir ki, cavabdeh hüququndan sui-istifadə etməklə, ondan ədalətsiz məbləğdə kompensasiya tələb edir və onun hesabına əsassız varlanmaq niyyətindədir. Eyni zamanda, cavabdeh, bu hərəkətləri ilə həm ona, həm də digər mülkiyyətçilər və istifadəçilərə ziyan vurur.

59. Kassasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə alaraq hesab edir ki, ədalətlilik, mütənasiblik prinsipləri gözlənilməklə, hazırkı mübahisə Azərbaycan Respublikası Konstitusiyanın 29-cu, Mülki Məcəllənin 180-cı, Avropa Konvensiyasının 8-ci (yaşayış sahəsinə müdaxilə), 1 saylı Protokolun 1-ci maddəsinin, habelə Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021 tarixli qərarının tələblərinə uyğun həll edilməlidir.

60. Mülki Məcəll ənin 180.1 və 180.2-ci maddələrinin mənasına görə, özbaşına tikili, qanuni əsas olmadan tutulmuş torpaq üzərində, icazəsiz inşa edilən, tikinti qaydalarına uyğun olmayan, gələcəkdə təhlükəli ola bilən tikilidir. Bu baxımdan cavabdehin evi özbaşına tikilidir və buna görə də cavabdeh, sözügedən tikiliyə tam mülkiyyət hüququna malik deyil.

61. Analoji mübahusə ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" MMCnin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyun 2021-ci il tarixli qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə komp ensasiya müəyyən edərkən, həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.

62. Göründüyü kimi Konstitusiya Məhkəməsi də bu növ mübahisələr üzrə çox mühüm meyarlar müəyyən etmişdir: özbaşına tikili ilə qanuni əsaslarla mülkiyyətdə olan tikililər eyni əsaslarla kompensasiya edilə bilməz və bu, hüquqdan sui-istifadə və ədalətin pozulması ilə nəticələnə bilər.

63. Buradan birmənalı olaraq o, nəticə hasil olur ki, cavabdehin qanuni mülkiyyətçilərlə eyni kompensasiya (yeni mənzil və s.) tələb etmək hüququ yoxdur. Kompensasiyanın forması cavabdehin istəyinə uyğun deyil, tikilinin hüquqi statusu və mütənasiblik əsasında müəyyən edilə bilər.

64. Lakin bu hallar o demək deyildir ki, cavabdehə məxsus 37 il fasiləsiz və etirazsız yaşadığı ev real bazar dəyərinə uyğun olmayan kompensasiya ödənilməklə sökülə bilər. Kompensasiyanın məbləği evin hüquqi vəziyyəti nəzərə alınmaqla müəyyən edilərkən də, hər bir halda işin halları nəzərə alınmalı, söküntüyə məruz qalmış şəxslər arasında ayrıseçkiliyə yol verilməməli, mübahisə üzrə tərəflərə münasibətdə ədalətlilik və mütənasiblik prinsipləri gözlənilməli və bu nəticədə hüquqdan sui-istifadəyə səbəb olmamalıdır.

65. Bu baxımdan kassasiya insta nsiyası məhkəməsi, sözügedən özbaşına tikilinin sökülməsi müqabilində ödəniləcək kompensasiyanın formasını (naturada və ya pulla) seçmək hüququnun cavabdehə məxsus olmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur.

66. Nəzərə alınmalıdır ki, yaşayış sahəsinə olan hüquq müdafiə olunur, lakin şəxsin bu sahə üzərində qanuni mülkiyyət hüququnun olmaması, həmin sahə ilə bağlı təminatların səviyyəsi baxımından fərqli yanaşmaya səbəb olur. Bu vəziyyətdə mütənasiblik prinsipi, şəxsin özbaşına tikilidə yaşamaq hüququnun sonsuz müdafiəsi kimi qəbul oluna bilməz. Deməli, cavabdehin 37 il yaşaması kompensasiya formasını seçmək hüququ yaratmır, sadəcə kompensasiyanın əhəmiyyətsiz olmamasını, mövcud vəziyyətlə müqayisədə adekvat olmasını tələb edir. Cavabdehin “mütləq ş əkildə mənzil” tələb etməsi hüquqi cəhətdən birmənalı şəkildə müdafiə edilə bilməz. Bu, yalnız analoji hüquqi statusda olan digər şəxslərə də iddiaçı tətəfindən eyni yanaşma nümayiş etdirildiyi hallarda mümkün ola bilər. Əks halda özbaşına tikili ilə mülkiyyət hüququ olan tikili arasında təhlükəli eyniləşdirmə təcrübəsi yaranmış olar.

67. Nəzərə alınmalıdır ki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

68. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdu r.

69. Konstitusiyanın qeyd edilən normaları məhkəmələrdə işlərə baxılarkən prosessual qaydalara dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Həmin Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, son nəticədə işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla məhkəmə aktlarının qəbulu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını da tənzimləyir.

70. Ədalətli məhkəmə araşdırması hüququ geniş anlayışdır və iş ə baxılmasının yekununda qəbul olunmuş məhkəmə qətnaməsi, mübahisənin həlli baxımından səmərəli olmalı, mübahisəni yarımçıq həll etməməli, mübahisəyə hüquqi müəyyənlik gətirməli, həmin mübahisə ilə bağlı təkrar müraciətlərə və ya əlavə məhkəmə mübahisələrinə səbəb olmamalıdır. Başqa sözlə, məhkəmələrin konstitusion təyinatından və MPM-nin məhkəməyə yüklədiyi vəzifələrin məcmusundan birbaşa o məna hasil olur ki, məhkəmə işi həll etmə funksiyasının daşıyıcısıdır. Həqiqətin müəyyən edilməsi baxımından məhkəmə işin həllinə mane olan boşluqları aradan qaldırmalı, ziddiyyətli sübutlar şəraitində faktiki vəziyyəti özü müəyyən etməli, mübahisəni hüquqi müəyyənliklə yekunlaşdırmalıdır.

71. Buna görə də hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi əlavə araşdırma aparmaqla, cavabdeh tərəfindən tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq “gözləntilərinin” olub- olmamasını, həmin ərazidə analoji vəziyyətdə olan sakinlərlə əldə edilmiş razılaşmaları, torpaq və evə mülkiyyət hüququ qeydiyyata alınmamış şəxslərə həqiqətən də mənzil verilib-verilməməsini, verilmişdirsə nəyə görə cavabdehlə bu cür razılaşmanın mümkün olmadığını, analogi vəziyyətdə olan digər şəxslərə ödənilən kompensasiya məbləğinin meyarları, məbləği və s. (eyni statusda olan başqa şəxslərə nə verilib, kompensasiya meyarları nədən ibarət olub, kompensasiyanın naturada verilməsi iddiaçı tərəfindən hansı hallarda tətbiq edilib, cavabdehlə digərləri arasında fərq hansı hüquqi meyarlara əsaslanır və s.) kimi hallar araşdırılmalı, kifayət sayılan kom pensasiya məbləği müəyyən edilməli idi. Lakin bu istiqamətdə araşdırma aparılmamışdır.

72. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

73. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

74. Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesini n iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.

75. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).

76. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

77. Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlə rlə yanaşı, məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır.

78. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin olunması barədə MPM-in tələblərinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və həmin hissədə yenidən baxılması üçün göndərilməlidir.

79. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respub likası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 iyun 2025-ci il tarixli, 2(103)-1732/2025 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar