Məhkəmə qərarları › İş №2(102)-3015/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3015/2024

17.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3015/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən və yaşayış evindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)724/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 oktyabr 2024-cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı (bundan sonra- iddiaçı) və Cavabdeh (bundan sonra- cavabdeh) rəsmi nikaha daxil olmadan ailə qurmuşlar və onaların birgə nikahından 2 övladları doğulmuşdur. İddiaçının mülkiyyətində olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,12 ha torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Ev hər hansı şəxsin adına qeydə alınmamışdır. Lakin, işə əlavə edilmiş fotoşəkillərə əsasən, ev yaşamağa yararlıdır. Evin kommunal xidmətlərlə təchiz olunması məqsədilə iddiaçı ilə müvafiq qurumlar arasında müqavilələr bağlanmış və ona abonent kodu verilmişdir. 2. xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli reyestrdən Çıxarışlara əsasən, Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,10 ha və 0,02 ha torpaq sahələri daşınmaz əmlakın dövlət reyestində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmışdır.

3. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin bigər nikah münasibətindən xx.xx.2011ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 doğulmuşdur. xx.xx.2023-cü il tarixli arayışa əsasən, xx.xx.2013-cü il təvəllüdlü X1 birinci dərəcəli əlildir. xx.xx.2023-cü il tarixli arayışa əsasən, xx.xx.2011-ci il təvəllüdlü X2 birinci dərəcəli əlildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları:

4. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət cavabdehlə ailə münasibətində olsa da, bu münasibətlər sonradan pisləşmiş və 4 ildir ki, birgə təsərrüfat aparmırlar. Cavabdeh ona və uşaqlarına şiddət göstərmiş, onu döyərək fiziki zorakılıq etmişdir. Buna görə artıq onların heç bir qarşılıqlı münasibəti qalmamış və uşaqlarına təkbaşına baxır. Yuxarıda göstərdiyi hallar artıq davamlı və təhlükəli hal aldığından o, Abşeron Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək 30 günlük qısamüddətli mühafizə orderi verilməsini xahiş etmişdir. Müraciətindən qısa müddət sonra Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ona qısa müddətli mühafizə orderi verilmişdir. Onlar məcburi vəziyyətdə eyni evdə yaşayırlar, bu isə vəziyyəti daha da çətinləşdirir. Hazırda torpaq sahəsi onundur və bu barədə reyestrdən çıxarış almışdır. Cavabdehə evi tərk etməsini desə də, o, evi tərk etmək istəməmiş, əksinə həmin evdən onu və övladlarını qovmuşdur. Lakin başqa yaşayış yeri olmadığı üçün birlikdə yaşamağa məcbur olmuşlar. Cavabdeh bu səbəblərə görə ona şiddət göstərmişdir. Cavabdeh ona məxsus olan yaşayış sahəsindən çıxarılmalıdır. Bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

7. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş və cavabdehin onun mülkiyyətində olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən evdən və torpaq sahəsindən çıxarılması, onun və azyaşlı övladlarının həmin evə və torpaq sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, e-2(012)-5628/2023 saylı qətnaməsi ilə (hakim M.A.Abbasova) iddianın qismən təmin edilməsi, cavabdehin iddiaçının mülkiyyətində olan Abşe ron rayonu, Fatmayi kəndində yerləşən 0,12 ha (xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli reyestrdən Çıxarışlara əsasən) torpaq sahəsindən və orada yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli evə dair reyestrdən çıxarış mövcud olmasa da, iddiaçının onun mülkiyyətində olan torpaq sahəsində yerləşən həmin əmlaka dair qanuni gözlənti hüququ vardır. Bununla belə, mübahisəli yaşayış sahəsinin tərəflərin birgə vəsaiti hesabına əldə edilməsi barədə işdə hər hansı mötəbər sübut mövcud deyil. Qeyd edildiyi kimi, iddiaçı özünün torpaq sahəsində yerləşən evin faktiki mülkiyyətçisidir. Cavabdehlə münasibətləri korlandıqdan sonra da mübahisəli evdə yaşamaqdadır.

10. Məhkəmə qeyd etmişdir ki, sözügedən ev iddiaçının fa ktiki mülkiyyətində olması səbəbindən və cavabdehin mübahisəli evə dair heç bir hüququ olmadığından, onun həmin evdən və torpaq sahəsindən çıxarılması barədə tələb təmin edilməlidir.

11. Məhkəmə iddia tələbinin iddiaçının uşaqları ilə birlikdə mübahisəli evə və torpaq sahəsinə köçürülməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdehin əmlaklardan çıxarılması hissəsində iddia tələbi təmin edildiyindən iddiaçının həmin əmlaklar üzərində əvvəlki hüquqları bərpa edildiyindən və ona həmin əmlaklarla bağlı heç bir maneə yaranmadığından iddiaçının uşaqları ilə birlikdə həmin əmlaklara köçürülməsinə heç bir zərurət yoxdur və bu barədə iddia tələbi təmin edilməməlidir.

12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29 və 43-cü maddələrinə, Mülki Məcəllənin 27.2, 27.3, 152.1, 152.5 və 157.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə, habelə Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmşdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, iddiaçı ilə 2008ci il tarixdən qeyri-rəsmi nigah münasibətində olmuş və birgə təsərrüfat aparmışdır. O, həmişə bizneslə məşğul olmuş və son illər işi alınmadığı üçün banklara olan kredit borcunu ödəyə bilməmişdir. Gələcəkdə əmlaklarının əlindən alınmaması üçün mübahisəli torpaq sahəsini öz adından çıxarıb qeyr i-rəsmi nikahda olduğu iddiaçının adına rəsmiləşdirmişdir. Qeyd edilən məlumatlara dair sübutlar iddiaçının özü tərəfindən mülki iş materiallarına əlavə edilmişdir. Habelə məhkəmə də öz qətnaməsində işin hallarının məhz belə olduğunu qeyd etmişdir. Hər iki mübahisəli torpaq sahəsi 2011-ci il tarixdə onun adına alınmış və üzərində tərəfindən özbaşına tikili olan fərdi yaşayış evi inşa edilmiş, 2013-cü ildə isə ora köçmüşlər. Həmçinin torpaq sahəsi kənd təsərrüfat təyinatlı olduğu üçün tikiliyə reyestrdən çıxarış alınması mümkün deyil. Son dövrlər aralarında mübahisə yarandıqdan sonra iddiaçı müvafiq icra hakimiyyəti orqanından mühafizə orderi almış və o, hər hansı bir cinayətdə təqsirli bilinməmək üçün özbaşına tikilidən çıxmışdır. Bu səbəbdən də məhkəmə barədə hər hansı məlumatı olmadığı ü çün işdə iştirak edərək sübutları təqdim edə bilməmişdir. Mübahisəli torpaq sahəsi 2011-ci ildə onun adıma reyestrdən qeydiyyata alınmış, 2013-cü ildə orada özbaşına tikili inşa etmiş və həmin evə köçmüşlər. Borcları olduğu üçün 2017-ci ildə torpaq sahələrini iddiaçının adına qeydiyyatdan keçirmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-724/2024 saylı, 02 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər- İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), F.Ə.Məmmədov, L.E.Rəhimli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-5628/2023 saylı, 30 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflərin hal-hazırda bir yerdə yaşamaları qeyri mümkündür. Tərəflərin birgə nikahından övladları olsa da, uşaqlar birinci qrup əlil olduqdarı üçün analarının himayəsində yaşayırlar. Özbaşına tikili iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən, iddiaçının həmin yaşayış evi üzərində gözlənilən mülkiyyət hüququ vardır. Buna görə cavabdeh həmin evin tikintisinə onun tərəfindən xərclər çəkilməsini sübut etdiyi halda, həmin xərclərin ödənilməsini ayrıca mülki iddia qaldırmaqla iddiaçıdan tələb edə bilər.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərətəfli və obyektiv araşdırmışdir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.

18. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.2-ci maddələrinə, habelə MPM-nin 14.2, 77.1, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evindən onun çıxarılmasını yalnız mülkiyyətçi tələb edə bilər. Bu halda isə müba hisəli ev özbaşına tikili olduğu üçün iddiaçının bu iddia tələbini irəli sürmək üçün subyektiv hüququ olmamışdır. Lakin buna baxmayaraq, məhkəmənin ədalətsiz qətnaməsi ilə onun özbaşına tikilidən çıxarılması qət olunmuşdur. Cavabdeh kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə, habelə MPM-in 217-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. İddiaçı kassasiya şikayətinə etiraz verərək qeyd etmişdir ki, cavabdeh onun və övladlarının acınacaqlı vəziyyətdə olduğunu bildiyindən maddi və mənəvi təzyiqlər göstərmək üçün formal xarakterli, şikayət verilməsi üçün müəyyən edilmiş son gün kassasiya şikayəti vermişdir. İşə baxan məhkəmələr işin bütün faktiki və hüquqi hallarını nəzərə alaraq qərar qəbul etdikləri üç ün, cavabdehin kassasiya şikayətinin təmin edilmədən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə 29 İ və İV bəndlər. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

23. Maddə 43 1-ci hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

25. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.

26. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

29. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları s übut etməlidir.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır.Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri t ərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Cavabdeh kassasiya şikayətində qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qə tnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

38. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

39. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflərin hal-hazırda mübahisəli evdə bir yerdə yaşamaları qeyri mümkündür. Tərəflərin birgə nikahından övladları olsa da, uşaqlar birinci qrup əlil olduqları üçün analarının himayəsində yaşayırlar. Özbaşına tikili isə iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən iddiaçının həm in yaşayış evi üzərində gözlənilən mülkiyyət hüququ vardır.

40. Buna görə cavabdeh həmin evin tikintisinə onun tərəfindən xərclər çəkilməsini sübut etdiyi halda həmin xərclərin ödənilməsini ayrıca mülki iddia qaldırmaqla iddiaçıdan tələb edə bilər.

41. Apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdir və birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.

42. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, iddianı qismən təm in etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir.

43. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən cavabdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

44. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 may 2024-cü il tarixli, 2(105)-724/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar