Məhkəmə qərarları › İş №2(102)-3091/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3091/2024

04.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3091/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (açar sözlər: nikah dövründə ər-arvaddan birinə hədiyyə edilmiş əşyalar, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2734/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 4 oktyabr 2024-cü il tarixdə A li Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) ilə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan uşaqları olmamışdır.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)2018/2022 nömrəli qətnaməsi ilə nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus olan komplekt dəst – (daxildir: bir ədəd boyunbağı, bir ədəd bilərzik) - əyarı 585, çəkisi 49 qram, qiyməti 3.000 manat; komplekt dəst – (daxildir: bir cüt sırğa və bir ədəd üzük) - əyarı 585, çəkisi 15 qram, qiyməti 1.300 manat; bir ədəd nişan üzüyü - 585 əyarlı, çəkisi 7 qram, qiyməti 500 manat; bir cüt sırğa – əyarı 750, çəkisi 4 qram, damla tipli və setkalı, qiyməti 400 manat (atası alan); bir ədəd üzük- əyarı 583, çəkisi 4 qram, sürməyi (tünd göy) rəngdə qaşı olan, qiyməti 200 manat (atası alan) olan qızıl-zinət əşyalarının və ya onların dəyərinin 5.400 manat pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini işin faktiki hallarına istinad edərək əlavə olaraq onunla əsaslandırmışdır ki, cavabdehlə heç bir ailə münasibəti qalmamış və bundan sonra da hər hansı bir münasibətin olması mümkün deyildi. Ona görə də məhkəməyə müraciət edərək toy-nişan ərəfəsindən ona hədiyyə olunmuş qızıl-zinət əşyalarını tələb edərək bildirmişdir ki, cavabdeh tərəfindən könüllü olaraq həmi n əmlakları ona verməkdən imtina etmişdir.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/10090/2024 nömrəli rəyinə əsasən 1. 585 əyar boyunbağı 1 ədəd, bilərzik 1 ədəd 49 qram, qiyməti (85 manat) ümumi qiyməti 4.165 manat; 2. 585 əyarı bir cüt sırğa və bir ədəd üzük 15 qram, qiyməti (85 manat) ümumi qiyməti 1.275 manat; 3. 585 əyar 1 ədəd nişan üzüyü 7 qram, (85 manat) ümumi qiyməti 595 manat; 4. 750 əyar, bir cür sırğa, damla tipli və setkalı 4 qram (110 manat), ümumi qiyməti 440 manat; 5. 583 əyar 1 ədəd üzük, çəkisi sürməyi (tünd göy) rəngdə qaşı olan 4 qram, (85 manat) 340 manat; cəmi: 6.815 manat müəyyən edilmişdir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim F.F.Mirzəyeva) 21 fevral 2024-cü il tarixli, e-2(01 0)- 228/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

7. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, tərəflər birgə nikaha daxil olmaqla ailə həyatı qurmuş, lakin bir müddət sonra həmin nikah pozulmuşdur. Tərəflərin birgə nikahından övladları olmamışdır. Hazırda iddiaçı ona məxsus olan qızıl-zinət əşyalarının cavabdehdə qaldığını bildirir. O, cavabdehin ondan qızılları aldığını və öz anasına verdiyini qeyd etmişdir. İddiaçı övladı olmadığına görə müalicə almaq üçün anasının evinə getmişdir. Cavabdeh tərəf də öz ifadələrində bu halı, yəni anasının evinə daimi deyil, müalicə üçün getməsini, inkar etməmiş, iddiaçıya uşaqları olmasa belə həyatlarına davam edəcəklərini bildirmişdir.

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, bu halın özü tələb edilən əşyaların cavabdeh ə məxsus evdə qaldığının göstəricisidir. Müalicəyə gedən insanın bütün qızılları yığıb özü ilə aparması ağlabatan deyildir.

9. İddia tələbinin qızıl-zinət əşyaları ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı anasının yanına müalicə almaq üçün getmiş və evi tərk edəndə tərəflərin münasibətləri normal olmuşdur. Yəni, iddiaçının həmin vaxt boşanmaq niyyəti olmamışdır. Belə olan halda, iddiaçının anasının yanına müvəqqəti gedərkən qızıl-zinət əşyalarını özü ilə yığıb aparması inandırıcı deyil. Cavabdehin nümayəndəsi iddiaçı evdən gedərkən özünə məxsus qızılları apardığını bildirsə də, bu dəlilini təsdiq edə biləcək sübutlarını təqdim edə bilməmişdir. Bu hal iddiaçını həmin əşyaların ona məxsus olmasını sübut etmək yükündən azad etməklə, MM in 157.2-ci maddəsinin birinci dispozitiv şərtinin m övcud olmasını təsdiq etmiş olur.

10. Bundan başqa məhkəmə iddia tələbi məhz iki hissədən – qeyd olunan əmlakların qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi hissədə hesab etmişdir ki, ekspert rəyində əşyaların qiyməti iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş iddia ərizəsində qeyd edilən məbləğlərdən yuxarı olmuşdur.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157, 157.1, 157.2, 225, 225.2, 666, 666.1, 666.2, 668.1, 668.1.3-ci maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsi 34, 34.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh qətnamədə n apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hakim qətnamənin təsviri əsalandırıcı hissəsində iddiaçının evdən çıxma şəraitini qeyd etmiş, iddianın təmin edilməsini buna əsaslandırmışdır. İddiaçı cavabdeh ilə Sumqayıt şəhərində yerləşən evdə ayrıca yaşayırdılar. Onlar Görədildə yerləşən qaynananın evinə müvəqqəti gəliblər. Yəni, iş üzrə cavabdeh hərbiçi olduğundan xx.xx.2020-ci ildə ikinci Qarabağ müharibəsi başladığından məcburiyyət qarşısında iddiaçını müvəqqəti olaraq valideyinlərinin yaşadığı evə gətirib. İddiaçı və şahidlərin ifadələri bu halı təsdiq edir. Sonradan iddiaçının özünün dediyi kimi, müalicə alması və müalicə dövründə həkimə getməsi üçün Zeynalabdin T ağıyev qəsəbəsində yerləşən anasına məxsus evə getmişdir. İşin hallarına düzgün qiymət verilməmişdir. Belə ki, iddiaçıya münasibətdə anası evinə getməyini müvəqqəti hal kimi qiymətləndirən hakim cavabdehə münasibətdə bu halı nədənsə daimi bir hal kimi göstərib. Qeyd etdikləri bir daha sübut etmişdir ki, işin halları ilə məhkəmənin gəldiyi nəticə uyğun gəlmir. Digər bir pozuntu isə məkəmədə xx.xx.2023-cü il tarixdə şahid qismində ifadə verən iddiaçının anası Məfurə Bayramovanın ifadəsinə sübut kimi istinad edilməsidir. İddiaçı tərəf iddia olunan əmlakın qaynanasına verilməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməyib. Şahidlərin hamısı ziddiyyətli ifadə vermişdir. İşin ən maraqlı hallarından biri də odur ki, 2020-ci ildən aliənin faktiki olaraq dağılmasına baxmayaraq iddiaçı t ərəf bununla bağlı məhkəməyə yalnız 2023-cü ildə müraciət etmişdir. Əvvəlcədən dediyi kimi, iddia tələbini sübut etmək iddiaçı tərəfin vəzifəsidir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə X1 (cavabdehin anasi) iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin təmin edilməsini xahiş edərək izahatında göstərmişdir ki, qızıllar onda olmayıb. Oğlu evdə olmurdu, qızılı oğlu yox, özü Sumqayıt şəhərində univermaqdan almışdı. Satıcı onu tanıdığı üçün lom qiymətinə hissə-hissə ödəmək şərti ilə vermişdi. Daha sonra elçiliyə getmişlər, öz qızıllarını və aldığı qızılları iddiaçıya vermişdir. Sonra qızıllar b arədə məlumatı olmayıb. Öz qızıllarınıda iddiaçıya hədiyyə kimi toy günü aparmış, video çəkilişlə özünə vermişdir. Qızılları geri almaq niyyəti olmayıb. Onun yanında çox qalmayıblar. Belə ki, qızının həyat yoldaşı dünyasını dəyişdiyi üçün iki övladı ilə evə qayıtmışdır. İddiaçı da orada yaşaya bilmədiyini, sıxıldığını bildirmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2734/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, idiaçının tələb etdiyi qızıl zinət əşyaları həqiqətən də mövcud olmuş və onlar iddiaçıya hədiyyə edilməklə, ona məxsus olmuşdur. Belə ki, cavabdeh ondan tələb olunan qızıl-zinət əşyalarının iddiaçıya məxsusluğunu və onların qiymətini mübahisələndirməmişdir.

18. Əlavə olaraq məhkəmə kollegiyası onuda qeyd etmişdir ki, hazırda iddiaçı ona məxsus olan qızıl-zinət əşyalarının cavabdehdə qaldığını bildirərək, cavabdehin qızılları ondan aldığını və öz anasına verdiyini qeyd etmişdir. Cavabdeh və üçüncü şəxs (cavabdehin anası) isə həmin əşyaların cavabdeh evdən gedərkən özü ilə apardığını bildirmişlər. Cavabdeh bunu şəxsən görməsə də, üçüncü şəxsin bildirdiklərinə istinad etmiş, üçüncü şəxs isə kollegiyanın iclasında bildirmişdir ki, tələb olunan qızıl-zinət əşyaları onda deyil və iddiaçı anasıgilə gedəndə əlində çantası olub-olmadığın görməmiş, iddiaçını iki çanta ilə nəvəsi yola salmışdır.

19. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı anasının evinə birdəfəlik deyil, müvəqqəti getmişdir və 3-cü şəxsin evini tərk edərkən iddiaçı ilə 3-cü şəxs arasında hər hansı mübahisə yaranmamış, iddiaçının evdən birdəfəlik getmək niyyəti olmamışdır. Belə olan halda, evi tərk edərkən iddiaçının özü ilə qızıl-zinət əşyalarını aparması ağlabatan deyildir.

20. O da qeyd edilmişdir ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılarkən bildirdiklərinə görə, anası ilə həkim yanına getdikdən sonra həkim təbii yolla uşağın olmayacağını dedikdə, həkim dediklərini qayınanasına bildirmiş, qayınanası evə gəlməməsini demişdir. Həmçinin, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh izahatında bildirmişdir ki, boşanmaq üçün ilkin olaraq qeydiyyat şöbəsinə və “ASAN xidmət”ə getmişl ər, orada iddiaçı əmlak tələb etdiyi üçün nikahın pozulmasından imtina edilmiş və məhkəməyə yönəldilmişlər. Bu hal da onu təsdiq edir ki, tərəflər arasında münasibətlər iddiaçı evi tərk etdikdən sonra korlanmış və hazırki iddia ərizəsi verilməmişdən öncə iddiaçı qızıl-zinət əşyalarını cavabdehdən tələb etmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

22. Məhkəmə gəldiyi nəticəni M M-in 157.2, 225.2,666.1-ci maddəsi, Ailə Məcəlləsinin 34.1, 34.2-ci maddələrinə və MPM-in 14.2, 77.1, 78.1,217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır.

25. Kassasiya şikayətinə elavə olaraq qeyd etmişdir ki, hər iki məhkəmə tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaların tələbləri pozulmuş, sübutlara düzgün qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdı r. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

29. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan R espublikasının Ailə Məcəlləsi

30. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

31. Maddə 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir..

34. Maddə

88. M əhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Qa nunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müb ahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

41. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmama sına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

42. Beləli klə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2734/2024 nömrəli, 25 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar