Məhkəmə qərarları › İş №2(102)-3286/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3286/2023

27.07.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3286/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, apellyasiya şikayəti verməyən tərəfin kassasiya şikayətinin qeyri-mümkün olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2(103)-2142/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabde h tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 5221 saylı müqaviləyə əsasən əlavə olaraq tərəfindən ödənilmiş 5952,51 manat, 5222 saylı müqaviləyə əsasən isə əlavə olaraq ödənilmiş olan 5717,1 manat olmaqla, ümumilikdə hər iki müqaviləyə əsasən tərəfindən artıq ödənilən cəmi 11669,61 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(005)-102/2022 nömrəli qətnaməsi ilə iddia rədd edil mişdir.

3. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2(103)-2142/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(005)-102/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair iddiası təkrarən rədd edilmişdir.

4. Həmin qətnamədən İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ayrıayrılıqda kassasiya şikayətləri vermiş və kassasiya şikayətləri apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. 404 -1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəx s tərəfindən verilmişdirsə, kassasiya şikayəti qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

6. Kassasiya şikayətləri və iş materialları öyrənilərkən müəyyən olmuşdur ki, cavabdehin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququ müəyyən olunmur.

7. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(005)-102/2022 nömrəli qətnaməsi ilə iddia cavabdeh təşkilat tərəfindən iddiaçının mübahisələndirdiyi öhdəliyin pozulmaması əsası ilə rədd olunmuşdur.

8. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsi rayon məhkəməsinin əsaslandırılması ilə razılaşmayaraq, qətnaməni ləğv etmiş və cavabdeh tərəfindən müqavilə şərtlərinin lazımi qaydada icra edilməməsini, iddiaçının hüququnun pozulduğunu müəyyən etməklə, iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul etmişdir.

9. Hazırda iddiaçı ilə yanaşı cavabdeh də kassasiya şikayəti vermiş və şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin əsaslandırdığı hallarla razı olmamasına istinad etmişdir.

10. Məhkəmə kollegiyası izah edir ki, apellyasiya məhkəməsi tərəfindən qəbul edilən qətnamə ilə cavabdehə qarşı yönəldilən tələb rədd edildiyindən, həmin qətnamənin kassasiya qaydasında mübahisələndirilməsi MPM-in 403.1-ci maddəsinin tələblərinə ziddir.

11. Belə ki, prosessual qanunvericiliyin həmin müddəasına görə kassasiya şikayəti vermək hüququnun yaranması üçün tərəfin apellyasiya məhkəməsindən tələbi olmalı və həmin tələb təmin olunmamalıdır. Hazırki halda isə cavabdehin apellyasiya məhkəməsi ndən tələbi olmamışdır ki, apellyasiya məhkəməsi həmin tələbi təmin etməsin. Əksinə apellyasiya şikayətini iddiaçı vermiş və apellyasiya məhkəməsi cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizəsini əsas götürərək iddianı rədd etmişdir.

12. Məhkəmə kollegiyası izah edir ki, Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Odur ki, apellyasiya məhkəməsinin qətnaməsinin əsaslandırılması özü özlüyündə kassasiya baxışının predmetini təşkil edə bilməz.

13. Belə olduğu halda isə, cavabdeh kassasiya şikayəti vermək hüququna malik deyildir.

14. Qeyd olunanlara əsasən, cavabdehin apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ni mübahisələndirməyə hüququ olmadığı üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2(103)-2142/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar