Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-186/2026 02.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər İbrahimov Mənsur Nəmətulla oğluna, Azərbaycan Respublikası Şabran rayonu Şabran bələdiyyəsinə və Şabran rayon notariat kontoruna qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qarayev Sənan Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdehlər İbrahimov Mənsur Nəmətulla oğluna, Azərbaycan Respublikası Şabran rayonu Şabran bələdiyyəsinə və Şabran rayon notariat kontoruna qarşı “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların və torpaq sahəsinin plan və ölçü sənədlərinin ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *- *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli, 2011-ci il ## ####### qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən məqsədli təyinatı kənd təsərrüfatı təyinatı olan ümumi sahəsi 5.2 ha torpaq bələdiyyə mülkiyyəti olmaqla Şabran rayon Dəvəçi Bələdiyyəsinin mülkiyyətindədir.
2. Şabran rayonu Dəvəçi bələdiyyəsinin 2014-cü il ## ###### tarixli ** saylı iclasının qərarından çıxarışdan görünür ki, keçirilmiş son müsabiqənin nəticəsinə uyğun olaraq torpağın dəyərinə görə məbləği bələdiyyənin müvafiq bank hesabına ödənilməklə Dəvəçi bələdiyyəsinin Dəvəçi kəndi ərazisində 5.20 ha torpaq sahəsinin İbrahimov Mənsur Nəmətulla oğluna satılması qərara alınmışdır.
3. 2016-cı il ## ##### tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən satıcı Şabran rayon Dəvəçi Bələdiyyəsi tam mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 5.2 ha torpaq sahəsini 4900 manata alıcı İbrahimov Mənsur Nəmətulla oğluna satmışdır.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, 2016-cı il ## ### qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı 5.2 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İbrahimov Mənsur Nəmətulla oğluna məxsusdur.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli, 2011-ci il ## ####### tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən məqsədli təyinatı kənd təsərrüfatı təyinatı olan ümumi sahəsi 4 ha torpaq bələdiyyə mülkiyyəti olmaqla Şabran rayon Dəvəçi Bələdiyyəsinin mülkiyyətindədir.
6. Şabran rayonu Dəvəçi bələdiyyəsinin 2014-cü il ## ###### tarixli ** saylı iclasının qərarından çıxarışdan görünür ki, keçirilmiş son müsabiqənin nəticəsinə uyğun olaraq torpağın dəyərinə görə məbləği bələdiyyənin müvafiq bank hesabına ödənilməklə Dəvəçi bələdiyyəsinin Dəvəçi kəndi ərazisində 4.0 ha torpaq sahəsinin İbrahimov Mənsur Nəmətulla oğluna satılması qərara alınmışdır.
7. 2016-cı il ## ##### tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən satıcı Şabran rayon Dəvəçi Bələdiyyəsi tam mülkiyyət hüququ üzrə ona məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 4 ha torpaq sahəsini 3270 manata alıcı İbrahimov Mənsur Nəmətulla oğluna satmışdır.
8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, 2016-cı il ## ### qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı ümumi sahəsi 4 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İbrahimov Mənsur Nəmətulla oğluna məxsusdur.
9. Torpaq sahəsinin planı və ölçüsü sənədlərindən görünür ki, Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən 4 ha və 5.2 ha torpaq sahələrinin bonitet balı 0-dır. İş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı İddiaçı MMC (bundan sonra - “iddiaçı” və ya “Cəmiyyət”) cavabdehlər İbrahimov Mənsur Nəmətulla oğluna, Azərbaycan Respublikası Şabran rayonu Şabran bələdiyyəsinə və Şabran rayon notariat kontoruna (bundan sonra müvafiq olaraq “M.İbrahimov”, “Bələdiyyə”, “notariat kontoru”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh M.İbrahimov ilə Bələdiyyə arasında notariat kontorunda bağlanmış 5.2 ha və 4.0 ha torpaq sahələrinə dair 2016-cı il ## ##### tarixli AN-İ № ******* və AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, onların əsasında cavabdeh M.İbrahimovun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı 0861265 və ******* nömrəli çıxarışların, 067931 və ****** nömrəli torpaq sahəsinin plan və ölçü sənədlərinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, M.İbrahimov iddiaçıya qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu torpaq sahələrinin Cəmiyyətin qanunsuz sahibliyindən alınıb geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il # #### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 2016-cı il ## ### qeydiyyat tarixli ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli 0861267 seriya nömrəli çıxarışa əsasən Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən 4.0 ha və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 2016-cı il ## ### qeydiyyat tarixli ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli 0861265 seriya nömrəli Çıxarışa əsasən Şabran rayonunun Dəvəçi kəndi ərazisində yerləşən 5.2 ha torpaq sahələrinin Cəmiyyətin qanunsuz sahibliyindən alınaraq M.İbrahimova geri qaytarılması qət edilmişdir. M.İbrahimovun geri qaytarılmasını tələb etdiyi 4.0 ha və 5.2 ha olmaqla ümumilikdə 9.2 ha torpaq sahəsi özünün Cəmiyyətin direktoru olduğu dövrdə Şabran rayonu Dəvəçi Bələdiyyəsindən Cəmiyyət üçün alınmış torpaq sahəsidir. Belə ki, hər iki torpaq sahəsinin alqı-satqı müqavilələri Şabran rayon notariat kontorunda 2016-cı il ## ##### tarixdə Bələdiyyənin sədri X1 və Cəmiyyətin direktoru M.İbrahimov arasında bağlanmış və müvafiq olaraq 4Ə-164 və 4Ə-162 reyestr nömrələri ilə təsdiq edilmişdir. M.İbrahimov hər iki müqaviləni Cəmiyyətin xeyrinə bağlamalı olduğunu bildiyi halda, müqavilədə Cəmiyyətin direktoru sözlərini qəsdən qeyd etdirməmiş və bunu Cəmiyyətin təsisçilərindən gizlətmiş, direktor vəzifəsindən azad edildikdən sonra vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mülkiyyətinə keçirməsinə nail olduğunu bir müddət gizlətmiş, daha sonra isə torpaq sahələrinin ona qaytarılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırkı halda M.İbrahimov Cəmiyyətin direktoru kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, həm iddiaçını, həm də yuxarıda sadalanan alqı-satqı predmetlərinin mülkiyyətçisi olan Bələdiyyəni aldatmışdır. Belə ki, bələdiyyənin də niyyəti həmin torpaq sahələrinin həmin ərazidəki əhalini iş yerləri və qazancla təmin olunmasına şərait yaradan Cəmiyyətin mülkiyyətinə verilməsi olmuşdur. M.İbrahimovun Cəmiyyətin direktoru işlədiyi dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə iddiaçının vəsaiti hesabına əldə edilmiş torpaq sahələrini mülkiyyətinə keçirməklə törətdiyi əməllərdə cinayət tərkibinin olubolmamasının araşdırılması üçün qərar qəbul edilib prokurorluq orqanına göndərilməsinə zərurət vardır. M.İbrahimovun torpaq sahələrində bağların salınması üçün Cəmiyyətdən külli miqdarda pul vəsaitini imza etməklə alması barədə sübutlar məhkəmədə işə baxılan zaman təqdim ediləcəkdir.
12. Cavabdeh M.İbrahimov ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, tərəflər arasında qeyd edilən torpaq sahəsi ilə bağlı 2020-ci ildən mübahisə mövcuddur və həmin iş üzrə M.İbrahimovun 2020-ci iyul ayından qaldırdığı iddia üzrə Şabran rayon Məhkəməsinin 2022-ci il ## #### tarixli *(***)-**/**** nömrəli qətnaməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2023-cü il # ### tarixli *(***)-****/**** nömrəli qərarı, Sumqayıt Apellyasiya Məhkəməsinin 2023-cü il # ######## tarixli *(***)-****/**** nömrəli qərardadı və Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il # #### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi mövcuddur. İddiaçı iddiada qeyd etdiklərini həmin məhkəmələrdə M.İbrahimovun iddiasına verdiyi etirazlarda, eləcə də hüquq-mühafizə orqanlarındakı ifadələrdə də səsləndirmişdir. Göründüyü kimi, iddiaçı nədənsə 2024-cü il # ###### tarixdə, yəni müqavilənin üzərindən tam olaraq 8 il 6 ay keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Buna görə də, iddia ərizəsi əsassız olduğundan və iddia müddəti ötürülməklə verildiyindən iddia rədd edilməlidir. Hazırkı iş üzrə əqdin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş 1 illik kəsici müddət ötürülmüş və əqdlərin etibarlılığını mübahisələndirmək hüququ iddiaçı tərəfindən itirilmişdir. Hazırkı iş üzrə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar yalnız alqı-satqı müqavilələrindən və iddia ərizəsində qeyd etdiyi təxmini iki absazlıq cümlələrdən ibarətdir. İddiaçı iddia edir ki, həmin torpaq sahələri əslində Cəmiyyət üçün alınmışdır. Bu torpaq sahələri əslində iddiaçının mülkiyyətidir. Lakin sözügedən alqı-satqı müqavilələrində həmin torpaq sahəsinin iddiaçı üçün əldə edilməsi barədə heç bir müddəaya rast gəlinmir. Yəni iddiaçı adıçəkilən alqı-satqı müqaviləsinin tərəfi olmadığından, ondan irəli gələn hər hansı subyektiv hüquqa da malik deyildir. İşin əsli Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il # #### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan *-*(***)-***/**** nömrəli işin icraatının dayandırılmasıdır ki, buna da nail olmuşlar. İddiaçı hazırkı iddia ilə M.İbrahimova məxsus bağların məhsullarını növbəti bir neçə ildə də qanunsuz olaraq toplayıb satmaq niyyəti güdür.
13. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mübahisələndirilən müqavilələr qanunvericiliyin kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin satılmasının qadağan edən normalarının tələblərinə zidd olaraq bağlanmışdır.
14. Sumqayıt Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)- ***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim H.Alıyeva).
15. İddiaçı iddia tələbinin əsası kimi ona istinad etmişdir ki, cavabdeh M.İbrahimov hər iki alqı-satqı müqaviləsini Cəmiyyətin xeyrinə bağlamalı olduğunu bildiyi halda, müqavilədə Cəmiyyətin direktoru sözlərini qəsdən qeyd etdirməmiş və bunu Cəmiyyətin təsisçilərindən gizlətmişdir. Daha sonra məhkəmə prosesinin gedişatında iddiaçı müqavilələr bağlandığı zaman hərrac keçirilməməsini, torpaq sahələrində meyvə bağları mövcud olması ilə əlaqədar kadastr məlumatlarında alqı-satqı predmeti olmuş torpaq sahələrinin bonitet balının 0 göstərilməsini mübahisələndirmişdir.
16. Birinci instansiya məhkəməsi ilk növbədə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999cu il # #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə istinadla qeyd etmişdir ki, dövlət torpaq kadastrı torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə etibarlı məlumatların məcmusudur və mübahisələndirilən müqavilələrin bağlandığı dövrdə torpaq sahələrinin kadastr məlumatlarında bonitet balı “0” olaraq göstərilmiş və həmin məlumatlar dövlət kadastrının rəsmi qeydlərinə əsaslanmışdır.
17. Həmçinin, kənd təsərrüfatı torpaqlarının şərti ballarının (bonitet balının) müəyyən edilməsi dövlətin səlahiyyətidir. Bu göstəricilər metodoloji əsaslarla, torpağın münbitlik göstəriciləri və digər kompleks parametrlər nəzərə alınmaqla hesablanır. Məhkəmə hesab edir ki, iddiaçının sadəcə torpaq sahəsində meyvə bağının olmasına istinad etməsi bonitet balının dəyişdirilməsi və ya mübahisələndirilməsi üçün əsas deyil. Meyvə bağlarının olması faktı torpaq sahəsinin münbitlik göstəricilərini avtomatik olaraq yüksəltmir və bonitet balının sıfır göstərilməsini təkzib etmir. Çünki bonitirovka yalnız torpaq sahəsində faktiki bitkilərin mövcudluğu ilə deyil, torpağın keyfiyyət göstəricilərinin kompleks qiymətləndirilməsi ilə müəyyən edilir.
18. Məhkəmə göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 354.2-ci maddəsi etibarsızlığın növlərindən yalnız birindəmübahisə edilən əqdlərdə iradəsi zədələnmiş tərəfin həmin əqdi hansı müddətdə mübahisələndirə biləcəyini nəzərdə tutan kəsici müddətdir. İradənin zədələnməsinə səbəb olan əsaslar MM-in 339.1-339.4-cü və 347-ci maddələrində nəzərdə tutulmuşdur (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s).
19. Bu növ etibarsızlıqda iradəsi zədələnmiş tərəf əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə yanılma halında şəxsin yanıldığını bildiyi andan bir ay, digər hallarda isə müvafiq olaraq, aldadılmanın məlum olduğu, zorakılıq və ya hədənin aradan qalxdığı andan bir il ərzində əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir. Tərəf bu hüququndan qeyd olunan zaman kəsiyində istifadə etmədikdə əqdi mübahisələndirmək imkanını birdəfəlik itirdiyi üçün həmin müddətlər kəsici müddətlər hesab edilir.
20. Şabran rayon Məhkəməsinin 2022-ci il ## #### tarixli qətnaməsindən müəyyən olunur ki, hazırkı iş üzrə cavabdeh M.İbrahimov 2020-ci il # ###### tarixdə iddiaçıya qarşı iddia qaldıraraq, mülkiyyətində olan torpaq sahələrinin, o cümlədən Şabran rayonu, Dəvəçi kəndi ərazisində yerləşən 4 ha və 5.2 ha torpaq sahəsinin Cəmiyyətin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etmişdir. İddiaçı hazırkı iş üzrə cavabdehin torpaq sahələrinin özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması tələbi ilə Şabran rayon Məhkəməsində iddia qaldırdığı andan iddia tələbində istinad etdiyi aldatmadan xəbərdar olmuş və MM-in 354.2-ci maddəsində nəzərdə tutulmuş alqı-satqı müqavilələrinin mübahisə edilməsi ilə bağlı 1 illik müddəti ötürmüşdür.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6 və 41-ci maddələrinə, MM-in 337.1 və 354.2-ci maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1, 6.2, 6.6, 6.7, 7.1 və 7.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il # #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-«MPM») 14.2, 88, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
22. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
23. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim İ.Dəmirov, hakimlər Z.Məmmədov və R.Xəlilov).
24. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.
25. MM-in 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli xəbərdar olunduğu gündən etibarən 1 il müddətində əqd mübahisələndirilə bilər (kəsici müddət). Cavabdeh 2020-ci il # ###### tarixdə iddiaçıya qarşı torpaq sahələrinin geri qaytarılması tələbi ilə iddia qaldırdığına görə, həmin tarixdən etibarən hazırkı işdə alqı-satqı müqavilələrinin mübahisələndirilməsi üçün nəzərdə tutulan 1 illik müddət ötürülüb.
26. Bundan əlavə, torpağın bonitet əmsalının müəyyən edilməsi dövlətin səlahiyyətinə aid olan məsələdir.
27. Azərbaycan Respublikası Torpaq Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il # #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət torpaq kadastrının aparılması qaydaları haqqında Əsasnamə”si göstərir ki, torpaq sahələrinin keyfiyyət göstəricilərinin qiymətləndirilməsi, bonitet balının təyin edilməsi və dövlət kadastrına daxil edilməsi yalnız dövlət orqanlarının hüququdur. Bu səlahiyyətin məhkəmə tərəfindən əvəz olunmaması qanuna tam uyğundur.Həmçinin torpaq sahəsində məhsuldar, 10–12 yaşlı nektarin ağaclarının mövcudluğu bonitet balının yüksəlməsi üçün əsas deyildir. Belə ki, bonitet balının müəyyən edilməsi dövlət orqanlarının səlahiyyətinə aid olduğundan meyvə ağaclarının olması göstərilən bonitet balının 0 olması faktını inkar etmir.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 337.1 və 354.2-ci maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1, 6.2, 6.6, 6.7, 7.1 və 7.3-cü maddələrinə və MPM-in 14.2, 47.1, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
29. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
30. MPM-in 97.1-ci maddəsi üzrə- işə baxan məhkəmə mübahisələndirilən alqısatqı əqdinin predmeti olan keçmiş Dəvəçi, hazırda Şabran bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin kənd təsərrüfat təyinatlı olub onun satışı üçün yararlılıq dərəcəsinin vacib olmasına və həmin torpaq sahəsinə dair müvafiq elmi peşəkar fəaliyyəti həyata keçirən nüfuzlu Meyvəçilik və X2 İnstitutunun mütəxəssis rəyində göstərilənlərlə torpağın kənd təsərrüfatına yararlı olub orada iddiaçı tərəfindən salınmış, məhsuldar, yaşı 10-12 il arası olan nektarin ağaclarının mövcudluğuna dair göstərilənlərə hüquqi qiymət verilməmiş, bununla bağlı məhkəmə torpaqşünaslıq və yerquruluşu ekspertizası keçirilmədən torpağın bonitet əmsalının müəyyən edilməsinin dövlətin səlahiyyətinə aid olmasına istinad olunub iddianın rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Halbuki, Meyvəçilik və X2 İnstitutunun mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin torpaq Plan ölçü sənədlərində göstərilən 0 bonitet əmsalının Dövlət tərəfindən müəyyən edilən Şabran-Xaçmaz kadastr qiyməti və cədvəli üzrə bonitet balının 80-61 olmaqla ikinci keyfiyyət qrupuna aid olduğu təsdiqlənmişdir
31. Hazırkı iş üzrə işə baxmış məhkəmələr alqı-satqı müqaviləsinin predmeti olan mübahisəli torpaq sahəsinin təyinatının kənd təsərrüfatı olmasının açıq-aşkar, hamıya bəlli olan, yəni sübuta ehtiyacı olmayan dəlili ilə bağlı iş üzrə mövcud faktiki hallarla uzlaşmayan, həqiqəti əks etdirməyən, saxta göstəricilər qoymaqla kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bələdiyyənin, daşınmaz əmlakın reyestr orqanının və cavabdeh Mənsur İbrahimovun qanuna zidd olaraq şəxsi mülkiyyətinə keçirməsi üçün saxtakarlıq edilməsi ilə bağlı halların araşdırılması üçün heç bir tədbir görməmiş, torpağın Plan ölçü sənədində göstərilən bonitet əmsalının açıq-aşkar saxtalaşdırılmaqla kateqoriyasının Dövlət tərəfindən müəyyən edilmiş ölkə üzrə regional bonitet əmsalında göstərilən cədvəl və bonitet əmsalları ilə açıq-aşkar ziddiyyət təşkil etməsi ilə bağlı nüfuzlu Meyvəçilik və X2 İnstitutunun mütəxəssis rəyinə hüquqi qiymət verməmiş, saxtalaşdırma hallarının aşkar olunmasına maneəçilik törətmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
33. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. ...” “Maddə 354. Etibarsız əqdlər üzrə müddətlər ... 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.”
36. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları
6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. ... 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.[6] ...”
“Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları
7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; ... 7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına; 7.3.2. fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə; 7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə. ...”
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...” “Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. ... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. ...”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
39. Baxılan iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdeh 2020ci ildə mübahisə predmeti olan torpaq sahələrinin geri qaytarılması barədə iddia qaldırdığı andan, hazırki iddiasında mübahisələndirdiyi hallardan xəbərdar olmuşdur. Bununla belə, hazırkı iddia ilə yalnız 2024-cü ildə məhkəməyə müraciət etməklə, mülki qanunvericiliklə müəyyən edilmiş kəsici müddəti ötürmüşdür.
40. Məhkəmə kollegiyası iş üzrə gəlinən nəticənin MM-in 354-cü maddəsinin tələblərinə uyğun olmasını və şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir nəzərə alaraq, kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir.
41. İddiaçının kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarının sübut olmaması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, hazırkı icraat çərçivəsində həmin dəlillər üzrə MPM-nin 407.2-ci maddəsinin tələblərinə əsasən araşdırma aparılmır və onlara qiymət verilmir. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşır.
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
43. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.