Məhkəmə qərarları › İş №2(102)-3360/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3360/2021

19.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3360/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8228/2020 nömrəli iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı 26 noyabr 2011-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha girmiş, 31 dekabr 2012-ci il tarixdə həmin nikahdan bir uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğundan İddiaçı valideynlərinin yanına köçmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin avqust ayında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1la nikaha girdikdən sonra onun yaşadığı evin atasının verdiyi 15.000 manat məbləğində pul vəsaitinin hesabına təmir olunmasını, ailə münasibətlərinin pozulması ilə əlaqədar atası evinə qayıdarkən ona məxsus 17.616 manat məbləğində cehiz əşyalarının orada qalmasını əsas göstərməklə həmin əşyaların və evin təmirinə sərf olunmuş 15.000 manatın c avabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılana qədər İddiaçı iddia tələbinin həcmini azaldaraq cavabdehlərdən onun xeyrinə yalnız evin təmirinə sərf olunmuş 15.000 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-202/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: L.O.Talıbova) iddia qismən təmin olunaraq Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə 14.570 manat tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə cavabdehlər Cavabdeh1 oğlu və Cavabdeh2 apellyasiya şikayəti verərək iddiaçının onlara köçərkən evin tam təmirli vəziyyətdə olmasını, mənzildə yalnız müəyyən yaxşılaşdırma işləri ni aparmalarını və iddiaçının onlarla birlikdə yaşayış sahəsindən istifadə etməsini əsas göstərməklə qətnamənin iddianı təmin olunmuş hissəsində ləğv edilib iddianın həmin hissədə rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8228/2020 saylı, 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışı iştitakçılarının izahatları Kassasiya kollegiyasının iclasında Cavabdeh2 və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcə lləsi Maddə 157.7 Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəll ənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin olunub mənzildə aparılmış təmir işlərinə görə cavabdehlərdən 14.570 manat tutulmasını əsaslı sayarkən mənzildə usta kimi təmir işləri aparılmasını təsdiq edən şahid X1 ifadəsinə və mənzildə təmirin aparılmasını və bunun üçün təqribən 14.570 manat məbləğində vəsait sərf olunmasını təsdiq edən ekspert rəyinə əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7, 1091 və 1092-ci maddələrinə istinad etmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi tam və hərtərəfli qiymətləndirilməmiş sübutlara əsaslandığından qətnamə qanuni və əsaslı sayıla bilməz. İddiaçı iddia etməsinə görə cavabdehlərə məxsus mənzil təmirsiz olmuş, mənzildə atasının vəsaiti hesabına əsaslı təmir işləri aparılmışdır. Cavabdehlər isə bununla razılaşmayaraq mənzilin tam təmirli olmasını, lakin buna baxmayar aq mənzildə müəyyən yaxşılaşdırma işlərini aparmalarına və iddiaçının buna hər hansı məbləğdə vəsait ödəməsini inkar etmişlər. Apellyasiya instansiyası məhkəməsi mənzildə nikahdan əvvəl təmir işlərinin aparılması barədə nəticəyə gəlsə də, (qətnamənin 3-cü səhifəsinin 3-cü abzası), həmin təmirin haçan aparılmasını və təmir işlərinin nədən ibarət olmasını aydınlaşdırmamış və bu istiqamətdə hər hansı bir araşdırma aparmadan mənzildə iddiaçı tərəfindən əsaslı təmir işlərinin aparılması barədə nəticəyə gəlmişdir. Əgər mənzildə nikaha qədər təmir işləri aparılmışdırsa, orada əsaslı surətdə yenidən təmir işlərinin aparılmasının hansı zərurətdən yaranması əsaslandırılmamışdır. İşin 72-74-cü səhifələrində olan ekspert rəyində sadalanan təmir işlərinin (eyvanın sökülməsi və yenidən tikilməsi, eyvan və mənzildəki pəncərələrin dəyişməsi, 4 qapının yenidən düzəldilməsi, işıq sisteminin yığılması, döşəmə üçün taxtanın alınması və alçipan işlərinin görülməsi) təqribi dəyərinin 14.570 manat təşkil etməsi müəyyən olunsa da, həmin işlərin hansının nikahdan sonra aparılmış təmir işlərinə aid olması rəydən görünür. Bu məsələyə aydınlıq gətirilməsi üçün ekspert qarşısında sual qoyulmadığından həmin məsələ ekspert tərəfindən tədqiq olunmamışdır. Göstərilən vəziyyətdə mənzilin iddiaçı tərəfindən əsaslı surətdə təmir olunması barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi, kollegiyaya görə birtərəfli yoxlanılmış və qiymətləndirilmiş sübutlara əsaslanmışdır. İddia ərizəsindən görünür ki, cavabdeh mənzili təmir etmək üçün bankdan 15.000 manat məbləğində kredit götürməsində ona kömək etmək üçü n iddiaçının atasına müraciət etmiş və atası ustaya 15.000 manat verməklə mənzili təmir etdirmişdir. Göründüyü kimi mənzildə təmir işlərinin aparılması iddiaçının atasının təşəbbüsü ilə olmuş və nikahdan sonra iddiaçı həmin mənzildə təxminən 9 il müddət ərzində yaşamaqla mənzildən istifadə etmiş, bu müddət ərzində görülən təmir işləri aşınmaya məruz qalmış və iddiaçı nikahları pozulmadan mənzildən getmişdir. Göstərilən vəziyyətdə mənzilin yaxşılaşdırılmasına çəkilən xərcin cavabdehlər tərəfindən ödənilməli olması barədə qəti nəticəyə gəlmək üçün əsaslar olmamışdır. Əvvələn, iddiaçının atasının vəsaiti hesabına görülən yaxılaşdırma işlərinin dairəsinin mütəxəssis vasitəsi ilə müəyyən olunması təmin olunmamış və bu zaman cavabdehlərin mənzilin tam təmirli olması barədə göstərdikləri yoxlanıl mamış, ikincisi isə, yuxarıda göstərilən hallar baxımından Mülki Məcəllənin 157.7-ci maddəsinin tətbiqi üçün əsasların olması əsaslandırılmamışdır. Məhkəmə kollegiyası yaxşılaşdırmanın dəyərinin cavabdehlərdən tutulması barədə nəticəyə gələrkən qanuni əsas kimi eyni zamanda Mülki Məcəllənin 1091, 1092-ci maddələrinə istinad etmişdir. Kollegiya hesab edir ki, göstərilən qeyri-müəyyən, eləcə də ziddiyyətli vəziyyətdə cavabdehlərin əsassız varlanmaları bunu təsdiq edən mübahisəsiz sübutlarla əsaslandırılmalı idi. Qeyd olunanlarla əlaqədar kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA AL Dİ: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8228/2020 nömrəli iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar