Məhkəmə qərarları › İş №2(102)-3412/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3412/2023

27.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3412/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 Əskər oğlunun, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Əskər qızının Cavabdeh Əskər oğluna qarşı “vərəsəlik hüququnun tanınması, miras əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mirasda payın müəyyən edilməsi, maddi hüquq normasının düzgün tətbiq olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2(106)628/2023 nömrəli qətnaməsindən İddiaçı1 Ə skər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi Qasımov Əskər Əmir oğlunun istifadəsində olmuşdur.

2. Tərəflər qardaş-bacı olmaqla, anaları X2 21 mart 1987-ci il tarixdə, ataları Qasımov Əskər Əmir oğlu 17 iyul 1987-ci il tarixdə ölmüşlər.

3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş AN 519199 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Astara rayon Aqrar İslahat Komitəsinin 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə Astara şəhərində yerləşən 879 kv.m (0,0879 ha) torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün Cavabdeh Əskər oğluna verilmişdir. Astara şəhəri Qum küçəsində yerləşən həmin torpaq sahəsi 20 oktyabr 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh Əskər oğlunun, habelə onun ailə üzvləri olan X3, X4 və X5 ümumi birgə mülkiyyəti kimi qeydə alınmışdır.

4. Həmçinin Astara Rayon İcra Hakimiyyəti Başçısının 14 iyun 2001-ci il tarixli, 135 saylı sərəncamı ilə Cavabdeh Əskər oğlunun müraciəti əsasında ünvan 2 ünvanında 1930-cu ildə inşa edilmiş iki otaq və açıq eyvandan ibarət yaşayış evinin (1970-ci ildə əlavə bir otaq, mətbəx və dəhliz inşa edilmiş tikililərin ümumi sahəsi 33,5 kv.m, o cümlədən yaşayış sahəsi 57,9 kv.m) mərhum Qasımov Əskər Əmir oğluna məxsus olması və yaşayış evi üzrə mülkiyyət hüququ təsdiq edilmişdir.

5. Qasımov Əskər Əmir oğlunun ölümündən sonra mü bahisəli evdə övadlarından Cavabdeh Əskər oğlu yaşamış, 2022-ci ilin sentyabr ayında ev onun tərəfindən sökülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1 Əskər oğlu, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Əskər qızı Cavabdeh Əskər oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsəlik hüquqlarının təmin edilməsi və atalarından miras qalmış əmlakın bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar mərhum atalarına məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində böyümüş, sonradan ailə həyatı quraraq, ayrı-ayrı yerlərdə yaşasalar da, həmin evdə vərəsəlik hüquqları vardır. Çünki mərhum ataları tərəfindən ev heç bir övladına vəsiyyət edilməmişdir. Ev atalarının adına mülkiyyət kimi qeydə alınmışdır. Bunu təsdiq edəcək Dövlət Arxivindən verilmiş sənəd vardır, eyni zamanda Astara icra nümayəndəliyindən həmin evə vərəsəlik hüququna malik olmaları barədə arayış verilmişdir. Bundan əlavə, Astara bələdiyyəsinin verdiyi arayışa görə atalarının adına 1026 kv.m. torpaq sahəsi də olmuşdur. Adətənənəyə uyğun olaraq atalarından miras qalmış evdə kiçik qardaşları olan cavabdeh yaşamışdır. Lakin, sonuncu narkotik maddələrə düşkün olmuş, 2 dəfə 10 ilə yaxın həbs olunmuşdur. Cavabdeh atalarından miras qalmış əmlakı satmaq istədiyindən, iddiaçılar vərəsəlik hüquqlarının bərpa edilməsi məcburiyyətində qalmışlar. Bundan xəbər tutan cavabdeh ekskavator və 8 nəfər fəhlənin köməkliyi ilə 04 sentyabr 2022-ci il tarixdə evi sökmüşdür. Cavabdehin evin yerləşdiyi torpaq s ahəsini satmaq məqsədi olduğundan torpaq sahəsini saxta yolla öz adına sənədləşdirmişdir.

8. Astara Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(018)-1239/2022 nömrəli qətnaməsi ilə (hakim M.İ.Məmmədov) iddia rədd olunmuşdur.

9. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh miras əmlakı faktiki və qanuni əsasla qəbul etmişdir. Mübahisəli fərdi yaşayış evi söküldüyündən hazırda mövcud deyil. İddiaçılar miras qalmış fərdi yaşayış evinin mövcud olması barədə məhkəməyə hər hansı bir sənəd təqdim etməmiş və iş materiallarında bu halı təsdiq edən hər hansı bir sənəd mövcud deyil. Astara şəhər İƏD-i üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa və tərəflərin izahatlarına əsasən, mübahisəli fərdi yaşayış evinin sökülməsi müəyyən edilmişdir. Həmçinin, iddiaçılar t ərəfindən cavabdehin mübahisəli fərdi yaşayış evinə məxsus torpaq sahəsinə dair saxta sənəd əldə etdiyi qeyd edilsə də, bu hal hər hansı bir sübutla təsdiqlənməmişdir.

10. Miras qalmış əmlak mövcud olmadığından, həmin əmlakın tərəflər arasında bölünməsi mümkün olmayacaq. Ona görə də, iddia əsassız olduğundan rədd edilməlidir.

11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1151.1, 1159.1.1, 1243.1-1243.3, 1246-cı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçılar İddiaçı1 Əskər oğlu, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Əskər qızı birgə apellyasiya şikayəti verərək, Astara Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(018)-1239/2022 n ömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2(106)-628/2023 nömrəli qətnaməsi ilə (hakim T.X.Heydərovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Q.Əsədovdan və S.İ.Mayılovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 2(018)-1239/2022 nömrəli qətnaməsi iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

14. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, qeyd olunan miras əmlak arxiv sənədləri üzrə mövcud olsa da, miras əmlak üzərində mülkiyyət hüququ mərhum Qasımov Əskər Əmir oğlunun sağlığında həmçinin vəfat etdikdən sonra tanınmamış və dövlət qeydiyyatdan keçirilməmişdir. Belə ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İddiaçıların iddia etdiyi atalarından qalmış əmlak o, vaxt miras kütləsinə daxil edilə bilər ki, ya həmin əmlak miras qoyanın sağlığında, ya da ölümündən sonra mülkiyyəti kimi dövlət qeydiyyatına alınsın. Lakin hazırkı tələbdən görünür ki, iddiaçılar iddia etdiyi əmlakların arxiv arayışına əsasən mərhum Qasımov Əskər Əmir oğluna məxsus olmasını miras əmlakı miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının - miras aktivi kimi qəbul etmişlər. İddiaçılar həmçinin nəzərə almamışlar ki, yalnız dövlət qeydiyy atına alınmış əmlaklar miras kütləsinə daxil edilə və vərəsələr arasında qanunvericiliyə uyğun bölünə bilər. Göründüyü kimi mərhum Qasımov Əskər Əmir oğlunun öldüyü məqamadək ona məxsus olan əmlaklara olan hüquqlarını qeydiyyata aldırmadığından, vərəsələr həmin hüququn vərəsələrə keçməsi qaydasını Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsi ilə tənzimləməlidir. Həmin maddədə qeyd olunur ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəs əlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qeyd olunan normadan başa düşülür ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı, yəni Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti verir. Belə bir arayış alındıqdan sonra isə daşınmaz əşya üzərində mülkiyyət hüququ və ya digər əşya hüququ həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Hal-hazırkı mübahisəli məsələdə isə mərhum Qasımov Əskər Əmir oğlunun həyatda olduğu zaman və ya ölümündən sonra daşınmaz əmlak üzərində mülkiyyət hüququnun ona məxsus olması barədə arayış alınmamış və ya müraciət ed ilməmişdir. Qeyd edilməlidir ki, hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

15. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, miras qalan əmlakın vərəsələr arasında bölünməsi üçün ilk öncə yuxarıda qeyd olunan arayışın alınmasından ötrü inzibati orqana müraciət edilməlidir. Daha sonra isə, mübahisəli məsələni yəni miras əmlakın vərəsələr arasında bölgüsü məhkəmə qaydasında həll edilə bilər.

16. Məhkəmə, birinci instansiya məhkəməsinin “miras qalmış əmlak hazırda mövcüd olmadığından həmin əmlakın tərəflər arasında bölünməsi mümkün olmayacaq. Ona görə də, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.” mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur.

17. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1133.2, 1151.1, 1152, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246-cı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci, Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

18. İddiaçı1 Əskər oğlu kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2023-cü il i tarixli, 2(106)-628/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianı təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 1133.1, 1151.1, 1159.1, 1160, 1243.1, 1243.2, 1274-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.1, 77.1, 88, 372-ci maddələri pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi iddiaçının birinci növbəli vərəsə kimi hüquqlarını pozmuş, miras əmlakı olan evə hüquqları tanınmamışdır. Həmçinin tərəflərin valideynlərindən miras qalan əmlakı (torpaq sahəsi və onun üzərində inşa edilmiş ev) mərhumların adına dövlət reyestrində qeydə alınmadığı halda, məhkəmə cavabdehin mirası faktiki qəbul etdiyini göstərmişdir. Apellyasiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında lazımi qaydada həyata keçirməmiş, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır.

20. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Cavabdeh kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

22. Etiraz belə əsaslanmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, prosessual hüquq normaların pozulmasına yol verilməmişdir. Kassasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiya sı məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və tələb bölünməz olduğundan, hazırki kassasiya baxışının predmetini apel lyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin: 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qanun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların və rəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hall arın və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin möv qeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi işin faktiki hallarına uyğun əsaslandırılsa da, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu səbəbdən kassasiya şikayəti qismən təmin edilməklə, qətnamə ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilərək, iddia rədd olunmalıdır.

28. Belə ki, mübahisəli daşınmaz əmlakın əvvəllər tərəflərin ataları olan Qasımov Əskər Əmir oğlunun istifadəsində olsa da, sonuncunun hüquqlarının nə sağlığından, nə də ki, ölümündən sonra daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması, onun 17 iyul 1987-ci il tarixdə ölməsi və ölümündən sonra qeyd olunan əmlakın cavabdehin sahibliyində və istifadəsində olması iddiaçıların iddia ərizəsində də təsd iq olunmuş və mübahisə predmeti təşkil etmir.

29. Həmçinin müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasında aparılmış torpaq islahatları zamanı Astara rayon Aqrar İslahat Komitəsinin 02 iyul 1999-cu il tarixli qərarı ilə cavabdehin mülkiyyətinə verilmiş və sonradan onun mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

30. Həmçinin müəyyən olunur ki, mübahisəli olan əmlakın digər hissəsi – fərdi yaşayış evi sökülmüş və hazırda mövcud deyildir.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyasının qənaətinə görə torpaq sahəsi müvafiq inzibati orqan tərəfindən cavabdehin mülkiyyətinə verildiyindən və həmin qərar mübahisələndirilmədiyindən miras kütləsinə daxil deyildir. Fərdi yaşayış evi isə daşınmaz əmlakın dövlət rey estrində qeydə alınmadan məhv olunduğundan, onun üzərində də vərəsələrin payların müəyyən edilməsi qeyri-mümkündür.

32. Odur ki, bu əsaslarla iddianı rədd edən apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Mirasın iddiaçılar tərəfindən qəbul edilməsinə əlavə hüquqi qiymət verilməsinə zərurət yoxdur.

33. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, vərəsəlik hüququ mülkiyyət hüququnun tərkibi olaraq Konstitusiya ilə təmin olunsa da, bu hüququn reallaşdırılması üçün müəyyən əsaslar mövcud olmalıdır. Bu əsaslara hüququnun tanınması xahiş edən şəxsin müvafiq növbəliliklə mirasqoyanın vərəsəsi olması, vərəsəlik hüququnun qüvvədə olması, miras kütləsinin mövcud olması, mirasın qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi daxildir. Hazırki halda, miras əmlakın kütlə sinin mövcudluğu işin faktiki hallarını araşdıran məhkəmələrlə müəyyən edilmədiyindən, iddiaçının vərəsəlik hüququnun pozulmasına dair kassasiya şikayətinin dəliləri əsassız hesab olunmalıdır.

34. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi qətnaməsində hazırda qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüququ ilə bağlı normalarına istinad etmişdir. Halbuki, mirasqoyan 1987-ci ildə ölmüş və bu səbəbdən, mübahisəyə Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 527, 528, 532, 552-ci maddələri tətbiq olunmalıdır (bənd 25).

35. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərini pozmuşdur ki, bu hal həmin Məcəllənin 417.1.4 və 417.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin ləğvi üçün əsasdır.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 Əskər oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2023-cü il i tarixli, 2(106)-628/2023 nömrəli qətnaməsi ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddiaçılar İddiaçı1 Əskər oğlunun, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Əskər qızının Cavabdeh Əskər oğluna qarşı “vərəsəlik hüququnun tanınması, miras əmlakın bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar