Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3438/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmetinə tutma yönəldilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)477/2020 nömrəli qətnaməsindən Cavabdeh 1 və vəkili xxx tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 020İAMR143640001 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 45153,79 ABŞ dolları əsas, 12775,30 ABŞ dolları faiz, 10674,59 ABŞ dolları məbləğində penya olmaqla, cəmi 68603,66 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən mənzilə tutmanın yönəldilməsi, onun açıq hərracd a satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rusumunun ödənilməsi, Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə Cavabdeh2 digər əmlakları hesabına ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-305/2019 nömrəli qətnaməsi ilə (hakim Z.A.Quliyev) iddia qismən təmin edilmiş, 45608,67 ABŞ dolları məbləğində əsas, 12775,30 ABŞ dolları məbləğində faiz, 500 ABŞ dolları penya olmaqla, cəmi 58883,97 ABŞ dolları məbləğində borcun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidinin manatla miqdarınin Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 59000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satıldıqdan 1 ay ərzində Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən mənzilin boşaldılması, satışından əldə olunmuş vəsait hesabına borcun İddiaçı ASC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatının İddiaçı ASC-yə aid edilməsi, 25 manatının Cavabdeh2 tutulub İddiaçı ASC-yə ödənilməsi, 120 manat ekspertiza xərcinin Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesab ına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-477/2020 nömrəli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov - sədrlik edən və məruzəçi, Ə.T.Məcidov və M.A.Əsədli) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)305/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili xxx kasasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)-477/2020 nömrəli qətnaməsinin ləğv edib, iş üzrə yeni qərar qəbul edilməsini və ya işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işi ətraflı araşdırmamış, iddiaçı maliyyə sanksiyası kimi kredit borcu üzrə həm artırılmış faiz borcu, həm də cərimə tələb etmiş, ipoteka predmetinin ilkin satış qiyməti aşağı məbləğdə müəyyən edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehlər, habelə tərəflərin vəkilləri gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MP M-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunma sı ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Cavabdeh1 kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini borc, habelə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində mübahisələndirmiş, iddiaçı qətnamələri iddianın təmin edilməyən hissəsindən, habelə digər cavabdeh kasasiya şikayəti verməmişlər. Bu səbəbdən kasasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin yalnız borc, habelə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində qanuniliyinin yoxlanılması təşkil edir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarına əsasən İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 020İAMR143640001 saylı kredit müqaviləsinə əsasən illik 21 faiz dərəcəsi olmaqla 60 ay müddətinə 46000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC və Cavabdeh2 arasında xx xxxxxx 2014-cü il tarixdə sonrakı ipoteka müqaviləsi bağlanmış və ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzili bankın xeyrinə ipotekaya qoymuşdur. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Hazırda Cavabdeh1 “ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdehin banka olan borcunun ödənilməsi barədə ona dəf ələrlə xəbərdarlıq edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq kredit müqaviləsi üzrə borc ödənilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən Cavabdeh1 xx xxxx 2019-cu il tarixinə banka olan borcu əsas borc üzrə 45608,67 ABŞ dolları, faiz borcu üzrə 41470,84 ABŞ dolları təşkil edir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə əmlakın qiymətləndirilməsinə dair ekspertizanın xx xxxx 2019-cu il tarixli rəyinə əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən mənzilin xx xxxx 2019-cu il tarixinə bazar qiyməti 59000 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddia tələbi borc hissəsində qismən təmin edərək, iddiaçının ilkin tələbində göstərilən əsas və fa iz borcu, habelə Mülki Məcəllənin 467-ci maddəsinə istinad etməklə cərimə borcunu azaltmaqla cavabdehdən iddiaçının xeyrinə tutmuş və tələbi ipoteka predmetinə yönəltmiş və ipoteka predmetinin 59000 manat məbləğində müəyyən etmişdir. Apelyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, cavabdehin apelyasiya şikayətini təmin etməmişdir. Məhkəmə kollegiyası ilk olaraq cavabdehin kasasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir və qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gəlmək üçün keçirilmiş ekspert rəylərinə istinad etməklə düzgün nəticəyə gəlmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hər əkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyən ləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rə yi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq cavabdehin banka olan faiz borcunu və ipoteka predmetinin ilkin satış qiymətini keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyyən etmişdir. Belə ki, iş materiallarında olan ekspert rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, mühasibatlıq ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilərək, cavabdehin kredit üzrə ödənişləri nəzərə alınmışdır. Həmçinin qiymətləndirmə ekspertizası mübahisələndirilən əmlaka baxış keçirilməklə, onun yerləşdiyi yer, evin ümümi xarakteristikası nəzərə alınmaqla müqayisəli metod əsasında keçirilmişdir. Hər iki rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı süb utlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs v ə video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiy mət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh kasasiya şikayətində iddiaçının həm artırılmış faiz, həm də cərimə borcu tələb etməklə hüquqdan sui-istifadə etdiyini bildirsə də, belə hal müəyyən olunmamışdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx xxxxxx 2019-cu il tarixdə bitməli olduğu halda, iddiaçı tələbini xx xxxx 2019-cu il tarixə irəli sürmüş və həmin tələbdə faiz müqavilə şərtlərinə uyğun hesablanmışdır. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən əsas borc müəyyən edilərkən səhvə yol verilmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı xx xxxx 2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia t ələbinin həcmini azaltmış və cavabdeh tərəfindən ödənişlərin aparıldığını və həmin ödənişlərin əsas borcdan silindiyini əsas gətirməklə, əsas borcun 45153,79 ABŞ dolları məbləğində tutulmasını xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi həmin borcu müəyyən edərkən ekspert rəyini əsas götürmüş və cavabdehdən əsas kredit borcu olaraq daha yüksək - 45608,67 ABŞ dolları məbləğində tutmaqla, iddia tələbindən kənara çıxmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin birinci cümləsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin müəyyən olunur ki, kredit müqaviləsi üzrə borcalan qismində Cavabdeh1 çıxış etməsinə və iddiada borcun ondan tələb olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi borcun Cavabdeh2 tutulmasını qət e tmiş və apelyasiya instansiya məhkəməsi həmin səhvi aradan qaldırmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməsə də, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, kredit müqaviləsi üzrə borc Cavabdeh1 tutulmalı, əsas borc isə iddia tələbi həcmində - 45153,79 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.2-ci maddəsinə əsasən kasasiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və vəkili xxx tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəm əsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(107)-477/2020 nömrəli qətnaməsi qismən, yəni əsas kredit borcunun müəyyən edilməsi və borc tutulan cavabdehin şəxsiyyəti hissəsində dəyişdirilsin. xx xxxxxx 2014-cü il tarixli 020İAMR143640001 saylı kredit müqaviləsi üzrə borcun Cavabdeh1 tutulması və tutulmalı olan əsas kredit borcu 45153,79 ABŞ dolları (qırx beş min bir yüz əlli üç ABŞ dolları yetmiş doqquz sent) məbləğində icra olunduğu günə olan Azərbaycan Respublikası manatının məzənnəsi ilə müəyyən edilsin. Qətnamə yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-3438/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3438/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver