Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3458/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: icarə müqaviləsinə xitam verilməsi, icarə haqqının tutulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinə xitam verilməsi, icarə haqqının cavabdehdən tutulması və cavabdehin çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5725/2021 nömrəli, 22 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tər əfindən verilmiş kassasiya şikayəti üzrə işə 14 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin 1 saylı mənzili X1 (bundan sonra – iddiaçı) adına xüsusi mülkiyyət kimi xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir. 2. xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən mənzil xx.xx.2023-cü il tarixədək aylıq icarə haqqı 3000 manat olmaqla Cavabdeh (bundan sonra – cavabdeh) icarəyə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək mənzilə dair cavabdehlə bağlanmış 18 mart 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 36.000 manat məbləğində icarə haqqının, 1800 manat (gecikdirilmiş vaxt üçün illik 5%) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulması və ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsindəki 40 saylı evin 1 saylı mənzildən cavabdehin əşyaları ilə birlikdə çıxarılması, mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında 18 mart 2020-ci il tarixdə bağlanılmış icarə müqaviləsinin şərtlərinə əsasən xüsusi mülkiyyətində olan mənzil cavabdehə icarəyə verilmiş, icarə müddəti 18 mart 2023-cü il tarixədək, aylıq icarə haqqı isə 3000 manat məbləğində müəyyən edilmişdir. İcarə obyekti 18 mart 2020-ci il tarixdən cavabdehə tə hvil verilməsinə və təhvil verilməsindən artıq səkkiz ay müddətinin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günə qədər icarə haqqından hər hansı ödəniş olmayıb. Cavabdehə həm şifahi, həm də yazılı qaydada edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh öhdəliklərini yerinə yetirməyib.
5. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Süleymanova) 16 mart 2021-ci il tarixli, 2(009)-326/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 7-ci maddəsinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin 1 ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. xx.xx.2020-ci il tarixli bildirişlə iddiaçı cavabdehə xəbərdarlıq ünvanlayaraq mənzilin boşaldılmasını tələb etmiş, səbəb kimi isə müqaviləni n şərtlərinin pozulması göstərilmişdir.
7. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7.-ci və 700.1.-ci maddələrinə, “İcarə haqqında” Qanunun 1-ci, 7-ci və 13-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üçün əhəmiyyətli olan halları tam və hərtərəfli araşdırmamış, işdəki sübutlara düzgün hüquqi qiymət verməmiş, həmçinin məhkəmə iclasında onun iştirakını təmin etməmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.S.Səmədov - sədrlik edən və məruzəçi, İ.S.Şirinov və A.V.Tanrıverdiyev) 22 iyul 2021-ci il tarixli, 2(103)5725/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırki əmək mübahisəsinə düzgün tətbiq etmişdir.
12. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7.-c i və 700.1.-ci maddələrinə, “İcarə haqqında” Qanunun 1-ci, 7-ci və 13-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə birtərəfli qaydada baxmış, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. Belə ki, mövcud pandemiya şəraiti ilə əlaqədar ictimai iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılmış və bununla da icarəyə götürülmüş mənzildə yerləşən iaşə obyektinin fəaliyyət göstərməsi mümkün olmamışdır. Bununla bağlı iddiaçıya şifahi məlumat verilmişdir. Bundan əlavə mənzilin təmir edilməsi üçün 30.000 manat məbləğində pul vəsaiti xərclənmiş, icarə müqaviləsinə əsasən bu günə qədər iddiaçıya 10.000 manat məbləğində pul verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Məhkəməyə kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizd ən faiz ödənilməsi yolverilməzdir.
17. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayə müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “İcarə haqqında” Qanun
18. Maddə 1 İcarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bundan istifadə etməkdir.
19. Maddə 7 İcarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir.
20. Maddə 13 İcarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və xitam verilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə və digər normativ hüquq i aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən biri müqavilə şərtlərini pozduğu halda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmama sına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı iş üzrə kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsini aktı tam mübahisələndirildiyindən qətnamənin qanuniliyi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, tərəflər arasında bağlanan xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 7-ci maddəsinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.
30. İş materialında olan xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Cavabdeh xəbərdarlıq ünvanlayaraq mənzilin boşaldılmasını tələb etmiş, səbəb kimi isə müqavilənin şərtlərinin pozulması göstərilmişdir.
31. Müqavilə şərtlərinin pozulması ilə bağlı iddiaçının göstərdiyi əsaslar işə məhkəmə baxışlarında sübuta yetirilmişdir.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alar aq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5725/2021 nömrəli, 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.