Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-136/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı X2 Cavabdeh qarşı və Cavabdeh X3 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: icarə müqaviləsinin ləğv edilməsi, pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X5 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı X4 və cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 01 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər arasında 27 noyabr 2020-ci il tarixli, 3M1131 saylı icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə görə iddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsini cavabdehin icarəsinə vermiş, cavabdeh də öz növbəsində şərtləşdirilmiş icarə haqqını ilkin iddiaçıya ödəməyi üzərinə öhdəlik götürmüşdür. Müqavilənin müddəti 15 yanvar 2022-ci il tarixədək müəyyən edilmişdir. İcarəçi icarə sahəsində mebel istehsalı və satışı ilə məşğul olmuşdur. İcarə haqqı tərəflər arasında heç bir yazılı qeyd aparılmadan, şifahi qaydada üçüncü şəxslər vasitəsilə ödənilmişdir. Münasibətlərin pozulmasına səbəb qeyriyaşayış sahəsinin icbari sığorta haqqının ödənilməməsi olmuşdur. Belə ki, icbari sığorta məbləği artdığına görə tərəflər arasında bu ödənişin kim tərəfindən ödənilməsi barədə mübahisə yaranmış, son nəticə olaraq, iddiaçı cavabdehi məhkəməyə verməklə, obyekti tərk etməyi tələb etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 27 noyabr 2020-ci il tarixli, 3M1131 saylı icarə müqaviləsinin ləğv edilməsi və 14 sentyabr 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək olan 2250 (iki min iki yüz əlli ) manat məbləğində icarə haqqı olmaqla, icarəyə götürən tərəfindən 1490 (min dörd yüz doxsan) manat məbləğində ödənilməli olan icarə obyektinin icbari sığorta haqqı olmaqla, icarə obyektinin divarlarına vurulan zərərə görə 3000 (üç min) manat, obyektin qapı və pəncərələrinə vurulan zərərə görə 3000 (üç min) manat, döşəmə və kanalizasiya sisteminə vurulmuş zərərə görə 2000 (iki min) manat, obyekin işıq və elektrik sisteminə vurulmuş zərərə görə 1000 (min) manat, havalandırma sisteminə vurulmuş zərərə görə 1000 (min) manat və ərazinin təmizlənməsi, zibillərin ərazidən daşınmasına görə 1500 (min beş yüz) manat, divarların mühafizə sektasına vurulan zərərə görə 500 (beş yüz) manat olmaqla, icarə müqaviləsinə əlavə edilmiş 1 saylı qoşmada iddiaçı tərəfindən cavabdehin istifadəsinə verilmiş dəmir şkafın (10 ədəd), dəmir dəzgah və alət masasının (13 ədəd), böyük hava pərisinin (2 ədəd) cavabdeh tərəfindən geri qaytarılması və ya sadalanan avadanlıqlara görə 1500 (min beş yüz) manat olmaqla, cəmi 17 240 (on yeddi min iki yüz qırx) manat məbləğində pulun tutularaq ona ödənilməsi, kommunal xərclərin (su, işıq, qaz) oktyabr ayının sonuna kimi ödəniş qəbzlərinin və icarə vergisinin xx.xx.2020-ci ildən oktyabr ayının sonuna kimi olan qəbzlərin təqdim edilməsi, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 142 manatın və vəkil xidmətləri üçün çəkilmiş xərcin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, sonuncu dəfə apardığı müşahidələrə əsasən icarə obyektinin döşəmə hissəsi Cavabdeh tərəfindən yararsız hala salınmış və mövcud olan daş örtüyün yerinə sement ilə müdaxilə edilmişdir. Həmçinin su sızması nəticəsində icarə obyektinin divarları yararsız hala düşmüşdür. Yuxarıda qeyd etdiyi hallara əsasən icarəçinin səhlənkarlığı nəticəsində icarə obyektinə böyük məbləğdə maddi zərər dəymişdir. İcarəçi göstərdiyi fəaliyyət növünə dair tələb edilən heç bir yanğın təhlükəsizliyi normalarına, standartlarına və qaydalara riayət etmirdi. Belə ki o, sözü gedən icarə obyektində taxta yonqarı ilə məşğul olur və ətrafda olan avadanlıqların, ləvazimatların böyük əksəriyyəti tez alışan, yanmağa meylli materiallardır (bu barədə şəkillər ərizəyə əlavə olunur). Kiçik bir yanğın halında belə yanğın tezalışan maddələrə görə qısa zamanda daha böyük bir əraziyə yayıla bilərdi və obyektin tamamilə yanıb məhv olmasına gətirib çıxara bilərdi. İcarə obyektində yerləşən anbarda ona məxsus dəyəri yüksək olan bir sıra avadanlıqlar da vardır ki, icarəçinin ani səhlənkarlığı üzündən onlar da məhv olma riski daşıyırlar. Üstəlik elektrik şəbəkəsi və xətləri, icarəçi tərəfindən onların təhlükəsiz istismarını, həmçinin icarə obyektinin təhlükəsizliyini təmin edən texniki saz vəziyyətdə saxlanılmır. İşlədilən elektrik cihazlarının nominal gücünə uyğun müvafiq en kəsikli elektrik naqilləri seçilməmiş və bu səbəbdən icarə obyektində elektrik dövrəsinin artıq yüklənməsi də yanğına səbəb ola bilər. Elektrik xətlərinin üstü açıq vəziyyətdədir və bu zaman izolyasiya olmayan və ya izolyasiyası zədələnmiş naqillərin bir-birinə toxunması nəticəsində qısa qapanma baş verə bilər ki qısa qapanma baş vermiş hissənin yaxınlığında yana bilən konstruksiyalar dərhal alışır. İcarə obyektinin icbari sığorta edilməsi öhdəliyi aramızda bağlanılmış İcarə Müqaviləsi ilə cavabdehin üzərinə qoyulmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və 2021-ci ilin iyun ayında ödənilməli olan 1490 (min dörd yüz doxsan) manat məbləğində sığorta haqqını hələ də ödəməmişdir. Həmçinin, İcarə müqaviləsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli Qoşma ilə cavabdehə “Erezyon” dəzgahı əmanət edilmişdir. Həmin dəzgah texniki baxımdan həssas bir sturuktura malik olmaqla yanaşı yüksək dəyərə sahibdir. Dəzgahın texniki baxımdan təhlükəsizliyini təmin etmək üçün ətrafına taxta ilə hasar çəkilmiş və qapısı qıfıl ilə bağlanılmışdır. Cavabdeh dəzgahın qapısının açarı onda olmasına baxmayaraq qıfılı sındırmış, taxtadan olan hasarı dağıtmışdır. Hal-hazırda dəzgahın özünə də cavabdeh tərəfin zərər vurulma ehtimalı var və bu halın müəyyən edilməsi üçün də xüsusi mütəxəsis analizi tələb olunur.
4. İddiaçı tələbində həmçinin ona əsaslanır ki, cavabdeh ona məxsus qeyri-yaşayış sahəsində özbaşına tikililər aparmış, ona maddi ziyan vurmuş, eyni zamanda obyektə görə icbari sığorta məbləğini ödəmək cavabdehin üzərinə düşdüyü halda, ödəniş etməmişdir.
5. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 noyabr 2020ci il tarixli, 3M-1131 saylı icarə müqaviləsinin ləğv edilməsini, ilkin iddia tələblərinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh X1 2 ədəd yataq dəsti, 8 ədəd qonaq dəsti, 10 ədəd təknəfərlik çarpayı, 2 dəst stul karkaz, 40 ədəd dəmir karkaz, 20 ədəd taxta dəzgahı, 44 kamera və səs sistemi, 1 ədəd internet sazz, 40 ədəd elektrik razetkası, 50 metr hava şlanqları, 40 ədəd hava şlanqları başlığı, 100 metr yüksək gərginlik kabeli, 20 ədəd palet, 3 kub metr taxta matrialı, dərzi otağının bütün işıqlandırma sistemi, 15 ədəd tikiş maşınları üçün elektrik razetkası, yonma aparatı, çırpıntı aparatı, 200 kvadrat metr yaşıl rəng dam örtüyü, 200 metr 4x5 ağ kabel, 300 metr 2.5x2 ağ kabel, 300 metr 4x3 ağ kabel, 100 ədəd 90x40 dolab güzgüsü, 5 ədəd kompüter masası, 40 ədəd prujun blokları, reklam hərfləri ilə mebellər, baner reklamlarının alınaraq ona qaytarılması, qarşılıqlı iddia üzrə cavabdeh X1 vurulmuş zərərə görə 26780.00 (iyirmi min manat işgüzar nüfuza dəymiş ziyan və altı min yeddi yüz səksən manat əmək haqqı), 3500 manat depozit məbləği və ödənilmiş 181 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qarşılılıqlı iddia onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahəsi ona icarəyə verilərkən istismara yararsız olmuş, bu barədə fotoşəkillər iddiaçı tərəfindən internet sayta da yerləşdirilmişdir. Qeyri-yaşayış sahəsində özü yaxşılaşdırmalar aparıb. Yüksək gərginliyə davam gətirəcək kabel çəkdirmiş, yeni avtomatlar quraşdırmış, suvaq işləri aparmış, döşəmədə beton üzərinə taxta qoyulmuşdur. İnternet xətti çəkilmiş, səs sistemi quraşdırılmış, qapı və pəncərələri təmir edilib. Yanğın söndürmə balonları alınmış, kanalizasiya və su xətləri təmir edilmişdir. Qeyri-yaşayış sahəsində havalandırma sistemi olmamışdır. Taxta materialları və eləcə də taxta yonqarları təkrar istehsalatda istehsalat edilir və heç də ilkin iddiaçının iddia etdiyi kimi zibil və ya tullantı deyil. Divarların mühafizə sektasına isə ümumiyyətlə toxunulmamışdır. İcarə müqaviləsinin 2.7-ci bəndi icbari sığorta ödənişinin icarəçi tərəfindən ödənilməlidir mənasını özündə əks etdirmir. Əmlakın icbari sığorta haqqı əvvəllər mülkiyyətçi tərəfindən ödənilmişdir.
7. Qarşılıqlı iddiaçının tələbinin əsaslandırması həmçinin ondan ibarətdir ki, ilkin iddiaçı onu xəbərdar etmədən məhkəməyə verib, obyektdən qəfil çıxartmaqla ona maddi ziyan vurmuş, müştərilərdən qəbul etdiyi sifarişləri icra edə bilmədiyinə görə, maddi və mənəvi ziyana uğramış, eyni zamanda, gəlir əldə etmədən işçilərinin əmək haqqlarını ödəmək məcburiyyətində qalmışdır.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-422/2022 saylı, 02 noyabr 2022ci il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov) ilk iddia qismən təmin edilərək Cavabdeh icarə obyektində bərpa işlərinin aparılması üçün 4520 manat məbləğində pulun tutularaq ilkin iddiaçı X3 ödənilməsi, icarə müqaviləsinə əlavə edilmiş 1 saylı Qoşmaya əsasən verilmiş 10 ədəd dəmir şkaf, 13 ədəd dəmir dəzgah və alət masası, 2 ədəd böyük hava pərisinin Cavabdeh alınaraq ilkin iddiaçı X3 geri qaytarılması, ilkin iddia tələbinin verilməsi üçün ödənilmiş 142 manat dövlət rüsumunun 65.2 manat hissəsinin Cavabdeh alınaraq ilkin iddiaçı X6 ödənilməsi qət edilmiş, ilkin iddia qalan hissədə, qarşılıqlı iddia isə tamamilə rədd edilmişdir.
9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli İcarə müqaviləsindən görünür ki, həmin müqavilə 15 yanvar 2022-ci il tarixədək bağlanmışdır. Göründüyü kimi, hazırda həmin müqavilə qüvvədən düşdüyündən ilkin iddia tələbinin bu hissədə təmin edilməklə müqavilənin ləğv edilməsinə zərurət qalmamışdır. Çünki, qüvvədə olmayan müqavilə ləğv edilə bilməz. Tələb edilən müddət üçün icarə haqqının ödənilmədiyini sübut etmək yükü ilkin iddiaçının üzərinə düşsə də, lakin ilkin iddiaçı həmin icarə haqqının ödənilmədiyini göstərən sübutları məhkəməyə təqdim etməmişdir. Tələb olunan 1490 manat məbləğində sığorta haqqı 2021-ci il üçün nəzərdə tutulmuşdur. Lakin işin hallarından müəyyən olunmuşdur ki, 2021-ci il tarixdə həmin icarə obyektində hər hansı bir sığorta hadisəsi baş verməmişdir. Yəni, ilkin iddiaçı bu xüsusda hər hansı ziyana məruz qalmamışdır. Belə olan halda 1490 manat icbari sığorta haqqının tələb edilməsi əsassızdır. Məhkəmə ilkin iddia tələbini tələb olunan icarə obyektinin divarlarına vurulan zərərə görə 3000 (üç min) manat, obyektin qapı və pəncərələrinə vurulan zərərə görə 3000 (üç min) manat, döşəmə və kanalizasiya sisteminə vurulmuş zərərə görə 2000 (iki min) manat, obyekin işıq və elektrik sisteminə vurulmuş zərərə görə 1000 (min) manat, havalandırma sisteminə vurulmuş zərərə görə 1000 (min) manat və ərazinin təmizlənməsi, zibillərin ərazidən daşınmasına görə 1500 (min beş yüz) manat divarların mühafizə sektasına vurulan zərərə görə 500 (beş yüz) manat hissəsində qismən əsaslı hesab etmiş və bu hissədə qənaətini ekspert rəyi ilə əsaslandıraraq 4520 manat həddində təmin etmişdir. Əlavə 1-lə icarəçinin istifadəsinə verilmiş əşyalar cavabdehdə qalmışdır. Həmin əşyaların cavabdehdə qalmasını şərtləndirən hüquqi əsas yoxdur, ona görə də, bu ləvazimatlar cavabdehdən alınıb, iddiaçıya qaytarılmalıdır. 10.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 700, 701.2.4-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
11. Tərəflərin hər ikisi qətnamədən apellyasiya şikayəti vermişdir. 12.İddiaçı apellyasiya şikayətini icarə müqaviləsinin 2.7.-ci bəndinə istinad etməklə onunla əsaslandırmışdır ki, “...hər ay aylıq icarə haqqından yaranacaq vergi və digər məcburi ödənişlər öhdəliyi İcarəyə götürən tərəfindən ödənilir.” Beləliklə, bu bənddən də görünür ki, digər məcburi ödənişləri ödəmək öhdəliyi İcarəçinin vəzifəsidir. İcbari siğorta haqqı da qanunvericiklə tənzimlənən məcburi ödənişdir. Ümumiyyətlə, linqvistika baxımından “məcburi” və “icbari” ifadələri sinonim sözlərdir. Həmçinin, qeyd olunmalıdır ki, öncəki il üçün bu məbləğin 990 manatını mən, qalanını isə cavabdeh ödəmişdir. Həmin dövr ağır pandemiya dövrünə təsadüf etdiyi üçün mən sırf humanizm prinsipini rəhbər tutaraq, insanlığımı göstərərək tamamilə cavabdehin öhədəliyi olan bu ödənişin əhəmiyyətli hissəsini ödədim. Qarşı tərəf isə ötən il üçün bu ödənişin təxminən 1/3-ni ödəsə də, mövcud məhkəmə çəkişməsində guya cari il üçün bu ödənişi etməkdən boyun qaçırmışdır. Heç bir hadisənin baş verməmiş olması cavabdehi bu dövr üçün onun birbaşa vəzifəsi olan icbari siğorta haqqını ödəməkdən azad etmir. Nəzərə alınmalıdır ki, bu haqqın ödənməməsi mənim cərimə ödəməyimə səbəb olacaqdır və artıq bu barədə mənə müvafiq xəbərdarlıqlar edilmişdir. Hətta heç bir istifadədə olmayan obyekt də icbari siğorta olunmalıdır. İddiaçı qətnamənin ilkin iddianın təmin olunmayan hissəsində ləğv, həmin hissədə təmin olunmasını xahiş etmişdir. 13.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, yalnızca divarda deşiklər açdığını etiraf etmişdir. Ekspertiza mərkəzi isə 4520 manat məbləğində ziyanı ümumi təmir xərcləri kimi müəyyən etmişdir və onun nə qədərinin mismar ilə açılmış deşiklərin təmiri üçün olduğunu qeyd etməmişdir. Məhkəmə tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixli yerli baxış zamanı həmin avadanlıqlar və “damla” fabrikinin istehsalı olan, eyni zamanda digər mebellər hakimə şəxsən göstərilmişdir və yerli baxış zamanı özü tərəfindən video çəkiliş aparılmışdır, eyni zamanda foto şəkillər çəkilmişdir. Həmçinin iki dəfə ekspertiza baxışı zamanı iddiaçıya Cavabdeh məxsus olan və qarşılıqlı iddia ərizəsində göstərilən əşyaların qeyri-yaşayış sahəsində olduğu ekspertlərə və məhkəmə işçilərinə göstərilmişdir və bunun da video və foto çəkilişləri aparılmışdır. Hashemi Maryam vicdansızcasına Cavabdeh məxsus bağlamada olan yeni mebelləri tullantı əşya kimi bir kənara yığmışdır və bərbad hala salmışdır. Bütün bunlar istər yerli baxış zamanı, istərsə də ekspertiza baxışı zamanı məhkəməyə şəxsən göstərilmişdir. Bütün bu video və foto çəkilişlər diskə və flaş karta yazılaraq məhkəməyə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 2.4-cü bəndini heç vaxt pozmamışdır. Çünki qeyri-yaşayış sahəsində məhkəmə qətnaməsində qeyd edildiyi kimi özbaşına tikinti işlərinin aparılması ilkin icarə müqaviləsinin dövründə, yəni xx.xx.2020-ci il tarixdə bağlanmış icarə müqaviləsinin vaxtında aparılmışdır. Bu halı Hashemi Maryam bilmiş və bundan sonra xx.xx.2020-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Demək ki, məhkəmənin qeyd etdiyi özbaşına tikinti işləri əsl həqiqətdə özbaşına yox, razılaşdırılmış şəkildə aparılmışdır ki, sonradan xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin bağlanmasına Hashemi Maryam razılıq bildirmişdir. Məhkəmə iclasında Hüseyn Sarıyev adlı hər hansı bir ekspert dindirilməmişdir. Həmçinin ekspertin öz işinə səhlənkar yanaşması, yəni video və foto görüntüləri məhkəməyə təqdim etməməsi onun iddiasının təmin edilməməsinə səbəb ola bilməzdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 14.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15.İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. O, eyni zamanda cavabdehin apellyasiya şikayətinin rədd olunmasını xahiş etdi. 16.Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq 17.Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 701.2.4. İcarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
19.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 20.Qətnamədən hər iki tərəf apellyasiya şikayəti verdiyindən və ilkin iddiaçı qətnaməni iddianın rədd olunan hissəsində, cavabdeh (qarşılıqlı iddiaçı) isə iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 21.Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin, qarşılıqlı iddianı isə rədd etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı iş üzrə düzgün nəticəyə gəlsə də, qaytarılan abadanlıqların (əmlakların) dəyərini qətnamədə göstərməməklə səhvə yol vermişdir. 22.Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. 23.İlkin iddia tələbinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir. 24.İlkin iddia aşağıdakı tələblərdən ibarətdir 25.1) icarə müqaviləsinin ləğv edilməsi; 26.2) 14 sentyabr 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək olan 2250 manat məbləğində icarə haqqı olmaqla, icarəyə götürən tərəfindən 1490 manat məbləğində ödənilməli olan icarə obyektinin icbari sığorta haqqının ödənilməsi; 27.3) icarə obyektinin divarlarına vurulan zərərə görə 3000 manat, obyektin qapı və pəncərələrinə vurulan zərərə görə 3000 manat, döşəmə və kanalizasiya sisteminə vurulmuş zərərə görə 2000 manat, obyekin işıq və elektrik sisteminə vurulmuş zərərə görə 1000 manat, havalandırma sisteminə vurulmuş zərərə görə 1000 manat və ərazinin təmizlənməsi, zibillərin ərazidən daşınmasına görə 1500 manat divarların mühafizə sektasına vurulan zərərə görə 500 manat olmaqla; 28.4) icarə müqaviləsinə əlavə edilmiş 1 saylı qoşmada iddiaçı tərəfindən cavabdehin istifadəsinə verilmiş dəmir şkafın (10 ədəd), dəmir dəzgah və alət masasının (13 ədəd), böyük hava pərisinin (2 ədəd) cavabdeh tərəfindən geri qaytarılması və ya sadalanan avadanlılara görə 1500 (min beş yüz) manat olmaqla cəmi 17 240 (on yeddi min iki yüz qırx) manat məbləğində pulun tutularaq ona ödənilməsi; 29.5) kommunal xərclərin (su, işıq, qaz) oktyabr ayının sonuna kimi ödəniş qəbzlərinin və icarə vergisinin xx.xx.2020-ci ildən oktyabr ayının sonuna kimi olan qəbzlərin təqdim edilməsi, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödənilmiş 142 manatın və vəkil xidmətləri üçün çəkilmiş xərcin tutularaq ona ödənilməsi. 30.İcarə müqaviləsinin ləğvi ilə bağlı Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, xx.xx.2020-ci il tarixli İcarə müqaviləsinin müddəti 15 yanvar 2022-ci il tarixdə bitdiyindən müqavilənin ləğv edilməsinə zərurət yoxdur. 31.İlkin iddia tələbinin 14 sentyabr 2021-ci il tarixdən 27 oktyabr 2021-ci il tarixədək olan 2250 manat məbləğində icarə haqqının cavabdehdən tutulması hissəsində Kollegiyanın mövqeyi ondan ibarətdir ki, tərəflərin izahatı zamanı müəyyən olunmuşdur ki, icarəyə götürən hər ay ödənilməli olan icarə haqqını icarəyə verənə hər hansı bir qəbz və ya ödəniş kağızı vasitəsilə təqdim etməmiş və iddiaçının işçisi olan Elnur adlı şəxsə təqdim etmişdir. İddiaçı öz tələbində qeyd olunan məbləğdə icarə haqqının ödənilmədiyini bildirsə də, cavabdeh hər ay ödəməli olduğu icarə haqqını vaxtı-vaxtında ödədiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, tələb edilən müddət üçün icarə haqqının ödənilmədiyini sübut etmək yükü iddiaçının üzərinə düşsə də, iddiaçı həmin icarə haqqının ödənilmədiyini göstərən sübutları məhkəməyə təqdim etməmişdir. 32.Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. 33.Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. 34.Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. 35.Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 36.Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 37.İcarə obyektinə vurulan zərər tələbinə münasibətdə Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir. Belə ki, məhkəmə həmin 4520 manat həddində təmin edərkən Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə istinad etmiş, rəyin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim edilməmişdir. Rəy kifayət qədər əsaslandırılımış, rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. 38.Cavabdehin istifadəsinə verilmiş avadanlıqların geri qaytarılması bağlı tələbinə münasibətdə Kollegiya qeyd edir ki, icarə müqaviləsinə 1 saylı Əlavədən görünür ki, icarəyə verən öz obyektində mövcud olan əşya və avadanlıqları (16 ədəd yanğınsöndürmə balonu, 2 ədəd yanğınsöndürmə lövhəsi, qarmaq, bel, 1 ədəd hava kompressoru, 13 ədəd dəzgah və alət masası, 8 ədəd sadə masa, 10 ədəd ləvazimat və alət şkafı, 2 ədəd böyük hava pəri) icarəyə götürənin istifadəsinə vermiş və icarəyə götürən həmin əşya və avadanlıqların qorunmasını və sonradan qaytarılmasını təminat verməklə həmin Əlavəyə qol çəkmişdir. Bu baxımdan məhkəmə haqlı olaraq cavabdehin istifadəsinə verilmiş dəmir şkaf (10 ədəd), dəmir dəzgah və alət masası (13 ədəd), böyük hava pəri (2 ədəd) cavabdehdən alınaraq ilkin iddiaçıya geri qaytarılması qənaətinə gəlmişdir. 39.Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya məxsus avadanlıqların (əmlakların) cavabdehdən alınıb iddiaçıya qaytarılmasını qət edərkən həmin əmlakların dəyərini qətnamədə göstərməməklə səhvə yol vermişdir. Belə ki, MPM-in 222.1-ci maddəsinin tələbinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 40.Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, qətnamə cavabdehdən alınmalı əmlakların dəyəri göstərilməklə həmin hissədə dəyişdirilməlidir. Həmin əmlakların dəyəri iddiaçı tərəfindən iddia ərizəsində 1500 manat göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı avadanlıqların dəyərinin müəyyən olunması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etsə də, tərəflərin təqsiri ucbatından ekspert rəyinin verilməsi mümkün olmamaışdır. Belə ki, ekspertin vəsatətinə əsasən məhkəmə dəfələrlə qiymətləndirilməli olan əmlakların ekspert baxışına təqdim olunmasını, ekspert tədiqiqatının aparılması üçün şərait yaradılmasını tərəflərə təklif etsə də, tərəflər heç bir tədbir görməmiş və nəticədə ekspert tərəfindən rəy verilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası bunu nəzərə alaraq hesab edir ki, belə olan vəziyyətdə qaytarılmalı olan avadanlıqların dəyəri iddia ərizəsinə uyğun olaraq müəyyən edilməlidir. Belə ki, cavabdeh tərəfindən bunu təkzib edən heç bir sübut təqdim olunmamışdır. 41.Kommunal xərclərin (su, işıq, qaz) oktyabr ayının sonuna kimi ödəniş qəbzlərinin və icarə vergisinin xx.xx.2020-ci ildən oktyabr ayının sonuna kimi olan qəbzlərin təqdim edilməsi barədə tələb isə əsaslandırılmadığından işə baxan məhkəmə tərəfindən haqlı olaraq təmin olunmamışdır. 42.Qarşılıqlı iddia tələbinə gəldikdə isə cavabdeh həmin əmlakların icarə obyektində qalmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən icarə obyektinə yerli baxış keçirilmiş, həmin əşyalar qarşılıqlı iddiaçı tərəfindən göstərilməmişdir. Bu tələb olunan əşyaların cavabdeh tərəfindən icarə obyektinə gətirilməsini, həmin əşyaların obyektdə yerləşdirilməsini ididaçıya bildirilməsini, obyekti tərk edib gedərkən həmin əşyaların obyektdə saxlanıldığını sübut edən hər hansı yazılı sənəd məhkəməyə təqdim edilməmişdir. 43.Kollegiya məhkəmənin zərərə görə 26780.00 (iyirmi min manat işgüzar nüfuza dəymiş ziyan və altı min yeddi yüz səksən manat əmək haqqı) və 3500 manat depozit məbləğinin tutularaq Cavabdeh ödənilməsi hissəsində də mövqeyini əsaslı hesab edir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, qeyd olunan icarə müqaviləsi qarşılıqlı ididaçının təqsiri ucbatından pozulduğundan, ilkin iddiaçının müvəqqəti təminat tədbiri ilə bağlı məhkəməyə müraciət etməsinə əsasları olduğundan (ilkin iddiaçı mülkiyyətində olan əmlakın yanğından qorunmasına çalışıb) işgüzar nüfuza dəymiş zərər hesab olunan məbləği ilkin iddia üzrə iddiaçıdan tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. 44.Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi avadanlıqların cavabdehdən alınıb iddiaçıya qaytarılması hissəsində dəyişdirilməli, qətnamənin apellyasiya qaydasında mübahisələndirilən digər hissələri isə dəyişdirilmədən saxlanılmalıdır. 45.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı X4 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə 02 noyabr 2022-ci il tarixli qətnaməsi icarə müqaviləsinə əlavə edilmiş 1 saylı Qoşmaya əsasən verilmiş avadanlıqların qaytarılması hissəsində dəyişdirilsin. 1 saylı Qoşmaya əsasən verilmiş 10 ədəd dəmir şkaf, 13 ədəd dəmir dəzgah və alət masası, 2 ədəd böyük hava pərisi naturada, həmin əmlaklar qətnamə icra olunan vaxt mövcud olmadığı təqdirdə isə onların dəyərini təşkil edən 1500 (bir min beş yüz) manat pul vəsaiti Cavabdeh alınıb ilkin iddiaçı X3 verilsin. Qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.