Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5677/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “öhdəliyin icra olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “öhdəliyin icra olunması” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı təmir xərci tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-13/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti b.4a ünvanında yerləşən ümumi sahəsi 86,3 kv.metr olan qeyri-yaşayış sahəsi xx.xx.2016-cı il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır.
2. Bakı şəhəri 41 saylı notariat kontorunda icarəyəverən İddiaçı və icarəçi Cavabdeh arasında 15 yanvar 2020-ci il tarixdə bağlanmış və reyestrdə 3M-351 №-si ilə qeyd edilmiş icarə müqaviləsindən görünür ki, icarəyəverən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti b.4a ünvanında yerləşən 86,3 kv.metr olan qeyri-yaşayış sahəsin 85,3 kv.m-ni icarəçinin istifadəsinə veməyi, icarəçi isə bunun qarşılığına müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Bu icarə müqaviləsi icarəyəverən və icarəçi tərəfindən imzalandıqdan sonra tərəflər üçün məcburi olacaqdır, icarə müqaviləsi 01 fevral 2020-ci il tarixindən qüvvəyə minir, icarəyə verən bildirir ki, müddət bu icarənin şərtlərinə əsasən daha tez dayandırılmazsa 01 fevral 2020-cı il tarixdən başlanıb, 31 dekabr 2020-cı il saat 00:00-da başa çatacaqdır. İcarəçi icarə predmetinin icarəsi və icarə çərçivəsində verilən digər hüquqları nəzərə almaqla icarəyəverənə icarə haqqını ödəyəcəkdir, icarəçi icarəyə verilən sahə üçün icarəyəverənə 1200 (bir min iki yüz AZN) AZN məbləğində aylıq icarə haqqı və əlavə olaraq büdcəyə həmin məbləğin 14%-i miqdarında 195,35 (bir yüz doxsan beş AZN 35 qəpik) AZN vergi ödəyəcəkdir (3.1). İcarəçi icarəverənin əvvəlcədən yazılı şəkildə razılığı olmadan hər hansı bir təmir, yaxşılaşdırma, texniki dəyişiklik və bu kimi işləri həyata keçirməyəcəkdir.
3. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-cı il tarixli məktubda görünür ki, Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərinə əməl edilməmiş və müqavilə üzrə öhdəliyini icra etməmişdir. Buna əsasən 4 gün müddətindən ona icarəyə verilmiş qeyri-yaşayış sahəsinin bolaşdaraq təhvil verilməsi xahiş edilmişdir.
4. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatından görünür ki, sifarişçi tərəfindən təqdim edilmiş videoçəkiliş və fototəsvirlərə əsasən ünvan 2 ünvanında yerləşən 85,3 kv.metr olan qeyri-yaşayış sahəsinə 2020-ci ildə Cavabdeh tərəfindən çəkilmiş xərclər (işçilik və material xərci daxil olmaqla) 13312,43 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı “öhdəliyin icra olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüquqi ilə ona məxsus ünvan 3 ünvanında yerləşən sahə üzrə icarə müqaviləsindən irəli gələn öhdəliyin icarəçi, Cavabdeh tərəfindən icra edilməməsi səbəbindən cavabdehdən 2 ay üzrə icarə haqqı olan 2400 (iki min dörd yüz) manat, həmin müqavilə üzrə öhdəliyin icra edilməməsi səbəbindən yaranmış kompensasiya kimi 12000 (on iki min) manat, ona məxsus qeyri-yaşayış sahəsinə vurulmuş 5700 (beş min yeddi yüz) manat pulun, ümumi olaraq 20100 (iyirmi min yüz) manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi, o cümlədən cavabdeh, həmçinin onunla birlikdə qanunsuz olaraq ona məxsus ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında xüsusi mülkiyyət hüququ ilə ona məxsus ünvan 2 ünvanında yerləşən 85,3 m2 qeyri-yaşayış sahəsinə dair 15 yanvar 2020-ci il tarixdə icarə müqaviləsi bağlanıb. İcarə müqaviləsi bağlandığı gün notariat qaydasında təsdiq edilib, tərəflər sərbəst iradə ifadəsi nümayiş etdirərək icarə münasibətinə daxil olublar. Əqdin bağlanması qanuna müvafiq qaydada həyata keçirilib. Belə ki, qeyd edilən sahə xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur və üçüncü şəxslərin həmin sahəyə dair hər hansı bir hüququ mövcud deyil. Qarşı tərəfin də iradə ifadəsi sərbəst olub, əqdin bağlanmasında da bu öz əksini tapıb. Sahə icarəyə verilərkən o, Cavabdeh xəbərdar edib ki, sahədən qanuna uyğun şəkildə, ona və üçüncü şəxslərə zərər vurmamaqla istifadə etməli, öhdəliyini vaxtında icra etməlidir. Lakin sahə icarəyə verildikdən bir müddət sonra orada əqdin iştirakçısı olmayan üçüncü şəxslər peyda olub, icarəyə götürənin fəaliyyətindən qonşular tərəfindən ona şikayətlər gəlib. İcarə haqqını almağa gəldikdə icarəçi müxtəlif bəhanələrlə icarə haqqını ödəməkdən imtina edib. Bundan əlavə, vergi tutulmasına dair öhdəliklər də icarəçi tərəfindən həyata keçirilməyib. Bu azmış kimi icarəçi fəaliyyəti nəticəsində, yəni icarəyə verilmiş sahəni təyinatı üzrə işlətməməklə icarə sahəsinin elektrik şəbəkəsinin yüklənməsinə səbəb olan hərəkətlər edib, elektrik texniki şərtlərinə uyğun olmayan qurğuları şəbəkəyə qoşmaqla normativdən kənar yüklənmə, qısa qapanma kimi nəticələr yaradıb. Buna dair binanın komendantı və sakinlər tərəfindən ona qarşı iradlar bildirilib. Bu da elektrik naqillərinin, o cümlədən şəbəkə qutusunun xarab olmasına, yanğın təhlükəsinə səbəb olub. Bu azmış kimi icarəçi özbaşına olaraq dəyişiklikər etməklə onun əmlakına zərər vurub. Hazırda onun tərəfindən icarə haqqı ödənilmir, əmlakı icarəçi tərəfindən zədələnərk xarab edilir, dəfələrlə müqavilə münasibətinə xitam verilməklə sahənin boşaldılmasına dair ona edilmiş xəbərdarlığa cavabdeh heç bir məhəl qoymur. Aralarında bağlanmış 15 yanvar 2020-ci il tarixli icarə müqaviləsinin 3.1-ci maddəsinə əsasən icarəçi icarəyə verilən sahə üçün icarəyəverənə 1200 (min iki yüz) manat məbləğində icarə haqqı ödənilməlidir. Lakin hazırki günədək icarə haqqı heç bir ay üçün ödənilməyib. Bununla da, icarəçi müqavilənin bu hissəsi üzrə öhdəliyini icra etməyib. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən icarəçi icarəyəverənin yazılı şəkildə razılığı olmadan hər hansı bir təmir, yaxşılaşdırma, texniki dəyişiklik və bu kimi işləri həyata keçirməməlidir. Lakin icarəçi qeyd etdiyi kimi onun xəbəri və razılığı olmadan sahədə qanunsuz olaraq işlər aparıb. Bununla da icarəçi müqavilənin bu hissəsi üzrə öhdəliyini pozub. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən icarəçi icarə predmetindən təyinatı üzrə istifadə etməli, icarə predmetini təmiz, səliqəli saxlamalı, sahənin konstruksiyasına və kommunal, mühəndis xətlərinə zərər vurmamalı, etik normalara, qonşuluq münasibətlərinə, səs-küy normalarına riayət etməli, üçüncü şəxslərin hüquqlarının pozulmasına yönəlmiş hərəkətlərə yol verməməli, sanitar-gigiyenik qaydalara, həmçinin yanğından mühafizə və fövqəladə hallar üçün təsdiq edilmiş təlimatların tələblərinə ciddi əməl etməlidir. Lakin icarəçi tərəfindən hansısa aqreqat və qurğuların qanunsuz olaraq işlədilməsi, elektrik naqillərinə texniki şərtdən əlavə qoşmaların aparılması, sahədə aidiyyəti olmayan şəxslərin toplanaraq səs-küy yaratması, qonşuların rahatlığının pozulması və s. bu kimi hərəkətləri davam edir. Bununla da, icarəçi müqavilənin bu hissəsi üzrə öhdəliyini pozub. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən müqavilə üzrə icarə predmetinin icarəçi tərəfindən icarəsinə (cubicarəsinə) yol verilmir. Lakin qeyd etdiyi kimi əqd münasibətinin iştirakçısı olmayan şəxslırin həmin sahədən qanunsuz istifadəsi mövcuddur. Bununla da icarəçi müqavilənin bu hissəsi üzrə öhdəliyini pozub. Həmin müqavilənin 4.5-ci maddəsinə əsasən icarəyəverən aşağıdakılar baş verdiyi təqdirdə müqaviləyə vaxtından əvvəl xitam vermək hüququna malikdir: icarəçi tərəfindən icarə haqqının və kommunal xərclərin vaxtında ödənilməməsi və ya bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun ödənilməməsi; icarəçi bu müqavilənin hər hansı bir şərtlərini pozduqda. İcarəçi tərəfindən öhdəliklərin icra ediməməsi və öhdəliklərin pozulması hallarını nəzərə alaraq tərəfindən ona icarə üzrə hüquq münasibətinə xitam verilməsinə dair xəbərdarlıq edilib. Xəbərdarlıq yazılı şəkildə bildirilib. Hazırda icarəçi xüsusi mülkiyyət hüququ ilə ona məxsus sahəni boşaltmaqdan və sahəni ona təhvil verməkdən imtina edir. İcarə oredmeti olan sahə onun istifadəsi və sahibliyindədir.
7. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüquqi ilə ona məxsus ünvan 3 ünvanında yerləşən sahə üzrə icarə müqaviləsindən irəli gələn öhdəliyin icarəçi, Cavabdeh tərəfindən icra edilməməsi səbəbindən cavabdehdən 8 ay üzrə icarə haqqı olan 9600 manat, həmin müqavilə üzrə öhdəliyin icra edilməməsi səbəbindən yaranmış kompensasiya kimi 12000 (on iki min) manat, ona məxsus qeyri-yaşayış sahəsinə vurulmuş 5700 (beş min yeddi yüz) manat pulun, ümumi olaraq 27300 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi, o cümlədən cavabdeh, həmçinin onunla birlikdə qanunsuz olaraq ona məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmasına qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1696/2020 saylı, xx.xx.2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti b.4A ünvanında yerləşən sahə üzrə icarə müqaviləsindən irəli gələn öhdəliyin icarəçi X8 tərəfindən icra edilməməsi səbəbindən 8 ay üzrə icarə haqqı olan 9600 manat, həmin müqavilə üzrə öhdəliyin icra edilməməsi səbəbindən yaranmış kompensasiya kimi 12000 manat, qeyriyaşayış sahəsinə vurulmuş ziyan qarşılığında 5700 manat pul, ümumi olaraq 27300 manat məbləğində pulun X3 İddiaçı xeyrinə tutulması, X8 və onunla birlikdə olan şəxslərin Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti b.4A ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir.
9. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli 2(007)-1696/2020 saylı qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir.
10. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edərək, qarşılıqlı iddianı təmin edib, Cavabdeh 15000 manat təmir xərcinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə onun arasında 15 yanvar 2020-ci il tarixdə, Bakı şəhəri 41 saylı notariat ofisində 3M-351 reyestr nömrəsi ilə icarə müqaviləsi bağlanılıb. Müqavilənin 1.1-ci maddəsinə əsasən ünvan 2 ünvanında yerləşən 86,3 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin 85,3 kv.metrini icarəyə götürüb. Belə ki, o, sahibkarlıq fəaliyvəti ilə məşğuldur. xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyinin fiziki şəxslərin vergi uçotu haqqında ********** saylı şəhadətnaməsinə əsasən vergi ödəyicisidir. Aralarında bağlanmış icarə müqaviləsi isə sahibkarlıq fəaliyyəti ilə əlaqədar bağlanıb. Qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürdükdən sonra öz hesabına təmir etdirib. Təmirə tərəfindən 15000 (on beş min) manat xərc çəkilib. Bu səbəbdən hesab edir ki, icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin təmir xərcləri ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Kiçin qızından tutulmalıdır.
12. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müaciət edərək, X8 və onunla birlikdə olan şəxslərin Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti b.4A ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması hissəsində iddia tələbini azaldaraq, iddianın qalan hissədə təmin edilməsini xahiş etmişdir.
13. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-13/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “öhdəliyin icra olunması” tələbinə dair ilkin iddiasının qismən təmin edilməsi, İddiaçı və Cavabdeh arasında 15 yanvar 2020-ci il tarixdə bağlanmış icarə müqaviləsi üzrə icarəyə verilmiş Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti b.4a ünvanında yerləşən 86,3 kv.metr olan qeyri-yaşayış sahəsinin 85,3 kv.m-nin icarəsi üzrə 8 ay üzrə ödənilməmiş icarə haqqı kimi 9600 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “təmir xərci” tələbinə dair qarşılıqlı iddasının təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmənin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadında göstərilmişdir ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul edərək qeyd edir ki, cavabdeh icarə haqqı kimi 9600 manat ödəməyə razıdır, onun 5000 manatını nağd şəkildə, qalanı isə 10 ay ərzində ödənilməsi öhdəsinə götürür. Məhkəmə iclasında isə cavabdehin nümayəndəsi və vəkili Vəkil icarə haqqı tələbi üzrə artıq 5000 manat və 4000 pulun nağd şəkildə iddiaçıya ödənildiyini bildirmiş, lakin buna dair müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. İddia tələbi mübahisələndirilən hissədə əsaslıdır. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixdə müqavilə öhdəliklərinin icra edilməməsi səbəbindən cavabdehə müraciət edərək, qeyri-yaşayış sahəsinin boşaldılmasını xahiş etmiş, tələbi təmin edilmədiyi üçün xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət olunan vaxt icarə obyekti cavabdehin istifadəsində olmuş, lakin məhkəmə araşdırması zamanı icarə obyekti iddiaçıya qaytarıldığından iddia tələbinin həcmi “cavabdehin və onunla birliklə olan şəxslərin icarə obyektindən çıxarılması” hissəsində azaldılmışdır. Həmçinin qeyd edildiyi kimi, məhkəmə araşdırması zamanı cavabdeh tərəf 8 ay üzrə icarə haqqını ödəmədiyini qəbul etmiş, həmin ödənişdən 5000 manat və 4000 manat ödənildiyini qeyd etsə də, buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 15 yanvar 2020-ci il tarixdə bağlanmış icarə müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən icarə haqqı ödənişləri üzrə ondan 9600 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “həmin müqavilə üzrə öhdəliyin icra edilməməsi səbəbindən yaranmış kompensasiya kimi 12000 (on iki min) manat pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MM-in 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı cavabdehdən 12000 manat kompensasiyanın tutulmasını tələb etsə də, icarə obyektindən icarəçi, yəni cavabdehin əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları barədə məhkəməyə sübut təqdim etməməklə, mübahisələndirilən hissədə iddia tələbini əsaslandırmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilkin iddia tələbinin “qeyriyaşayış sahəsinə vurulmuş 5700 (beş min yeddi yüz) manat pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbində cavabdehin hərəktlərinin icarə obyektində elektrik naqillərinin, o cümlədən şəbəkə qutusunun xarab olmasına, yanğın təhlükəsinə səbəb olması, həmçinin, icarəçi özbaşına olaraq dəyişiklikər etməklə əmlakına zərər vurması, icarə müqaviləsinin 5.2-ci maddəsinə əsasən, cavabdehin iddiaçının xəbəri və razılığı olmadan icarə obyektində qanunsuz olaraq işlər apardığı göstərilmişdir. Belə ki, məhkəmənin iş üzrə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il qərardadları ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin icarə obyektinə baxış keçirilməsi mümkün olmadığından ekspertizanın keçirilməsi mümkün olmamışdır. Həmin vaxt icarə obyekti artıq iddiaçıya qaytarılmasına və icarə obyektinə baxış keçirilməsi iddiaçı tərəfindən təmin edilməli olmasına baxmayaq, iddiaçı tərəfindən ekspertizanın keçirilməsi üçün zəruri şərait yaradılmamışdır. Nəticədə, iddiaçının tələbi üzrə ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamış, bundan başqa, iddiaçı əmlaka cavabdeh tərəfindən maddi ziyan vurulmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə araşdırması zamanı iddiaçı mübahisələndirilən hissədə iddia tələbini sübut edə bilməmiş və onun iddia ərizəsində göstərdiyi faktlar öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi “qeyri-yaşayış sahəsinə vurulmuş 5700 (beş min yeddi yüz) manat pulun tutulması” hissəsində təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia ya münasibətdə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı tələbində əmlak icarəyə götürüldükdən sonra icarə obyektini öz hesabına 15000 manata təmir etdiyini qeyd edərək, təmir xərclərinin cavabdehdən onun xeyrinə tutulmalı olmasını göstərmişdir. Belə ki, tərəflər arasında mövcud olan münasibətlər xx.xx.2020-ci il tarixdən yazılı qaydada bağlanmış müqavilə ilə tənzimlənmişdir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən İcarəçi icarəverənin əvəllcədən yazılı şəkildə razılığı olmadan hər hansı bir təmir, yaxşılaşdırma, texniki dəyişiklik və bu kimi işləri həyata keçirməyəcəkdir. Həmçinin, həmin müqaviləyə əlvədən, təhvil-təslim aktından görünür ki, icarəyəverən 86.3 kv.metr sahədən ibarət qeyriyaşayış sahəsininin 85,3 kv.metrini istifadəyə tam yararlı vəziyyətdə icarəçiyə təhvil verib, icarəçi 85,3 kv.metr ibarət qeyri-yaşayış sahəsini istifadəyə tam yararlı vəziyyətdə icarəverəndən təhvil alıb. Sahə təhvil verilərkən mühəndis-kommunikasiya xətlərində hər hansı bir qüsur aşkar edilməyib. Göründüyü kimi, icarə obyekti tam yararlı vəziyyətdə icarəçiyə təhvil verilib, həmçinin iş materialları ilə icarəyəverən tərəfindən obyektdə təmir işlərinin aparılması yazılı razılıq verməsi müəyyən edilməmişdir. Məhkəmə göstərilənlərə münasbətdə qeyd edir ki, tərəflər arasında mövcud münasibətləri tənzimləyən xx.xx.2020ci il tarixli icarə müqaviləsində icarə obyektində təmir işlərinin ancaq icarəverənin yazılı razılığı ilə aparıldığı göstərimiş, hazırkı iş materialları ilə belə bir razılığın olmadığı müəyyən olunmuşdur. Həmçinin, icarə obyektin tam yararlı vəziyyətdə təhvil verildiyi adıçəkilən müqaviləyə edilmiş əlavədə əks olunmuşdur. Yuxarıda qeyd edilən normanın məzmunundan da aydın olur ki, icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir. Qeyd edilənlərə əsasən məhkəmə qarşılıqlı iddia tələbini əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 448.1, 700.1, 700.2, 705, 752.1-ci maddələri, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunun 7.1, 8.1, 9.3, və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-13/2024 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunaraq cavabdeh İddiaçı 15000 manat təmir xərcinin alınaraq ona verilməsini məhkəmədən xahiş etmişdir.
17. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin gəldiyi qənaət tamamilə əsassızdr.Belə ki, məhkəmə hər dəfəsində tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci maddəsinin tələblərinə riayət edilmədiyini deməyə çalışsa da, amma əslində qeyd olunan müqavilənin 4.2-ci maddəsinin tələblərini gözdən qaçırmışdır. Həmin maddədə qeyd edilmişdir ki, icarəyəverən icarə predmetinin vəziyyətini yoxlamaq məqsədilə, icarəçini qabaqcadan xəbərdar etməklə icarə müddəti ərzində icarə predmetinə baxış keçirə, avadanlıq və qurğuların vəziyyətini yoxlaya bilər. Bu isə o deməkdir ki, icarəyəverən icarəçiyə icarəyə verdiyi qeyri-yaşayış sahəsində hər hansı icazəsiz təmir işlərinin aparıldığını gördüyü və bildiyi anda öz etirazını bildirməli idi. Lakin, İddiaçı bunu etmək əvəzinə məhkəmənində qətnamədə bildirdiyi kimi “tərəflərdən birinin digərinə işlərində uğurlar arzulaması - xeyir-dua” vermişdir. Bu isə öz növbəsində iddiaçı tərəfindən müqavilənin şərtlərinin kobudcasına pozulması deməkdir. Yəni, zamanında tərəflərindən aparılan təmir işlərinə etiraz bildirilsə idi, onlar qeyri-yaşayış sahəsinin yaxşılaşdırılmasına (təmirinə) xərc çəkməyəcək və çəkmədikləri pulu tələb etməyəcəkdilər. Lakin, təmirə çəkilən xərcləri məhkəməyə təqdim etdikləri videolardan da açıq-aydın görmək olur. Əlavə olaraq bildirmək istəyir ki, tərəflər arasında icarə müqaviləsi 2019-cu ildə bağlanmışdır. Bundan sonra qeyri-yaşayış sahəsi təmir olunmuşdur, daha sonra isə fəaliyyətə başlanmışdır. İcarə obyekti şirniyyat mağazası kimi fəaliyyət göstərdiyindən, həmin fəaliyyətə uyğun təmir edilmişdir, müəyyən avadanlıqlar quraşdırılmışdır. Məhkəməyə təqdim edilmiş sübutlarda qarşılıqlı iddia üzrə cavabdeh aparılmış təmir işlərini bəyənərək “təbrik edirik, uğurlu olsun” kimi fikirlər bildirmişdir. Bundan başqa, qarşılıqlı iddia üzrə cavabdeh icarə haqqını almaq üçün dəfərlərlə obyektə gəlmişdir, əgər müqavilədə göstərildiyi kimi yazılı razılıq tələb olunurdusa, qarşılıqlı iddia üzrə cavabdeh müqaviləyə vaxtından əvvəl xitam verə bilərdi. Bununla bağlı ən azından iddiaçıya və ya məhkəməyə müraciət edə bilərdi. Yalnız, 2020-ci ildə pandemiyadan sonra tərəflər arasında müqavilə öhdəliklərinin icrası ilə bağlı narazılıqlar yaranmağa başlamışdır. Buna qədər isə hər hansı narazılıqlar olmamışdır. Bu səbəbdən, əgər zamanında aparılmış təmir işləri ilə bağlı ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı buna etiraz etməmişdirsə hal hazırda tərəflərindən aparılmış təmir xərclərini tələb etmələri tam olaraq hüquqlarıdır. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli hesabatına əsasən sifarişçi (Vəkil) tərəfindən təqdim edilmiş videoçəkiliş və fototəsvirlərə əsasən ünvan 2 ünvanında yerləşən 85,3 kv.metr olan qeyri-yaşayış sahəsinə 2020-ci ildə Cavabdeh tərəfindən çəkilmiş xərclər (işçilik və material xərci daxil olmaqla) 13312,43 manat təşkil edir. Göründüyü kimi tərəflərindən icarəyə götürdükləri qeyri-yaşayış sahəsində aparılmış təmir işləri ilə bağlı hesabat təqdim edilmişdir. Lakin, məhkəmə onların hesabata hüquqi qiymət verməmişdir. Əvəzində qətnaməsində qeyd etmişdir ki, məhkəmə tərəfindən yuxarıda qeyd edildiyi kimi icarə obyektində aparılan təmir işlərinin müəyyən edilməsi üçün tikinti-texniki ekspertizası təyin edilsə də, tədqiqat obyektinə baxış keçirilməsi mümkün olmadığından ekspertizanın aparılması mümkün olmamışdır. Göründüyü kimi, tikinti-texniki ekspertizasının keçirilməsinə şərait yaratmayan iddiaçı tərəfdir, onlar deyil. İddaçı tərəfindən ekspertizanın keçirilməsinə şərait yaradılmaması isə öz növbəsində çəkilən təmir xərclərinin gizlədilməsinə işarədir. Hesab edir ki, tərəflərindən məhkəməyə qeyriyaşayış sahəsinin təmir edilməsi ilə bağlı yetərincə sübutlar təqdim edilmişdir. Ən azında məhkəmə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tikinti-texniki ekspertizasının keçirilməsinə mane olduğunu əsas gətirərək obyektə yerli baxış keçirərək dediklərinə əyani şahid ola bilərdi. Görünən odur ki, məhkəmə işin tam təfərrüatına varmaq fikrindən uzaq olmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
19. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, təmirlə bağlı 1 ədəd flaşkart və fotoşəkillər təqdim etmişdir. Bu iş dəfələrlə ekspertizaya göndərilib. Lakin qarşı tərəf şərait yaratmayıb. Daha sonra o, özəl ekspertiza müəssisəsinə müraciət etdi.Həmin rəyi verdilər. Müqavilənin bəndinə əsasən təmir olunarsa tərəf xəbərdar olmalıdır. Tərəf Nizami Rayon Məhkəməsində proses zamanı suallarına cavab olaraq etiraf etmişdir ki, təmir zamanı dəfələrlə gəlib. Əgər tərəf həmin zaman və yaxud ondan sonrakı müddətdə nədənsə narazı idisə, icarə müqaviləsinin pozulması ilə bağlı məhkəməyə müraciət edə bilərdi. Əksinə tərəf icarə haqqının verilməməsi ilə bağlı müraciət etmiş. İcarə haqqı ilə bağlı tərəflərindən 5000 manat ödənilib. İcarə obyekti şirniyat mağazası kimi fəaliyyət göstərirdi. Sadəcə həmin vaxt pandemiya ərəfəsinə düşdüyü üçün, icarə haqqının ödənilməsi gecikmişdi. “WHATSAPP” adlı proqram vasitəsi ilə tərəflər bir-birlərinə xeyir-dua” vermiş, hətta təmirin nəticəsini bəyəndikləri üçün orada şirniyyat məclisi də qurulub.Əvvəlki təmirlə hal-hazırdakı təmir arasında çox fərq var. Hesab edirlər ki, yenidən ekspertizaya göndərilməlidir.
20. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq ilkin iddia üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəfin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
22. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1. İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Qətnamə ilkin iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia tələbinin təmin edilmiş hissəsindən, qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsindən apellyasiya şikayəti vermişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qətnamə ilkin iddia tələbinin təmin edilən hissəsində və qarşılıqlı iddia tələbi üzrə qarşılıqlı iddia üzrə iddiaçıya münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, Bakı şəhəri 41 saylı notariat kontorunda icarəyəverən İddiaçı və icarəçi Cavabdeh arasında 15 yanvar 2020-ci il tarixdə bağlanmış və reyestrdə 3M-351 №-si ilə qeyd edilmiş icarə müqaviləsindən görünür ki, icarəyəverən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti b.4a ünvanında yerləşən 86,3 kv.metr olan qeyri-yaşayış sahəsin 85,3 kv.m-ni icarəçinin istifadəsinə veməyi, icarəçi isə bunun qarşılığına müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Bu icarə müqaviləsi icarəyəverən və icarəçi tərəfindən imzalandıqdan sonra tərəflər üçün məcburi olacaqdır, icarə müqaviləsi 01 fevral 2020-ci il tarixindən qüvvəyə minir, icarəyə verən bildirir ki, müddət bu icarənin şərtlərinə əsasən daha tez dayandırılmazsa 01 fevral 2020-cı il tarixdən başlanıb, 31 dekabr 2020-cı il saat 00:00-da başa çatacaqdır. İcarəçi icarə predmetinin icarəsi və icarə çərçivəsində verilən digər hüquqları nəzərə almaqla icarəyəverənə icarə haqqını ödəyəcəkdir, icarəçi icarəyə verilən sahə üçün icarəyəverənə 1200 (bir min iki yüz AZN) AZN məbləğində aylıq icarə haqqı və əlavə olaraq büdcəyə həmin məbləğin 14%-i miqdarında 195,35 (bir yüz doxsan beş AZN 35 qəpik) AZN vergi ödəyəcəkdir (3.1). İcarəçi icarəverənin əvvəlcədən yazılı şəkildə razılığı olmadan hər hansı bir təmir, yaxşılaşdırma, texniki dəyişiklik və bu kimi işləri həyata keçirməyəcəkdir.
29. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüquqi ilə ona məxsus ünvan 3 ünvanında yerləşən sahə üzrə icarə müqaviləsindən irəli gələn öhdəliyin icarəçi, Cavabdeh tərəfindən icra edilməməsi səbəbindən cavabdehdən 2 ay üzrə icarə haqqı olan 2400 (iki min dörd yüz) manat, həmin müqavilə üzrə öhdəliyin icra edilməməsi səbəbindən yaranmış kompensasiya kimi 12000 (on iki min) manat, ona məxsus qeyri-yaşayış sahəsinə vurulmuş ziyan olaraq 5700 (beş min yeddi yüz) manat pulun, ümumi olaraq 20100 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsini xahiş edir.
30. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək, İddiaçı və Cavabdeh arasında 15 yanvar 2020-ci il tarixdə bağlanmış icarə müqaviləsi üzrə icarəyə verilmiş Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti b.4a ünvanında yerləşən 86,3 kv.metr olan qeyri-yaşayış sahəsinin 85,3 kv.m-nin icarəsi üzrə 8 ay üzrə ödənilməmiş icarə haqqı kimi 9600 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
31. Birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqli iddia üzrə iddiaçı X8 tərəfindən mübahisələndirilmişdir.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, İddiaçı və icarəçi Cavabdeh arasında 15 yanvar 2020-ci il tarixli icarə müqaviləsinin 3.1-ci bəndində qeyd edilir ki, İcarəyəverən icarə predmetinin icarəsi və icarə çərçivəsində verilən digər hüquqları nəzərə almaqla “İcarəyəverən”ə icarə haqqını ödəyəcəkdir. İcarəçi icarəyəverilən sahə üçün icarəyəverən 1200 AZN məbləğində aylıq icarə haqqı və əlavə olaraq büdcəyə həmin məbləğin 14%-i müqabilində 195.35 AZN vergi ödəyəcəkdir.
33. İşə birinci instansiya məhkəməsində baxılması zamanı məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili 8 ay üzrə icarə haqqı məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən edilmiş ödənişlə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 8 ay üzrə ödənilməmiş icarə haqqının əvəzi olaraq 1200 x 8 = 9600 manat pulun tutulmalı olması ilə bağlı düzgün qənaətə gəlmişdir.
35. İşin halları ilə həmçinin müəyyən edilir ki, Cavabdeh qarşılıqlı iddia üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə müqaviləsinin obyektinin təmirinə çəkilmiş 15000 manat təmir xərcinin alınaraq ona verilməsini xahiş etmişdir.
36. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında imzalanmış icarə müqaviləsinin 5.2-ci maddəsində qeyd edilir ki, İcarəçi İcarəyəverənin əvvəlcədən yazılı razılığı olmadan hər hansı bir təmir, yaxşılaşdırma, texniki dəyişiklik və bu kimi işləri həyata keçirməyəcəkdir.
37. Birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia tələbi təmin edilməmiş və ona istinad edilmişdir ki, tərəflər arasında mövcud münasibətləri tənzimləyən xx.xx.2020-ci il tarixli icarə müqaviləsində icarə obyektində təmir işlərinin ancaq icarəverənin yazılı razılığı ilə aparıldığı göstərimiş, hazırkı iş materialları ilə belə bir razılığın olmadığı müəyyən olunmuşdur. Həmçinin, icarə obyektin tam yararlı vəziyyətdə təhvil verildiyi adıçəkilən müqaviləyə edilmiş əlavədə əks olunmuşdur.
38. Qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlili olaraq qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqavilənin 4.2-ci maddəsinin tələblərini gözdən qaçırmışdır. Həmin maddədə qeyd edilmişdir ki, icarəyəverən icarə predmetinin vəziyyətini yoxlamaq məqsədilə, icarəçini qabaqcadan xəbərdar etməklə icarə müddəti ərzində icarə predmetinə baxış keçirə, avadanlıq və qurğuların vəziyyətini yoxlaya bilər. Bu isə o deməkdir ki, icarəyəverən icarəçiyə icarəyə verdiyi qeyri-yaşayış sahəsində hər hansı icazəsiz təmir işlərinin aparıldığını gördüyü və bildiyi anda öz etirazını bildirməli idi.
39. Tərəflər arasında imzalanmış müqavilənin 4.2-ci bəndində qeyd edilir ki, “İcarəyəverən” icarə predmetinin vəziyyətini yoxlamaq məqsədilə “İcarəçi”ni qabaqcadan xəbərdar etməklə icarə müddəti ərzində icarə predmetinə baxış keçirə, avadanlıq və qurğuların vəziyyətini yoxlaya bilər. Müqavilənin 4.4-cü bəndində qeyd edilir ki, İcarəverən İcarəçinin fəaliyyəti nəticəsində ona dəymiş zərərin əvəzini və aşkar etdiyi hər hansı qüsuru aradan qaldırmağı İcarəçidən tələb edə bilər.
40. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilədən göründüyü kimi, İcarəverənin müqavilənin 4.2-ci maddəsində qeyd edilmiş hüququ, həmin müqavilənin 4.4-cü maddəsində qeyd edilmiş dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ ilə birbaşa əlaqəlidir.
41. Digər tərəfdən tərəflər arasında imzalanmış müqavilə şərtlərinə əsasən İcarəçi tərəfindən təmir və digər yaxşılaşdırma işlərinin aparılması üçün İcarəyəverənin yazılı razılığının olması mütləq şərt qismində qeyd edilmişdir. Müqavilə şərtləri tərəflər arasında razılaşdırılmış və Cavabdeh tərəfindən imzalanmışdır. Göründüyü kimi, Cavabdeh müqavilə şərtindən xəbərdar olmuşdur. X4 tərəfindən belə bir razılığın alınmasına dair məhkəməyə hər hanı mötəbər sübut təqdim etməmişdir.
42. Qarşılıqlı iddia üzrə iddiaçı ona istinad edir ki, İcarə obyekti şirniyyat mağazası kimi fəaliyyət göstərdiyindən həmin fəaliyyətə uyğun təmir edilmişdir.Qarşılıqlı iddia üzrə cavabdeh təbrik edərək “xeyir-dua” vermişdir.
43. Kollegiya qeyd edir ki, 15 yanvar 2020-ci il tarixli icarə müqaviləsinə Əlavə olaraq tərtib edilmiş Təhvil-Təslim aktınının 2-ci bəndində qeyd edilir ki, “İcarəçi” 85.3 kv.m ibarət qeyri-yaşayış sahəsini istifadəyə tam yararlı vəziyyətdə “İcarəyəverən”dən təhvil aldı. İcarəçi öz seçimi əsasında fəaliyyətinə uyğun şəkildə təmir etsə belə, tərəflər arasında imzalanmış müqaviləyə əsasən icarəçi tərəfindən təmir və s. yaxşılaşdırma işlərinin həyata keçirilməsi üçün İcarəyəverənin yazılığı razılığı olmalı idi.
44. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-13/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
46. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-13/2024 nömrəli xx.xx.2024-cü cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar Xəyal Sarıyev Fərrux Qasımov