Məhkəmə qərarları › İş №2(102)-3469/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-3469/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3469/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinin formasına dair tələblər pozulduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1-ə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının 2025-ci il 19 avqust tarixli 2(103)- 2659/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (Vəkil3) və Cavabdeh2 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətlərini nəzərdən keçirərək, müəyyən etdi: Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 407.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməli (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur), 407.1.3-cü maddəsinə görə isə kassasiya şikayətində şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin pre dmeti dəqiq göstərilməlidir. Hazırkı iş üzrə kassasiya şikayətindən görünür ki, kassasiya şikayətinin “şikayət verən şəxsin tələbi” hissəsində tələb dəqiq göstərilməmiş, məhkəmə aktı haqqında məlumatlar yanlış qeyd olunmuş (qətnamənin hansı məhkəməyə aid olması, tarixi və nömrəsi), yalnız “Nərimanov Rayon Məhkəməsinin 2025-ci il 24 yanvar tarixli 2(005)31/2025 nömrəli qətnaməsini cavabdehlərdən pulun tutulması və evin boşaldılması hissəsində dəyişərək, cavabdehlərdən iddiaçının xeyrinə 209.173,11 manat əsas, 0,04 manat cərimə faizi, 90.708,37 manat faiz borcu olmaqla, cəmi 299.881,52 manat kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 589,68 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi” xahiş olunmuşdur. MPM-ə Əlavə 3-ün “kassasiya şikayəti verən şəxsin tələbi” adlı 9-cu bəndində göstərilmişdir ki, bu hissədə kassasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair tələblərini dəqiq bildirməlidir. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti Məcəllənin 402-ci və 407.1ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla MPM-in 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Həmçinin qeyd olunur ki, apellyasiya məhkəməsi iddiaçının kassasiya şikayətini geri qaytardıqdan sonra mülki işi Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün Ali Məhkəməyə göndərməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3cü maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 19 avqust tarixli 2(103)-2659/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar