Məhkəmə qərarları › İş №2(102)-3492/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3492/2021

21.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3492/2021 21.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Zaqatala X3 İdarəsinə qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, həmkarlar ittifaqının razılığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-174/2021 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nə dair işə 21 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh Zaqatala X3 İdarəsində (bundan sonra cavabdeh) müddətli əmək müqaviləsi ilə 25 yanvar 2018-ci il tarixdə bir il müddətinə Ağdaş rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətində 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmişdir. Cavabdehin 24 oktyabr 2018-ci il tarixli, 284-K saylı əmrinə əsasən, iddiaçı ilə baglanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçının qızı xxxxxxxqızı talassemiya xəstəsidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci i nstansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öz işinə bərpa olunması və məcburi proqula görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onu işdən azad edərkən qanunvericilik normalarına əsaslanmamışdır. Onun himayəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək olan uşagı vardır, talassemiya xəstəsidir. Həmkarlar ittifaqının iclası olmadan cavabdeh onu işdən çıxarmışdır. Cavabdeh onu işdən çıxararkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini qeyd etsə də, əmək kitabçasında əmək vəzifələrinin kobud şəkildə pozulması əsasını yazmışdır. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı Əmək Məc əlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək funksiyalarını pozduguna görə, əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozduguna görə vəzifədən azad edilmişdir. Həmkarlar ittifaqının razılığının alınması ilə bağlı hazırda sənədləşmə işləri aparılır. Məhkəmə iclası təxirə salınsa həmin sübutu təqdim edə bilər. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(033)-147/2019 nömrəli iş üzrə 15 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia təmin edilmiş, Cavabdeh Zaqatala X2 İstismarı İdarəsinin 24 oktyabr 2018-ci il tarixli 284-K saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki, təbii qazın qəbulu və satışı xidmətinə dördüncü dərəcəli qaz avadanlıqlarının istismarı v ə təmiri üzrə çilingər vəzifəsinə bərpa edilməsi və məcburi proqula görə əmək haqqının ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən məhkəməyə iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmasına dair hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin nümayəndəsi iddiaçı işdən azad edilərkən Həmkarlar İttifaqının razılığının qabaqcadan alınmamasını dolayısı ilə təsdiq etmişdir. Həmin sübutların cavabdeh tərəfindən hal-h azıradək verilməməsi əsaslı deyildir və belə sübutların mövcud olmaması qənaətinə gəlməyə əsas verir. Bundan başqa, məhkəmə iclasında işəgötürənin nümayəndəsi iddiaçının işdən azad edilməsinə səbəb kimi barəsində görülmüş intizam tənbehi tədbirlərindən nəticə çıxarmamasını göstərmiş, lakin bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə, həmçinin göstərmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən onun himayəsində sağlamlıq imkanları məhdud olan azyaşlı uşağının olması nəzərə alınmamış, bununla da, əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 79.1, 80, 294, 300-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 14.2, 77.1, 217.3, 217.4, 218.3-cü maddələrinə ist inadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1483/2019 nömrəli iş üzrə 29 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və İ.Quliyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-6133/2019 nömrəli iş üzrə 30 sentyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər – Ə.Rüstəmov (sədrlik edən və məruzəçi), V.İbayev və Ə.Mirzəliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 29 aprel 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iş yeni apellyasiya baxışına göndərilmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya instansiyası məhkəməsinin 2(107)-3275/2019 nömrəli iş üzrə 12 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şükürov (sədrlik edən və məruzəçi), A.Eyvazov və R.Əliyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi onlara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Kassas iya instansiyası məhkəməsinin 2(102)-2766/2020 nömrəli iş üzrə 21 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər – İ.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Əliyev və M.Əhmədova) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 12 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iş yeni apellyasiya baxışına göndərilmişdir. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Apellyasiya instansiyası məhkəməsinin 2(107)-174/2021 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), E.Hüseynov və V.Məlikov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, h esab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd etmişdir ki, işçinin işdən çıxarılması barədə həmkarlar ittifaqının razılığının alınması işçinin işdən çıxarılması barədə müvafiq əmr verildikdən sonra deyil, həmin əmrə qədər sənədləşməlidir. Bundan əlavə, kollegiya tərəfindən təklif olunmasına baxmayaraq cavabdehin nümayəndəsi iddiaçı nın Həmkarlar İttifaqının iclasına lazımi qaydada dəvət olunması və ya belə bir iclasda iştirak etməsi barədə heç bir sübutu məhkəməyə təqdim etməmiş, bunu yalnız öz formal mülahizəsi əsasında əsaslandırmağa çalışmışdır. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının övladı 28.10.2015-ci il təvəllüdlü xxxxxxxxxxxxxxqızının sağlamlıq imkanları məhduddur və diaqnozu “Beta-talassemiya, kiçik forma, hemolitik kriz”dir. Uşaq 150 manat pensiya alır. Məhkəmə nəzərə almışdır ki, qanunvericilik öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin işdən azad edilməsini qadağan etmişdir. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cava bdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, Ali Məhkəmənin çıxardığı qərarlarda təsdiq edilən sübutlara və iş materiallarına əlavə edilmiş sənədlərə, digər təşkilatların mübahisə ilə bağlı məktublarına istinad etmədən yalnız öz mövqeyindən çıxış etmiş, qeyd olunanlara hüquqi qiymət vermədən, işin ədalətli həlli üçün heç bir araşdırma aparmadan qanunsuz nəticəyə gəlmişdir. Kassator qeyd etmişdir ki, iddiaçı öhdəliklərini kobud şəkildə pozduğuna görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmuşdur. Odur ki, hazırki mü bahisə həmin Məcəllənin 79-cu maddəsinin 1-ci bəndinin təsir dairəsinə düşmür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz ərizəsində iddiaçı şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli ol an bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkə məsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 80 (1-ci və 2-ci bəndlər). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının ü zvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci 10 gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 79.1. İşəgötürən tərəfindən: - hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; - yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; - əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; - həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; - öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; - məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin maddənin 2-ci bəndində qeyd edilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi (müəssisə ləğv edildikdə) və 73-cü maddəsi ilə (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) xitam verilən hallara şamil edilmir. MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilərinə münasibətdə qeyd olunmalıdır ki, MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar məhz həmin işdə iştirak edən şəxslər üçün preyudisialdır. İddiaçı kassasiya şikayətində istinad olunan mülki işlər üzrə tərəf olmadığı üçün həmin işlərdə iddiaçının və ya onun iş yoldaşlarının işdən azad olunması zamanı həmkarlar ittifaqı komitəsinin razılığının alınıb-alınmaması baxılan iş üzrə preyudisial hal kimi qəbul edilə bilməz. Həmçinin qeyd olunmalıdır ki, mülki işə baxan məhkəmənin müəyyən etdiyi həqiqət obyektiv həqiqət deyil, həmin iş üzrə tərəflərin təqdim etdikləri sübutlardan irəli gələn formal (hüquqi) həqiqətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18.03.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eyni zamanda iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi zamanı həmkarlar ittifaqının qabaqcadan razılığının alınmaması iddianın təmin olunması üçün birmənalı əsas olduğundan Məhkəmə kollegiyası işin digər halları üzrə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-174/2020 nömrəli iş üzrə 26 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar