Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3500/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “nəqliyyat vasitəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi, sübutetmə, dövlət reyestrinin həqiqiliyinin prezumpsiyası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X2 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2(103)609/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən birgə verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. “Mercedes Benz E220 CDİ minik” markalı, **-EP-*** dövlət nömrə nişanlı avtomobil 25 iyun 2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. 2. 09 fevral 2021-ci il tarixli etibarnamə ilə İddiaçı mülkiyyətində olan həmin nəqliyyat vasitəsini 1 il müddətində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, barəsində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və həmin tapşırığın həyata keçirilməsi ilə bağlı olan bütün hərəkətləri etmək səlahiyyətləri ilə Cavabdeh vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ol an “Mercedes Benz E220 CDİ minik“ markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və 150 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus olan “Mercedes Benz E220 CDİ Minik” markalı **-EP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 09 fevral 2021-ci il tarixdə qohumu Təranə Əsədova ilə faktiki nikahda olan Cavabdeh etibarnamə əsasında idarə etmək məqsədi ilə vermiş, 04 oktyabr 2021-ci il tarixdə etibarnaməni ləğv edərək, həmin avtomobili geri tələb etsə də, ala bilməmişdir.
5. İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(036)-1376/2022 nömrəli qətnaməsi ilə (hakim Ü.O.Qənbərov) iddia təmin edilmiş, İddiaçı məxsus olan “Mercedes Benz E220 C Dİ minik“ markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və 145 manat dövlət rüsumunun Cavabdeh alınıb iddiaçıya verilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı özünə məxsus olan nəqliyyat vasitəsini 09 fevral 2021-ci il tarixdə 1 il müddətinə Cavabdeh etibarnaməli idarəçiliyinə vermiş və sonradan etibarnaməni ləğv etməsinə baxmayaraq avtomobili geri ala bilməmişdir.
7. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.2, 362.1, 365.1.3, 365.2, 366.3-cü, Mülki Prosessual Məcəllənin 76.1, 76.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022ci il tarixli, 2(036)-1376/2022 nömrəli qətnaməsinin lə ğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli avtomobil cavabdehə məxsusdur, formal olaraq iddiaçının adına sənədləşdirilmişdir. Cavabdeh həmin avtomobili X6 14000 ABŞ dolları məbləğində pul ödəyərək, baş etibarnamə əsasında almış və mübahisə olmadan idarə etmişdir. 2017-ci ildə maşını aldığı şəxs, yəni X12 banka borcu olduğunu və maşını adından çıxarılmasını tələb etmişdir. Cavabdeh həmin vaxt bankda zamin olduğu üçün avtomobili öz adına keçirə bilməmiş və arvadı Təranə Əsədova qardaşı oğlu olan İddiaçı adına sənədləşdirmişdir. 2020-ci ildə cavabdeh Təranə Əsədova ilə ayrıldıqdan, İddiaçı ondan avtomobili tələb etmişdir. Avtomobilin pulunu cavabdeh ödəmişdir.
10. Şirvan Apellyasiy a Məhkəməsinin Mülki kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2(106)609/2023 nömrəli qətnaməsi ilə (hakim P.T.Əhmədovun sədrliyi və məruzəsi ilə, hakimlər S.İ.Mayılovdan və T.S.Kərimovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(036)-1376/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı “Mercedes Benz E220 CDİ Minik“ markalı **-EP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin alınıb özünə verilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
11. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə tərəflər arasında mövcud qarşılıqlı münasibətləri düzgün qiymətləndirməmişdir.
12. Apellyasiya məhkəməsi hesab etmişdir ki, mübahisəli avtomobilin 20 13-cü ildən etibarən Cavabdeh faktiki istifadəsində olması halının qanunsuz baş verməsi iş üzrə təsdiqini tapmamışdır. Həmin avtomobilin Cavabdeh qanuni sahibliyinə verilməsi, hazırkı mübahisənin meydana gəlməsinin habelə tərəflər arasında qohumluq münasibətlərinin pozulmasından törəməsi halı tərəflərin izahatları, eləcə də, iş materiallarında olan digər mötəbər sübutlarla tam təsdiq edilir. Bununla da, hazırkı iddia tələbinin MM-in 157.2-ci maddəsi əsasında həll edilməsi mümkün deyildir və iddianın qanuni əsası mövcud deyildir.
13. Apellyasiya instansiyası məhkəməsi işdə olan, habelə iddiaçının izahatları əsasında toplanmış sübutları araşdıraraq, tərəflər arasında mövcud münasibətlərin əsl mahiyyətinə nəzər salanda müəyyən etmişdir ki, işdə olan "xxxx" ASC-nin 26 may 2023-cü il tarixli mə ktubuna əsasən 1999-cu ildə buraxılmış “Mercedes Benz E220 CDİ minik” markalı **-EP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi bankda girovda olub, avtokredit 12 iyun 2013-cü il tarixdə X9 verilmiş və 12 iyun 2015-ci il tarixdə kredit borcu tam bağlanmışdır. İşə əlavə edilmiş mədaxil qəbzlərinə əsasən qeyd edilən zaman çərçivəsində X8 adına olan adıçəkilən kredit ödənişi Cavabdeh və onun izahatına əsasən öz tapşırığı üzrə tanıdığı taksi sürücüləri və digər şəxslər tərəfindən ödənilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi iddia ərizəsində və apellyasiya şikayətində göstərilən dəlillər, iddiaçının izahatında göstərilən məlumatlar, eyni zamanda İddiaçı eyni ünvanda, yəni Xəzər rayonu Buzovna qəsəbəsində yaşadığı və özünün dost olduğunu bildirdiyi X8 1999-cu ildə buraxılmış “Mercedes Be nz E220 CDİ minik” markalı **-EP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ”Muğanbank” ASC-də girovda olması üzrə avtokreditin Cavabdeh və onun tapşırığı ilə digər şəxslər tərəfindən ödənilməsi və əksər ödəniş qəbzlərinin əsillərinin onun özündə saxlanılması, X8 öz dostu olduğunu bildirməsi halında İddiaçı bunlardan məlumatsız olması, mübahisəli avtomobilə dair etibarnamənin Cavabdeh İddiaçı qayınanası Təranə Əsədova ilə ayrıldıqdan sonra - 04 oktyabr 2021-ci ildə xitam verilməsi və digər hallar iş üzrə tərəflər arasında mübahisəli avtomobil üzrə qarşılıqlı münasibətlərin əsl mahiyyətinin və onların həqiqi niyyətinin birinci instansiya məhkəməsində tam və hərtərəfli araşdırılmadığını göstərir.
15. Bundan əlavə, mübahisəli avtomobilin özündən əvvəlki sahibinin X5 olması barədə cavabdeh izahatında göstərilənlərə dair qeyd edilməlidir ki, iş materiallarına görə X12 tərəfindən X4 da mübahisəli avtomobilə istifadə hüququna dair 02 mart 2014-cü il tarixdən 17 mart 2018-ci il tarixə kimi etibarnamə verilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi iş üzrə yekun qənaətə gələrkən eyni zamanda, mübahisəli - 1999-cu ildə buraxılmış “Mercedes Benz E220 CDİ minik” markalı **-EP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin əsl sahibinin həqiqətən də Cavabdeh olmasına təsdiqləyən kifayət qədər birbaşa və dolayısı sübutların mövcud olmasını nəzərə almışdır.
17. Beləliklə, apellyasiya məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarını təsdiq edən mühüm sübutların birinci instansiya məhkəməsində tələb edilərək işə əlavə edildiyi təqdirdə, həqiqətə nail olmaq üçün iş hərtərəfli, tam və obyektiv tədqiq edilərək düzgün araşdırma aparılmamışdır. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan halların kifayət qədər araşdırılmaması mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə ləğv olunmalı, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 324, 324.5, 337.1, 337.4, 337.5, 340.2, 404.1, 425.1, 560.1, 560.2-ci, Mülki Prosessual Məcəllənin 9.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci m addələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011ci il tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli, “G.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 noyabr 2016-cı il tarixli, B.Qasımovun şikayəti üzrə 09 dekabr 2019-cu il tarixli, N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021ci il tarixli, “X.Mirzəliyevin şikayəti üzrə” 17 sentyabr 2021-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarlarına istinad etməklə apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, X12 tərəfindən satılan 1999-cu ildə buraxılmış “Mercedes Benz E220 CDİ minik” markalı **-EP-*** dövlət nömrə nişanlı avtomobilin 25 iyun 2018-ci il tarixdə İddiaçı adına rəsmiləşdirilməsinə baxmayaraq, avtomobilin alıcısı qismində faktiki olaraq Cavabdeh çıxış etmişdir. Buna görə də, həmin avtomobilinin alqı-satqısı barədə X12 və İddiaçı arasında bağlanan əqd yalan əqd olmaqla, əhəmiyyətsizdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
19. İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyun 2023-cü il i tarixli, 2(103)-609/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 127-ci, Mülki Məcəllənin 181.4, 203-cü, Mülki Prosessual Məcəllənin 4.1, 8.1-ci maddələri pozulmuşdur. Belə ki, cavabdehin guya avtomobilin pulunu ödəməsi barədə dedikləri cəfəngiyatdır. Çünki belə olsaydı cavabdeh, avtomobili arvadının deyil, özünün yaxın qohumlarından birinin adına sənədləşdirə bilərdi. İddiaçının avtomobilə rəsmi mülkiyyət sənədi olsa da, məhkəmə buna hüquqi qiymət vermədən onu mülkiyyət hüququndan məhrum etmişdir. Apellyasiya məhkəməsi işə qe yri-obyektiv və qərəzli baxmış, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. İddiaçı həmin avtomobili 09 fevral 2021-ci il tarixdə qohumu Təranə Əsədova ilə nikahda olan Cavabdeh etibarnamə əsasında idarə etmək məqsədi ilə vermiş, 04 oktyabr 2021-ci il tarixdə etibarnaməni ləğv etmişdir. Məhkəmə qətnaməsində cavabdehin əsassız və qanunsuz izahatına əsaslanıb avtomobilin həqiqi sahibinin olması nəticəsinə gəlməsi mülki qanunvericiliyə ziddir. İddiaçının mülkiyyət sənədi ləğv olunmadığı, etibarlı olduğu halda avtomobilin sahibinin başqa şəxs olması barədə məhkəmənin gəldiyi nəticə əsassızdır.
21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
22. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiy a baxışının hədləri:
23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birl ikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərənc am verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddin də baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 418.4.6-cı maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə v ə ya qərardad qəbul etmişsə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. 28. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, maddi hüquq normaları pozulmuşdur.
30. Belə ki, yuxarıda qeyd olu nduğu kimi, iddianı rədd edən apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiyası məhkəməsi mübahisəyə Mülki Məcəllənin 157.2-ci maddəsini tətbiq etməklə, səhvə yol vermişdir; mübahisəli avtomobil əslində cavabdehə məxsusdur, onun sahibliyi qanunsuz deyildir, avtomobilin iddiaçının mülkiyyətinə keçməsinə dair müqavilə isə yalan əqd olmaqla, əhəmiyyətsizdir.
31. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, avtomobil daşınar əşya olsa da, Mülki Məcəllənin 139.2-ci maddəsinə əsasən onun üzərində hüquqlar dövlət qeydiyyatına alınır. Belə olan halda, həmin qeydiyyatın prezumpsiyası qüvvədədir. O cümlədən, avtomobilin üzərinə hüquqlar yalnız qanunla müəyyən olunmuş qaydada bağlanılan müqavilələr əsasında yarana bilər.
32. Apellyasiya məhkəməsi mübahisəli avtomobilin faktiki olaraq 2013-cü ildə cavabdeh tərəfindən alındığını göstərsə də, mövqeyini yalnız cavabdehin ifadəsi ilə əsaslandırmışdır. Halbuki, iş materiallarında olan DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən verilmiş arayışa əsasən mübahisəli avtomobil 12 iyun 2013-cü ildə gömrük vəsiqəsi əsasında X8 adına qeydiyyata alınmış, etibarnamə əsasında 12 iyun 2013-cü ildən 23 yun 2014-cü ilədək X1, 02 mart 2014-cü ildən 17 mart 2018-ci ilədək X3, 22 may 2017-ci ildən 25 iyun 2018-ci ilədək İddiaçı istifadəsində olmuşdur. 25 iyun 2018-ci il tarixdə avtomobil alqı-satqı müqaviləsi əsasında X8 adından qeydiyyatdan çıxmaqla, İddiaçı adına qeydə alınmışdır. İddiaçı tərəfindən cavabdeh avtomobilə dair etibarnamə yalnız 09 fevral 2021ci il tarixdə verilməklə, 04 oktyabr 2021-ci ildə həmin etibarnaməyə xita m verilmişdir.
33. Göründüyü kimi, mübahisəli avtomobilin üzərində cavabdehin hər hansı əşya hüququnun, o cümlədən qanuni sahiblik hüququnun yaranması üçün əsas ola biləcək əqd (müqavilə) barədə məlumat iş materiallarında mövcud deyildir. Cavabdehə iddiaçı tərəfindən 09 fevral 2021-ci il tarixdə avtomobillə bağlı əqdləri bağlamağı və onu idarə etməyi ehtiva edən etibarnamə verilmişdir ki, bu Mülki Məcəllənin 362-ci maddəsinə görə cavabdehə mübahisəli əmlak üzərində hər hansı hüququnun olmasını ehtiva etmir.
34. Göründüyü kimi, apellyasiya məhkəməsi qeyd olunan nəticəyə gələrkən Mülki Prosessual Məcəllənin 81 və 106.1-ci maddələrini pozmuş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
35. Digər tərəfdən məhkəmə kollegiyasın ın qənaətinə görə, iddiaçı ilə avtomobilin əvvəlki sahibi arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də qanunsuzdur.
36. Belə ki, ilk olaraq həmin müqavilənin etibarlılığı hazırki mübahisənin predmeti olmamış və cavabdeh apellyasiya şikayətində avtomobili özü aldığını iddia etsə də, belə tələb irəli sürməmişdir. Apellyasiya məhkəməsi isə müqaviləni etibarsız hesab etməklə, Mülki Prosessual Məcəllənin 218.3 və 372.6-cı maddələrinin tələblərini pozmuşdur.
37. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında irə li sürülmüş hüquqi mövqe hazırki halda mübahisəli avtomobilin iddiaçının mülkiyyətinə keçməsinə dair müqavilənin etibarlılığını yoxlamaq səlahiyyətini apellyasiya məhkəməsinə verməmişdir. Həmin qərara görə... müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
38. Göründüyü kimi, Konstitusiya Məhkəməsi əqdə əsaslanaraq iddia veri ldiyi halda, məhkəmənin həmin əqdin etibarlılığını yoxlamaq vəzifəsinin olduğunu qeyd etmişdir. Hazırki işdə isə iddiaçı cavabdehə qarşı tələbini əqd (müqavilə üzrə öhdəlik hüququ) əsasında deyil, əşya (mülkiyyət) hüququ əsasında irəli sürmüşdür. Onun mülkiyyət hüququ yuxarıda qeyd olunduğu kimi, nəqliyyat vasitələrini qeydiyyatını həyata keçirən dövlət reyestri ilə təsdiq olunur. 39. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında vurğulanmışdır ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğ u kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir.
40. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin bu qaydada həlli, yəni iddiaçı i lə avtomobilin əvvəlki mülkiyyətçisi arasında bağlanan müqavilənin əhəmiyyətsiz əqd kimi etibarsız hesab edilməsi son nəticədə işə cəlb olunmayan şəxsin – X8 müqavilə tərəfi kimi hüquqlarının pozulması ilə nəticələnə bilər ki, Mülki Prosessual Məcəllənin 418.4.6-cı maddəsinə əsasən bu hal apellyasiya məhkəməsinin qətnaməsinin ləğv üçün birmənalı əsasdır.
41. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
43. İşi n yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalı, işə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara, habelə apellyasiya şikayətinin dəlillərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 88, 217.4 və 372.6-cı maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməklə, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 iyun 2023-cü il tarixli, 2(103)-609/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.