Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3584/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 avqust 2025-ci il tarixli, 2(106)742/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 09 aprel 2014-cü il tarixli kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 26 faiz ödənilmək şərti ilə 36 ay müddətinə 8900 ABŞ dolları məbləğində kredit verilmişdir. 2. 09 aprel 2014-cü il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh2 İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icrasını tamamilə öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, c avabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 09 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 7216,39 ABŞ dolları əsas borc, 1964,17 ABŞ dolları faiz borcu, 388 ABŞ dolları cərimə olmaqla, cəmi 9569,44 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına, iddiaçı və Cavabdeh1 arasında bağlanmış 09 aprel 2014-cü il tarixli kredit müqaviləsinə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 09 aprel 2014-cü il tarixdə iddiaçı ilə kredit müqaviləsi bağlayaraq illik 26 faiz ödəmək şərti ilə 36 ay müddətinə 8900 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bu kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə bank arasında 09 aprel 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Borclu Cavabdeh1 müqavilənin şərtlərini pozaraq borc öhdəliyini vaxtında icra etməkdən yayınmışdır. Həmin kredit müqaviləsinə əsasən kredit verilərkən verilmiş ödəniş cədvəli üzrə borclu öhdəliklərini icra etməsə borc vaxtı keçmiş kreditə aid edilir və ona ikiqat faiz hesablanaraq borcludan tələb edilir.
5. Lənkəran Rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli, 2(049)-5696/2016 nömrəli qətnaməsi ilə (hakim M.Rzayev) iddia təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 aprel 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, 7216,39 ABŞ dolları əsas borc, 1964,17 ABŞ dolları faiz borcu, 388 ABŞ dolları cərimə, cəmi 9569,44 ABŞ dolları borcun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə İddiaçı ASC-dən kredit almış kredit məbləğini ödəniş planına əsasən qaytarılmasını iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə icra etməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445, 448.1, 470, 472.1, 472.2, 421.1, 421.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edil məsi və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, cavabdehin banka ödənişlərini nəzərə almamış və bankın təqdim etdiyi məbləğlərə uyğun qətnamə qəbul etmişdir. Hesablanmış əsas, faiz və cərimə borcu düzgün deyil və ləğv edilməlidir. Qətnamənin olmasından cavabdehin xəbəri olmamış, İcra və Probasiya Şöbəsindən məktub gələndə məlumatı olmuşdur ki, barəsində qətnamə var və həmin qətnaməni 29 noyabr 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsində qəbzə imza etməklə əldə etmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən on un borcu silinmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəməmühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2025-ci il tarixli rəyində göstərilmişdir ki, Cavabdeh1 09 aprel 2017-ci il tarixə kimi əsas borcu 7440,98 ABŞ dolları, faiz borcu isə 4173,19 ABŞ dolları müəyyən edilmişdir.
11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 avqust 2025-ci il tarixli, 2(106)-742/2025 nömrəli qətnaməsi ilə (hakim M.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Novruzova və M.Sadıqov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli, 2(049)5696/2016 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 aprel 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, 09 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən hesablanmış 8024,04 manat əsas borcun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi ilk öncə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə maddi və prosessual hüquqi əsaslar düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir.
13. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə məhkəmə baxışı iclası 15 iyul 2016-cı il tarixə, saat 09:15-ə təyin edilmiş, bu barədə bildiriş tərəflərə göndərilmişdir. Lakin sözügedən bildiriş Cavabdeh1 çatdırılmamış, o məhkəmə iclasından xəbərdar olmamışdır. Bu da onu deməyə əsas verir ki, Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmədən işə birinci instansiya məhkəməsi tərəfindən baxılması tərəfin müdafiə hüququnun pozulmasına gətirib çıxarmışdır.
14. Ona görə də, məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə Lənkəran Rayon Məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə kredit müqaviləsidir. Kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kre dit verən üçün müəyyən vəzifələr yaratmış olur.
16. Hazırki iş üzrə də iddiaçı iddia tələbində İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 aprel 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir.
17. İşin hallarından göründüyü kimi, cavabdehlər bağlanmış kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş, ödəniş qrafikinə riayət etməmişlər. Bu hal Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən müqavilənin əhəmiyyətli pozuntusu hesab olunur və nəticə etibarilə müqavilənin ləğvi üçün əsas yaradır. Ona görə də, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 aprel 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilməlidir.
18. Cavabdeh apellyasiya şikayətində borcun düzgün hesablanmasından ötrü mühasibatlıq ekspertizası təyin edilməli olmasını qeyd etmişdir.
19. A zərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, 09 aprel 2017-ci il tarixə kimi əsas borc 7440,98 ABŞ dolları, faiz borcu isə 4173,19 ABŞ dolları müəyyən edilmişdir.
20. Apellyasiya kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır.
21. Həmçinin, iş materiallarında olan problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet portalından çıxarışd an görünür ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə olan əsas kredit borcunun məbləği 8024,04 manat məbləğində müəyyən olunmuşdur.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güddüyündən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Fərmandan irəli gələn vəzifəsini icra edərək, hazırkı iş üzrə cavabdehə münasibətdə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, yəni əsas kredit borcunu 8024,04 manat məbləğində müəyyən etdiyindən, iddiaçı bank müqavilədə nəzərdə tutulan qaydada həmin məbləğə hesablanmış faiz və cəriməni tələb edə bilməzdi.
23. Odur ki, birinci instansiya məhkəməsi Cavabdeh1 kredit müqaviləsində nəzərdə tutulan qaydada hesablanmış 7216,39 ABŞ dolları əsas borcun, 1964,17 ABŞ dolları faiz borcunun və 388 ABŞ dolları cərimənin tutulması hissəsində işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir.
24. İddia tələbindən göründüyü kimi iddiaçı təşkilat tələb etdiyi borcu ABŞ dolları məzənnəsi ilə qeyd etmişdir.
25. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanla, devalvasiya nəticəsində dollarla kredit götürmüş vətəndaşların maliyyə yükünün azaldılması məqsədilə xarici valyutada olan kreditlər üzrə məbləğlər milli valyutada ekvivalentləşdirilmişdir. Bu səbəbdən, baxılan iş üzrə tələb dollarla irəli sürülsə də, müstəsna hal olaraq borcun manatla ödənilməsi müəyyən edilməlidir. 2015-ci ilin devalvasiyası nəticəsində dollarla götürülmüş kreditlərin problemli hala düşməsi və dövlət başçısının 28 fevral 2019-cu il tarixli Fərmanı belə müstəsna hal kimi qiymətləndirilməlidir. Həmin Fərmanla vətəndaşların dollar kreditləri müəyyən kursla manata konvertasiya olunaraq restrukturizasiya edilmiş, banklara kompensasiya mexanizmi tətbiq olunmuşdur. Deməli, məhkəmə dollarla tələb olunmuş borcu, artıq qüvvədə olan restrukturizasiya qaydalarını nəzərə alaraq, manat ekvivalenti ilə tutmalıdır.
26. Apellyasiya kollegiyası həmçinin qeyd etmişdir ki, iş materialların da olan 09 aprel 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 iddiaçı təşkilatla bağladığı zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icrasını tamamilə öz öhdəsinə götürmüşdür.
27. Bununla da, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə yaranmış 8024,04 manat borcun ödənilməsi Cavabdeh1, həmçinin zamin Cavabdeh2 solidar qaydada tutulmalıdır.
28. İddiaçının cavabdehlərdən tələb etdiyi dövlət rüsumuna münasibətdə isə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. Məhkəmə koll egiyası belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın yarısı - 15 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb iddiaçıya verilməli, 15 manat məbləğ isə iddiaçıya aid edilməlidir.
30. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 6.2, 14.1, 14.2.1, 385.1, 386.1, 421.1, 421.2, 425.1, 427.3, 442, 445.2.1, 448.1, 470.1, 472.1, 739.1ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 218.3, 372.1, 372.6, 372.7-ci maddələri, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanı ilə əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
31. İddiaç ı Ləğv prosesində olan İddiaçı ASC kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 avqust 2025-ci il tarixli, 2(106)742/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanı düzgün tətbiq olunmamış, Mülki Məcəllənin 442, 445, 465-ci, Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələbləri pozulmuşdur.
33. Belə ki, hazırkı mübahisənin predmeti olan kredit öhdəliyi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının tətbiq dairəsinə düşmüşdür. Lakin qeyd edilən öhdəlik yalnız kompensasiya olunan hissə üzrə Fərmanın müddəaları ilə əhatə olunmuş, kreditin qalan hissəsi isə “restrukturizasiya olunması təklif edilən kreditlər” siyahısına daxil edilməmişdir. Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portal üzərindən əldə edilmiş çıxarışdan da göründüyü kimi, Cavabdeh1 İddiaçı ASC-də mövcud olan kredit öhdəlikləri üzrə 6133,93 manat məbləğində kompensasiya hesablanmışdır. Həmin kompensasiya məbləği cavabdehin LPO İddiaçı ASC-də olan hazırkı mübahisələndirilən, eyni zamanda digər kredit öhdəliklərinin ödənişinə proporsional qaydada yönəldilmişdir. Portaldan çıxarışda açıq şəkildə göstərilir ki, kompensasiya məbləğinin tətbi qindən sonra məhz bu kredit öhdəliyi üzrə əsas borcun qalıq məbləği 8.024,04 manat təşkil etmişdir. Cavabdeh1 mübahisə predmeti olan kredit öhdəliyi yalnız bağlanma tarixi və məbləğ baxımından Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanında göstərilmiş şərtlərə uyğun gəlmişdir. Lakin, kreditin digər şərtlərə daxil olmaması səbəbindən cavabdehin adı müvafiq restrukturizasiya siyahısında yer almamışdır. Bu səbəbdən, əsas kredit borcunun restrukturizasiyası cavabdehə təklif olunmamış və həmin öhdəlik üzrə cavabdehlə Bank arasında hər hansı güzəşt şərtləri ilə kredit müqaviləsi bağlanmamışdır. Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portala daxil edilmiş 8.024,04 manat məbləğ ümumi borc məbləğini deyil, kompensasiya ödənişindən sonra qalan əsas kredit borcunun qalıq his səsini əks etdirir. Cavabdehlər hazırkı vaxtadək banka olan borcu ödəmək üçün heç bir tədbir görməmişlər. Apellyasiya məhkəməsi iddiaçının qanunvericiliklə müəyyən olunmuş hüquqlarını kobud şəkildə pozmuş, cavabdehlərin bundan sonra bank qarşısında olan öhdəliklərinin tam həyata keçirməmələrinə şərait yaratmışdır. Öhdəlik müqavilədə birbaşa xarici valyuta ilə müəyyən edilibsə və kreditorun tələbi də bu valyutada təqdim olunubsa, bu halda borcun həmin valyutada ödənilməsi hüquqi cəhətdən tam əsaslıdır və məhkəmə tərəfindən manata çevrilərək təmin edilməsi qanunsuzdur. Məhkəmə Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarışı düzgün qiymətləndirməməklə, 8024,04 manat məbləğindəki borcun restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşmədiyi halda, s əhvən həmin siyahıya düşdüyünü ehtimal edərək yalnız əsas kredit borcunu təmin etmiş, digər borc tələblərini (faiz, cərimə məbləğini) təmin etməmişdir.
34. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
35. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
36. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş m ateriallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
37. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia qismən təmin edilsə də, kassasiya şikayətini yalnız iddiaçı verdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi mübahisələndirilən, yəni iddianın həmin məhkəmə tərəfindən təmin olunmamış hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
38. Azərba ycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öh dəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilm əzdir. 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri yarandığı zaman qüvvədə olan redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə (mübahisəli hüquq münasibətləri yarandığı zaman qüvvədə olan redaksiyada), borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 39. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının: 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraci əti əsasında 215000000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. 6.1-ci bəndinə əsasən Banklara tövsiyə edilir bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etməli, 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməlidirlər. 6.2-ci bəndində banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəz ərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. 8.8-ci bəndinə əsasən Fərmanın məqsədləri üçü n güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər nəzərdə tutulması qeyd olunmuşdur. 8.9-cu maddəsinə əsasən faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yo xdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin e tmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdehin kredit borcuna “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tətbiq edilməklə, borcunun bir hissəsinin dövlət tərəfindən kompensasiya olunması işin mübahisəsiz halıdır.
43. Prezidentin Fərmanına uyğun olaraq həmin Fərmanı icra edən orqan tərəfindən cavabdehin borcunun bir qisminin kompensasiyasının iddiaçıya köçürüldüyü halda isə, cavabdehin yeni müqavilə bağlamaması əsası ilə həmin Fərmanın nəzərə alınmalı olmadığına və müvafiq olaraq borcun tələbdə göstərildiyi məbləğə (əsas, faiz və cərimə borcu olaraq) uyğun və xarici valyutada tutulmalı olmasına dair kassasiya şikayətinin dəlili əsassızdır.
44. Bundan əlavə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın ın 6.2 və 8.9-cu bəndlərinə görə Fərmanın məqsədləri üçün faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulmuşdur.
45. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 avqust 2025-ci il tarixli, 2(106)-742/2025 nömrəli qətnaməsi mübahisələndirilən, yəni iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.