Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3695/2022 14.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Göygöl rayon İcra Şöbəsinə və "xxxx" ASC-yə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və evin ilkin vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin hərracdan satılması, hərracda bağlanılan əqdin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 noyabr 202 1-ci il tarixli, 2(103)10470/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Göygöl Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, "xxxx" ASC və İddiaçı arasında bağlanmış 29 iyul 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 23 yanvar 2019-cu il tarixə olan cəmi 52835,67 manat borcun və cəmi 60,40 manat dövlət rüsumlarının İddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, tumanın İddiaçı məxsus Göygöl rayonu, Vidadi küçəsində yerləşən 0,0588 ha torpaq sahəsi və üzərində yerləşən 27 saylı fərdi yaşayış evinə yönəldilməsi, açıq hərracdan satılması, fərdi yaşayış evinin boşaldılması qət edilmişdir.
2. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 dekabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Qətnamə üzrə verilmiş icra sənədinin icrası məqsədi ilə Cavabdeh2 sifariş məktubu əsasında Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti 70200 manat müəyyən edilməklə 22 oktyabr 2020-ci il tarixə birinci hərrac təyin edilmiş, həmin hərrac baş tutmamış elan edildiyindən əmlakın ilkin satış qiyməti 59670 manat müəyyən edilməklə 06 noyabr 2020-ci il tarixə təkrar hərrac keçirilmişdir.
4. Hər iki hərracın keçirilməsinin vaxtı və yeri barədə ipote ka qoyan və ipoteka saxlayan 29 sentyabr 2020-ci il tarixli, 01 saylı və 26 oktyabr 2020-ci il tarixli, 02 saylı bildirişlərlə məlumatlandırılmışdır. 5. “Atribut” qəzetinin 26 sentyabr 01 oktyabr 2020-ci il, “Birja Yenilikləri” qəzetinin 24 oktyabr 2020 və 11 noyabr 2020-ci il tarixli buraxılışlarında Göygöl rayonu, Vidadi küçəsində yerləşən 0,0588 ha torpaq sahəsinin və 27 saylı fərdi yaşayış evinin hərraca çıxarılacağına və hərracın baş tutmamış hesab edilməsinə dair elanlar yerləşdirilmişdir.
6. Təkrar hərrac da baş tutmamış elan olunduğundan ipoteka predmeti 44752,50 manata ipoteka saxlayana təklif olunmuş və "xxxx" MMC ilə Bank "xxxx" ASC arasında bağlanmış 20 noyabr 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən, İddiaçı məxsus Göygöl şəhəri, Vidadi küçəsində yerləşən 0,0588 ha torpaq sahəsi və üzərində yerləşən 27 saylı fərdi yaşayış evi 44752,5 qiymətinə həmin bank tərəfindən əldə edilmişdir.
7. Daşınmaz əmlak üzərində "xxxx" ASC-nin mülkiyyət hüququ 30 noyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Hərrac Mərkəzi "xxxx" MMC-yə, Göygöl rayon İcra Şöbəsinə və Bank "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 sifarişi əsasında Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən aparılmış hərracın nəticələrinin və Hərrac Mərkəzi ilə digər cavabdeh Bank "xxxx" ASC arasında iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alınmasına dair 20 noyabr 2020-ci il tarixli, 49/02 №-li Protokolun etibarsız hesab edilməsi və evin ilkin hüquqi vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanuni qüvvəsini almadığı halda, Cavabdeh2 tərəfindən əmlakın açıq hərracda satılması üçün Hərrac Mərkəzi "xxxx" MMC-yə sifariş verilmiş, hərraclar keçirilərək əmlak Banka təklif olunmuş, Bank təklifi qəbul etmiş və əmlak bank tərəfindən balansa götürülmüşdür. İcra şöbəsi tərəfindən verilmiş sifariş əsasında keçirilən hərrac əsassız və qanunsuzdur. Belə ki, iddiaçı Gəncə Apellyasiya Məhkəməsinin 09 dekabr 2019- cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, həmin məhkəmə qətnamədən kassasiya şikayətinin verilməsi barədə Cavabdeh2nə 03 dekabr 2020-ci il tarixli məkt ub ünvanlasa da, hərracın dayandırılması barədə tədbir görülməmişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(005)3479/2021 nömrəli qətnaməsi ilə (hakim G.A.Əsədova) iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 açıq hərracın keçirilməsinə dair bildirişləri ilə Göygöl şəhəri, Vidadi küçəsində yerləşən 0,0588 ha torpaq sahəsi və üzərində yerləşən 27 saylı fərdi yaşayış evinin açıq auksion formasında satışa çıxarılmasına dair keçiriləcək ilkin və təkrar hərracın vaxtı və yeri barədə iddiaçı məlumatlandırılmışdır.
12. Məhkəmə “İpoteka haqqında” Qanunun 34.1, 39.2, 41, 42.1, 44, 53.1, 53.2, 53.3, Mülki Məcəllənin 269.1, 317.1, 319.1, 416-cı maddələrinə istinad edərək hesab etmişdir ki, iddia tələbi ə sassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(005)-3479/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 noyabr 2021-ci il tarixli, 2(103)-10470/2021 nömrəli qətnaməsi ilə (hakim A.V.Tanrıverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(005)-3479/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
16. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 noyabr 2021-ci il tarixli, 2(103)-10470/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti iddia ərizəsində qeyd olunan hallara istinad olunmaqla onunla əsaslandırılmışdır ki, apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsi “İpoteka haqqında” Qanunun 34.1, 39.2, 41, 42.1, 53.1-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 219, 220-ci maddələrinin pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, mübahisə məhkəmənin icraatında olduğu zaman icra şöbəsi tərəfindən icraat dayandırılmamış, əmlakın satışı ilə bağlı icra hərəkətləri keçirilmiş və banka təklif olunmuşdur. Həmçinin hərracın nə birinci, nə də ikinci mərhələsi ilə bağlı mülkiyyətçi olaraq kassatora heç bir məlumat verilməmiş, qeydiyyatda olduğu ünvana hər hansı bir rəsmi məlumat daxil olmamışdır.
18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
19. Cavabdeh Bank "xxxx" ASC kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Etiraz onunla əsaslandırılmışdır ki, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətində istinad olunan maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Kassasiya baxışının hədləri:
21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub -olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
22. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayı bsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etd iyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 24. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predme tini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab ol unur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində b axır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi h üquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır.
28. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hərrac təşkilatı tərəfindən işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etdiyi sübutlarla (poçt xəbərnamələri ilə) müəyyən olunmuşdur ki, hərracın keçirilməsinin vaxtı və yeri barədə bildirişlər iddiaçının yaşadığı, ipoteka predmeti olan ünvana göndərilmiş və imza edilməklə həmin ünvanda təqdim olunmuşdur. Bildirişlərin iddiaçının ailə üzvləri və ya ünvanlarında yaşayan digər şəxs tərəfindən ona təqdim olunmaması keçirilmiş hərracın etibarsız hesab olunması üçün əsas ola bilməz.
29. Kassasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi barədə məlumat Cavabdeh2nə 04 dekabr 2020-ci il tarixdə, yəni mübahisəli alqı-satqı müqaviləsi bağlandıqdan və əmlak üzərində ipoteka saxlayanın mülkiyyət hüquq qeydə alındıqdan sonra daxil olmuşdur. İddiaçı hərrac barədə məlumatlandırıldığı halda, ağlabatan müddətdə apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şik ayətinin verilməsini təmin etməmişdir.
30. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 noyabr 2021-ci il tarixli, 2(103)-104 70/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.