Məhkəmə qərarları › İş №2(102)-3976/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3976/2022

14.06.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3976/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş kommersiya məhkəməsinə aiddir Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Rəsulbəyova Nigar İmran qızı və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinə xitam verilməsi, reyestrdən çıxarışın etibarsız hesab edilməsi və torpağın qaytarılması tələbinə dair Sabirabad Rayon Məhkəməsinin 2(056)-1852/2021 nömrə li iş üzrə 16 dekabr 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı və ya Bələdiyyə) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı Bələdiyyənin xx.xx.2013-cü il tarixli qərarı əsasında cavabdehlə bağlanmış xx.xx.2014-cü il tarixli torpaq icarə müqaviləsinə xitam verilməsi, həmin müqavilə əsasında cavabdehin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və həmin sahənin bələdiyyənin sahibliyinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etmişdir.

2. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə vəsatət təqdim edərək, mülki işin baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

3. Vəsatət onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanında qeydiyyatdan keçmiş fərdi sahibkar kimi mübahisəli torpaq sahəsində yonca bitkilərinin becərilməsi və satışı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Belə olan halda, hazırkı iddia tələbi sahibkarlıq subyektinə qarşı yönəlməklə onun sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan mübahisəyə ümumi məhkəmə tərəfindən deyil, kommersiya məhkəməsi tərəfindən baxılmalıdır.

4. Sabirabad Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(056)-1852/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə (hakim N.Bağırov) vəsatət təmin olunmamışdır.

5. Cavabdeh həmin qərardaddan şikayət vermiş, şikayətini vəsatətdə qeyd olunan dəlillərlə əsaslandırmışdır.

6. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Əsaslandırıcı hissə

7. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 25.1, 26.1-cı maddələrinə istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə deyil, daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat nəticəsində verilən reyestrdən çıxarışın ləğv edilməsi ilə bağlı olduğundan iddia tələbinə ümumi məhkəmədə baxılmalıdır.

8. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiall arını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalı və mülki iş baxılması üçün aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir.

9. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

10. Həmin Məcəllənin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qa ydasında kommersiya məhkəmələri baxır. 11. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyy ətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).

12. Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyi n tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəm ələrində baxılmalıdır (bənd 23)

13. Baxılan işdən görünür ki, xx.xx.2014-cü il tarixdə Bələdiyyə ilə cavabdeh arasında kənd təsərrüfatı təyinatlı 13,5 ha torpaq sahəsinin 50 il müddətinə icarəsinə dair torpaq icarəsi müqaviləsi bağlanmışdır. Cavabdeh kommersiya qurumlarının dövlət reyestrində fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir (VÖEN: **********).

14. Göründüyü kimi, mübahisəli hüquq münasibəti üzrə əsas tələb bələdiyyə ilə sahibkarlıq subyekti arasında mülki hüquqi əqddən irəli gələn iqtisadi məzmunlu mübahisədir, iddiaçının digər tələbləri əsas tələbdən irəli gəlməklə, həmin tələb təmin olduğu halda onun hüquqi nəticələrinin təmin olunması ilə bağlıdır. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Ona görə də hazırkı işə kommersiya məhkəməsində baxılmalıdır.

15. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəflərin subyekt tərkibini və mübahisəli hüquq münasibətinin xarakterini düzgün qiymətləndirməyərək, işin kommersiya məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin etməmişdir.

16. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kassasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi b arədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər (403-1.8.2.)

17. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1852/2021 nömrəli iş üzrə 16 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinə xitam verilməsi, reyestrdən çıxarışın etibarsız hesab edilməsi və torpağın qaytarılması tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar