Məhkəmə qərarları › İş №2(102)-4112/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4112/2022

03.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4112/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi, həmçinin iddiaçı Cavabdeh2 cavabdeh "Yeni Yasamal” MTK-ya qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair birləşdirilmiş iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsızlığı, yeni inşa olunan binada yaşayış sahəsinin təhvil verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(103)619/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. “Yaşayış binasında mənzil tikintisi haqqında” 01 iyun 2008-ci il tarixli müqavilə ilə Cavabdeh1 MTK ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 155,6 kv.m. olan, 3 otaqlı, 101 saylı mənzili Cavabdeh2 verməyi, sonuncu isə mənzili qəbul etməyi və mənzilin dəyəri kimi müəyyən olunan 198389 manatı ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri tam ödənilmişdir. 2. 14 may 2011-ci il tari xli müqavilə ilə Cavabdeh1 MTK eyni mənzili İddiaçı verməyi, sonuncu mənzilin dəyəri kimi müəyyən olunan 62240 manatı ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixli maliyyə arayışında həmçinin mənzilin dəyərinin tam ödənilməsi qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində birinci iş üzrə icraat

3. İddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən binanın 1ci giriş, 14-cü mərtəbədə, ümumi sahəsi 155,6 kv.m. olan, 3 otaqlı, 101 saylı mənzillə bağlı maneələrin törədilməsinin cavabdehə qadağan edilməsi b arədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil 01 iyun 2008-ci il tarixli müqaviləyə əsasən iddiaçıya məxsus olmaqla, dəyəri tam ödənilmişdir. Buna baxmayaraq, cavabdeh MTK iddiaçıya mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneçilik törətməklə, ondan əlavə haqq tələb edir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(004)2544/2018 nömrəli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia təmin olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən binanın 1-ci giriş, 14-cü mərtəbədə, ümumi sahəsi 155,6 kv.m. olan, 3 otaqlı, 101 saylı mənzil ilə bağlı iddiaçı Cavabdeh2 Xuduş oğluna münasibətdə maneələrin törədilməsi Cavabdeh1 MTK-ya qadağan edilməsi qət edil mişdir.

6. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 152.1, 152.3, 152.5, 228.1-ci maddələri ilə əsaslandırmışdır. b) Birinci instansiya məhkəməsində ikinci iş üzrə icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbədə, ümumi sahəsi 155,6 kv.m. olan, 3 otaqlı, 101 saylı mənzilə dair cavabdehlər arasında 2015-ci ildə verilmiş, 01 iyun 2008-ci il tarixli qeyd edilmiş “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi və mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddian onunla əsaslandırılmışdır ki, iddiaçı ilə MTK arasında mübahisə predmeti olan mənzilin tikintisinə dair 14 may 2011-ci il tarixdə müqavilə bağlanmış, mənzilin dəyəri olan 62240 manat iddiaçı tərəfindən tam ödənilmiş və buna dair həmin tarixli maliyyə arayışı verilmişdir. Lakin, MTK müqavilə üzrə öhdəliklərini tam şəkildə yerinə yetirməmiş, dəfələrlə müraciət etməsinə baxmayaraq, mənzili iddiaçıya təhvil verməmişdir. İddiaçı 2017-ci ilin əvvəllərində mənzilin vəziyyətinə baxmaq üçün gedən zaman orada təmir işləri aparıldığını görmüş, təmiri dayandıraraq mənzilin kilidini dəyişmiş və MTK-nın ofisinə gələrək bu barədə soruşduqda, mənzilin 2015-ci il tarixli müqaviləyə 01 iyun 2008-ci il tarixi qeyd edilməklə digər Cavabdeh2 verildiyini bilmişdir. Sonuncunun tanışı Namiq Həsənov adlı şəxslə aralarında 101 saylı mübahisəli mənzilin əvəzində həmin binada 189 saylı mənzilin alqı-satqısına dair 29 dekabr 2017-ci il tarixli ilkin müqavilə bağlamış, lakin sonradan həmin mənzilin də Əzizə Rəhimova adlı başqa bir şəxsə məxsus olduğu aşkar olunmuşdur. Cavabdeh MTK-nın direktoru Cahangir Alışov və Habil Fətəliyev barəsində açılmış cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış Cavabdeh2 dindirmə protokolunda MTK-ya verdiyi 121000 manat dəyərində tikinti materialları və sonradan əlavə ödədiyi 31000 manatın qarşılığında 2015-ci ilin əvvəllərində 101 saylı mənzilə dair MTK ilə aralarında müqavilə bağlanması və maliyyə arayışı verilməsini, mənzilə görə ümumilikdə 154000 manat ödəməsinə baxmayaraq müqavilədə dəyərinin 198389 manat göstərilməsini və onunla bağlanmış müqavilənin tarixinin 01 iyun 2008-ci il göstərilməklə, daha əvvəl bağlanmış kimi göstərildiyini bildirmişdir. İş üzrə təqsirləndirilən şəxslər də oxşar məzmunda ifadə vermişlər. Göründüyü kimi, mübahisəli mənzilə dair cavabdehlər arasında müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlandığından etibarsız əqddir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(001)1784/2021 nömrəli qətnaməsi ilə (hakim F.V.Abdıyev) iddia rədd olunmuşdur.

10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 125ci, Mülki Məcəlləsinin 5.3, 152.1, 152.2, 152.3, 09 fevral 2018-ci il tarixədək qüvvədə olmuş 178.8, 337.1, 385.1, 405.1, 425.1, 452.1, 752.1, 752.2, 762.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli qərarına istinad edərək hesab etmişdir ki, təşkilatı hü quqi formasından, müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq tərəflər arasında bağlanmış müqavilələr hüquqi təbiətinə görə podrat müqavilələridir. Bir mənzilə dair müxtəlif şəxslərlə podrat müqaviləsinin bağlanması və bir mənzilin eyni zamanda müxtəlif şəxslərin istifadə və sahibliyinə verilməsi həm faktiki, həm də hüquqi baxımdan qeyri-mümkündür. Belə olan halda, hazırki vəziyyətdə mənzilin qanuni sahibi və istifadəçisi olan, habelə mənzilə dair mülkiyyət hüququnun əldə edilməsində üstün hüquqa malik olan (bu hüququ əldə etmək üçün real hüquqi gözləntiyə malik olan) şəxsin müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir.

11. Bu baxımdan tarix etibarı ilə həmin mənzilə dair ilk müqavilə 2008-ci il tarixdə Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış və bu şəxs həmin müqavi lə üzrə mənzilin dəyərini təşkil edən pul vəsaitini ödəməklə müqavilə üzrə üzərinə götürmüş əsas öhdəliyini yerinə yetirmişdir. Bundan sonra da mənzil onun tərəfindən təmir etdirilmiş və hazırda o, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Başqa sözlə, Cavabdeh1 MTK-nın həmin mənzilin müqavilə üzrə müəyyən edilmiş dəyərini tam ödəməklə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş Cavabdeh2 təhvil verilməsi öhdəliyi əmələ gəlmiş, yəni bu mənzilə münasibətdə ilk olaraq məhz bu şəxsin hüquqları (istifadə, sahiblik və sair hüquqları) yaranmışdır. Mənzil bu səbəbdən ona təhvil verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə mübahisəli mənzilin məhz cavabdehə məxsus olması bir daha öz təsdiqini tapmışdır. Nəticə etibarı ilə Cavabdeh1 MTK artıq ona hə r hansı aidiyyəti olmayan və başqasının istifadə və sahibliyində olan mənzillə bağlı 2011-ci il tarixdə iddiaçı ilə müqavilə bağlamışdır. Bu baxımdan cavabdehin deyil, əksinə onun müqaviləsi mübahisəli mənzilin təhvil verilməsi hissəsində etibarsızdır.

12. Məhkəmə eyni zamanda onu da qeyd etmişdir ki, mövcud vəziyyətdə iddiaçı cavabdehlərə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil, bu hal da öz növbəsində iddianın rədd edilməsini şərtləndirir. c) Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs qismində apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(004)-2544/2018 nömrəli qətnaməsinin ləğ v edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

14. O, həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(001)-1784/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 yanvar 2022-ci il tarixli, 2(103)-619/2022 nömrəli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(103)-619/2022 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Eyvazovun sədrliyi və məruzəsi ilə, Ş.A.Məmmədovadan və F.F.Babayevdən ibarət tərkibdə) hər iki apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəmələrinin qətnamələri apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədə n saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh2 mübahisəli mənzilə daha əvvəl faktiki sahiblənmiş, mənzil ona təhvil verilərək təmir olunmuşdur.

18. Bununla yanaşı, apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 daha əvvəl (2018-ci ilin əvvəlləri) Cavabdeh1 MTK-ya qarşı iddia qaldıraraq, MTK tərəfindən ona məxsus mənzilə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələrin qadağan edilməsini xahiş etmişdir. Hazırda mənzil Cavabdeh2 sahiblik və istifadəsindədir (ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır). Eyni zamanda birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş şəxslər (qonşular) da ifadələrində mübahisəli mənzilin sahibi kimi yalnız C avabdeh2 tanıdıqlarını, sonuncunun uzun müddətdir ki, orada yaşadığını təsdiq etmişlər. Belə olan halda, yəni sözügedən əmlak Cavabdeh2 faktiki sahibliyinə verildiyindən qanunvericiliyin tələbinə əsasən mənzilə dair üstünlük müqavilənin hansının daha əvvəl bağlanmasından asılı olmayaraq xeyrinə icra edilmiş kreditorundur. Bu qayda təbii ki, mənzilə dair onunla bağlanmış müqavilənin etibarlı əqd olduğu hallara aiddir.

19. Daha sonra məhkəmə qeyd etmişdir ki, fərdi müəyyən əşyanın verilməsinə dair bir neçə müqavilə bağlandıqda, yuxarıda qeyd olunan əsaslardan hər hansı birinə uyğun olaraq onlardan birinə üstünlük verilməsi, digər müqavilələrin etibarsızlığı nəticəsini doğurmur. Çünki qanunvericilikdə fərdi müəyyən əşyaların alqı-satqısı baxımından belə bir etibarlılıq şərti nəzərdə tutulmayı b, əksinə MM-in 452.1-ci maddəsinin son iki cümləsində nəzərdə tutulan müddəalar bu müqavilələrin hamısının etibarlı olduğunu göstərir. Normanın mənasına görə, fərdi müəyyən əşyanın başqasına verilməsinə dair bir neçə şəxslə müqavilə bağlanmışsa və onlardan hansının əvvəl bağlandığı müəyyənləşdirilə bilinmirsə, kim bununla bağlı daha əvvəl iddia irəli sürmüşsə üstünlük ona verilir. Əgər ilk müqavilədən sonra bağlanmış müqavilələr etibarsız olsaydı, belə hesab olunardı ki, məhkəmə etibarsız müqaviləyə əsaslanaraq ilk iddia sürənin tələbini təmin etmişdir. Halbuki, müqavilə etibarsızdırsa, onda məhkəmə qərarı ilə təmin olunmalı bir haqq da olmaz. Baxılan işdən görünür ki, Cavabdeh1 MTK tərəfindən mübahisə predmeti olan mənzilə dair xx.xx.2008-ci il tarixdə Cavabdeh2lə, xx.xx.2011-ci il tarix də isə İddiaçıla müqavilə bağlanmış, öhdəlik Cavabdeh2 xeyrinə icra edilmişdir (mənzil ona təhvil verilmişdir). Hazırda İddiaçı mübahisəli mənzilə dair İddiaçıla bağlanmış müqavilənin etibarsızlığının təsbit olunmasını tələb edərkən, onu arxa tarixlə bağlanmasına, mənzilin tikinti materiallarının alqı-satqısına görə yaranmış borc qarşılığında verilməsinə və mənzilin dəyərinin ödənilmiş məbləğdən və real bazar dəyərindən artıq göstərilməsinə istinad etsə də, məhkəməyə qeyd olunanları təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir.

20. Hətta, cinayət işinin istintaqı zamanı verilmiş ifadələr baxımından şərti olaraq Cavabdeh2lə müqavilənin İddiaçı iddia etdiyi kimi sonradan bağlanması halı qəbul edilsə belə, yenə də işin müəyyən olunmuş faktiki halları və qanunvericiliyin yuxa rıda qeyd edilən normasının tələbləri baxımından öhdəlik Cavabdeh2 xeyrinə daha əvvəl icra edildiyindən və mənzil ona təhvil verildiyindən əmlak üzərində məhz sonuncunun hüquqları qorunmalıdır. Müqavilənin tarixinin fərqli qeyd olunması (yuxarıda qeyd edildiyi kimi bu halı şərti olaraq qəbul etsək belə) isə özü-özlüyündə əqdin əhəmiyyətsizliyi ilə nəticələnə bilməz. Hazırki vəziyyətdə müqavilə tərəfləri də əqdi təsdiq etməklə onu şübhə altına almamışlar.

21. Bununla yanaşı, İddiaçı öz iddia ərizəsinin məzmunundan və işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 03 sentyabr 2020-ci il tarixli qərarından aşkar şəkildə görünür ki, 2017-ci il tarixdə onun sözügedən mənzilə dair Cavabdeh2lə müvafiq müqavilə bağlanmasından xəbəri olmuş və o, bu müqaviləni qəbul edərək, həmin binada başqa bir mənzilin (189 saylı mənzil) ona verilməsinə razı olmuş, bu barədə özünün sərbəst iradəsinə əsasən müvafiq müqavilə bağlanmış, hətta məhkəmədə iddia qaldıraraq 189 saylı mənzilin ona təhvil verilməsini tələb etmiş, lakin iddiası təmin olunmamışdır (həmin mənzil üzərində başqa şəxsin əmlak hüquqları mövcud olmuşdur). Bu hal işdə olan Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Yasamal Rayon Məhkəməsinə ünvanladığı 15 may 2018-ci il tarixli məktubundan da görünür. Orada qeyd edilmişdir ki, mübahisəli mənzilə dair MTK ilə İddiaçı arasında 14 may 2011-ci il tarixli müqavilə bağlansa da, 2017-ci ilin may ayında sonuncuya həmin mənzilin əvəzinə 189 saylı mənzilin verilməsi barədə 14 may 2011-ci il tarixli müqavilə və maliyyə arayışı təqdim edilmişdir. Göründüyü kimi, İddiaçı həm in vaxtı mövcud vəziyyətlə razılaşmış, faktiki olaraq mübahisəli mənzildən imtina edərək, onu sahibliyinə qəbul etməmiş (bu istiqamətdə hər hansı mübahisə açmamış) digər mənzilin verilməsini qəbul etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(103)-619/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 152.1, 157, 158, 337, 452.1, 752-ci, Mülki Prosessual Məcəllənin 2, 82.4, 217 və 372-ci maddələrinin tələbləri pozulmuşdur. B elə ki, İddiaçı mülkiyyət hüququ pozulmuş, mübahisəli mənzilə dair Cavabdeh2 ilə MTK arasında müqavilə arxa tarixlə bağlanmış və həmin müqavilə bağlanarkən MTK-nın buna səlahiyyəti olmamış, sonuncu ilə bağlanmış müqavilə saxta olmuşdur. Apellyasiya instansiyası məhkəməsi X1 Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə müəyyən olunmuş halları nəzərə almamış, sübutara düzgün hüquqi qiymət verməmişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, mübahisəli mənzil üzərində kassatorun mülkiyyət hüquqları 20 sentyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədlər i:

25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

26. Kassator apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kredit orun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci madd əsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiy a şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları d üzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətlərinin dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlinmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələblərinin hüquqi əsasını Mülki Məcəllənin 452.1-ci maddəsi təşkil edir. Həmin normaya əsasən isə borclu, fərdimüəyyən olan eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən kreditora mə xsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Yəni, fərdi-müəyyən əşyanın üçüncü şəxsin sahibliyinə verilməsi faktı müəyyən edildiyi təqdirdə alıcılardan (kreditorlardan) hansının müqaviləni daha əvvəl bağlamasının hüquqi əhəmiyyəti yoxdur. Çünki, qanun, müqavilələrin tarixini o halda həlledici sayır ki, əşya nə onu tələb edən kreditora, nə də üçüncü şəxsə verilməmiş olsun. Əgər əmlak hələ verilməmişsə, onda öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur.

32. Hazırki işin məhkəmələr tərəfindən müəyyən olunan və mübahisələndirilməyən halı ondan ibarətdir ki, mübahisəli mənzil artıq Cavabdeh2 təhvil verilmiş və onun faktiki istifadəsindədir. Belə olan halda mənzilə üstünlük hüququ məhz sonuncuya məxsusdur.

33. Məhkəmə kollegiyası həmçinin razılaşır ki, kassatorun 2017-ci il tarixdə mübahisəli mənzilə dair MTK və Cavabdeh2 arasında müqavilə bağlanmasından xəbəri olmuş və o, bu müqaviləni qəbul edərək, həmin binada başqa bir mənzilin (189 saylı mənzil) ona verilməsinə razı olmuş, bu barədə özünün sərbəst iradəsinə əsasən müvafiq müqavilə bağlanmış, sonradan məhkəmədə iddia qaldıraraq 189 saylı mənzilin ona təhvil verilməsini tələb etmiş, lakin həmin iddiası ikinci mənzilə də başqa şəxsin əmlak hüquqlarının mövcud olması əsası ilə təmin olunmamışdır. Bununla da, İddiaçı həmin vaxtı mövcud vəziyyətlə razılaşmış və faktiki olaraq müba hisəli mənzildən imtina edərək, onu sahibliyinə qəbul etməmişdir.

34. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, fərdimüəyyən əşya olan mənzilə MM-in 452.1-ci maddəsinə əsasən Cavabdeh2 üstün hüquqları müəyyən edildiyindən, sonuncu ilə müqavilənin faktiki hansı tarixdə bağlanması əhəmiyyət kəsb etmir. Belə ki, müqavilə onu bağlanmış şəxslərlə bəyənildiyi üçün, tarixi düzgün qeyd olunmadığı halda da, müqavilə etibarsız hesab oluna bilməz. Başqa sözlə Cavabdeh2 ilə MTK arasında bağlanmış müqavilənin zamanca İddiaçı ilə bağlanmış müqavilədən sonra imzalanmasına qəbul etsək belə, müqavilənin predmeti olan mənzil Cavabdeh2 faktiki təhvil verildiyindən, MM-in 452.1-ci maddəsinə əsasən üstünlük ona məxsusdur. Odur ki, MTK və Cavabdeh2 arasında müqavilənin arxa t arixlə bağlanması, cinayət işi üzrə müəyyən olunan halların nəzərə alınmamasına dair kassasiya şikayətinin dəlilləri əsassız hesab olunmalıdır.

35. Mübahisəli mənzilin artıq kassatorun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bununla bağlı dəlillər apellyasiya instansiyası məhkəməsində irəli sürülməmiş, müvafiq sübutlar həmin məhkəməyə təqdim olunmamışdır. Mənzil üzərində kassatorun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 20 sentyabr 2019-cu il tarixdə qeydə alınsa da, müvafiq çıxarışın surəti yalnız hazırki kassasiya şikayətinə əlavə olunmuşdur. Halbuki, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır və yeni sübutları qəbul etmir.

36. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki ha llarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin M əcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

38. Göstər ilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(103)-619/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar