Məhkəmə qərarları › İş №2(102)-4118/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-4118/2024

24.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4118/2024 24.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARI (Açar sözlər: mülkiyyətçinin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmə hüququ, hüquqdan sui-istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1170/2024 nömrəli, 29 avqust 2024-cü il tari xli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X6 mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,06 ha torpaq sahəsinin 0,03 ha hissəsini 07 dekabr 2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 4000 manata İddiaçı satmışdır. Alğı-satqı müqaviləsini satıcının nümayəndəsi kimi X5 imzalamışdır.

2. Abşeron rayonu, Məmmədli kəndindəki 0,03 ha torpaq sahəsi (yaşayış məntəqələri torpaqları kateqoriyalı) üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində (**********62 reyestr, ********* qeydiyyat nömrəsi ilə) xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, həmin torpaq sahəsinə plan və ölçü sənədi tərtib edilmiş və xx.xx.2022-ci ildə X9 ki tabında qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma, əmlakın təhvil verilməsi və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,03 ha zəbt edilmiş torpaq sahəsindən Cavabdeh1 və bütün ailə üzvlərinin məcburi qaydada çıxarılması, həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməklə, əmlaka dair mülkiyyət hüququnun bərpa edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən ve rilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Bir müddət bundan əvvəl ona məlum olmuşdur ki, Cavabdeh1 başqa bir ünvanda-ünvan 1atda olmasına baxmayaraq ailə üzvləri ilə birlikdə onun mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsini zəbt etmişdir. O, buna etiraz etmiş, lakin cavabdeh torpaq sahəsini boşaltmaqdan imtina etmişdir. Bu isə onun həmin torpağa dair mülkiyyət hüquqlarını pozur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

5. İddiaçı sonradan məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,03 ha zəbt edilmiş torpaq sahəsindən Cavabdeh1 və bütün ailə üzvlərinin, yetkinlik ya şına çatmayan X4 və Cavabdeh2 məcburi qaydada çıxarılmaları, Cavabdeh1 tərəfindən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,03 ha zəbt edilmiş torpaq sahəsində özbaşına tikilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi, ərazidən yığışdırılaraq çıxarılması, torpaq sahəsinin boşaldılması, torpaq sahəsinin iddiaçının sahibliyinə təhvil verilməsi, zəbt edilmiş torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadə və sahibliyə olan maneələrin dayandırılması, həmin torpağa mülkiyyət hüququnun bərpa edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsini dəyərini hissə-hissə ödəməklə 2009-cu ildə Nazim adlı şəxs dən almış, 2011-ci ildə isə orada öz hesabına ev inşa etdirərək orada yaşamağa başlamışdır.

7. Məhkəmənin 2023-cü il 5 iyul tarixli e-2(012)-2362/23 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9164 saylı ekspert rəyində göstərilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Sərxan Əhmədovun tərtib etdiyi xx.xx.2023-cü il tarixli, 3-213-32/2-14155/2023 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********62 reyestr, ********* qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsu si mülkiyyətində olan Abşeron rayonu, Məmmədəli kəndindəki 0.03 ha torpaq sahəsinin plan və ölçüsünün koordinatları ilə Cavabdeh1 faktiki istifadəsində olan torpaq və fərdi yaşayış evinin koordinatları üst-üstə düşür. İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Məmmədəli kəndindəki 0.03 ha torpaq sahəsinin plan və ölçüsünün koordinatları ilə Cavabdeh1 faktiki istifadəsində olan 1 ədəd fərdi yaşayış evi və 1 ədəd sanitar qovşağının mövcud olması müəyyən edilir.

8. Abşeron Rayon Məhkəməsinin e-2(012)-115/2024 saylı, 2024-cü il 6 mart tarixli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddianın qismən təmin edilməsi, Cavabdeh1, yetkinlik yaşına çatmayan X4 və Cavabdeh2 İddiaçı mülkiyyətindəki Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsindən çıxarılmaları və Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,03 ha torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi, həmin torpaq sahəsində inşa edilmiş 1 ədəd fərdi yaşayış evi və 1 ədəd sanitar qovşağın cavabdehlərin hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və mütəxəssis rəyinə görə ödənilmiş 406 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı qaytarılması qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı hazırda ona məxsus 0,03 ha torpaq sahəsindən həmin daşınmaz əmlaka heç bir hüququ olmayan Cavabdeh1 və bütün ailə üzvlərinin, yetkinlik yaşına çatmayan X1 və Cavabdeh2 çıxarılmalarını, orada inşa edilmiş tikililərin sökülməsini xahiş edir. İşdən görünür ki, mübahisəli 0,03 ha torpaq sah əsi əvvəllər X3 mülkiyyətində olmuş, o isə həmin əmlakı xx.xx.2021-ci il tarixdə 4000 manat müqabilində İddiaçı satmışdır. Bu əmlakla bağlı onun adına reyestrdən çıxarış, habelə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Həmin sənədlər hazırda qüvvədədir.

10. Məhkəmə qeyd etmişdir ki, işin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli əmlaka dair heç bir hüquqları müvafiq orqanda qeydə alınmadığından onların bu daşınmaz əmlakdan istifadəsi qəbuledilməzdir. Mübahisəli torpaq sahəsin in zəbt olunması və orada qanunsuz tikililərin mövcudluğu iş materialları ilə, habelə mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur.

11. Bununla belə, məhkəmə qeyd etmişdir ki, iddia tələbinin əmlakdan Cavabdeh1 ailə üzvlərinin çıxarılması hissəsi konkret olmadığından, həmin hissədə iddianın təmin edilməsi mümkün deyildir. Məhkəmə izah etmişdir ki, qüvvədə olan prosessual qanunvericiliyə görə iddiaçı, konkret şəxslərə qarşı tələb irəli sürə bilər.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisəli torpaq sahəsini öz vəsaiti hesabına alması barədə Cavabdeh1 dəlilləri əsassızdır və iş materialları ilə təkzib olunur. Oradakı tikililər isə mövcud qanunverisiliklə nəzərdə tutulmuş qaydada inşa edilmədiyindən özbaşına tikinti hesab olunur.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Kon stitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 60-cı maddəsinə; Mülki Məcəllənin 27.2, 140, 152.1, 157.2, 157.4, 164.1, 165.1-ci; Mülki Prossesual Məcəllənin 14.2, 217.3, 218.3-cü maddələrinə, həmçinin İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsiə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, sözü gedən torpağı 2009-cu ildə Nazim (Tel: ***-***-**-**) adlı şəxsdən 10.500 dollara razılaşıb almışdır. Nazim adlı şəxslə razılaşması 0.03 torpaq sahəsini n ona evin 10.500 dollar dəyərində pulunu hissə-hissə ödəməklə satması olmuşdur. Borc tamamlandıqdan sonra isə torpaq adına keçirilməli idi. Həmin məbləğdən 3500 dollarını 2011-ci ildə, 2000 manatı isə təxminən 2019-cu ildə ödəmişdir. 2011-ci ildə Nazimin də razılığına əsasən həmin torpaq sahəsində kürsülü 3 otaqlı ev tikmişdir. Həmin evə dair kommunal müqavilələr də 2011-ci ildən o evdə yaşadığını sübut edir. O, İddiaçı tanımır və iddiaçı da məhkəməyə qədər onu tanımayıb. İddiaçının 2022-ci ildə adına rəsmləşdirdiyi torpaq üzərində 2011-ci ildə tikilmiş ev olsa da, torpaq sahəsini alması iddiaçının hiyləli formada torpaq sahəsini alaraq onu çıxarmaq məqsədi güdmüşdür. Onun torpağın ilk sahibinə pul ödəyib alması 2009-cu il, evi sözügedən torpaq üzərində tikməyi isə 2011-ci ildir. Buna gör ə 2022-ci ildə torpağı adına keçirmiş şəxsin onun torpağı zəbt etməsini iddia etməsi əsassızdır. Məhəmmədi qəsəbə bələdiyyəsi də onu həmin evin sahibi kimi tanıyıb, evə dair əmlak və torpaq vergilərini də ödəmişdir. Bütün bunlar sübut edir ki, İddiaçı iddiası əsassızdır.

16. Apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2-ci, Mülki Prosessual Məcəllənin 77, 88 və 217-ci maddələrinə istinadən əsaslandırılmışdır.

17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1170/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakimlər - İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Fuad Məmmədov və Lalə Rəhimli).

18. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, o, sözügedən mübahisəli torpaq sahəsini 2009-cu ildə almış və iddiaçı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi imzalayaraq mübahisəli torpaq sahəsini alarkən orada evin olmasını bilmişdir.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini və torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Çünki mülkiyyətçinin iradəsinə zidd və torpaq sahəsinin zəbt edilməsi mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Hazırda mübahisəli torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, **********62 reyestr, ********* qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı xüsusi mülkiyyətində olsa da, mülkiyyətə müdaxilə kimi müəyyən edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir. Bu zaman torpaq sahəsində ondan ə vvəl tikilinin inşa edilməsi mülkiyyətçiyə münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib sayılmır.

20. Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb tikili olan torpaq sahəsini alaraq, həmin torpaq sahəsində tikililəri inşa etmiş şəxsin torpaq sahəsindən çıxarılmasını tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı və orada əvvəl tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan 03 may 2011-ci il tarixli Cavabdeh1 elektrik enerjisinə görə şəbəkəyə borcunun olmasına dair 1318 №-li “razılaşma protokolu”, “Su təchizatı və tullantı sularının axıdılması xidmətinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlana n” xx.xx.2015-ci il tarixli müqavilə, həmçinin cavabdeh tərəfindən kommunal xidmətlərə görə ödənilmiş ödəniş qəbzləri ona əsas verir ki, cavabdeh mübahisə predmeti olan torpaq sahəsində iddiaçı tərəfindən torpaq sahəsi 2021-ci il tarixdə alınandan əvvəl tikili tikmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi qeyd edilən halları, iddiaçı tərəfindən torpaq sahəsi alınarkən orada tikilinin olub-olmamasını müəyyən etməsini nəzərə almadan iddiaçının torpaq sahəsinin mülkiyyətçisi olmasını, cavabdehin inşa etdiyi, dövlət reyestrində qeydə alınmamış tikilinin bir hissəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməklə özbaşına inşa edildiyini qeyd edərək iddianı qismən təmin etmişdir.

22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mülki münasibətlərdə riayət edilməsi zər uri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.

23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və y a müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

24. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

25. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçının ona məxsus torpaq sahəsi ndə tikilmiş tikilinin mövcudluğunu həmin torpağı almadan əvvəl də bildiyi halda cavabdehin zəbt etməsinə əsaslanaraq oradan çıxarılmasını tələb etmək hüququ hüquqdan sui-istifadə halının mövcudluğu səbəbindən qanunla müdafiə oluna bilməz.

26. Bununla əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş tikili olduğundan iddiaçı cavabdehə vurulmuş ziyan məbləğində kompensasiya verilməklə onun evdən çıxarılmasına dair müvafiq iddia ilə yenidən məhkəməyə müraciət edə bilər.

27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 16.1, 152.1, 152.5, 152.6, 157.2, 560.1, 560.2, 560.3.4-ci; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 384.0.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin v ə ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təçin olunması barədə yeni qərar qəbul еdilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qənaətinə görə cavabdehlərin mübahisəli əmlaka dair heç bir hüquqları müvafiq orqanda qeydə alınmadığından onların bu daşınmaz əmlakdan istifadəsi qəbuledilməzdir. Mübahisəli torpaq sahəsinin zəbt olunması və orada qanunsuz tikililərin mövcudluğu iş materialları ilə, habelə mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmasına baxmayaraq, apelyasiya instansiyası məhkəməsi yekunda haqsız o laraq əsaslı və qanuni iddianı tam təmin etmək əvəzinə iddianı təmin etməmişdir. Torpağı özbaşına zəbt etmiş şəxsin qanunla kompensasiya tələb etmək hüququ yoxdur.

30. Apellyasiya instansiyası məhkəməsi müəyyən edilmiş hallara və toplanmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə və mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə iş üzrə hüquqi hallara lazımi hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız ümumməlum normaların təsvirindən ibarətdir. Sumqayıt apellyasiya məhkəməsi mülki mühakimə icraatının fundamental prinsipini pozaraq yalnız və yalnız tərəflərin çəkişmə prinsipi əsasında təqdim e tdikləri sübut və dəlillərə qiymət verməli olduğu halda, yalnız bir tərəfin - cavabdehin iradə ifadəçisi rolunda çıxış etmiş, iddiaçının dəlillərinə isə hüquqi qiymət verməyərək səhv nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi tərəfindən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxmışdır. Belə ki, məhkəmə iclasından əvvəl iddiaçının nümayəndəsinin məhkəmə iclasının təxitrə salınması barədə ərizəsi verilmişdir. Həmin ərizədə yazılmışdır ki, iş məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixinə saat 14.45 təyin edilmişdir. Həmin tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində saat 14.30-da 2(008)-4593/2024 saylı mülki iş üzrə məhkəmə iclası təyin edilmişdir. Eyni tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində saat 15.30-da 2(010)-4021/2024 saylı mülki iş üzrə məhkəmə iclası təyin edilmişdir. Məhkəmə iclasların eyni tarixdə və saatlarda təyin edilməsini və Bakı şəhəri və Sumqayıt şəhərləri arasında olan məsafəni nəzərə alaraq məhkəmədən işə baxılmasının başqa tarixə təxirə salınması xahiş olunsa da məhkəmə həmin ərizəyə baxmayaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmənin iddiaçının cavabdehə vurulmuş ziyan məbləğində kompensasiya verilməklə onun evdən çıxarılmasına dair müvafiq iddia ilə yenidən məhkəməyə müraciət edə bilməsi barədə mövqeyi ilə razlşaımır. Çünki cavabdehin həmin torpaq sahəsinə heç bir hüququ yoxdur və buna görə də ona kompensasiya verilməsinin də hüquqi əsası yoxdur.

31. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13, 60-cı, Mülki Məcəlləsinin 152.1, 152.5, 152.6, 152.7, 560.1, 560.2, 560.3.4-cü və Mülki Prossesual Məcəlləsinin 14, 88 və 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

33. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.

34. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. S osial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.

35. Maddə

60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

37. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

38. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək m üqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.

39. Maddə 16.1 fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

40. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

41. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəx slərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

42. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

43. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

44. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlər ə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

45. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

46. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

47. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

48. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.

49. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

50. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

51. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

52. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

53. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

54. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud tə sdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

55. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.

56. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

57. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

60. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübu tun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

65. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

66. Hakim. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına isti nad etməyə yol verilmir.

68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

70. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

72. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün q ətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

74. Belə ki, iddia tələbi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin sökülməsi və cavabdehin torpaq sahəsindən çıxarılması barədədir.

75. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

76. Baxılan işdə də məhkəmələr müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə alğı-satqı müqaviləsi əsasında keçmiş və mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

77. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsində və ya onun bir hissəsində cavabdeh tərəfindən tikili inşa edilib edilməməsinin müəyyən edilməsindən ibarətdir.

78. İşə baxmış məhkəmə kollegiyası ekspertiza rəyinə istinad etməklə müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikili yerləşir. İddiaçı evin inşa edilməsinə razılıq vermədiyini bildirmişir.

79. Bu halda iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətind ə olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək, habelə 180-ci maddəsində nəzərdə tutulmuş özbaşına inşa edilmiş tilinin sökülməsi üçün müraciət etmə hüquqlarından çıxış etməklə cavabdehin onun torpaq sahəsində inşa etdiyi tikilinin sökülməsini tələb etmək hüququ vardır.

80. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

81. Həmçinin Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan suiistifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

82. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

83. Mövcud vəziyyət, işin hallarına həm də Mülki Məcəllənin 560.1-ci maddəsində müəyyən olunmuş hüquqdan sui-istifadənin yolverilməzliyi barədə müddəaları əsasında qiymət verilməsini tələb edirdi. Çünki evin inşa edilməsi və cavabdehin oradan istifadəsi, zaman baxımından kifayət qədər uzun müddəti əhatə edir. Bu halda əvvəlki mülkiyyətçinin evin inşa edilməsinə etiraz edib-etməməsi, tikintinin dayandırılması üçün səlahiyyətli icra hakimiyyəti orqanlarına və ya məhkəməyə müraciət etməməsi sual doğurur.

84. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də işin hallarını bu əsaslar üzrə yoxlamış və iddia tələbini rədd e tmişdir. Məhkəmənin gəldiyi nəticə və əsaslandırması qanunidir.

85. Nəzərə alınmalıdır ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

86. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.

87. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əs asən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

88. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı).

89. Qanunvericilikdə nəzərdə tutulmuş bu normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır.

90. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.

91. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növ bədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir (X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli qərar).

92. Apelyasiya instansiyası məhkəməsinin qərarı bu tələblərə uyğundur.

93. Kassatorun məhkəmə icla sında iştirakının təmin edilməməsi barədə dəlilləri də əsassızdır. Belə ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü ildə keçirilmiş məhkəmə iclası barədə iddiaçıya lazımi qaydada məlumat verilmiş, həmin iclasda iddiaçının (nümayəndəsi) vəkili iştirak etmiş, iddia tələbi və apelyasiya şikayəti üzrə izahat vermiş, məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınmış, bu barədə iddiaçıya və nümayəndəsinə məlumat verilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etməmiş, cavabdehin iştirakı ilə məhkəmə iclası davam etdirilmiş və üçüncü şəxsin cəlb olunması ilə bağlı məhkəmə iclası təxirə salınaraq, xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Lakin iddiaçının nümayəndəsi (vəkili) sonun cu məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ünvanladığı ərizədə həmin gün onun başqa mülki işlərlə bağlı Sabunçu və Suraxanı Rayon Məhkəmələrində keçirilən məhkəmə iclaslarında iştirak etməli olduğu əsas göstərməklə, məhkəmə iclasının təxirə salınması xahiş etmişdir.

94. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin həmin vəsatəti məhkəmə iclasının təxirə salınması üçün əsas ola bilməz. Belə ki, MPM-in 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

95. Həmin Məcəllənin 185.3-cü maddəsinə əsasən, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəbl ərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır.

96. Həmin Məcəllənin 185.6-cı maddəsində göstərilmişdir ki, işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər.

97. Göründüyü kimi işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olan hal deyildir. Həmçinin məhkəmə iclasının təxirə salınması üçün iddiaçı müraciət etməmişdir. Bundan başqa, məhkəmə iclasının təxirə salınması barədə ərizəyə əlavə olunmuş sənəddə (səh. 217), nümayəndənin (vəkilin) istinad etdiyi başqa məhkəmələrdə baxılan mülki işlərdə (Sabunçu Rayon Məhkəməsində xx.xx.2024-cü il tarixd ə saat 14.30–da təyin edilən 2(008)-4593/2024 saylı, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində xx.xx.2024-cü il tarixdə saat 15.30–da təyin edilmiş 2(010)- 4021/2024 saylı) nümayəndə və ya vəkil olmasını təsdiq edən hər hansı məlumat əksini tapmamışdır.

98. Kassasiya şikayətlərinin digər dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

99. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

100. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tər əfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

101. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1170/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar