Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4250/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə borcun qaytarılması, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2(103)2516/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 24 oktyabr 2018-ci il tarixli müqavilə ilə İddiaçı MMC Cavabdeh tikinti materialları (qatqılar) satmışdır. 2. 30 aprel 2019-cu il tarixli üzləşmə aktına əsasən Cavabdeh İddiaçı MMC-yə 24560 manat məbləğində borcun olduğu müəyyən edilmişdir. Həmin akt Cavabdeh tərəfindən imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24560 manat borc məbləğinin, borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 2456 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, cəmi 27046 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsasl andırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya müəyyən olunmuş borcdan ödəniş edilməmişdir.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(007)3588/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 24 oktyabr 2018-ci il tarixli müqavilə üzrə Cavabdeh 24560 manat, həmin vəsaitin gecikdirilməsinə görə illik 5% hesablanmaqla 2456 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla, ümumilikdə 27046 manat vəsaitin İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh əşyanın qiymətinin şərti müqabilində əşyanı alması barədə iddiaçı qarşısında öhdəlik götürdüyündən, m üqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, cavabdeh 24560 manat məbləğində borcun olduğunu üzləşmə aktında öz imzası ilə təsdiq etdiyindən, müqavilə üzrə ödənilmiş 24560 manat borc məbləğinin və həmin borcun gecikdirilməsinə görə həmin vəsaitin illik 5% hesablanmaqla 2456 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3, 443.1, 449.1, 449.2, 567, 600.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(007)-3588/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməs inə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2(103)-2516/2022 nömrəli qətnaməsi ilə (hakim Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovdan və R.M.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(007)3588/2021 nömrəli qətnaməsi tutulacaq pul vəsaitinin məbləği hissəsində dəyişdirilmiş, 24 oktyabr 2018-ci il tarixli müqavilə üzrə Cavabdeh 21116 manat, həmin vəsaitin gecikdirilməsinə görə illik 5% hesablanmaqla 2111,60 manat, cəmi 23227,60 manat vəsaitin İddiaçı MMC-nin xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
10. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının nümayəndəsinin apellyasiya məhkəməsində verdiyi izahatla, həmçinin təqdim etdiyi borcun məbləği barədə arayışla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya borclu olduğu məbləğdən 11 may 2019-cu il tarixdə 444 manat və 01 may 2019-cu il tarixdə 3000 manat ödənişlər etmiş, qalıq borc məhkəmədə iddia qaldırılan vaxta 21116 manat olmuşdur.
11. Apellyasiya instansiya məhkəməsi iddiaçının nümayəndəsinin borcun məbləğinin 21116 manat olmasını qəbul etdiyini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi borcun məbləği hissəsində dəyişdirilməli və cavabdehdən tutulacaq məbləğ 21116 manat müəyyən olunmaqla, borcun ödənilməsinin gecikdirilməsinə görə, həmin vəsaitə illik 5% hesablanmaqla, 2111,60 manat, cəmi 23227,60 manat cavabdehdən tutulmalıdır.
12. Məhkəmə cavabdehin borc məbləğindən 7000 manat ödənildiyindən, təqdim edilmiş qəbzlər nəzərə alınmaqla, həmin məbləğdə azaldılma barədə dəlillərə münasibətdə qeyd etmişdir ki, cavabdehin təqdim etdiyi qəbzlər əvvəla kserosurət olduğu üçün sübut kimi qəbul edilə bilməz. Digər tərəfdən həmin qəbzlər sübut kimi qəbul edilsə belə, həmin qəbzlərdə ödənilən pulun məhz iddiaçıya ödənilməsi öz təsdiqini tapmır. Bu səbəbdən də məhkəmə borcun məbləği barədə cavabdehin nümayəndəsi və vəkilinin dəlillərini əsassız hesab etmişdir.
13. Bundan başqa apellyasiya instansiya məhkəməsi cavabdehin nümayəndəsi və vəkilinin birinci instansiya məhkəməsində icraat zamanı cavabdehə lazımi qaydada məlumat verilməməsi barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, həmin dəlillər əsas sızdır. Cavabdeh Türkiyə Respublikasının vətəndaşı olmaqla, Azərbaycan Respublikasında müvəqqəti yaşamış və məhkəmə miqrasiya xidmətinin verdiyi məlumata əsasən onun axırıncı yaşayış yerinə məlumat göndərmiş, həmçinin cavabdehin mobil telefon nömrəsinə 10 sentyabr 2021, 17 sentyabr 2021, 30 sentyabr 2021 və 14 oktyabr 2021-ci il tarixlərdə məhkəmə iclasının vaxtı barədə “SMS” bildirişlər göndərmişdir. Birinci instansiya məhkəməsi cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə Mülki Prosessual Məcəllənin Xİ Fəsli ilə müəyyən edilmiş qaydada məlumat vermiş, lakin cavabdeh üzrsüz səbəblərdən iştirak etmədiyi üçün MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə baxmaqda haqlı olmuşdur.
14. Cavabdehin apellyasiya şikayətinin digər dəlili olan mübahisənin kommers iya məhkəməsinə aid olması barədə dəlilinə münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında tərəflər arasında olan müqavilələri cavabdeh fiziki şəxs kimi bağlamış, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə işdə hər hansı bir sübut mövcud olmadığından və apellyasiya baxışında da cavabdeh tərəfindən belə bir sübut təqdim edilmədiyindən, birinci instansiya məhkəməsi hazırki mübahisəyə mülki mühakimə icraatı qaydasında baxmaqda haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
15. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2(103)-2516/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti o nunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 445.2, 445.2.1, 445.2.2-ci və Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddələri pozulmuşdur. Belə ki, apellyasiya icraatında işə baxılarkən borcun ödənilməsi barədə qəbzlər məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə qəbzlərin kserosurət olduğunu bildirmişdir. Halbuki həmin qəbzlər kserosurət deyil, bir neçə nüsxədən ibarət olan qaimələrdir. Məhkəmənin eyni imzalı, eyni məzmunlu qəbzin bir qismini qəbul edib borcu azaltması, lakin digər eyni formalı sübutları kserosurət adlandırması obyektiv araşdırmanı istisna edir. Cavabdeh tərəfindən 444 manat, 2876 manat, 930 manat və 3000 manat məbləğində pulların ödənilməsini əks etdirən qəbzlər təqdim olunmuşdur. İddiaçı 300 0 və 444 manat məbləğindəki qəbzləri qəbul edərək ödənişləri təsdiq etmiş, borcun azalmasını əks etdirən arayışı məhkəməyə təqdim etmişdir. Belə olduğu halda 2876 manat və 930 manat məbləğində ödənişlərin ödənilməsini təsdiq edən digər qəbzləri tənqidi yanaşılmamalı, həmin pulların ödənilib-ödənilməməsi məsələsi hərtərəfli araşdırılmalı idi.
17. İllik beş faiz məbləğində borcun tutulması da əsassız olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə icra müddəti əks olunmamışdır. Bundan əlavə ona borcun icra edilməsi ilə bağlı xəbərdarlıq məktubu da verilməmişdir. İş materiallarında olan xəbərdarlıq məktubunun ona çatdırılmasını təsdiq edən sübut işdə yoxdur.
18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədal ətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Hazırki kassasiya şikayəti cavabdeh tərəfindən verildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin iddianın təmin olunmuş hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xid mətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7-ci maddəsinə əsasən borcl u pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə sa tışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onl arın verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kim i istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsa sən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi t ərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaçıya borcu olması iş materialları ilə sübut olunmuşdur.
26. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında nisyə-a lqı satqı müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcudluğu işin mübahisəsiz halıdır. Kassatorun mübahisələndirdiyi məsələ onun iddiaçıya olan borcun məbləğidir. Bu zaman cavabdeh apellyasiya məhkəməsinə 4 ədəd qaimə təqdim edərək borcun tam ödənilməsini iddia etmişdir. İddiaçı həmin qaimələrdən 2 ədədi üzrə borcun ödənilməsinin etiraf etdiyindən, apellyasiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulan vəsaitin məbləğini azaltmışdır.
27. Qalan iki qaimə ilə bağlı kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir.
28. Belə ki, apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutları qiymətləndirmiş və cavabdehin təqdim etdiyi həmin qaimələri işə aidiyyətinin sübut olmaması qənaətinə gəlməklə, müvafiq qətnamə qəbul etmişdir.
29. Qeyd o lunmalıdır ki, apellyasiya məhkəməsi borcu təqdim olunmuş qaimələrə əsasən deyil, məhz həmin qaimələrlə edilmiş ödənişlərin ikisinin iddiaçı tərəfindən etiraf olunduğunu əsas götürməklə müəyyən etmişdir.
30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Odur ki, cavabdeh tərəfindən təqdim olunmuş sübutların (qaimələrin) apellyasiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməməsinə dair kassasiya şikayətinin dəlili əsassızdır.
32. Kassasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 447.2 və 447.5-ci maddələri düzgün tətbiq olunmuşdur. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh borcu 30 aprel 20 19-cu il tarixli aktla müəyyən olunmuşdur. Yəni həmin tarixdən cavabdeh öhdəliyini icra etməli olduğundan xəbərdar olmuş və bununla bağlı əlavə xəbərdarlığa zərurət olmamışdır. Apellyasiya məhkəməsi də əsaslı olaraq həmin tarixdən illik 5% hesablanan zərəri cavabdehdən iddiaçının xeyrinə tutmuşdur.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
34. Gös tərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2(103)-2516/2022 nömrəli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.