Məhkəmə qərarları › İş №2(102)-426/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-426/2023

17.01.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-426/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin t utulması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7640/2022 nömrəli, 4 noyabr 2022-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 17 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. LPO İddiaçı Əmanətlərinn Sığortalanması Fondu (bundan sonra - ƏSF) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 197283.44 manat əsas, 44865.89 manat müddətin sonuna hesablanan faiz, 1764.59 manat məbləğində cərimə və 3890,87 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 247.804,79 manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 12-ci mərtəbədə 151.3 kv.m ümumi, 97.3 kv.m yaşayış, 54.0 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 42 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan YYY ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(005)178/2021 saylı qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2014-cü il tarixli, 175/14 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 197283,44 manat əsas, 41260,02 manat faiz, 1000 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan 3890,87 manat, cəmi 243434,33 manat məbləğində kredit borcunun və mübahisə nin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 240000 manat müəyyən edilməklə Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən 16 nömrəli binada, 12-ci mərtəbədə 151.3 kv.m ümumi, 97.3 kv.m yaşayış, 54.0 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 42 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun "xxxx" ASC-nə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

3. Qətnamədən iddiaçı ƏSF apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin faiz borcu və cərimə məbləğinin və ipoteka pr edmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması barədə təmin edilməyən və əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə belə əsaslandırılıb ki, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edən zaman əmlakın real bazar qiymətini nəzərə almamışdır. Belə ki, məhkəmə əmlakın qiymətini 240000 manat müəyyən etmişdir, lakin hazırda bu məbləğ əmlakın real qiymətini əks etdirmir. Əmlakın satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında və ya müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidi r. Bu səbəbdən ipoteka predmetinin indiki vəziyyətinin qiyməti hakim tərəfindən qəbul edilmiş qətnamədə göstərilən məbləğdən aşağı olduğunu hesab edirlər.

4. Həmçinin Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 da apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin qismən, yəni iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 apelyasiya şikayətində əsasən işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, iş üzrə ekspert tərəfindən düzgün rəy verilmədiyini bildirmişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5729/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Rəfael Eyvazov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiya məhkəməsində birinci icraat

6. Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5729/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qətnaməsinin qismən, yəni iddianın təmin edilən hissəsində ləğv olunması və iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1963/2022 nömrəli, 5 may 2022-ci il tarixli qərarı ilə (hakimlər Ələsgər Əliyev (sədrlik edən və məruzəçi), İsmayıl Xəlilov və Mehparə Əhmədova) kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(005)-178/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7640/2022 nömrəli, 4 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Vahid Sadıqov) apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.

10. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, ƏSF tərəfindən Bakı şəhəri Nəriman ov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərkən iddianın təmin edilməyən hissəsini mübahisələndirilmiş, Cavabdeh1 isə həmin qətnamədən apellyasiya şikayəti verərkən iddianın təmin edilən hissədə ləğv edilməsini və iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi hər iki apellyatorun apellyasiya şikayətlərinə hüquqi qiymət verilmiş və yekun qərar qəbul edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir.

12. Şikayət onunla əsaslandırılmışdır ki, bankın apellyasiya şikayəti üzrə aparılmış apellyasiya icraatında Cavabdeh2 qanunsuz və əsassız olaraq mümkün hesab edilməmiş apellyasiya şikayətindəki əmlakın qiyməti ilə bağlı xüsusatlar öz təsdiqini tapsa da, məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə tələbdən kənara çıxa bilmədiyindən əmlakın ilkin satış qiyməti ilə bağlı hissədə yalnız bankın apellyasiya şikayətini təmin etməməklə kifayətlənməli olmuş və digər apellyatorun əmlakın qiymətinin təftişi və daha yüksək qiymət müəyyən edilməsi ilə bağlı tələb mövcud olmadığından ekspertin müəyyən etdiyi qiyməti qət etmək səlahiyyətindən məhrum olmuşdur.

13. İddiaçının və digər cavabdehin apellyasiya şikayətlərinin və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5729/2021 saylı iş üzrə apellyasiya baxışının yoxlanılma predmeti Cavabdeh2 apellyasiya ş ikayətində istinad olunmuş xüsusatlardan tamamilə fərqli xarakter daşımış, sonuncunun apellyasiya şikayətində mübahisələndirilən maddi və prosessual hüquq pozuntuları və tələblər daha əvvəl apellyasiya baxışının predmeti olmamış və yoxlanılmamışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, sözügedən apellyasiya baxışında ipoteka predmeti olan mənzilin məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsində birinci instansiya məhkəməsinin qətnaməsində müəyyən edilmiş ilkin satış qiymətinə nisbətdə daha yüksək qiymət müəyyən olunsa da digər cavabdeh əmlakın qiymətini mübahisələndirmədiyindən, digər apellyator - bank isə əmlakın daha aşağı ilkin satış qiymətinin müəyyən edilməsini tələb etdiyindən məhkəmə kollegiyası tələblərdən kənara çıxa bilməmiş, sadəcə olaraq əmlakın birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ilkin satış qiymətini qüvvədə saxlamaqla kifayətlənmişdir. Başqa sözlə, ipoteka predmeti olan mənzilin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş ilkin satış qiymətinin aşağı həddi apellyasiya baxışının predmeti olsa da, yuxarı həddi apellyasiya baxışının yoxlama obyekti olmamışdır. Odur ki, apellyator Cavabdeh2 mülkiyyətində olan əmlakın mülkiyyətçi kimi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qiymətinin yuxarı həddini mübahisələndirməkdə və əmlaka daha yüksək qiymət müəyyən edilməsini tələb etməkdə haqlı olmuşdur. Bu baxımdan Cavabdeh2 apellyasiya şikayətinin mümkünsüz hesab edilməsi həm də onun mülkiyyət hüquqlarına müdaxilə hesab edilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı ƏS F-nin nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin əsassız olduğunu bildirmiş və rədd olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

16. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

17. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

18. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

19. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

20. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

21. Maddə 416.1. Kassasi ya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

22. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

23. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün göndərilməlidir.

26. Belə ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, ƏSF tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilərkən iddianın təmin edilməyən hissəsini mübahisələndirilmiş, Cavabdeh1 isə hə min qətnamədən apellyasiya şikayəti verərkən iddianın təmin edilən hissədə ləğv edilməsini və iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi hər iki apellyatorun apellyasiya şikayətlərinə hüquqi qiymət verilmiş və yekun qərar qəbul edilmişdir.

27. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

28. İlk növbədə qeyd olunmalıdır ki, baxılan məsələ məhkəmə müdafiəsi hüququnun təminatları ilə bilavasitə bağlıdır. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 6-cı maddəsinin birinci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

29. Bu normada təsbit olunmuş məhkəmə müdafiəsi hüququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsasla nır. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

30. Məhkəmə müdafiəsi təminatının əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur.

31. MPM-nin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

32. Baxılan iş üzrə apelyasiya və kassasiya icraatında aparılmış araşdırmanın (araşdırma hədlərinin) Cavabdeh2 apelyasiya şikayəti vermə hüququna təsiri baxımından təhlili tələb olunur. Bu baxımdan məhkəmə kollegiyası Konstitusiya Məhəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeləri əsasında qeyd edir ki, mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir.

33. Bu qaydalara uyğun olaraq birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.

34. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığın ı onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsində icraat apellyasiya şikayətinə əsasən başlanır (MPM-in 357-ci maddəsi). Araşdırmanın mühüm aspektini apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri təşkil edir.

36. Bununla bağlı ilk növbədə apellyasiya qaydasında şikayət verilməsinin obyekti və predmeti müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlilindən göründüyü kimi, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər.

37. Apellyasiya şikayətinin predmeti dedikdə isə məhkəmənin verilmiş tələblərə baxılması və onların həlli za manı yol verdiyi pozuntuların dairəsi başa düşülməlidir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşa bilər.

38. Mülki prosesin prinsipləri sırasında çəkişmə və MPM-də birbaşa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipləri xüsusi yer tutur.

39. Dispozitivlik və çəkişmə prinsiplərinin həyata keçirilməsində məhkəmənin rolunun müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməkdə ifadə olunur.

40. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barəd ə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir.

41. Dispozitivlik prinsipi prosesin digər əsas prinsiplərindən biri olan çəkişmə prinsipi ilə sıx əlaqədardır.

42. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. İkincisi, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir.

43. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamal ıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.

44. MPM-in 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir.

45. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müə yyən edir.

46. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana kecirilə bilməz.

47. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyiş dirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

48. Apellyasiyanın hədləri ilə bağlı qeyd olunan müddəalar əsasında işin halları təhlil olunduqda görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində ipoteka predmetinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş 240000 manat likvid qiymətindən az olması barədə dəlil araşdırılıb və araşdırma zamanı “X1” MMC-nin rəyi əsasında likvid qiyməti 380000 manat müəyyən olunub. Lakin apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ipotekanın qiymətinə aid hissədə ləğv və ya dəyişdirə bilməmişdir. Çünki ipotekanın likvid qiymətinin 240000 manatdan artıq olması barədə dəlil irəli sürülməmişdi. Buna görə də «ipoteka predmetinin ilkin satış qiymətini n 240000 manatdan çox olması barədə» məhkəmə qərarı yoxdur. Cavabdeh2 dəlili məhz bu hissəyə aid olduğu halda, apelyasiya instansiyası məhkəməsinin «hər iki apellyatorun apellyasiya şikayətlərinə hüquqi qiymət verilmiş və yekun qərar qəbul edilmişdir» əsaslandırması səhvdir.

49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7640/2022 nömrəli, 4 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar