Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5335/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5335/2025 (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh və onun nümayəndə-vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması” ” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4818/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 05 noyabr 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 22% ödəmək şərtilə 9786 ABŞ dolları məbləğində kredit verilmiş, verilmiş kreditin təminatı olaraq Cavabdeh oğu ilə xx.xx.2014-cü il tarixli 0471/14 saylı ipoteka müqaviləsi bağlanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 071/14 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 22 faiz dərəcəsi ilə ödəmək şərti ilə 9786 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh oğu ilə xx.xx.2014-cü il tarixli 0471/14 saylı ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus “Voksvagen Jetta” minik markalı buraxılış ili 2011-ci il olan, **-UL-*** dövlət nömrə nişanlı avtomobil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə vaxtıvaxtında əməl etməmiş, götürdüyü kredit və ona hesablanmış faizləri vaxtında qaytarmamşdır. Dəfələrlə bank tərəfindən yazılı və şifahi xəbərdarlıq olunsa da, bu heç bir nəticə verməmişdir. Göründüyü kimi cavabdeh 9181 ABŞ dolları əsas borcu, 6895 ABŞ dolları faiz borcunu iddiaçıya ödəməmişdir. Eyni zamanda göstərilən məbləğin cavabdehdən alınması üçün iddiaçı qanunda nəzərdə tutulmuş 30 manat dövlət rüsumunu ödəmişdir. Ona görə də Cavabdeh xx.xx.2014-cü il tarixli 071/14 saylı kredit müqaviləsinə əsasən 9181 ABŞ dolları əsas borcu, 6895 ABŞ dollları faiz borcu, cəmi 16076 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan “Voksvagen Jetta” mink markalı buraxılış ili 2011-ci il olan, **-UL-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi baədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4818/2017 saylı xx.xx.2017ci il tarixl qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2014-cü il tarixli 071/14 saylı kredit müqaviləsi üzrə 9181 ABŞ dolları əsas və 3248 ABŞ dolları məbləğində faiz borcu, cəmi 12.429 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnəyə uyğun olaraq manatla) məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269.1, 309.1, 385.1, 439, 442, 443.1, 445.2, 448.1, 448.2, 449.1, 449.4 və 739.1- ci maddələrinə, “İpoteka haqqında” Qanunun 10.4, 11.1, 11.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsininn 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsiə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin iştirakının təmin etməməklə, yalnız iddiaçının təqdim etdiyi sübutlara istinad etməklə qanunsuz və əsassız qətnamənin qəbul edilməsi nail olmuş və qeyd edilən hallar yuxarı instansiya tərəfindən hərtərəfli, tam və obyektiv qaydada araşdırılmalıdır. Məhkəmə qətnaməni qəbul edərkən, cavabdehin iştirakının təmin edilməsi barədə zəruri hərəkətlər etməmişdir. Belə ki, cavabdehin ünvanına məhkəmə bildirişləri, o cümlədən yekun məhkəmə aktı göndərilsə də, cavabdehə çatdırılmamış və məhkəməyə geri qaytarılmamışdır. Qeyd edilən məktublar iş materiallarına əlavə edilməsinə baxmayaraq, məhkəmə öz qətnaməsində vurğulamışdır ki, cavabdehə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və buna görə də onun iştirakı olmadan işə baxılmasına hər hansı maneənin olmadığını qeyd etmişdir. Lakin məhkəmənin cavabdehin hüquqlarına və qanuni mənafeyinə toxunun qətnamənin onun iştirakı təmin edilmədən qəbul etdiyi qətnamə prosessual qanunvericiliyin müvafiq normalarına əsasən, qanunsuzdur və ləğv edilməlidir. Həmçinin məhkəmə tərəfindən kredit müqaviləsi üzrə hesablanmış faizlərin tutulması hissəsində qətnamənin əsaslandırılmasına diqqət yetirdikdə, məhkəmə iddiaçının təqdim etdiyi maliyyə arayışına istinad etmişdir. Lakin hesab edirik ki, qeyd edilən hallarla bağlı mühasibatlıq ekspertizasının keçirilməsi və xüsusi bilik tələb edildiyindən müvafiq ekspert bununla bağlı rəy verməli və məhkəmə həmin rəy ağlabatandırsa, onun əsasında qətnamə qəbul etməli idi. Əlavə olaraq, kredit məbləğinin əsas borc hissəsinə münasibətdə də yalnız və yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışına istinad edilmişdir. Lakin yuxarıda qeyd etdiyimiz bu kimi, bu da yolverilməz haldır və məhkəmə qeyd edilən hər iki hissədə tam, hərtərəfli və obyektiv araşdırma aparmaqdan yayınmış, həmçinin cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsi istiqamətində zəruri tədbirlər görməmiş, yalnız məhkəmə bildirişlərini və digər sənədləri formal olaraq poçt vasitəsi ilə göndərmişdir. Vurğulamaq istəyirik ki, sözügedən kredit müqaviləsinin təminatı üzrə avtomobil girovda olmuş və avtomobili əldə etdikdən sonra kredit məbləğini ödəyə bilmədiyi üçün həmin avtomobili bankın əməkdaşlarına təhvil vermişdir və sonuncular avtomobilin satılaraq borcun ödənilməsinə yönəldiləcəyini və banka hər hansı borcunun qalmayacağını ona bildirmişlər. Bu səbəbdən ötən aya kimi banka hər hansı borcunun olmasından məlumatsız olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. O, izahat verərək bildirdi ki, 2014-cü ildə kredit götürmüş, maşınını da girov kimi qoymuşdur. 1-2 ay krediti ödəsə də, sonradan ödəyə bilməmişdir. Sonradan maşının hərraca çıxarılacağı barədə məktub gəldi. Gedəndə isə artıq maşının satıldığını bildirdilər. Maşın dəyərindən aşağı qiymətə, yəni 6000 manata satılmışdır. Ona qalan borcun silinəcəyini bildirdilər, lakin silinmədi. Maşının satışı nəticəsində banka ödənilmiş 6000 manat istisna, qalan məbləği qəbul etmir. 2017-ci ildə qarşı tərəf məhkəməyə müraciət etmiş, bundan xəbəri olmamışdır. Əlavə olaraq bildirdi ki, 6000 manat ödəniş edilməsinin icra icraatında nəzərə alınmasına etiraz etmir.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndə-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. O, izahatında qeyd etdi ki, qətnamə 2017-ci ildə çıxsa da, qanuni qüvvəsini almamışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin restrukziasiya olunmasını, məbləğin yenidən hesablanmasını xahiş edir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Maşının satışından əldə olunmuş 6000 manat vəsait icra mərhələsində əsas borcdan silinəcəkdir. Həmçinin qarşı tərəf müraciət etsə gələcəkdə faiz hissəsində güzəşt edə bilərlər. Kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın əhatə dairəsinə düşməmişdir və bununla bağlı çıxarış da elektron sistemə yüklənmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya bilərlər.
14. Maddə 405.1. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.
15. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
16. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
17. Maddə 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
19. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (müqavilənin bağlandığı zaman qüvvədə olan redaksiya)
22. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (müqavilənin bağlandığı zaman qüvədə olan redaksiya)
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
26. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Hazırki apellyasiya baxışının predmetini qətnamənin iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı tərtib olunmuş, məhkəmə qətnamə qəbul edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
35. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən təqdim edilmiş: - xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 24 ay müddətinə illik 22% ödəmək şərtilə 9786 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə müqavilənin şərtlərinə uyğun olaraq 24 ay müddətində hər ay 507.68 ABŞ dolları məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Həmçinin cavabdeh həmin müqavilə ilə müəyyən edilmiş şətlərlə və qaydada krediti banka qaytarmağı, kredit və dəbə pulu üzrə hesablanmış faizləri Banka ödəməy barədə öhdəlik götürmüşdür. - xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tartixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixdə 9181 ABŞ dolları əsas, 3248 faiz borcu olmaqla, cəmi 12429 ABŞ dolları borcu yaranmışdır. - xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, cavabdehə banka olan borcu barəsində xəbərdarlıq edilmişdir.
36. Beləliklə, işin mübahisə olunmayan halına görə İddiaçı tərəfindən Cavabdeh 24 ay müddətinə illik 22% ödəmək şərtilə 9786 ABŞ dolları məbləğində kredit verilmiş, “Kredit alan” verilmiş krediti qəbul edib, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməyi öhdəsinə götürmüşdür. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini vaxtında və lazımi qaydada icra edə bilməmiş, banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdehə bununla bağlı ünvanlanmış xəbərdarlıq nəticəsiz qaldığından iddiaçı borcun qaytarılmasını məhkəmə qaydasında tələb etməli olmuşdur. Məhkəmə haqlı olaraq cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək və cavabdehin onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğunu, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə borcunu və hesablanmış faizi razılaşdırıldığı kimi iddiaçıya ödəməli olduğu qənaətinə gəlmişdir. Məhkəmənin cavabdehdən kredit müqaviləsi üzrə iddiaçının xeyrinə 9181 ABŞ dolları əsas borc, 3248 faiz borcu olmaqla, cəmi 12429 ABŞ dolları məbləğində pul tutulması barədə qət etdiyi nəticə mübahisənin qətnamənin qəbul olunduğu dövrdəki faktiki hallarına uyğun olmuşdur.
37. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
39. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
40. Kollegiya qeyd edir ki, işin apellyasya qaydasında araşdırılması zamanı məlum olmuşdur ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4818/2017 saylı xx.xx.2017ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə cavadehin mülkiyyətində olan avtomobil üzərinə həbs qoyulmuş və xx.xx.2022-ci il tarixində keçirilmiş açıq hərracda satılaraq əldə edilmiş 6000 manat vəsait banka köçürülmüşdür. Nəticədə cavabdehin banka olan əsas borcundan 6000 manat məbləğində pul (3529.41 ABŞ dolları) silinmişdir. Həmin vəsaitdən başqa cavabdehin banka olan borcundan hər hansı ödənişlər etməsi müəyyən olunmamışdır. Qeyd edilən hallar Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4818/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra işinin materialları, iddiaçının apellyasiya baxışı zamanı təqdim etdiyi xx.xx.2025-ci il tarixli maliiyyə arayışı, hesabdan çıxarış və tərəflərin izahatları ilə öz təsdiqini tapmşdır.
41. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi icra mərhələsində borcdan 6000 manat silinəcəyini, cavabdeh isə bu halın icra icraatında nəzərə alınmasına etiraz etmədiyini, beləliklə, həmin faktla bağlı tərəflər arasında mübahisə olmadığını və iş materialları ilə də təkzibə uğramadığını nəzərə alaraq kollegiya birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğvinə və ya dəyişdirilməsinə zərurət görməmişdir.
42. Kollegiya apellyasiya şikayətində qeyd olunan məhkəmə ekspertizasının təyin edilməsi barədə dəlillərə münasibətdə isə bildirir ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarından da aydın olduğu kimi, məhkəmə orqanlarının ekspertiza təyininə dair səlahiyyəti dispozitiv həddə müəyyən edilmişdir.
43. Bundan əlavə Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Qeyd edilən normaların tələblərindən də göründüyü kimi istər iddianı irəli sürən şəxs, istərsə də həmin iddia tələbi ilə razılaşmayaraq buna etiraz edən müvafiq olaraq öz mülahizələrini əsaslandırmalı və məhkəmə həmin əsaslandırmaların kökündə duran sübutlara qiymət verməli, yalnız həmin dəlillər kifayət etmədikdə məhkəmə tərəfindən bunun üçün əlavə tədbirlərin görülə biləcəyi nəzərdə saxlanılmalıdır. Hazırki iş üzrə cavabdeh iddiaçı tərəfindən hesablanmış borc məbləği ilə razı olmadığını bildirsə də, bu mülahizələrini əsaslandıracaq hər hansı dəlili məhkəməyə təqdim etməmiş, iş materiallarında qeyd edilən sənədlərin mübahisəyə qiymət vermək üçün kifayət olmaması və məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinin iş üzrə zəruri olduğunu təsdiq edəcək hər hansı əsaslar aşkarlanmamışdır. Qeyd edilənlərə əsasən kollegiya cavabdehin göstərilən dəlilini əsassız hesab edir.
45. Həmçinin işdən görünür ki, cavabdehin məhkəməyə məlum olan yaşayış ünvanına bildirişlər göndərilmişdir. MPM-ə əsasən çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Odur ki, kollegiya məhkəmə tərəfindən cavabdehin iştirakının təmin edilməməsi ilə bağlı dəlilləri ilə də razılaşmır.
46. Bundan əlavə cavabdehin nümayəndə-vəkili tərəflər arasındakı kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanın təsir dairəsini düşdüyünü bildirmiş, məbləğin yenidən hesablanmasını xahiş etmişdir. Lakin iddiaçı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına elektron qaydada verilmiş sorğu əsasında əldə edilmiş məlumatdan Fərmanın müddəalarının ona şamil olunmadığı müəyyən olunmuşdur.
47. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
48. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4818/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova