Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-422/2026 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-515/2019 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-515/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 14.497,85 (on dörd min dörd yüz doxsan yeddi dollar, səksən beş sent) ABŞ dolları əsas, 25.572, 59 (iyirmi beş min beş yüz yetmiş iki dollar əlli doqquz sent) ABŞ dolları hesablanmış faiz, 9.000 (doqquz min) ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 49.070,44 (qırx doqquz yetmiş dollar qırx dörd sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat nümayəndə xərcinin tutulub İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin xeyrinə ödənilməsi, tutulmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (indiki İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti) qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətindəki göy-metalik rəngli, **-TM-*** qeydiyyat nişanlı olan “X4 minik” avtomobilə yönədilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə realizə edilməsi, avtomobilin ilkin satış qiymətinin 20.000 (iyirmi min) manat müəyyən olunması, avtomobilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq vəsait qalarsa, həmin vəsaitin Cavabdeh verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti ilə birlikdə müddətin bərpası barədə ərizə verərək, buraxılmış müddətin üzrlü hesab edilməsini və müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, ona qətnamənin mövcudluğu bu yaxınlarda məlum olmuşdur. O, dərhal Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixdə ərizə əsasında, onun barəsində qəbul edilmiş 2(005)-515/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamənin surətini əldə etmişdir. Bu günə qədər İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən kredit borcu ilə bağlı pul tələbinə dair iddia tələbi məhkəmədə irəli sürülmüşdür. Onun pasport qeydiyyatı ünvan 1 ünvan Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin inzibati binasıdır. Bununla yanaşı, qanunvericiliyin dəyişikliyi ilə əlaqədar olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Hətta işə baxan məhkəmə məhkəmə qətnaməsini heç “Elektron məhkəmə” informasiya sisteminə belə yerləşdirməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 515/2019 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 515/2019 saylı, xx.xx.2019-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır. İddiaçı BOKT ASC Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-515/2019 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-515/2019 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi öz izahatında qətnamə üzrə borcunu ödədiyini, hətta əlində qəbzləri olduğunu bildirmişdir. Belə olan halda necə iddia etmək olar ki, ərizəçinin qətnamədən xəbəri olmamışdır. Əgər qətnamə üzrə borcu ödəyirsə və əlində qəbzlər varsa deməli qətnamədən xəbərdar olmuşdur. Məhkəmənin qətnaməsi xx.xx.2019-cu ildə qəbul edilib. Bu qətnamədən 7 il müddət keçib. Bu müddətin üzürlü olmasına dair məhkəmənin qərardadında heç bir əsaslı dəlil olmamasına baxmayaraq məhkəmə müddətin bərpa edilməsi qərarına gəlmişdir. Ərizəçi öz izahatında məhkəmə qətnaməsi üzrə borcu ödədiyini etiraf edir, eyni zamanda qətnamə 7 il əvvəl çıxarılır. Ərizəçi isə ərizəsində qətnamədən guya bu yaxınlarda məlumatı olduğunu iddia edir. Bu yaxınların nə vaxt olması isə məlum deyil. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(005)-515/2019 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 515/2019 saylı qərardadından İddiaçı BOKT ASC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin 2(005)-515/2019 saylı mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 515/2019 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, şikayətə yenidən baxılması üçün iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, məhkəmənin mübahisələndirilən qətnaməsi xx.xx.2019-ci il tarixində qəbul edilmişdir. Məhkəmənin müvafiq qətnaməsi Cavabdeh ünvanına göndərilmiş, lakin “həmin ünvanda yaşamır” qeydi ilə məktub geri qaytarılmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, qətnamənin rəsmi şəkildə ona təqdim edilməsini xahiş etmiş və qətnaməni xx.xx.2025-ci tarixdə məhkəmə qəbzinə imza etməklə əldə etmişdir. Apellyasiya şikayəti isə xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, məhkəmənin müvafiq qətnaməsi cavabdehə rəsmi qaydada təqdim olunmamışdır və mövcud vəziyyətdə cavabdehin qətnamədən məlumatlı olmasını təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Cavabdeh qətnamənin mövcudluğundan icra mərhələsində məlumatlı olmuşdur. Daha sonra məhkəməyə müraciət etmiş və qətnaməni əldə etdikdən sonra, prosessual müddətləri ötürmədən qanunvericiliyə uyğun hazırlanmış apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki-Prosessual Məcəllənin 128.1-cı maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə uyğun olaraq məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi 2(005)-515/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra işinin materiallarının göndərilməsi ilə bağlı sorğu vermiş, lakin sorğunun icrasını gözləmədən və həmin materiallar ilə birlikdə iş üzrə ətraflı araşdırma aparmadan cavabdehin qətnamədən məlumatsız olması qəanətinə əsaslanaraq qərar qəbul etmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizənin dəlillərinin obyektiv və hərtərəfli araşdırılması üçün birinci instansiya məhkəməsi tərəfindən 2(005)-515/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra işinin materialları əldə edilməklə həmin materiallar araşdırılmalı və bundan sonra ərizədəki dəlillərə müfəssəl qiymət verilməlidir. Kollegiya onu da qeyd edir ki, məhkəmə qətnaməsi Cavabdeh ünvanına göndərilən zaman “həmin ünvanda yaşamır” qeydi ilə məktub geri qaytarılsa da, cavabdehin xx.xx.2025-ci il tarixdə məhkəmə qətnaməsinin ona təqdim edilməsinə dair yazdığı ərizədə ünvan hissəsində eyni ünvan qeyd olunmuşdur. (s.100) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Belə olan halda kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-515/2019 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-515/2019 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş yenidən baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-422/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-422/2026
17.02.2026 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver