Məhkəmə qərarları › İş №2(102)-426/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-426/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-426/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı “Alfa Sığorta" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-730/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkə mənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh xx.xx.2012-ci il tarixdə Lökbatan qəsəbəsi, S.Orucov küçəsində atasına məxsus “Mercedes Bens” 180 markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edib hərəkətdə olarkən, manevr qaydasını pozmuş, onun idarə etdiyi avtomobilin sol tərəfindən hərəkət edən X3 məxsus olan “Chevrolet-Cruze” markalı, **-BF*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə həmin avtomobilə maddi ziyan vurulmuşdur.

2. Həmin əməlinə görə Cavabdeh inzibati məsuliyyətə cəlb edilmiş, Qaradağ Rayon Məhkəməsinin 05 mart 2012-ci il tarixli inzibati xəta haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 152.4-cü maddəsi ilə təqsirli bilinərək 140 manat miqdarında cərimə edi lmişdir. 3. 875 saylı sığorta aktına əsasən sığorta olunan "Chevrolet-Cruze” **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 7454 manat zərər vurulduğu müəyyən edilmişdir. 4. 94 saylı 19 mart 2012-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" ASC tərəfindən “Chevrolet-Cruze” nəqliyyat vasitəsinin sahibi X3 7254 manat sığorta ödənişi edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı “Alfa Sığorta" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığortalı X2 xeyrinə həyata keçirdiyi 7254 manat həcmində sığorta ödənişinin məbləğinin əvəzinin və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq “Alfa Sığorta" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi iş in yuxarıda qeyd olunan hallarına istinad edilməklə belə əsaslandırılıb ki, X3 məxsus olan "Chevrolet-Cruze” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi VİC-VTB-GM-11107 saylı sığorta şəhadətnaməsi ilə xx.xx.2011xx.xx.2015 tarixlərini əhatə etməklə 4 il müddətinə "xxxx" ASC-də sığortalanmışdır. 24 fevral 2012-cu il tarixdə Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X3 məxsus olan “Chevrolet-Cruz” markalı, **-BF-*** dövlət qeydiyyat nişanli nəqliyyat vasitəsinə maddi ziyan vurulmuşdur. Bu hadisəyə görə cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 5 mart 2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirli bilinərək 140 manat miqdarda cərimə edilmişdir. "Alfa Sığorta” ASC-nin tərtib etdiyi 19 mart 2 012-cu il tarixli, 875 nömrəli sığorta aktına əsasən müvafiq ayırmalar çıxıldıqdan sonra 7254 manat sığorta ödənişi 19 mart 2012-ci il tarixli 194 saylı ödəniş tapşırığı ilə X2 hesabına köçürülmüşdür.

7. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə təqdim etməmişdir.

8. Lerik Rayon Məhkəməsinin 27 iyul 2012-ci il tarixli, 2(48)-271/2012 saylı qətnaməsi ilə (hakim Vəzirxan Məlikov) iddia tələbi təmin edilərək, Cavabdeh sığorta ödənişi məbləğinin əvəzi olaraq 7254 (yeddi min iki yüz əlli dörd) manat pulun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq "Alfa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək hesab etmişdir ki, iddia tələbi əsaslıdır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2, 1096.2, 1097.1, 1114.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinə onun iştirakını qanunamüvafiq qaydada təmin etmədən və nəticə etibarı ilə iddiaçı tərəfin şifahi mülahizələrini dinləməklə kifayətlənərək, heç bir qanuni məhkəmə araşdırmasını həyata keçirimədən iddia tələbini tam həcmdə təmin etmişdir. Məhkəmə işə baxarkən qanuna müvafiq qaydada onun iştirakını təmin etməmiş, onun məhkəmədə dinlənilmək hüququnu, məhkəmə araşdırmasını tələb etmək hüququnu pozaraq yalnız iddiaçı tərəfin həqiqətə uyğun olmayan, qeyri-mötəbər sübutları əsasında qətnamə çıxarmışdır. Mülki işə əlavə edilmiş poçt qəbzlərindən də görünür ki, cavabdeh heç bir məhkəmə bildirişini almamış və yekun məhkəmə aktı hesab edilən qətnaməni belə qeydiyyatda olduğu ünvanda yaşamadığı səbəbindən almamışdır. Hadisə baş verən zaman hava şaxtalı, yollar buzlu olmuş və o idarə etdiyi avtomobili sağa çəkmək istəyərkən idarə etdiyi avtomobili sola sürüşüb X3 məxsus “Chevrolet-Cruze" markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qanadına dəymiş və hadisə nəticəsində sonuncu idarə etməni itirərək onun idarə etdiyi avtomobil sürüşərək yolun kənarındakı ağaca dəymişdir. Bu zaman avtomobillərdən heç birinə maddi ziyan dəyməmişdir. Lakin iddiaçı ASC saxta sığorta aktı tərtib edərək, guya X3 məxsus “Chevrolet-Cruze” markalı, 99-BF 907 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan “General Motors” servisində dəyişdirilməli olan ehtiyat hissələr 5464 manat, xidmət haqqı 1990 manat qiymtələndirilməklə zərər ümumilikdə 7454 manat məbləğində müəyyən olunmuş, bəzi xərclər çıxılaraq ümumilikdə 7254 manat məbləğində sığorta ödənişi X3 verilmişdir. Qeyd olunanlarla qətiyyən razı deyildir. Hadisə baş verən zamanı avtomobillər yüngülcə bir-birinə sürtünmüşdür. Həmin vaxt yol buzlu olduğuna görə avtomobillər asta sürətlə getdiyindən zərərin çox olması mümkün deyildir. Ziyan aktındakı məbləğ həd dən artıq çox hesablanmış və sui-istifadə hallarına yol verilmişdir.

13. Apellyasiya baxışında iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2023-cü il tarixli, 9/3745 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Performance Center” tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli qüsur aktına əsasən avto-hissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Chevrolet Cruze” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7235 manat təşkil edir.

14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-730/2023 nömrəli, 28 sentyabr 2023-cü il qətnaməsi ilə (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi) Tale Kərimov və Pərviz Əhmədov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmişdir. Lerik Rayon Məhkəməsinin 27 iyul 2012-ci il tarixli, 2(048)-271/2012 saylı qətnaməsi Cavabdeh sığorta ödənişi məbləğinin əvəzi olaraq 7254 manat pulun tutularaq "Alfa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi hissəsində dəyişdirilərək, iddia qismən təmin edilmiş, Cavabdeh sığorta ödənişi məbləğinin əvəzi olaraq 7235 manat pul vəsaitinin tutularaq "Alfa Sığorta” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

15. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamışdır.

16. Apellyasiya instansiyası məhkəməsi işin hallarına istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində göstərilən dəlillərin qismən əsaslı olması ilə yanaşı, apellyasiya baxışı zamanı ekspert rəyi ilə də bir daha qismən öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsinin qətnaməsi zərərin müəyyən olunan məbləği hissədə dəyişdirilməlidir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2, 936.1, 936.2, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci, MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4, 218.3, 384.0.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya ins tansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

19. Cavabdeh kassasiya şikayətini apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, apellyasiya baxışında iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspert rəyi ilə razı olmamış, təkrar məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi haqqında qərardad qəbul edilməsi haqqında vəsatət versə də, həmin vəsatəti məhkəmə kollegiyası əsassız olaraq təmin etməmiş, habelə bununla bağlı məhkəmə kollegiyası öz mövqeyini qətnamədə göstərməmişdir. O, X2 maraqlarına toxunan üçüncü şəxs qismində mülki işə cəlb edilməsini məhkəmə kollegiyasından xahiş etsə də, məhkəmə kollegiyası əsassız olaraq həmin vəsatəti də təmin etməmişdir. Məhkəmə kollegiyası onun birinci instansiya məhkəməsində iştirakının qanuna müvafiq qaydada təmin edilmədiyini nəzərə almalı, ən azından mülki işin obyektiv həlli üçün iddiaçı tərəfin və maraqlarına toxunan X2 iştirakı ilə mülki işə baxmalı, habelə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi haqqında vəsatəti təmin etməli idi. Belə ki, qeyd olunan ekspertiza rəyində nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Performance Center” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən avto-hissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Chevrolet Cruze” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avto-ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7235 manat müəyyən edilmişdir. X1 məxsus “Chevrolet-Cruze” markalı, 99BF907 dövlət qeydiyyat nişanlı avtomobilə ehtimal edilən dəymiş maddi ziyan “General Motors” servisində dəyişdirilməli olan ehtiyat hissələrinin 5464 manat, xidmət haqqı 1990 manat olmaqla ümumilikdə 7454 manat məbləğində pul vəsaitinin düzgün hesablanmadığı ilə bağlı dəlillərinə məhkəmə kollegiyası düzgün hüquqi qiymət verməkdən yayınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ü çün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.

24. Maddə 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və yam “Sığorta fəaliyyəti haqqında” Az ərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.

25. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

26. Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir.

27. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

28. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Maddə 37.1. Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh xx.xx.2012-ci il tarixdə atasına məxsus nəqliyyat vasitəsini idarə edib hərəkətdə olarkən, manevr qaydasını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, cavabdeh X3 məxsus olan nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə cavabdehə maddi ziyan vurulmuşdur. İddiaçının yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli olması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmişdir. Cavabdehin avtomobilinə dəyən zərər – sıradan çıxmış ehtiyat hissələrinin dəyəri və təmir-bərpa xərclərinin məbləği kimi 7454 manat müəyyən edilmiş və sığortaçı tərəfindən sığortalıya ödənilmişdir.

41. İddiaçı hazırki iddiasında cavabdehdən sığortalıya ödənilmiş məbləğdə zərərin ödənilməsini tələb edir. Bu tələbin maddi-hüquqi əsası kimi Mülki Məcəllənin “subroqasiya hüququ” adlanan 936-cı maddəsi çıxış edir (bu qərarın 27-28-ci paraqrafları).

42. Subroqasiya dedikdə, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ başa düşülür.

43. Baxılan işdə iddiaçının subroqasiya hüququna malik olması şübhəsizdir.

44. Cavabdeh kassasiya şikayətində vurulmuş ziyanın məbləğini mübahisələndirir.

45. Nəzərə alınmalıdır ki, sığorta ödənişinin məbləği sığorta hədlərinə və zərərin məbləğinə bağlıdır. Ziyanın məbləğinin müəyyən edilməsi qaydaları isə Mülki Məcəllənin “z ərərin qiymətləndirilməsi” adlanan 925-ci maddəsində əksini tapmışdır.

46. Bu normaya əsasən (hadisə baş vermiş xx.xx.2012-ci ildə qüvvədə olan redaksiyada), sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sığorta qanunvericiliyi nəzərə alınmaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.

47. Baxılan iş üzrə ziyan sığortaçı tərəfindən bu qaydalara uyğun müəyyən edilmişdi. Lakin apelyasiya instansiyası məhkəməsi cavabdehin etiraz dəlillərini nəzərə alaraq ziyanın müəyyən edilməsi üçün ekspertiza təyin etmiş və ekspert rəyi ilə sığortaçı tərəfindən müəyyən edilmiş ziyanın məbləğinin düzgünlüyü təsdiq edilmişdir.

48. Cavabdeh kassasiya şikayətində ekspertin rəyi ilə razılaşmadığını, zərərin məbləğinin düzgün müəyyən edilmədiyini və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

51. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər əsas etibarilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.

52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya ş ikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-730/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar