Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4282/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə borcun qaytarılması, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 mart 2022-ci il tarixli, 2(105)619/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 29 iyun 2020-ci il tarixli, 20/33 saylı alqı-satqı müqaviləsi ilə İddiaçı MMC tərəfindən Cavabdeh müqavilənin əlavələrində qeyd olunmuş məhsulla təmin etməyi, cavabdeh tərəfindən isə hər ay bərabər hissələrlə olmaqla 3 aydan gec olmamaq şərtilə malın dəyərini qaytarmağı öhdələrinə götürmüşlər. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən ödənişlərin bu müqavilənin 5.2-ci bəndində göstərilən qaydada həyata keçirilməməsi halında Satıcı Alıcıdan hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0.1% miqdarında cərimə tələb edə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 iyun 2020-ci il tarixli 20/33 saylı alqı-satqı müqaviləsinə əsasən 55198,50 manat məbləğində əsas borc, 6127 manat məbləğində cərimə borcu, 150 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclər və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 61505,50 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırmışdır ki, cavabdehin imzaladığı alqı-satqı müqaviləsinə görə 19 yanvar 2021-ci il tarixə əsas borcu 55198,50 manat və müqavilənin 5.3-cü bəndinə əsasən cərimə borcu 6127 manat hesablanmışdır. Qalıq borcunun ödənilməsi barədə 29 dekabr 2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh öhdəliklərini lazımi qaydada icra etməmişdir.
4. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında iddia tələbini qismən qəbul edərək göstə rmişdir ki, o, iddiaçı ilə bağlanmış 29 iyun 2020-ci il tarixli alqısatqı müqaviləsi ilə pomidor məhsulunun yetişdirilməsi üçün lazımi bitki mühafizə vasitələrini əldə etmiş, bir müddət aldığı məhsulların ödənişini etsə də, sonradan pomidor məhsulları xarici ölkələrə idxal edə bilmədiyi üçün məhsul əlində qalmış və maddi vəziyyəti pisləşmişdir. Borcunu pomidor məhsullarının yetişdirilməsi üçün qurduğu istixananı sataraq ödəyə bilər. Lakin iddia tələbinin cərimə borcu hissəsi ilə razı deyildir, borcun ödənilməsində olan gecikmələr onun təqsirindən baş verməmişdir.
5. Şuşa Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(077)-99/2021 nömrəli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddia qismən təmin edilərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2020-ci il tarixli, 20/33 saylı alqı- satqı müqaviləsi üzrə Cavabdeh 55198,50 manat məbləğində əsas borc, 550 manat məbləğində cərimə borcu, 100 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardıma görə xərclər və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 55868,50 manat məbləğində borcun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443.1, 448.1, 567, 600.1, 600.4, 601.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan və əlavələrdə göstərilən məhsulları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqaviləyə əlavə edilmiş əlavələrdə məhsulun qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin məhsulları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə iddiaçıya 61325,50 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır. Buna görə də, cavabdehdən 29 iyun 2020-ci il tarixli 20/33 saylı alqı-satqı müqaviləs i üzrə 55198,50 manat məbləğində əsas borc müqavilədən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq iddiaçıya ödənilməlidir.
7. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab etmişdir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Məhkəmə ödənilməsi tələb edilən 6127 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq, Mülki Məcəllənin 462., 465.2 və 467-ci maddələrinə istinad edərək tənasübsüz surətdə azaldaraq, 550 manat həddində müəyyən edilməsini ədalətli hesab etmişdir.
8. Məhkəmə iddia tələbinin hüquqi xidmətin göstərilməsi üçün çəkilən xərclərə görə 150 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 121-ci maddəsində nümayəndəyə göstərdiyi hüquqi yardıma görə xərcl ərin ödənilməsi təsbit edilsə də, şərh olunan maddədə nümayəndə və ya vəkilə ödənilməli olan məbləğin miqdarının hesablanması prinsipi konkret meyarlara söykənmir. Xərclər konkret hallar və təqdim olunmuş hesab nəzərə alınmaqla ağlabatan məbləğdə müəyyən edilir. Konkret hallara göstərilən yardımın həcmi, məhkəmə iclaslarının sayı, müddəti, nümayəndələrin sayı, baxılan işin mürəkkəbliyi və s. aid edilə bilər. Odur ki, məhkəmə qeyd edilən maddəyə əsaslanaraq və mülki işi nəzərə alaraq göstərilən bu xidmətin dəyərini 100 manat məbləğində qiymətləndirmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, Şuşa Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(077)-99/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərard ad qəbul edilməsini xahiş etmişdir.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 mart 2022-ci il tarixli, 2(105)-619/2022 nömrəli qətnaməsi ilə (hakim Ş.R.Abbasovun sədrliyi və məruzəsi ilə, hakimlər S.A.Qafaridən və T.Q.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Şuşa Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(077)-99/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh həmin alqı-satqı müqaviləsi üzrə iddiaçıdan məhsul almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında həmin məhsulların dəyərinin iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin da şıyıcısı olmuşdur. Məhsulun alınmasına baxmayaraq, cavabdeh dəyərinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. Buna görə də, iddiaçının həmin müqavilə üzrə yaranmış borcun tutulması barədə tələbi əsaslı hesab olunmalıdır. Borclu olan cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin iddiaçıya müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu işdə olan obyektiv sübutlarla, o cümlədən iddiaçının maliyyə arayışı ilə təsdiq olunur.
12. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində müqavilə üzrə borcun yaranmasının pandemiya ilə əlaqədar yaranmış ağır şərtlər, həmçinin Rusiya Federasiyası tərəfindən sərhədlərin bağlanması nəticəsində ferm erlərə böyük maddi ziyanın dəyməsi ilə əlaqələndirməsi tamamilə əsassızdır. İşdən görünür ki, borclu cüzi ödəniş etməklə müqavilə öhdəliyini yerinə yetirməmişdir. Hesablanmış borc məbləği aşkardır. Bu məbləğdən aşağı həddə borcunun olması barədə isə cavabdeh məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
13. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 mart 2022-ci il tarixli, 2(105)-619/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəll əsinin 448.4-cü və Mülki Prosessual Məcəlləsinin 88, 97.1, 99.2, 384.0.4, 385-ci maddələri pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsinin pandemiya ilə əlaqədar olması və Rusiya dövləti tərəfindən sərhədlərin bağlanması nəticəsində fermerlərə böyük zərbə vurulması göstərilsə də, apellyasiya məhkəməsi həmin halları, onun qohum-əqrəbadan əldə edilmiş əmlakları sataraq iddiaçıya ödəməyi, sonuncunun isə vəziyyətdən istifadə edərək ödənişləri düzgün aparmamasını nəzərə almamışdır. Məhkəmə koronovirus pandemiyasını qarşısıalınmaz qüvvə (fors-major) kimi qiymətləndirməmiş və Mülki Məcəllənin 448.4-cü maddəsini işə tətbiq etməmişdir. Həmçinin məhkəmə borcun müəyyən edilməsi üçün ekspertiza keçirməmişdir.
15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM- in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
17. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosess ual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
18. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri qismən təmin olunsa da, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayətini cavabdeh vermiş və apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil etmişdir. Hazırki kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa d üşülür. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbl əğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazılar ı ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun ol mamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyiş iklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cava bdehin iddiaçıya borcu olması iş materialları ilə təsdiqini tapmışdır.
23. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında nisyə-alqı satqı müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcudluğu işin mübahisəsiz halıdır. Kassatorun mübahisələndirdiyi məsələ onun iddiaçıya olan borcun məbləğidir. Bu zaman cavabdeh borcu mübahisələndirsə və iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsini tələb etsə də, nisyə-alqı satqı müqaviləsi üzrə öhdəliklərini hər hansı hissədə icra etməsi, iddiaçı tərəfindən isə borcun düzgün hesablanmaması ilə bağlı sübutları (ödəniş qəbzləri, maliyyə sənədləri və s.) təqdim etməmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq mövcud sübutlara əsasən apellyasiya şikayətinin dəlillərinə h üquqi qiymət vermişdir.
24. Mübahisəyə Mülki Məcəllənin 448.4-cü maddəsinin tətbiq edilməli olmasına dair kassasiya şikayətinin dəlili ilə də məhkəmə kollegiyası razılaşmır. Belə ki, tərəflər işgüzar münasibətlərə girərək müqavilə bağlamış və hər iki tərəf üzərinə öhdəliklər götürmüşlər. Cavabdehin fəaliyyətində problemlərin yaranması onun riskinə aid olduğundan, iddiaçının ziyanına şərh olunmamalıdır.
25. Digər tərəfdən nəzərə alınmalıdır ki, tərəflər arasında müqavilə 29 iyun 2020-ci il tarixdə, yəni “COVİD-2019” Koronovirus pandemiyası dövründə bağlanmış və cavabdeh həmin infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı dünyada və Azərbaycan Respublikasında həyata keçirilən tədbirlər barədə məlumatlı olmuşdur. Bu səbəbdən, hazırki mübahisəyə MM-in 448.4-cü maddəsinin tətbiqi həmi n maddənin birinci cümləsində göstərilən şərtlər mövcud olmadığı üçün mümkün deyildir.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mü lki kollegiyasının 29 mart 2022-ci il tarixli, 2(105)-619/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.