Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4373/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.” tələblərinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti, ekspert rəyinin qiymətləndirilməsi, apellyasiya baxışının hədləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2022-ci il tarixli, 2(106 )81/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 28 avqust 2013-cü il tarixli müqavilə ilə "xxxx" ASC-nin Ağcabədi filialı tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 7 faiz ödəmək şərti ilə 200000 manat məbləğində kredit vermişdir.
2. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq 28 avqust 2013-cü il tarixli ipoteka müqaviləsi ilə Ağayev X1 şəhəri, H.Aslanov küçəsi ünvanda mülkiyyətində olan 0,15 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, beş otaqlı 148A nömrəli fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. İpoteka daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə ak tları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 185023,75 manat əsas borcun, 23566,37 manat faiz borcunun, cəmi 208590,12 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, ipoteka qoyulmuş cavabdehə mülkiyyət hüququ ilə məxsus Ağcabədi şəhəri, H.Aslanov küçəsi, 148A nömrəli evə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, borcalan bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmiş və banka borcu yaran mışdır.
5. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 09 aprel 2019-cu il tarixli rəyinə əsasən Cavabdeh 28 avqust 2013-cü il tarixli kredit müqaviləsi üzrə 28 avqust 2018-ci il tarixə "xxxx" ASC-yə əsas borcu 184253,78 manat, faiz borcu üzrə 27694,37 manat təşkil edir.
6. Ağcabədi Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli, 2(017)-34/2019 nömrəli qətnaməsi ilə (hakim S.P.Ləzimov) iddia qismən təmin edilərək, Cavabdeh 28 avqust 2013-cü il tarixli, 7286 saylı kredit müqaviləsi üzrə 184253,78 manat məbləğində əsas kredit borcunun, 23566,37 manat məbləğində faiz borcunun, cəmi 207820,15 manat məbləğində borcun, habelə 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti o lan Cavabdeh mülkiyyətindəki ilkin satış qiyməti 210000 manat olan Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində 0,15 ha torpaq sahəsi ilə birlikdə 148A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına kredit borcunun "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 448.1, 442, 443.1, 445.1, 448.1 və 739-cu, “İpoteka haqqında” Qanunun 36.1, 36.3, 36.4 və 39.2-ci, Mülki Prosessual Məcəllənin 119.1, 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə apellyasiya şikayəti verərək, Ağcabədi Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli, 2(017)-34/2019 nömrəli qətnaməsinin daşınmaz əmlakın ilkin satış qiyməti hissəsində ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya icraatı zamanı alınmış "xxxx" MMC-nin 05 fevral 2020-ci il tarixli qiymətləndirmə rəyinə əsasən ünvan 1 ünvanda 0,15 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, beş otaqlı fərdi yaşayış evinin bazar qiyməti 160000 manat təşkil edir.
10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2(106)132/2020 nömrəli qətnaməsi ilə (hakim T.X.Heydərovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Kərimovdan və F.K.Soltanovdan ibarət tərkibdə) iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Ağcabədi Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli, 2(017)-34/2019 nömrəli qətnaməsi ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan və ünvan 1 ünvanda 0,15 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, beş otaqlı, yaşayış sahəsi 135,1 kv.m, yardımçı sahəsi 220,7 kv.m, ümumi sahəsi 355,8 kv.m-dən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ipoteka ilə yüklü edilmiş həmin fərdi yaşayış evinin ilkin satış qiymətinin 160000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni "xxxx" MMC-nin qiymətləndirmə rəyi və Mülki Məcəllənin 317.1, 319.4, 385.1, 425.1, 445.1, 445.2.1-ci, “İpoteka haqqında” Qanunun 1.0.1, 10.1, 33 və 39.3.3-cü maddələri ilə əsaslandırmı şdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
12. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2(106)-132/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 fevral 2021-ci il tarixli, 2(103)-74/2021 nömrəli qərarı ilə (hakim Ə.Ə.Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər M.T.Əhmədovadan və İ.K.Xəlilovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyun 2020-ci il tarixli, 2(106)-132/2020 nömrəli qətnaməsi i poteka predmetinin qiymətləndirilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir.
14. Kassasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən əmlakın likvid dəyərini deyil, real bazar dəyərini əsas götürmüşdür. Halbuki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
15. Təkrar apellyasiya baxışı zaman alınmış "xxxx" MMC-nin 14 fevr al 2022-ci il tarixli qiymətləndirmə hesabatı ilə Ağcabədi şəhəri, H.Aslanov küçəsində Cavabdeh mülkiyyətində olan 0,15 ha torpaq sahəsində yerləşən 148A nömrəli fərdi yaşayış evinin 14 fevral 2022-ci il tarixə real bazar dəyərinin 215000 manat, likvid dəyərinin 205000 manat təşkil etdiyi müəyyən edilmişdir.
16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2022-ci il tarixli, 2(106)81/2022 nömrəli qətnaməsi ilə (hakim M.K.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər Z.A.Zeynalovdan və Z.M.Allahyarovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli, 2(017)-34/2019 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 210000 manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş, iş üzrə ipoteka predmetin in ilkin satış qiyməti 160000 manat müəyyən edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, ilk apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmə nəticəsində ipoteka predmetinin bazar qiyməti 160000 manat müəyyən edilmiş və apellyasiya instansiyası məhkəməsi də ipoteka predmetinin ilkin satış qiymətini 160000 manat müəyyən etmişdir. İddiaçı həmin qiymətlə də razılaşmamış və apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermişdir. Lakin cavabdeh həmin qətnamədən kassasiya şikayəti verməmiş, yəni ipoteka predmetinin ilkin satış qiymətinin 160000 manat məbləğində müəyyən edilməsi ilə razılaşmışdır. Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişinə uyğun olaraq həyata keçirilmiş qiymətləndirmə nəticəsind ə ipoteka predmetinin likvid qiyməti 205000 manat müəyyən edilmişdir. Lakin işdən göründüyü kimi ipoteka predmetinin ilkin satış qiymətinin yüksək müəyyən edilməsindən narazı olan və buna görə də müvafiq olaraq iş üzrə məhkəmə qətnamələrindən apellyasiya və kassasiya şikayətlərini verən məhz iddiaçıdır. Hazırkı halda ipoteka predmetinin 205000 manat müəyyən edilmiş likvid qiymətinin iddiaçının kassasiya şikayəti verərkən ümid etdiyindən yüksək olduğunu və iş üzrə ilkin olaraq həyata keçirilən ipoteka predmetinin bazar qiymətini 160000 manat müəyyən edən qiymətləndirilmənin nəticəsindən cavabdehin narazı olmadığını, yəni kassasiya şikayəti vermədiyini nəzərə alaraq apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə ipoteka predmetinin ilkin satış qi ymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
18. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu vasitəsi ilə kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2022-ci il tarixli, 2(106)-81/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və ipoteka predmetinin qiymətinin dəyişdirilməsi üçün işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “İpoteka haqqında” Qanunun 1, 39-cu, Mülki Prosessual Məcəllənin 88, 103.1, 217-ci maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya k ollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Qərardadının tələbləri pozulmuşdur. Belə ki, ipoteka predmetinin qiyməti qətnamədə göstərilən məbləğdən aşağıdır və əmlakın ilkin satış qiyməti müəyyən edilən zaman əmlakın real bazar qiyməti nəzərə alınmamışdır. "xxxx" MMC tərəfindən 05 fevral 2020-ci il tarixli və "xxxx" MMC tərəfindən 14 fevral 2022ci il tarixli qiymətləndirmə rəyləri ilə ipoteka predmetinə hansı meyarlar əsasında qiymət qoyulması anlaşılan deyil. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qiyməti 100000-120000 manat civarındadır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunan qiymətləndirmə ekspertizaları arası nda uyğunsuzluq vardır. Apellyasiya instansiya məhkəməsi bu uyğunsuzluğa öz mövqeyini bildirməli və hüquqi qiymət verməli idi. İpoteka predmetinin ilkin satış qiymətinin yüksək müəyyən edilməsi sonradan həmin əmlakın açıq hərracda satılmasını və bankın tələbinin həmin əmlaka yönəldilməsini qeyri-mümkün edir. Əslində isə açıq hərrac zamanı əmlakın qiymətinin real olması alıcıları həmin əmlakı almağa həvəsləndirir. Təbiidir ki, əmlak açıq hərrac zamanı ən yüksək dəyəri verən şəxsə satılmalıdır. Lakin ilkin qiymətin əmlakın real dəyərindən çox qoyulması alıcıları əmlak barədə açıq hərracda iştirakdan çəkindirir və açıq hərracda iştiraka həvəsləndirmir.
20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri:
22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə ara şdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
23. Kassasiya baxışının hədlərini müəyyən edən məhkəmə kollegiyası qeyd edir ki, kassasiya məhkəməsinin əvvəlki qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin qiymətləndirilməsi hissəsində ləğv edilmiş və təkrar apellyasiya baxışının predmetini yalnız həmin məsələ olmuşdur. Hazırda iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam mübahisələndirdiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra et mədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. 25. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəs inə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci madd əsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəm əsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Belə ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya məhkəməsinin əvvəlki icraatında verdiyi göstərişləri icra edərək, ipoteka predmetini n likvid dəyərinin müəyyən olunması məqsədi ilə qiymətləndirmə keçirmiş və alınmış rəylə əmlakın həmin qiymətinin 205000 manat olması müəyyən edilmişdir. İddiaçı iş üzrə alınan rəyləri mübahisələndirsə və ipoteka predmetinin dəyərinin daha aşağı olmasını bildirsə də, qərarın təsviri hissəsində göstərilən rəylərin düzgün olmamasını təsdiq edən sübutları işin faktiki hallarını araşdıran apellyasiya məhkəməsinə təqdim etməmişdir.
29. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
30. Odur ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq işdə olan rəyləri ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün əsas kimi qəbul etmişdir. Bu zaman nəzərə alınmalıdır ki, apellyasiya məhkəməsinin ilk qətnaməsi ilə ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin ilkin satış qiyməti 160000 manat məbləğində müəyyən edilmiş və cavabdeh həmin məbləğin aşağı olmasından kassasiya şikayəti verməmişdir. Bu səbəbdən təkrar apellyasiya baxışının predmetini kassasiya məhkəməsinin göstərişlərinə əsasən yalnız əmlakın likvid dəyərinin 160000 manatdan aşağı olması mümkünlüyünün araşdırılması təşkil etmişdir. Həmin hal isə apellyasiya məhkəməsi tərəfindən təsdiqini tapmadığından, ipoteka predmetinin ilkin satış qiymətinin qeyd olunan məbləğlə müəyyən edilməsindən ibarət apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
31. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2022-ci il tarixli, 2(106)-81/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.