Məhkəmə qərarları › İş №2(102)-4401/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4401/2022

05.11.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4401/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borc, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2(103)2381/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etd i. İşin halları:

1. İddiaçı Bakı şəhərinin Nərimanov rayonunda, Baksol adlanan ərazidə metal tikinti materiallarının satışı ilə məşğul olur.

2. İddiaya görə bir neçə il əvvəl Masallı rayonunda metal tikinti materialları satışı ilə məşğul olan Cavabdeh1 metal tikinti materiallarını nisyə almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11950 manat əsas borcun, nümayəndəyə ödənilmiş 500 manat pulun və 30 manat dövlət rüsumunun, cəmi 12480 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıdan Baksol tikinti bazarında dəyəri xeyli miqdarda olan metal tikinti materiallarını nisyə alaraq, hissə-hissə ödəmək şərtilə aparmış, lakin həmin materialların pulunu iddiaçıya ödəməmişdir. Son nəticədə cavabdehin iddiaçıdan apardığı və ödəmədiyi tikinti materiallarının ümumi dəyəri 11950 manat təşkil edir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(007)1660/2021 nömrəli qətnaməsi ilə (hakim Ü.B.Yusifova) iddia təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının sübut kimi istinad etdiyi və iş materiallarına əlavə etdiyi 20 yanvar 2021-ci il tarixli Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin sahə inspektoru Nicat Ələkbərovun təqdim etdiyi arayışdan görünür ki, “Laçın rayonu, Nağdalı kəndində qeydiyyatda olan Cavabdeh1 məsələyə aydınlıq gətirilməsi üçün ***-***-**-** nömrəli mobil nömrəsi ilə əlaqə saxlanılmış, vətəndaş bildi rmişdir ki, İddiaçı işlədiyi metal satışı yeri ilə aralarında xeyli miqdarda alver olmuş, lakin etdiyi alverin pulunu tam olaraq ödəmişdir. Bu barədə əlində müvafiq qaimələr də vardır. Əgər hansısa borcu qalıbdırsa, versin məhkəməyə, mülki qaydada araşdırılsın.” Göründüyü kimi həmin arayışın məzmunundan aydın olur ki, tərəflər arasında alqı-atqı olmuşdur. Lakin cavabdeh iddiaçıya borcunun olmamasını bildirir.

7. Məhkəmə iddiaçının tərəfin dəvət etdiyi şahid ifadələrinə hüquqi qiymət verərək, onların qeyri-səmimi olduğunu hesab etmişdir. Belə ki, şahid X1 ifadəsində bildirmişdir ki, iddiaçının vəkili və nümayəndəsi ilə sadəcə sürücü kimi getmiş, lakin şahid ifadə verməyə başlayan kimi cavabdehin 12000 manat borcu olduğunu, eyni zamanda aralarında 3 metr məsafə olduğunu və sadəcə “qulaq misa firi” olduğunu bildirdi. Digər şahid Cavabdeh2 qeyri-müəyyən ifadə verərək cavabdehin iddiaçıya nə qədər borcunun olmasını, borcun qaytarılıb-qaytarılmamasını, malların nağd və ya nisyə alınmasından məlumatı olmadığını bildirmişdir.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddia tələbinin 11950 manat əsas borc məbləğinin mövcudluğu hissəsində mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(007)-1660/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2(103)-2381/2022 nömrəli qətnaməsi ilə (hakim A.Ə.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.Ə.Kərimlidən və E.C.Kazımovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(007)1660/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, iddiaçı cavabdehin onun qarşısında yerinə yetirilməmiş hər hansı öhdəliyinin olmasını sübut edə bilməmişdir. İddia tələbi cavabdeh tərəfindən etiraf edilmədiyind ən və iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, o cümlədən cavabdehin onun qarşısında yerinə yetirilməmiş hər hansı öhdəliyi olmasını təsdiq edən mötəbər sübutlar (müqavilə, qəbz, qaimə, kassa çeki və s.) təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddianı əsassız sayıb rədd etməkdə haqlı olmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonunun ərazisində Baksol adlanan ərazidə metal tikinti materiallarının satışı ilə, yəni sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Belə ki, iş materiallarında onun fərdi sahibkar olmaqla vergi ödəyicisi olmasını təsdiq edən hər hansı mötəbər sübut yoxdur.

14. İddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı həmin məsələyə aydınlıq gətirərkən göstərmişdir ki, iddiaçı qeyd olunan ərazidə mağazalardan birində satıcı işləmiş və təxminən 2015-2016-cı illərdə cavabdehə bir sıra metal tikinti materialları satmışdır. İddiaçı özü vergi ödəyicisi deyil, satılan mallar isə mağazaya məxsus olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

15. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2(103)-2381/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 442, 448.1-ci maddələri pozulmuş, iş üçün əhəmiyyət kəsb edən bir sıra hallara düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiya məhkəməsi ona təqdim olunmuş sübutları, yəni şahid ifadələrini və digər yazılı sübutları nəzərə almamış, onlara sübut kimi hüquqi qiymət verməmişdir. Məhkəməyə təqdim olunmuş arayışın və ərizənin məzmunundan aydın olur ki, tərəflər arasında alqı-satqı münasibətləri olmuşdur. Lakin cavabdeh iddiaçıdan aldığı malların pulunu tam ödəməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, həmin arayışı digər sübutlarla, yəni şahidlərin ifadələri ilə müqayisəli şəkildə araşdırdıqda cavabdehin borcunun olduğu və bu borcu hələ də ödəmədiyi müəyyən olunur.

17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

18. Kassasiya şikayətinə qarşı etiraz veril məmişdir. Kassasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə m übahisənin hüquqi aktlarına təsir göstərə bilər.

20. İddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öh dəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsin də nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əh əmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsin i yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəmə si tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaçıya icra olunmamış öhdəliyi olması iş materialları ilə təsdiqini tapmamışdır.

25. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında nisyə-alqı satqı müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcudluğu işin mübahisəsiz halıdır. Kassatorun mübahisələndirdiyi məsələ cavabdehin iddiaçıya olan borcunu qaytarmasıdır. Bu zaman iddiaçı cavabdehin belə öhdəliyinin qalmasını təsdiq edən hər hansı mötəbər sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq mövcud sübutlara əsasən apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermişdir.

26. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

27. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qət namə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. B akı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2022-ci il tarixli, 2(103)-2381/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar