Məhkəmə qərarları › İş №2(102)-4596/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4596/2022

06.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4596/2022 06.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv Prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh İvanovnaya qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4596/2022 Açar sözlər: sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-571/2022 nömrəli, 8 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 6 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 11 iyul 2013-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır.

2. Həmin kredit müqaviləsi üzrə xx.xx.2013-cü ildən tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə müxtəlif tarixlərdə və məbləğlərdə ödənişlər edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 121077,57 manat məbləğində əsas borc, 50033,79 manat faiz borcu, 1293 manat cərimə borcu olmaqla, cəmi 172404,3 6 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin ləğv prosesində olan İddiaçı ASC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o müqaviləyə dair üzərinə götürdüyü öhdəliyi tam icra edərək verməli olduğu kredit məbləğini cavabdehə versə də, sonuncu müqavilənin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizləri ödəməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmişdir.

5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatında, cavabdehin milliyətcə rus olduğunu, Azərbaycan dilini tam başa düşmədiyini bildirmiş və əlavə etmişdir ki, sonuncu dərzi fəaliyyəti ilə məşğul olur, istehlak məqsədilə kredit götürmək üçün İddiaçı ASC- yə müraciət etmiş, orada ona müəyyən sənədlər imza etdirilmiş və kreditin verilməsi ilə bağlı ona məlumat veriləcəyi bildirilmişdir. Cavabdeh müqavilənin mahiyyətini dərk etmədən imza etməsinə baxmayaraq qeyd olunan məbləğ cavabdehə verilməmişdir. Əgər qeyd olunan məbləğ köçürmə yolu ilə həyata keçirilmişdirsə, hansı hesaba və nə vaxt köçürülməsi ilə bağlı bank tərəfindən sübut təqdim olunmalı idi. Bu səbəbdən iddia təmamilə əsassızdır və məhkəmədən təmin olunmamasını xahiş etmişdir.

6. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(043)-1783/2021 nömrəli, 15 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim:Cavid Tağıyev) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə yaşayış sahəsinin alınması məqsədi ilə borc verildiyini bildirsə də, həmin məbləğdə pulun cavabdehə istər nağd qaydada, istərsə də köçürmə yolu ilə verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.

8. Belə ki, tərəflər arasında müqavilə mövcud olsa da, iddiaçı tərəfindən müqavilənin icra olunması, yəni müqavilədə göstərilən məbləğdə pulun cavabdehə verilməsi məhkəmə araşdırması zamanı sübut olunmamışdır.

9. Həmçinin, kredit dosyesində ipoteka müqaviləsi və kassa məxaric orderi aşkar olunmamışdır.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandıarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-571/2022 nömrəli, 8 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir.

14. Məhkəmə kollegiyası qətnaməni onunla əsaslandırmışdır ki, sözügüden kredit müqaviləsi üzrə kreditin cavabdehə verilməsini təsdiq edə bilən yeganə mötəbər sübut növü pulun məxaric sənədidir ki, iddiaçı tərəf həmin sənədi məhkəməyə təqdim edə bilməmişdir.

15. Eyni zamanda, cavabdehin İddiaçı ASC-dən аlınan kredit hesabına əmlak əldə etməsi barədə də iş materiallarında heç bir mötəbər sübut yoxdur.

16. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 81-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (Vəkil ) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassator şikayətini əsaslandırarkən bildirmişdir ki, məhkəməyə təqdim edilmiş kredit müqaviləsindəki imza cavabdeh ə məxsusdur və bu hal mübahisə olunmur.

19. Həmçinin bu kreditlə bağlı cavabdeh tərəfindən icra edilmiş ödənişlər və Mərkəzləşdirilmiş Kredit Reyestrində də borc öhdəliyi mövcuddur. Belə ki, cavabdeh ümumilikdə 87,390 manat məbləğində ödəniş həyata keçirmişdir. Götürülməyən kredit üzrə cavabdehin bu məbləğdə, davamlı olaraq ödəniş etməsi isə ağlabatan deyildir.

20. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 77.1, 81-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)

21. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməl idir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilm iş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

33. İşin məhkəmələr tərəfindən müəyyən edilən faktiki halları ondan iba rətdir ki, 11 iyul 2013-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə borc alana 165.000 manat kredit verilməsi rəsmiləşdirilmişdir. Kredit məbləğinin borc alana Gəncə şəhərində "xxxx" MTK-nın inşa etdiyi yaşayış binasındakı 4 otaqlı mənzilin alınması üçün verildiyi qeyd edilmişdir. Bank sənədlərinə əsasən xx.xx.2013-cü ildən tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrlərdə kredit müqaviləsi üzrə müxtəlif tarixlərdə və məbləğlərdə ödənişlər edilmişdir.

34. İddiaçı ödənilməmiş qalmış məbləği tələb edir. Lakin məhkəmə baxışı zamanı iddiaçı müqavilədə nəzərdə tutulan kredit məbləğini cavabdehə verməsinə dair heç bir sübut təqdim edə bilməmişdir.

35. Məhkəmələr müəyyən etmişlər ki, iddiaçı cavabdehə yaşayış sahəsinin alınması məq sədi ilə borc verildiyini bildirsə də, həmin məbləğdə pulun cavabdehə istər nağd qaydada, istərsə də köçürmə yolu ilə verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, kredit dosyesində ipoteka müqaviləsi və kassa məxaric orderi aşkar olunmamışdır.

36. Eyni zamanda işin mübahisəsiz halıdır ki, İddiaçı ASC-də baş vermiş analoji qanun pozuntularına görə Republika Prokurorluğunda cinayət işi başlanaraq ibtidai araşdırma aparılır və hazırkı iddia tələbinin əsasını təşkil edən kredit müqaviləsi və ona aid sənədlər də istinaq orqanı tərəfindən götürülərək araşdırılır (mülki işdə bu barədə rəsmi sənədlər var). Ona görə işə baxılarkən xüsusi qərardad çıxarılmaması ilə bağlı kassasiya şikayətinin dəlilinə cavab olaraq qeyd olunur ki, həmin cinayət işinin istinataqı zamanı zəruri sübutları və vəsatətləri istintaq orqanına təqdim edə bilərsiniz.

37. Nə qədər ki, kredit müqaviləsi üzrə vəsaitin cavabdehə verilməsi halını iddiaçı tərəf sübuta yetirə bilməmişdir, deməli, tərəflər arsında kredit müqaviləsi üzrə öhdəliklərin yaranmasına istinad edilməklə borc tələbi əsaslı sayıla bilməz.

38. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Eyni zamanda kassatorun nəzərinə çatdırılır ki, şikayətdə irəli sürülən dəlillər əsasən işin faktiki hallarının düzgün müəyyən edilməməsi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Kassasiya instansiyası məhkəməsi apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Kredit müqaviləsi ilə bağlı ödənişlər aparılması halının yoxlanılmaması dəlilini iddiaçı kassasiya şikayətində irəli sürmüşdür. Nəzərə almaq lazımdır ki, həmin hallar da işin faktiki hallarına aid olan məsələ olduğundan işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən araşdırılmalıdır. Ona görə belə dəlillər işə mahiyyəti üzrə baxan məhkəmələrə verilməli idi.

41. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa gör ə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Eyni zamanda həmin qərarda göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəm ə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

43. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-571/2022 nömrəli, 8 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar