Məhkəmə qərarları › İş №2(102)-4612/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4612/2020

26.10.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4612/2020 26.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti İddia tələbi: işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi Açar sözlər: işə bərpa, əmək münasibətlərinin mövcud olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının, onun vəkili X3, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-15002/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra – cavabdeh və ya QSC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək QSC-də “Əməyin təhlükəsizliyi mühəndisi” vəzifəsinə bərpa olunması və işdən çıxarılan vaxtdan işə bərpa ediləcəyi vaxtadək ödənilməyən məbləğlərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixindən QSC-də “Əməyin təhlükəsizliyi mühəndisi” vəzifəsində işləmişdir. İşə başladıqdan təxminən 1 ay sonra işçi kimi rəsmiləşdirilmədiyini öyrənmiş, həmin gün şirkətin maliyyə müdiri vəzifəsində işləyən Polad adlı şəxslə əlaqə saxlamış və ondan işçi kimi rəsmiləşdirilməsini xahiş etmiş, lakin sonuncu ona kobud şəkildə qeydiyyata alınmadan işləyəcəyini demişdir. İddia tələbinə görə, bu hal işdən azad edilməsi ilə nəticələnmiş, əmək kitabçası şirkətdə qalmış, ona rəsmi qaydada heç bir əmək haqqı ödənilməmişdir. Halbuki, onun hər gün işə gedib-gəlməsi kameralarla, “əməyin təhlükəsizliyi qaydalarının izah edilməsi” haqqında kitabda olan imzalarla, şahidlərlə və digər sübutlarla təsdiq olunur. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-2416/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ü.Şükürova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 3, 81, 287, 288, 292, 294.2, 300.1ci maddələr inə istinadla hesab etmişdir ki, iddiaçının bütün tələbləri əmək münasibətlərinin mövcudluğuna istinad edilərək irəli sürülsə də, tərəflər arasında əmək müqaviləsindən irəli gələn əmək münasibətləri mövcud olmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-15002/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, i ddiaçı istinad etdiyi halları təsdiq edə biləcək hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Halbuki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, cavabdeh şirkətdə işləmiş olduğunu sübut etməlidir. Bu baxımdan Məhkəmə kollegiyası yalnız iddiaçının şifahi bildirdiklərinə istinadla onun iddia tələbinin təmin edilməsinin mümkün olmadığını vurğulayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirərək təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasın ı xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçü n o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün h əmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 3, bənd 2 İşçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. Maddə 49...əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir (1-ci hissə, xx.xx.2013-cü il tarixindən qüvvədə olan redaksiyada). Maddə 81

1. Kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər.

2. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. MPM Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğunu ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məh kəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-15002/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar