Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4645/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2023-cü il tarixli, 2(105)-1797/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan R espublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Abşeron Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(012)-930/2022 nömrəli qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı Cavabdeh qarşı 22 iyul 2016-cı il tarixli kredit müqaviləsinin icrası ilə əlaqədar həmin kredit müqaviləsinə xitam verilməsi və cavabdeh qarşısında heç bir öhdəliyinin olmaması barədə iddiası təmin edilməmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2022-ci il tarixli, 2(105)-1797/2022 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və L.M.Məmmədovadan ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 12 m ay 2022ci il tarixli, 2(012)930/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. İddiaçı kassasiya şikayəti vermiş və ərizə ilə apellyasiya məhkəməsinə müraciət edərək, kassasiya şikayəti verməsi üçün qanunla müəyyən olunan prosessual müddətinin ötürülməsini üzrlü hesab edilməklə, müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2023-cü il tarixli, 2(105)-1797/2022 nömrəli qərardadı ilə (hakim A.A.Mahmudovun sədrliyi və məruzəsi ilə, hakimlər S.A.Qafaridən və L.M.Məmmədovadan ibarət tərkibdə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 oktyabr 2022-ci il tarixli, 2(105)1797/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti verməsi üçün ötürülmüş prose ssual müddətin bərpa edilməsinə dair vəsatət (ərizə) təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.
5. Apellyasiya instansiyası məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, vəsatətdə qeyd edilən hallar heç də prosessual müddətin üzrlü səbəblərdən ötürülməsinə dəlalət etmir. Mülki işin materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2022-ci il tarixli, 2(105)-1797/2022 nömrəli qətnaməsi 01 noyabr 2022-ci il tarixdə iddiaçının iş materiallarında olan ünvanına göndərilmiş və 10 noyabr 2022-ci il tarixdə poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Beləliklə, qətnamədən 2 ay müddətinə şikayət verilmə müddətinin axımı iddiaçı üçün 10 noyabr 2022-ci il tarixdən başlayaraq, son gün 10 yanvar 2023-cü il ta rixdə bitmişdir. Sözügedən qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti isə 21 sentyabr 2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə, yəni prosessual müddət xeyli ötürülməklə verilmişdir.
6. Ərizəni əsaslı hesab etməyən apellyasiya məhkəməsi ərizənin dəlilləri ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı müstəqil şəkildə vəkillə təmin olunmuş, apellyasiya şikayəti yenə vəkil tərəfindən tərtib edilmişdir. Bu hal özlüyündə iddiaçının maddi imkansızlıq ucbatından kassasiya şikayətini zamanında vəkilə tərtib etdirə bilməməsi, yaxud hüquqi savadsızlıq səbəbindən qətnamədən kassasiya şikayəti verilməsi müddətinin mövcudluğunu bilməməsi kimi halların inandırıcılığını istisna edir. Başqa sözlə, iddiaçının apellyasiya şikayətini qanunla m üəyyən edilmiş müddət çərçivəsində verib, kassasiya şikayətinə gəldikdə belə müddətin mövcudluğundan məlumatsız olması kimi arqumenti ağlabatan mühakimə hesab edilə bilməz.
7. Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında kassasiya şikayətinin verilməsinə dair tələblər, o cümlədən müddət və dövlət rüsumunun ödənilməsi tələbi, habelə bu tələblərə əməl edilməməsinin hüquqi nəticələri aydın şəkildə müəyyən edilib. Qeyd edilməlidir ki, kassasiya şikayətinin qanunvericiliklə müəyyən olunmuş müddət ərzində verilməməsi, dövlət rüsumunun müəyyən edilmiş məbləğdə ödənilməməsi, forma və məzmuna ciddi riayət olunmaması və s. hallar kassatorun öz hərəkəti nəticəsində baş verdikdə, bu səhvin mənfi nəticələrinin yükü digər tərəfin və ya məhkəmənin üzərinə düşə bilməz və məhkəmələr bununla bağlı tərəflərin səhvlərini düzəltmək vəzifəsini daşımır.
8. Apellyasiya kollegiyasının qənaətinə görə kassasiya şikayətinin qaytarılması kassatorun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırsa da, belə müdaxilə, hüquqi müəyyənliyin və ədalət mühakiməsinin lazımi şəkildə həyata keçirilməsini təmin etmək, o cümlədən sui-istifadələrin və süni süründürməçiliyin qarşısını almaq, tərəflərin bərabərliyini, mübahisənin səmərəli qaydada və ağlabatan müddətdə həll edilməsini, habelə məhkəməyə hörməti təmin etmək məqsədlərinə mütənasibdir. Əks halda bu kimi hallar ədalət mühakiməsinin qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsinə laqeydlik kimi qiymətləndirilə bilər.
9. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.3, 129.1, 129.2, 130.1, 135.5, 135.6, 403.1, 402.2.2, 408.1, 408.1.7, 408.1.1, 408.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci 08 may tarixli və 2007-ci il 13 fevral tarixli qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
10. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2023-cü il tarixli, 2(105)-1797/2022 nömrəli qərardadının ləğv edilməsini və ərizənin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 382-ci, Mülki Prosessual Məcəlləsinin 133, 185-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, ağır xə stəlik, savadsızlıq və digər çətin hallar müddətin bərpası üçün üzrlü hallar hesab olunur. Lakin, iddiaçı ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsində bu halları göstərsə də, məhkəmə tərəfindən bunlar nəzərə alınmamışdır. İddiaçı müddətin bərpa edilməsi barədə ərizəsində göstərmişdir ki, vəkil ilə hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar maddi vəziyyətinin çətinliyinə görə müqavilə bağlaya bilməmiş və savadsızlığı ilə əlaqədar kassasiya şikayəti verilməsi müddətini bilmədiyi üçün müddətin ötürülməsindən məlumatı olmamışdır. Bu səbəbdən ötürülmüş müddətin buraxılmasını üzrlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin arasında olan mübahisənin predmetinin borc münasibətlərindən irəli gəldiyini və iddiaçı barəsində pul tələbi ilə əlaqədar icra işinin olm asını nəzərə almamışdır.
12. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
13. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şika yəti verilə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
15. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. 16. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan R espublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətinin dəlilləri əsassızdır.
18. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subye ktiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
19. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).
20. Hazırda, iddiaçının apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərkən mülki prosessual qanunvericiliyi ilə müəyyən olunan müddəti pozması işin mübahisəsiz halıdır. İddiaçının kassasiya şikayətindəki dəlilləri onun göstərdiyi səbə blərin apellyasiya məhkəməsi tərəfindən nəzərə alınmamasının və ötürülmüş müddətin bərpasından imtinanın əsassızlığı ilə bağlıdır.
21. Kassasiya şikayətinin bu dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin vəkillə müqavilə bağlamağa maddi imkanın olmaması hazırki halda mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. İlk olaraq ona görə ki, o, bu halla bağlı müvafiq sübutları apellyasiya məhkəməsinə təqdim etməmişdir. Əksinə, apellyasiya instansiyası məhkəməsinin göstərdiyi kimi, işə birinci instansiya məhkəməsində baxılan zaman, həm də apellyasiya şikayəti verilərkən iddiaçını bağlanmış müqavilə və etibarnamə əsasında nümayəndə kimi vəkil təmsil etmişdir. Digər tərəfdən, iddiaçının vəkillə təmsil olunması üçün müqavilə bağlamağa imkanı olmadığı halda, Mülki Proses sual Məcəllənin 67-1-ci maddəsinə əsasən dövlət vəsaiti hesabına vəkilin təmin olunması üçün məhkəməyə müraciət etmək imkanı olmuşdur ki, o, bu hüququndan istifadə etməmişdir.
22. Kassasiya şikayətinin digər dəlili həmçinin əsassızdır. Belə ki, iş materiallarında olan apellyasiya instansiyası məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli protokoluna və qətnamənin nəticə hissəsinə əsasən həmin məhkəmə tərəflərə qətnamədən kassasiya şikayəti vermək hüquqlarını, bunun müddəti və qaydasını izah etmişdir. Odur ki, iddiaçının ehtimal olunan savadsızlığı müddətin bərpası üçün əsas ola bilməz.
23. Bu səbəbdən kassasiya şikayətinin buraxılmış prosessual müddətin bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 oktyabr 2023-cü il tarixli, 2(105)-1797/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.