Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5096/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: payın müəyyən edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1571/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı q əbul etdi. İşin halları: İddiaçı1 04 oktyabr 1999-cu il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha girmiş, birgə nikahdan iki uşaqları olmuşdur. Bərdə Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin oktyabr ayında İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini birgə nikahda olduqları dövrdə əldə etməklə onların ümumi birgə mülkiyyəti olmasını əsas göstərməklə həmin evə paylarının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-3090/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: Ə.V.Kərimov) iddia təmin edilərək ünvan 1 ünvanında 0,03 ha torpaq sahə sində yerləşən fərdi yaşayış evinə tərəflərdən hər birinin ½ hissədə payları müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1571/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və F.Ə.Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 2(021)-3090/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlil ləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Madd ə 37.1 Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ve rir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halları na uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, tərəflər 1999-cu ildə rəsmi nikaha girmiş və mübahisəli fərdi yaşayış evi onların birgə nikahda olduqları dövrdə, 24 iyun 2015-ci il tarix də alınaraq cavabdehin adına dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir İşin müəyyən olunmuş hallarına və qanunun tələbinə görə mübahisəli əmlak tərəflərin ümumi birgə mülkiyyəti olduğundan, kollegiya hesab edir ki, iddiaçı həmin əmlakdan payların müəyyən olunması barədə iddia qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə görə birgə mülki yyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. (220.1) Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. (220.2) Tərəflərin birgə mülkiyyətində olan yaşayış sahəsinin bölünməsi barədə aralarında razılıq olmadığı üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və məhkəmə qanunun yuxarıda göstərilən normalarının tələbinə müvafiq olaraq iddianı təmin etmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və qan unun tələbinə uyğun əsaslandırılmaqla çıxarılmış, qətnamənin ləğvi üçün əsas verən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1571/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-5096/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-5096/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver