Məhkəmə qərarları › İş №2(102)-5107/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5107/2022

05.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5107/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı QƏRARİ (Açar sözlər: işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işə bərpa tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)10828/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qay dasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. 17 aprel 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsi ilə İddiaçı 3 aylıq sınaq müddəti müəyyən edilməklə Cavabdeh MMC mühafizəçi vəzifəsinə işə qəbul olunmuşdur.

2. Cavabdeh MMC-nin direktorunun 07 iyun 2021-ci il tarixli 4/527 saylı əmri ilə İddiaçı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən sınaq müddəti ərzində özünü doğrutmadığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən xitam verilmiş və ona istifadə etmədiyi məzuniyyət günü üçün pul əvəzinin hesablanıb verilməsi müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Tornado-Ş” MMC-nin direktorunun 07 iyun 2021-ci il tarixli 4/527 nömrəli əmrinin ləğv edilməsi, "xxxx" MMC-də mühafizəçi vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı şəhər Nizami rayon məhkəməsinin (hakim H.M.Əhmədova) 2(007)3295/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

5. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, hazırki işin hallarından da müəyyən olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən xitam verilmiş, əmək müqaviləsinə xitam verilməzdən əvvəl işəgötürən tərəfindən Əmək Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əməl edilmiş və İddiaçı son haqq-hesabını almışdır. Bu baxımdan, İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən sınaq müddəti ərzində işçi özünü doğrultmaması ilə bağlı qanunla müəyyən edilmiş şərtlərə əməl edilmiş və Əmək Məcəlləsinin qeyd edilən normaları pozulmamışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

6. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (Hakimlər: X1 (sədrlik edən və məruzəçi), X3 və X2) 2(103)-10828/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən qətnamə dəyişdirilmədən saxlanılmışdır.

8. Məhkəmə kollegiyası öz mövqeyini əsaslanadıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia çının işdən azad olunması zamanı qanunvericiliyin tələblərinə əməl edildiyi qənaətinə gəlməkdə haqlı olmuşdur.

9. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı 3 aylıq sınaq müddəti müəyyən edilməklə Cavabdeh MMC mühafizəçi vəzifəsinə işə qəbul olunmuşdur. Bundan sonra İddiaçı barəsində raportlar və arayışlar tərtib edilərək İddiaçı şifahi xəbərdarlıq olunmasına baxmayaraq, onun tərəfindən geyim qaydalarının kobud surətdə pozulması, eləcə də “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunu, verilmə tarixindən, tələblərindən, vəzifə və iş təlimatlarından xəbərsiz olması müəyyən edilmişdir.

10. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Əmək Məcəlləsinin 51-ci maddəsinin 1-ci hissəsinə, 53-cü maddəsinin 1-ci hissəsinə, 70-ci maddəsinin “d” bəndinə, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10828/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

12. Maddə 51.1. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir.

13. Maddə 53.1. Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.

14. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda Azərbaycan Respublikasının Mülki Pr osessual Məcəlləsi:

15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

18. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

19. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halları na uyğun olmamasına istinad etməyə yol verilmir.

20. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

21. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

22. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

23. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 27. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

28. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmə li hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)10828/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar