Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5809/2022 26.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-5809/22 Açar sözlər: kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi Bakı şəhəri, 26 dekabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5368/2022 nömrəli mülki iş üzrə 15 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kas sasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı "Accessbank” QSC (bundan sonra - iddiaçı) ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, 017L**********62 saylı uzun müddətli kredit müqaviləsi (bundan sonra - uzun müddətli kredit müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə görə kredit alana 120 ay müddətinə, 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır.
2. İddiaçı ilə Cavabdeh1 arasında uzun müddətli kredit müqaviləsi üzrə 017R********** saylı xx.xx.2019-cu il tarixli Kredit razılaşması (bundan sonra - kredit razılaşması) bağlanmışdır. Kredit razılaşmasına əsasən Cavabdeh1 aylıq 1.6667 faiz olmaqla 36 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir.
3. Uzun müddətli kredit müqaviləsin in təminatı olaraq iddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli 017M**********01 saylı ipoteka müqaviləsi (bundan sonra – ipoteka müqaviləsi) bağlanmış və sonuncunun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 51 kv.m ümumi sahədən ibarət 23 saylı mənzil (bundan sonra – ipoteka predmeti) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
4. Həmçinin uzunmüddətli kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixli 017S**********01 saylı, iddiaçı ilə Cavabdeh2 arasında isə xx.xx.2019-cu il tarixli 017S**********02 saylı zaminlik müqavilələri (bundan sonra zaminlik müqavilələri) bağlanmış və həmin müqavilələrə əsasən Cavabdeh1 öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər Cavabdeh3 və Cavabdeh2 iddiaçı qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə kredit razılaşması üzrə 40173.81 manat məbləğində kredit borcu, 7752.2 manat məbləğində faiz borcu və 20381.23 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 68307 (altmış səkkiz min üç yüz yeddi) manat 24 (iyirmi dörd) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulmas ı, ipoteka predmetinin açıq hərracdan satılması, 68307 (altmış səkkiz min üç yüz yeddi) manat 24 (iyirmi dörd) qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 ipoteka predmetinə istifadə hüquqlarının itirilməsi, onların ipoteka predmetindən çıxarılması, ipoteka predmetinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 9826.19 manat ödəmiş, onun 40173.81 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 413 gün üçün hesablanmış faiz borcu 7752.2 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 413 gün üçün hesablanmış cərimə 20381.23 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz, borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə ipoteka müqaviləsi ilə ipoteka predmeti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. 7. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabatına əsasən ipoteka predmetinin likvid qiyməti 89000 manat müəyyən edilmişdir.
8. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8265 №-li rəyi ilə kredit razılaşması üzrə xx.xx.2021-ci il tarixə (iddia tələbində göstərilən tarixə) borclunun kreditora əsas borc üzrə 41.147,15 manat, faiz borcu üzrə 8979,75 manat borcunun olduğu müəyyən edilmişdir. Rəydə həmçinin qeyd edilmişdir ki, kredit razılaşması üzrə cərimə borcunun hesablanması qaydası və cərimə hesabı olmadığından həmin müqavilə üzrə Cavabdeh1 cərimə borcu hesablanmadı. Ümumiyyətlə kredit müqavilələri üzrə tədqiqat aparılarkən borc məbləği kredit verilən tarixdən rəy tərtib edilən tarixədək hesablanıla bilər. Ona görə də borc məbləğinin xx.xx.2022-ci il tarixə hesablanılması mümkün olmadı.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-235/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 017R********** saylı xx.xx.2019-cu il tarixli Kredit razılaşması üzrə 40173,81 manat məbləğində əsas borc, 7752,2 manat məbləğində faiz borcu, 4000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 51926,01 manat borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 30 manat xidmət haqqının tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş Cavab deh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 51 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 23 saylı mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, b.58 ünvanında yerləşən 51 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 23 saylı mənzilinin açıq hərracda ilkin satış qiymətinin 89000 manat müəyyən edilməsi, qeyd olunan daşınmaz əmlakların açıq hərracda satılması və ondan əldə ediləcək vəsaitin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğin Cavabdeh2 qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulması, Cavabdeh4, Ca vabdeh5, Cavabdeh6, Cavabdeh2 Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, b.58 ünvanında yerləşən 51 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətli 23 saylı mənzili tərk etməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 kredit razılaşması üzrə öz öhdəliklərini lazımı qaydada icra etməmiş və iddiaçıya borcu qalmışdır.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 oğluna münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, sonuncular zaminlik müqavilələri imzalamış, həmin müqavilələrdə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli g ələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcu tələbi onlardan müştərək qaydada tutulmalıdır.
12. Məhkəmə hesab etmişdir ki, kredit razılaşması üzrə 20381,23 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından həmin cərimə məbləği azaldılaraq 4000 manata endirilməlidir.
13. Məhkəmə eyni zamanda hesab etmişdir ki, iddia tələbinin ipoteka predmetinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsaitin iddiaçı qarşısında olan borcların ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan məbləğ cavabdehlərin iddiaçı qarşısında kredit razılaşması üzrə öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qayd ada tutularaq iddiaçının hesabına ödənilməsi hissəsində də əsaslıdır.
14. Həmçinin məhkəmə qeyd etmişdir ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabatına əsasən ipoteka predmetinin likvid qiyməti 89000 manat təşkil etdiyindən ipoteka premetinin ilkin satış qiyməti 89000 manat müəyyən edilməlidir.
15. Məhkəmə hesab etmişdir ki, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 ipoteka predmetini tərk etməlidir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1, 269.4, 269.5, 295, 296, 317, 319.1, 319.4, 319.6, 385.1, 442, 443.1, 448.1, 448.2, 458.1, 465.2, 467, 472.1, 472.2, 739.2, “İpoteka haqqında” Qanunun 39.3, 39.4, 39.5, 59.3.1, 59.3.2, 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair 03 noyabr 2015ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin ( bundan sonra- MPM) 14.2, 77.1, 88, 106.1, 107, 119.1, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, fərdi sahibkarlıq fəaliyyəti ilə (VÖEN **********) məşğuldur və sahibkarlıq fəaliyyətinin inkişafı ilə bağlı maliyyə dəstəyi üçün iddiaç ıya müraciət etmişdir. İddiaçı ilə aralarında uzunmüddətli kredit müqaviləsi və kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən 36 (otuz altı) ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% olmaqla 50.000 (əlli min) manat Fərdi Mikro Kredit götürmüşdür. Qeyd edilən kredit razılaşması üzrə 9.826,19 (doqquz min səkkiz yüz iyirmi altı manat, on doqquz qəpik) manat ödəmiş və hazırda 40.173,81 (qırx min yüz yetmiş üç manat, səksən bir qəpik) manat borcu qalmışdır. Borcunu ödəməməyinin səbəbi 2019-cu ilin sonunda dünyada, həmçinin Azərbaycanda “Covid-19” pandemiyası olmuşdur. 2019cu ilin martın sonundan 2022-ci ilin aprel ayına kimi müvafiq icra hakimiyyəti orqan tərəfindən Respublikada bir çox sahələrin fəaliyyəti dayandırılmışdır, eyni zamanda el şənlikləri, o cümlədən toy və nişan mərasi mlərin keçirilməsi qadağan edilmişdir. Bu səbəbdən də işlətdiyi mebel mağazasının fəaliyyəti dayanmış, sonradan fəaliyyətə icazə versələr də mağazada olan əşyalar, mebellər satılmamışdır. Hamıya bəllidir ki, “Covid-19” Pandemiyası ilə əlaqədar bir çox sahibkarlar iflasa uğramışdır, həmçinin onunda sahibkarlıq fəaliyyəti iflasa uğramışdır, lakin iflasla bağlı aidiyyəti orqanlara müraciət etməmişdir. Çünki, sahibkarlıq fəaliyyətini yenidən inkişaf etdirmək niyyətindədir. Dəfələrlə şifahi formada kredit ödənişlərinin güzəşt edilməsi, həmçinin yeni kredit qrafikinin açılması və yenidən faizlərinin hesablanması barədə iddiaçıya müraciət etmişdir. Lakin iddiaçı reallığı, o cümlədən dünyada və Respublikada olan “Covid-19” Pandemiyası ilə bağlı yayılmış xəstəliyin fəsadlarını nəzərə almamışdır. Əksinə iddiaçı onun sahibkarlıq vəziyyətinin ağır olduğunu bilə-bilə əlavə əsassız faizlər hesablamışdır. Qeyd edilən işin faktiki halları birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmayıb. Həmçinin kredit razılaşmasının 1.3-cü bəndində kreditin məqsədi “mikro kredit təyinatə üzrə verilməsi” göstərilmişdir. Belə olan halda məhkəmə işə kommersiya mübahisəsi kimi qiymət verməli idi. Lakin məhkəmə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi zamanı işin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə almamış və eyni zamanda yoxlamamışdır. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26-cı maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-5368/2022 nömrəli, 15 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X1 (sədrlik edən və məruzəçi), X2 və X3) apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5 may 2022-ci il tarixli, 2(005)235/2022 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessu al hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.
21. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər müqavilə bağlayarkən belə fors-major hallara görə borcun ödənilməsi öhdəliyi ilə bağlı məsuliyyətdən azad olunması və ya hər hansı formada öhdəlikdən azad olunmaya dair razılaşma ilə bağlı cavabdeh sübutlar təqdim etməmişdir. Bundan başqa cavabdeh ********** saylı VÖEN-i olmaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, tərəflər arasındakı kredit müqaviləsi və müqavilə ilə bağlı digər razılaşmalar imzalanarkən sahibkar olaraq imzalanmamış, rekvizitlər olaraq sahibkar kimi cavabdehin ********** saylı VÖEN-i qeyd edilməmişdir. Belə olan halda məhkəmənin işə kommersiya mübahisəsi kimi qiymət verməli olması d əlili əsassızdır.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1, 269.4, 269.5, 295, 296, 317, 319.1, 319.4, 319.6, 385.1, 442, 443.1, 448.1, 448.2, 458.1, 465.2, 467, 472.1, 472.2, 739.2, “İpoteka haqqında” Qanunun 39.3, 39.4, 39.5, 59.3.1, 59.3.2, 59.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair 03 noyabr 2015ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin ( bundan sonra- MPM) 14.2, 77.1, 88, 106.1, 107, 119.1, 217.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh1 kassa siya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə cavabdehin təqsirli olaraq kredit öhdəliklərinin icra etməməsini göstərməmiş, sadəcə olaraq ekspert rəyinə, həmçinin iddia ərizəsində olan halları sadalamaqla kifayətlənərək iddia tələbinin cərimə hissəsinə münasibətdə qismən təmin etmişdir. Halbuki, işin faktiki hallarında göstərildiyi kimi 2019-cu ilin martın sonundan 2022-ci ilin aprel ayına kimi müvafiq icra hakimiyyəti orqan tərəfindən Respublikamızda bir çox sahələrin fəaliyyəti dayandırılmasını nəzərə almamışdır. Yəni, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərini iradəsindən asılı olaraq ödəməmişdir. İddiaçı tərəf isə cavabdehin təqsirli olaraq kredit borcundan qəsdən yayınması halı ilə bağlıməhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna baxmayaraq iddiaçı tərəf iddia ərizəsində cavabdehin kredit borcunun yubatmasını və ödəməli olan vəsaitlərinin qaytarılmamasını göstərmişdir. Belə ki, Azərbaycan RespublikasıMülki Məcəllənin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ik ki, Apellyasiya məhkəməsi tərəfindən Azərbaycan RespublikasıMülki Məcəllənin 445.5-ci maddəsinin tələbi pozulmuşdur. Azərbaycan RespublikasıMülki Məcəllənin 448.1-ci maddəsi Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bir daha nəzərinizə çatdırmaq istərdim ki, Covid-19 pandemiyasının baş verməsi və bunun da sahibkarlıq fəaliyyətinə öz mənfi təsirini göstərməsi borclunun risk dairəsinə daxil deyildi və olmamalıdır. Belə ki, epidemiya fors-major hallar sırasına daxildir və 2020-ci ilin may ayından etibarən pandemiya özünün ən sərt dövrünə keçid etmiş, bu da xüsusi karantin dövrünün sərtləşdirilməsinə səbəb olmuşdur. Qeyd etməliyəm ki, karantin dövrünün sərtləşdirild iyi və bunun da nəticəsində bir çox xidmət sahələrinin öz fəaliyyətlərini dayandırdığı, yalnız həyati xidmətlər almaq üçün yaşayış yerini tərk etməyə icazə verilən zamanlarda belə borclu tərəfindən öhdəliyin icrası təmin edilmişdir.Yalnız xx.xx.2020-ci il tarixindən etibarən borclu öhdəliyin icrasını qeyd edilən üzrlü səbəblərdən dolayı təmin edə bilməmiş və bununla bağlı şifahi qaydada banka müraciət edərək möhlət verilməsini istəmişdir.
25. Həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi kredit razılaşmasının 1.3-cü bəndində kreditin məqsədinin “fərdi mikro kredit ” göstərilməsini nəzərə almamışdır. Belə olan halda məhkəmə işə kommersiya mübahisəsi kimi qiymət verməli idi. Lakin məhkəmə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi zamanı işin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyətini, işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə almamış və eyni zamanda yoxlamamışdır.
26. Bundan başqa göstərilmişdir ki, cavabdeh məhkəmə iclasına çağırılmamış, xəbərsiz olmuşdur. Məhkəmə bildirişi cavabdehə təqdim edilməmişdir. cavabdeh yekun məhkəmə aktı daxil olduqdan sonra məhkəmə haqqında məlumatlı olmuşdur. Bu səbəbdən də məhkəməyə heç bir sübut və vəsatət təqdim edə bilməmişdir. Belə olan halda cavabdehin prosessual hüquqları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
28. Maddə 269.1 Girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur v ə eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
29. Maddə 269.4 İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
30. Maddə 295 Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
31. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
32. Maddə 319.6 İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. Maddə 432.4. Əgər borclu əsa s öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
36. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
38. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
39. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
40. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
41. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
42. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əg ər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
43. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
44. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda ola n eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Qanun
45. Maddə 33 Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
46. Maddə 34.1.1 Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır
47. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır
48. Maddə 39.3.3 İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasınd a məhkəmə tərəfindən müəyyən edilir.
49. Maddə 41.1 İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
50. Maddə 59.3 İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik g ötürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Mülki Prosessual Məcəllə
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
56. Kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mat eriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
59. Kollegiya bildirir ki, sübutları araşdı rmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə cavabdehin kassasiya şikayətində irəli sürdüyü dəlillərə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
60. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və pr osessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
61. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5368/2022 nömrəli mülki iş üzrə 15 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.