Məhkəmə qərarları › İş №2(102)-6174/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6174/2022

21.12.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6174/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı cavabdeh “” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:pul tələbi 21.12.2022 S.A.A Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “X1” ASC-yə qarşı "pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4704/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 dekabr 2022ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2009-cu il tarixli, 9073 saylı mənzilin alqı-satqısı haqqında müqaviləyə əsasən, satıcı “X1” ASC Bakı şəhəri Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi Sumqayıt şossesi 7 kv.m. inşa etdirdiyi 1 saylı binanın, 67 blok, 7 saylı 2 otaqdan ibarət ümumi yaşayış sahəsi 69.5 kv.metr olan mənzili (bundan sonra – mübahisəli mənzil) alıcı İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh “X1” ASC-yə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə ar asında bağlanmış 9073 saylı, xx.xx.2009-cu tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi, Sumqayıt şosesi 7 kv.m. inşa etdirdiyi 1 saylı binanın 67 blok, 7 saylı evin 2 otaqdan ibarət, yaşayış sahəsi 69.5 kv.m olan mənzilə görə ödədiyi 29.885 manatın və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilat müqavilədə evin müəyyən təmir işlərini həyata keçirərək evi iddiaçıya təhvil verəcəyinə dair öhdəlik götürsə də, öhdəliyini tam icra etməmişdir. Belə ki, iddiaçı mənzilin məbləğini tam vaxtında ödəməsinə baxmayaraq evi ona müqavilədə qeyd olunan şərtlər altında göstərməmişlər. Ev iddiaçıya cavabdeh təşkilatın əməkdaşları tərəfindən göstərilərkən mənzilin razılaşdığı təmir vəziyyətində olmadığına görə, iddiaçı da evi təhvil-təslim etməkdən imtina etmişdir. Daha sonra onlar mənzilin tez bir zamanda düzəldəcəkləri barədə razılığa gəlmişlər. Lakin bu günə kimi ev iddiaçıya təhvil verilməmiş, aralarında heç bir təhvil-təslim aktı imzalanmamışdır. Dəfələrlə cavabdehin əməkdaşına rəsmi şəkildə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Belə ki, cavabdeh təşkilat məsuliyyətini dərk etməli, üzərinə götürdüyü öhdəlikləri icra etməlidir.

4. Cavabdeh “X1” ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçı tərəfindən ödənilən məbləğlər şirkətin sistemində görünməsə də təqdim olunmuş maliyyə arayışından müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən həqiqətən də 29.885 manat məbləğində ödəniş edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasına etirazları yoxdur. Lakin məhkəmədən xahiş edirlər ki, tərəflər arasında bağlanmış müqavilənin 5.8-ci bəndində nəzərdə tutulmuş şərti nəzərə almaqla iddia tələbinə hüquqi qiymət versin.

5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-694/2022 nömrəli, 21 aprel 2022-ci il il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia qismən təmin edilmiş, cavabdehdən 26.897 manat məbləğində pulun və 100 manat dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə alaraq müəyyən etmişdir ki, cavabdeh mübahisəli mənzilin iddiaçıya təhvil ve rilməsi ilə bağlı öhdəliyini icra etmədiyindən, ödənilmiş 29.885 manat məbləğində pulun 26897 manat hissəsini iddiaçıya geri qaytarmalıdır. (29885/10=2988, 29885-2988=26897) Hazırda isə iddiaçı mübahisəli mənzili təhvil almaqdan imtina edir (dolayısı ilə müqavilənin icrasından imtina edir), mənzilə görə ödənilmiş məbləğin ona geri qaytarılmasını tələb edir. Belə ki, tərəflər arasında xx.xx.2009-cu il tarixdə bağlanmış müqavilənin 5.8-ci maddəsinə əsasən, alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında ilkin ödəniş istisna olmaqla, ödənilmiş məbləğ yalnız, mənzil satıldıqdan sonra alıcıya qaytarılır, bu zaman satıcı alıcıya çatası həmin məbləğin 10 faizini mənzilin satılması ilə əlaqədar çəkilən xərclərin əvəzi kimi tutur.

7. Birinci instansiya məhkəməsi bildirmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh yuxarıda qeyd edilən müqavilə ilə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, o, müqavilə ilə nəzərdə tutulan hərəkəti tam icra etməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, o, özünün risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır.

8. Birinci instansiya məhkəməsi yekun olaraq qeyd etmişdir ki, müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur.

9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.1, 427.2, 427.3, 428.2, 430.1, 430.2, 445.2.1, 445.2.2, 448.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıdan tutulan ümumi məbləğin 10 faizi qanunsuzdur. Həmçinin müqavilənin şərtlərinə görə ödənilmiş məbləğ mənzil satıldıqdan sonra alıcıya qaytarılır. Lakin iddiaçıya satıcı tərəfindən ev təhvil verilmədiyindən o, evin mülkiyyətçisi hesab olunmur və həmin müqavilə üzrə öhdəliklər də ona şamil edilə bilməz.

12. Cavabdeh apell yasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iddiaçının mənzildən imtinasını cavabdehin mənzili təhvil verməməsi ilə əlaqələndirməsi səhv nəticədir. Bundan başqa, məhkəmə iddianı qismən təmin edərkən müqavilənin ləğvi məsələsinə hüquqi qiymət verməmişdir. Belə ki, müqavilə ləğv olunmadan iddianın təmin olunması, mənzilə görə ödənilmiş pulun iddiaçıya qaytarılması mümkün deyil. Həmçinin, cavabdehin nümayəndəsinin etibarnaməsində cavabdehə iddianı etiraf etməklə bağlı səlahiyyət verilmədiyi halda, məhkəmə cavabdehin nümayəndəsinin iddia tələbini qismən qəbul etməsinə əsaslanmışdır.

14. Bakı Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apellyasiya instasiyası məhkəməsi) 21 iyul 2022-ci il tarixli, 2(103)-4704/2022 nömrəli qətnaməsi ilə (hakimlər İkram Şirinovun sədrliyi və məruzəsi ilə, Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, cavabdehdən 2988 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, qətnamənin onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi cavabdehin ape llyasiya şikayətinin mənzilin təhvil verilməsi, bu barədə təhvil-təslim aktının birinci instansiya məhkəməsinə təqdim edilməsi barədə dəlilinə münasibətdə hesab etmişdir ki, həqiqətən də, mülki iş materiallarında xx.xx.2012-ci il tarixli, kserosurət olan akt olsa da, həmin sənəddən görünür ki, cavabdehin istinad etdiyi akt yalnız cavabdeh tərəfindən imzalanmışdır. Cavabdehin istinad etdiyi xx.xx.2012-ci il tarixli ksero surət olan həmin akt onun istinad etdiyi halı-mənzilin təhvil verilməsini təsdiq edən sübut kimi qəbul oluna bilməz. Cavabdeh qeyd olunan halla bağlı hər hansı başqa sübut təqdim etməmişdir.

16. Həmçinin məhkəmə kollegiyası cavabdehin digər dəlili ilə bağlı bildirmişdir ki, birinci instansiya məhkəməsinin iclas protokolundan məlum olduğu kimi cavabdehi birinci instansiya mə hkəməsində təmsil etmiş nümayəndəsi Nümayəndə məhkəmə iclasında yalnız iddiaçının təqdim etdiyi fakları təsdiq etmiş, onun tərəfindən MPM-in 52.2-ci maddəsində nəzərdə tutulan qaydada yəni, yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə iddia etiraf edilməmişdir. Eyni zamanda, araşdırmalarla məlum olmuşdur ki, cavabdehi birinci instansiya məhkəməsində təmsil etmiş nümayəndəsi Nümayəndə uzun müddətdir həmin şirkətdə hüquq məsləhətçisi kimi çalışır. Beləliklə, cavabdehin şikayətinin həmin dəlili də əsassızdır, iddiaçının qeyd etdiyi kimi vaxt uzatmaq məqsədilə verilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, hazırkı halda iddiaçı, yəni alıcı tərəfindən müqavilə öhdəliyinin vaxtında icra edilərək, mənzilin dəyərinin v axtında və tam olaraq ödənilməsi müəyyən edilsə də, cavabdehin xx.xx.2009-cu il tarixdə bağlanmış müqavilənin 3.1.2.4-cü maddəsinə əsasən, müqavilə şərtlərinə cavab verən mənzili həm də 14 ay müddətində iddiaçıya təhvil verməsi öhdəliyini icra etmədiyi müəyyən edilmişdir. Deməli, tərəflər arasında bağlanmış müqavilə şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi müqavilənin 5.8-ci maddəsinə əsasən, iddiaçıya ödənilməli olan məbləğdən 10 % məbləğin tutulması barədə iş üzrə düzgün olmayan qənaətə gəlmişdir.

18. Apellyasiya instasiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.1, 448.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 372.6, 372.7, 385.1.1, 385.1.2, 386-ci maddələrinə istinad et məklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin işdə iştirakını təmin etməmiş, eləcə də cavabdehin faktiki ünvanı apellyasiya şikayətində göstərilsə də, həmin ünvana məhkəmə bildirişi gəlməmişdir.

21. Həmçinin, kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi təhviltəslim aktında cavabdehin imzasının olmamasını əsas götürərərək, mənzilin iddiaçı tərəfindən təhvil alınmadığı qənaətinə gəlmiş, ancaq 2009-cu il t arixdən onun mənzilin təhvil alınmaması barədə cavabdehə qarşı hər hansı bir pretenziyasının olub-olmamasına qiymət verməmişdir.

22. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.9-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 88, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.

26. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunu r.

29. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

34. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəmə sinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

37. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, mülki iş materiall arında xx.xx.2012-ci il tarixli, kserosurət olan akt olsa da, həmin sənəddən görünür ki, cavabdehin istinad etdiyi akt yalnız cavabdeh tərəfindən imzalanmışdır. Cavabdehin istinad etdiyi xx.xx.2012-ci il tarixli ksero surət olan həmin akt onun istinad etdiyi halı-mənzilin təhvil verilməsini təsdiq edən sübut kimi qəbul oluna bilməz.

38. Həmçinin məhkəmə kollegiyası cavabdehin digər dəlili ilə bağlı bildirmişdir ki, hazırkı halda iddiaçı tərəfindən müqavilə öhdəliyinin vaxtında icra edilərək, mənzilin dəyərinin vaxtında və tam olaraq ödənilməsi müəyyən edilsə də, cavabdehin xx.xx.2009cu il tarixdə bağlanmış müqavilənin 3.1.2.4-cü maddəsinə əsasən, müqavilə şərtlərinə cavab verən mənzili həm də 14 ay müddətində iddiaçıya təhvil verməsi öhdəliyini icra etmədiyi müəyyən edilmişdir. Deməli, tər əflər arasında bağlanmış müqavilə şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Belə olan halda müqavilənin 5.8-ci maddəsinə əsasən, iddiaçıya ödənilməli olan məbləğdən 10 % məbləğin tutulması düzgün deyildir.

39. Kassasiya şikayətinin digər dəlillinə, yəni məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməməsinə dair dəlilə münasibətdə qeyd edilir ki, 21 iyul 2022-ci il tarixdə keçiriləcək məhkəmə iclası barədə bildiriş yazılı olaraq poçt vasitəsilə göndərilmiş, eyni zamanda cavabdehin vəkili və nümayəndəsi olan şəxsin (Nümayəndə) elekton kabinetində xx.xx.2022-ci il tarixdə yerləşdirilmiş və SMS vasitəsi ilə (xx.xx.2022-ci il tarixdə) məlumat verilmişdir. Belə olan halda cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmaması barədə dəlili tamamilə əsassız dəlildir.

40. İ zah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

41. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normal arını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

43. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2(103)4704/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar