Məhkəmə qərarları › İş №2(102)-631/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-631/2022

21.01.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-631/2022 21.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin QƏRARİ iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə Açar sözlər: iddia ərizəsinin yolverilənliyi, işin inzibati məhkəməyə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi) İnzibati kollegiyasının hakimi Rəsulbəyova Nigar İmran qızı və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, iddiaçı Azərba ycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı təbiətə dəymiş ziyanın ödənilməsi tələbinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3573/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti (bundan sonra – iddiaçı) "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 70 2.548 manat məbləğində təbiətə dəymiş ziyan məbləğinin alınıb iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-3573/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakim G.Həşimova) işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsində baxılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir, məhkəmə nəzərə almamışdır ki, mübahisə mahiyyət etibarı ilə delikt nəticəsində yaranmışdır (dövlət mülkiyy ətində olan faydalı qazıntı yataqlarına ziyan vurulmuşdur), deliktdən irəli gələn mübahisələrdə isə dövlət orqanının sahibkarlıq subyekti ilə olan münasibətləri iqtisadi xarakter daşımır. Ona görə də, həmin mübahisələrə kommersiya məhkəmələri deyil, ümumi məhkəmələr tərəfindən baxılır.

4. Birinci instansiya məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ

5. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 2.4, 26.1, 31.1, 32.5, 32.6, 32.7-ci maddələrinə, habelə “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yarana n fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddia tələbinin predmetini məhz hüquqi şəxsin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn, vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı hüquq münasibətləri təşkil edir. Belə ki, iş üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri hüquqi şəxsin mənfəət götürülməsinə aid olan fəaliyyətindən irəli gəlmişdir. Ona görə də, hazırkı iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

6. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iş iddianın mümkünlüyü barədə məsələnin m üzakirəsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

7. Hazırkı iddia ərizəsindən görünür ki, inzibati orqan olan iddiaçı normativ hüquqi aktlara əsasən ona verilmiş səlahiyyətlərə istinad edərək və ümumi hüquq sahəsinə aid olan “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X2 Xidmətinin yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanına, həmin Xidmətin Əsasnaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli, 975 nömrəli Fərmanına, “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər”in təsdiq edilməsi haqqında Azərba ycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 sentyabr tarixli, 119 nömrəli Qərarına istinad etmişdir.

8. Göründüyü kimi, iş üzrə iddia tələbi yer təkindən düzgün istifadə edilməmə (yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi) nəticəsində təbiətə dəymiş ziyanın ödənilməsi ilə bağlıdır. 9. “Yerin təki haqqında” Qanunun 46-cı maddəsinə əsasən Qanunun tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər məsuliyyət daşıyırlar.

10. Hazırkı işdə ilk növbədə müəyyən edilməli məsələ qanunun tələblərinin pozulmasına görə şəxslər tərəfindən təbiətə ziyan dəydiyi hallarda belə ziyanın hansı qaydada həmin şəxslərdən tutulması ilə bağlıdır. 11. “Yerin təki haqqında” Qanunun Vİİ fəsli Qanunun pozulmasına görə məsuliyyət, mübahisələrin həll edilməsi və vurulmuş ziyanın ödənilməsi il ə bağlı ümumi müddəaları özündə əks etdirir.

12. Bununla yanaşı, X3 X1 Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Agentlik digər faəliyyətlə yanaşı, yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.1 və 2.2.2-ci bəndlərinə əsasən yerin təkinin geoloji öyrənilməsinə, istifadəsi və mühafizəsinə nəzarət, mineral xammal ehtiyatlarından səmərəli istifadə edilməsi sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək, o cümlədən yerin təkindən istifadə sahəsində tənzimlənməni və qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərinə aiddir.

13. Həmçinin, Nizamnamənin 3.1.25 -ci bəndinə əsasən yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görmək, Agentliyin vəzifələrinə aiddir. Nizamnamənin 3.2.10-cu bəndinə əsasən isə yer təkindən istifadə və onun mühafizəsi sahəsində qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək məqsədilə yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək Agentliyin hüquqlarına aid edilmişdir.

14. Qanunvericiliyin istinad edilən tələblərindən məlum olur ki, yer təkindən qanunauyğun şəkildə istifadə sahəsində nəzarətin həyata keçirilməsi və yerin təkindən istifadə nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi və bu sahədə qanun pozuntularına yol ve rmiş şəxslərin məsuliyyətə cəlb olunması üzrə yaranan hüquq münasibətləri, həmin münasibətlərin tərəfləri və xarakterinə görə, sərbəst mülki dövriyyə və sahibkarlıq münasibətləri kimi deyil, bir tərəfin (Agentliyin) digər tərəf (yer təkinin istifadəçiləri) üzərində hakimiyyət və inzibati-idarəçilik səlahiyyətlərinin həyata keçirilməsi ilə xarakterizə olunan münasibətləridir.

15. Başqa sözlə, yer təkindən istifadəyə nəzarət və dəymiş zərərin əvəzinin müəyyən edilməsi ilə bağlı yararan hüquq münasibətlərində Agentlik “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 2.0.2-ci maddələrinə, həmçinin öz Nizamnaməsinin 3.1.25 və 3.2.10-cu bəndlərinə uyğun olaraq, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüqu qi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt qəbul etmək səlahiyyəti verilmiş inzibati orqan kimi çıxış edir.

16. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinə və “İcra haqqında” Qanunun 6.1.8-ci maddəsinə görə, inzibati orqanlar pul tələblərinin ödənilməsi ilə bağlı məcburi qaydada icra olunmalı inzibati aktlar qəbul etmək (icra sənədi vermək) səlahiyyətinin həvalə olunması deyilənləri bir daha təsdiq edir. İnzibati akt isə inzibati orqan tərəfindən aparılan inzibati icraatın nəticəsində qəbul edilir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və y a ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

17. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. Ona görə də, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatın “İnzibati icraat haqqında” Qanunun və əlaqəli digər sahəvi qanunvericilik aktlarının tələblərinə uyğun aparılması təcrübəsinin yerləşməsinə və məhkəmə yanaşmaları ilə həmin icraatın keyfiyyətinin artırılmasına töhfə verməyə yönəlməlidir. 18. “Yerin tək i haqqında” Qanunun 47 və 48-ci maddələrinin yuxarıda qeyd edilən müddəaların tələbləri ilə birgə təhlili nəticəsində isə qeyd edilməlidir ki, yerin təkindən istifadə ilə əlaqədar mübahisələrin məhkəmə qaydasında həllinin mümükünlüyünün, o cümlədən vurulmuş ziyanın miqdarının və ödənilməsi qaydasının məhkəmə tərəfindən müəyyənləşdirilməsini nəzərdə tutan normalar dəymiş ziyanla bağlı müvafiq inzibati orqan tərəfindən aparılan inzibati icraat nəticəsində inzibati aktın qəbulunu istisna etmir. Belə ki, həmin normalar qəbul edilmiş inzibati aktın nəticəsi ilə razılaşmayan şəxslərin həmin aktı və həmin aktdan inzibati qaydada verilmiş şikayətin nəticəsində qəbul edilmiş aktın məhkəmə qaydasında mübahisələndirməsini və məhz bu halda məhkəmənin vurulmuş ziyanın miqdarını və ödənilməsi qaydasını müəyyənləşdirmək imkanını nəzərdə tutur.

19. Beləliklə, “Yerin təki haqqında” Qanunun müddəalarına şəxslər tərəfindən riayət edilməsinə nəzarət müvafiq inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində aparılmalı və nəticədə pozuntu aşkar edildiyi hallarda isə bu barədə inzibati akt qəbul edilməlidir. Həmin inzibati akt isə “Yerin təki haqqında” Qanunun 47-ci maddəsinə əsasən inzibati və ya məhkəmə qaydasında mübahisələndirilə bilər. İnzibati orqanların aktlarına, hərəkətlərinə və ya hərəkətsizliklərinə qiymət verilməsi isə mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin səlahiyyətinə aid deyil. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsində göstərilmişdir ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

20. MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir (maddə 262.3).

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki: 15.4....inzibati və ya cinayət məhkəmə icraat ı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPMin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etm ək hüququ izah olunmalıdır.”

22. Bu baxımdan əgər iddia ərizəsinin ümumiyyətlə mülki məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyü barədə məsələ mövcuddursa işə baxan məhkəmə ilk növbədə həmin məsələyə hüquqi qiymət verməli və əgər iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yalnız mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işin həmin icraat çərçivəsində baxılması üçün ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edə bilər.

23. Lakin baxılan işdən göründüyü kimi birinci instansiya məhkəməsi hazırkı işə ümumiyyətlə mülki məhkəmə icraatı qaydasında baxılmalı olub-olmaması barədə məsələyə hüquqi qiymət vermədən işi aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərmişdir.

24. Ona görə də şikayət qismən təmin olunmalı, qərardad ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınaraq, prosessual qanunun tələblərinə uyğun şəkildə həll olunması üçün iş birinci instansiyası məhkəməsinə göndərilməlidir.

25. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6, 4031.7 və 403-1.8.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3573/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. Hazırkı iş iddia ərizəsinin mülki məhkəmə icraatı qaydasında baxılması mümkünlüyünün müzakirə edilməsi üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar