Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6726/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (hazırda Azərbaycan Respublikası İ qtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) Cavabdeh qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması barədə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)1162/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (bundan sonra – iddiaçı) Mingəçevir ərazi şöbəsi tərəfindən 19.03.2019-cu il tarixdə keçirilən hərracın 01 saylı protokoluna əsasən tərtib edilmiş 27.03.2019-cu il tarixli, 4324 nömrəli alğı-satqı müqaviləsinə müvafiq olaraq iddiaçı Mingəçevir şəhəri, Gən cə şosesi 18 ünvanında yerləşən, “İlqar” kafesinin qeyri-yaşayış sahəsini (bundan sonra – qeyri-yaşayış sahəsi) 20000 manata Cavabdeh (bundan sonra - cavabdeh) satmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış qeyri-yaşayış sahəsinin alğı-satqısına dair 27.03.2019-cu il tarixli, 4324 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 8500 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tə ləbini onunla əsaslandırmışdır ki, cavabdeh ona satılmış qeyri-yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 8500 manat ödəmiş, digər hissənin, yəni 11500 manatın ödənilməsini həyata keçirməmişdir. Cavabdeh bununla alğısatqı müqaviləsinin şərtlərini, həmçinin bir sıra mülki hüquq normalarını pozmuşdur. Belə ki, alğı-satqı müqaviləsinin 2.2.2-ci maddəsinə əsasən alıcı müqavilə imzalandığı andan 30 gün müddətində əmlakın tam dəyərini, yəni 20000 manatı iddiaçının Azərbaycan Respublikasının Mərkəzi Bankındaki hesabına köçürməyi öhdəsinə götürmüşdür. Cavabdeh həm müqaviləyə, həm də mülki hüquq normalarına əsasən satın aldığı əmlakın dəyərini müqavilə ilə müəyyənləşdirilmiş müddətdə (30 gün ərzində) ödəməyə borclu olsa da, bu vəzifəsini icra etməmiş, bununla müqavilənin şərt lərini pozmuşdur. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmazdan qabaq cavabdehə 08.08.2019-cu il tarixli, **********19 nömrəli məktub göndərilərək müqavilənin icrası tələb edilsə də, cavabdeh müqavilə üzrə dövlət büdcəsinə yaranmış borcun tam ödənilməsini təmin etməmişdir. Eyni zamanda alğı-satqı müqaviləsinin 2.1.1-ci bəndinə əsasən əmlakın dəyəri tam ödənildikdən sonra satıcı müqavilənin bir nüsxəsini əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin aidiyyəti ərazi idarəsinə göndərir. Alıcı əmlakın dəyərini tam ödəmədiyinə görə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində qalmışdır və cavabdehin həmin əmlak üzərində faktiki sahibliyi qanunsuzdu r. İddiaçının təqdim etdiyi bildirişdə və xəbərnamədə cavabdehə ödənişin həyata keçirilməsi ilə əlaqədar xəbərdarlıq edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(051)-34/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Mirzəliyev) iddia tələbi qismən təmin edilərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış qeyri-yaşayış sahəsinin alğı-satqısına dair 27.03.2019-cu il tarixli, 4324 nömrəli müqavilənin ləğv edilməsi və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, iddia tələbinin müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 8500 manat məbləğində vəsaitin iddiaçıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsinə dair hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəm ə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında yaranmış hüquq münasibətləri alğı-satqı müqaviləsinin ləğv edilməsi və qeyri-yaşayış obyektinin boşaldılması ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə şərtləri ilə və qanunla müəyyən olunmuş öhdəliyi lazımi qaydada icra etməmişdir. Bu səbəbdən də sözügedən müqavilə ləğv edilməli, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İddianın qalan hissəsi ilə bağlı lazımi sübutlar təqdim olunmadığı üçün məhkəmə tələbi həmin hissədə rədd etmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.1.2, 6.1.5, 385.1, 442, 567, 598.1, 598.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.3, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təsvir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1162/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmud ov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə görə müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsinin əsasları Mülki Məcəllədə, müqavilədə və ya işgüzar adətlərdə müəyyən edilə bilər. Tərəflərin iradəsinə əsasən bağlanmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə də dəyişdirilə və ya ləğv edilə bilər. Bu müddəa müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu halda xüsusilə qeyd edilməlidir ki, müqavilənin dəyişdirilməsinin və ya ləğv edilməsi nəticəsində yaranmış hüquqi nəticələr tərəflərin mənafelərini pozarsa, pozulmuş hüquqlar bərpa edilməlidir. Məhkəmə qeyd etmiş dir ki, qeyri-yaşayış sahəsi 20000 manata cavabdehə satıldıqdan sonra mülki qanunvericiliyin tələblərinə “satıcı” (iddiaçı) tərəfindən tam riayət olunmaqla satılan əmlak “alıcı”nın (cavabdehin) istifadəsinə verilmiş, lakin müqavilə şərtlərinə görə cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmiş və əmlakın qiymətinə görə ödəməli olduğu 20000 manatdan yalnız 8500 manatını ödəməklə kifayətlənmişdir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə qeyd etmişdir ki, cavabdeh şikayətin dəlillərini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətində qeyd olunanlar iş materialları ilə tam təkzib olunur. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin obyektiv araşdırılmasına şübhə ilə yanaşdığını qeyd etsə də, bu d əlilləri təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin digər dəlilləri isə inandırıcı və ağlabatan deyil. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13, 29 və 71-ci maddələrinə, Mülki Məcəllənin 6, 14.1, 14.2.1, 324.1, 324.5, 325.1, 390.1, 404.1, 404.2, 421, 424.3, 567, 646.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh (Vəkil) qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gönd ərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində işin faktiki halları sadalanmış əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Kassasiya şikayətinə görə, iddiaçı ilə cavabdeh arasında alğı-satqı müqaviləsi bağlansa da, iddiaçı ümumiyyətlə cavabdehə müqavilə öhdəliyinin icra olunmaması ilə bağlı hər hansı bir xəbərdarlıq məktubu göndərməmişdir. Buna baxmayaraq məhkəmələr alğı-satqı müqaviləsinin bağlanması nəticəsinə gəlmiş və hesab etmişdir ki, cavabdehin iddiaçı ilə bağlanmış alğı-satqı müqaviləsi üzrə öhdəliyi tam icra etməməsi 27 mart 2019cu il tarixli, alğı-satqı müqaviləsinə əsaslanır. Göründüyü kimi, hazırkı mübahisəli alğı-satqı müqaviləsinin özü-özlüyündə mövcudluğu şübhəlidir. Belə ki, qeyd edilən alğı-satqı müqaviləsi ona rəsmi şəkildə nə təqdim edilməmiş nə də ki, bu barədə iddiaçı tərəf birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman iddia ərizəsinə yazılı sübut kimi məhkəməyə təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazıl etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəməyə teleqram göndərərək ailə vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclasının başqa vaxt təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutl ara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcə də məhrum olur. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə y etirməyə borcludur. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 598.4. Əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işi n hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən m übahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1162/2021 nömrəli iş üzrə 13 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.