Məhkəmə qərarları › İş №2(102)-738/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-738/2025

16.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-738/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçın Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işçinin vurduğu zərərin əvəzinin ödənilməsi 16.04.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2(103)5136/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı MMC ilə C avabdeh arasında xx.xx.2022-ci il tarixdə 3 ay müddətli 42/2022 saylı əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixdən İddiaçı MMC-də sürücü vəzifəsinə işə qəbul edilmiş, müqavilənin tərkib hissəsi olan “X” adlı Əlavədə işçinin əmək funksiyaları aşağıdakı şəkildə müəyyənləşdirilmişdir:

2. Müəssisə tərəfindən təhkim olunmuş nəqliyyat vasitəsini təmiz, səliqəli və saz vəziyyətdə saxlanılmasına nəzarət etmək; Yük maşınlarını, furqonları və digər nəqliyyat vasitələrini yükləmək və boşaltmaq, məhsulları müəyyən edilmiş yerlərdə boşaltmaq; Reysdən əvvəl nəqliyyat vasitəsinə ümümi baxışın keçirilməsi (yağı, suyu, təkərin vəziyyəti, təzyiqi, maşının hərəkətli hissələrinin işlək vəziyyətdə olmağı və s.); Nəqliyyat vasitəsinin nasaz olması barədə rəhbərliyə dərhal məlu mat vermək; Sürücü tərəfindən sürət limitinə yüklü 60km/saat və yüksüz 70 km/saat olmaqla riayət etmək; Nəqliyyat vasitəsinin idarə olunması dayanmadan 4 saat və ya 120 km-dən artıq olmamalıdır; Mütləq qaydada hər 4 saatda bir dəfə 15-20 dəqiqə istirahət edilməlidir; Nəqliyyat vasitəsinin maksimal idarə etmə imkanı 24 saat ərzində 10 saatdan çox olmamalıdır” Minimum istirahət vaxt 24 saat ərzində 8 saatdır; Daşımaları təhlükəsiz yerinə yetirmək, daşınacaq yüklərin daşınması üzrə gündəlik planlaşdırmanı yoxlamaq və ya razılaşdırmaq (qəbul, yola salma, istehsal xətti üzrə tələblər, və s.); Təhlükəli materialların daşınması üçün müəyyən olunmuş qaydalara ciddi riayət etmək; Nəqliyyat vasitəsində GPS-in siqnalının itməsi və bütün təmir işlərini yalnız daşıyıcıya məxsus qarajda və ya şirkət tər əfindən təyin edilmiş yerdə təmir etmək; GPS-lə müəyyən edilmiş marşrutdan kənara çıxma aşkarlandığı zaman sürücü işəgötürənə bunu səbəbini iki gün ərzində yazılı sürətdə bildirməlidir(izahat); Hər hansı materialın daşınmasının sağlamlıq və təhlükəsizlik üçün riskli olmamasına nəzarət etmə və zəruri ehtiyat tədbirlərini həyata keçirmək. Yalnız İşəgötürənə məxsus olan və ya işəgötürənin təyin etdiyi yükləri daşımaq; Gəlir əldə etmək və ya digər məqsədlərlə işəgötürənin nəqliyyat vasitələrindən və digər əmlaklarından istifadə etməmək (özünə və digər şəxslərə məxsus yüklərin daşınması və s.); Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.

3. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmış, müqavilədə nəzərdə tutulmuşdur ki, əmək münas ibətləri prosesində “işçi” “işəgötürən”in ona etibar edərək verdiyi əmlakının, maddi və digər sərvətlərinin saxlanması, daşınması, emalı, istifadəsi, satışı və digər əməliyyatların aparılması ilə əlaqədar onların salamatlığını təmin etməli, işəgötürənin bütün texniki və ya kommersiya xarakterli informasiya və məlumatlarını qorumalıdır. “İşçi” hərəkətləri (hərəkətsizliy) ilə yuxarıda qeyd olunan hallardan hər hansı birini pozduqda vurduğu ziyana, habelə “işəgötürən”in şəxsiyyətini ləkəyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan məlumatlar yaymaqla onun sahibkarlıq faəliyyətinə və işgüzar nüfuzuna xələl gətirməsi nəticəsində vurduğu mənəvi ziyana görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi və bu müqavilə ilə müəyyən edilmiş həcmdə tam maddi məsuliyyət daşıyır. 4. 29 iyun 2022-ci il tarixdə, saat 08:30 radələrində Cavabdeh, Əhmədbəyli-FüzuliŞuşa (Zəfər Yolu) yolunun 73-cü kilometrliyində İddiaçı MMC-nə məxsus “DaF FT XF 105 Yük” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və “Feldbinder Yarımqoşqu sement çən” markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı qoşqu ilə hərəkətdə olarkən yük avtomobili aşmış, hadisə zamanı Cavabdeh xəsarət almışdır.

5. Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 08:30 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktında göstərilmişdir ki, İddiaçı MMC-in rəhbərliyi tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş “Yük və sərnişin, o cümlədən yüngül avtomobillərin istismarında sürücünün əməyinin mühafizəsinə dair 40 nömrəli təlimat”ın”

3. Xəttə işləyərkən sürücünün borcudur.” Bölməsinin “a” bəndinin (Hərəkət zamanı həmin avtomobilin texniki göstəricilərinə uyğun yol şəraitini nəzərə almaqla hərəkət axımına riayət etməli) və “m” bəndinin (Bütün hallarda sürücü avtomobili o sürətlə idarə etməlidir ki, lazım olan vaxtda onu saxlaya bilsin...) tələblərinə riayət edilməməsi. Yol-nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh barəsində Xocavənd Rayon Polis şöbəsində İXP ******* nömrəli xx.xx.2022-ci il tarixli X2 protokol tərtib olunmuşdur.

6. Xocavənd rayon PŞ-in TQ-un baş təhqiqatçısı tərəfindən qəbul edilmiş, HK-1/84-22 saylı materiallar üzrə xx.xx.2022-ci il tarixli qərarla, sözügedən yol-nəqliyyat hadisəsi ilə bağlı “Cinayət işinin başlanması” rədd olunmuşdur.

7. Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 iyul 2022-ci il tarixli qərarın ləğv edilməsi və HK-l/84-22 nömrəli araşdırma materialının tam və hərtərəfli araşdırılma aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır.

8. Xocavənd rayon PŞ-in TQ-un baş təhqiqatçısı tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli qərarla, HK-1/1-24 saylı materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, qərarda göstərilmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 dekabr 2023-cü il tarixli rəyinə əsasən, “DAF FTXF 105 yük” markalı, 99BJ-113 qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, h əmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 9. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktlara görə, “DAF” markalı, ** JB *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə və onun qoşqusu olan “Felbinder” markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşquya dəymiş zərərin aradan qaldırılması (təmiri) üçün cəmi 42.150 manat tələb olunur.

10. Cavabdeh İddiaçı MMC-in direktoru X1 ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədə xahiş etmişdir ki, onu öz istəyi ilə xx.xx.2023-cü il tarixdən tutduğu vəzifədən azad etsinlər və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin.

11. MSM Transport” MMC-nin sürücüsü Cavabdeh əmək müqaviləsinə MMC-nin xx.xx.2023-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissə sinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. 12. “İcbari Sığorta Bürosu”nun məktubunda göstərilmişdir ki, büronun informasiya sistemində axtarış zamanı xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən rəsmiləşdirilmiş “DAF” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid PQA********** və “Felbinder” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid PQA********** nömrəli sığorta şəhadətnamələrinin qüvvədə olduğu aşkar edilmiş, büronun informasiya sistemində axtarış zamanı qeyd edilən hadisə tarixi və nəqliyyat vasitələri məlumatları üzrə sığorta ödənişinin icra olunub- olunmaması barədə məlumat aşkar olunmamışdır. 13. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi h allarından icbari sığorta müqaviləsi”nə (xx.xx.2021-ci il tarixli) və həmin müqaviləyə xx.xx.2022-ci il tarixli əlavə”yə əsasən, Cavabdeh (sığortalı) “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək və ya mülki-hüquqi müqavilə əsasında işlər və ya xidmətin həyata keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin ("sığorta olunanlar”) həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qab iliyyətinin itirilməsi və ya ölümünə görə sığortaçı, Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyi götürür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı MMC (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın əvəzi qismində 42.150 manat, habelə 216,5 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-də sürücü vəzifəsinə işə qəbul olunmuş və müxtəlif hüquqi və ya fiziki şəxslərlə Cəmiyyət arasında bağlanan “Daşıma” müqavilələrinə əsasən, Cəmiyyətin mülki yyətində və ya istifadəsində olan yük nəqliyyat vasitələri ilə yüklərin daşımasını həyata keçirmək məqsədilə sürücü olaraq çalışmışdır. Eyni zamanda, cavabdehlə Cəmiyyət arasında “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə Cəmiyyətə məxsus “DAf” markalı, ** JB *** dövlət qeydiyyat nişanlı yük avtomobili və onun qoşqusu olan “Felbinder” markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə əmək funksiyalarını yerinə yetirərkən Xocavənd rayonu ərazisində təqsirli hərəkətləri nəticəsində qəza törətmiş, xx.xx.2022-ci il tarixli İXP ******* saylı “X2” Protokola əsasən cavabdehin qeyd edilən inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilmişdir. Əmək vəzifələrini yerinə yetirən zaman cavabdeh tərəfindən İddiaçı MMC-yə 42.150 manat maddi ziyan dəymişdir. Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən həmin ziyanın əvəzi tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 205.2-ci bəndinə əsasən, əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. “Mediasiya Haqqında” AR Qanunun 3.1.3-cü maddəsinə əsasən, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya sesiyasında iştirak tələb olunur. Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-ci il tarixinə mediasiya prossesi təyin edilmiş, lakin cavabdeh zərərin əvəzinin ödənilməsindən imtina etmişdir. Nəticədə mediator tərəfindən xx.xx.2023 -cü il tarixdə arayış təqdim olunmuşdur. İddiaçı MMC-yə qeyd olunan məbləğdə maddi ziyanın vurulmasında cavabdehin təqsiri, həmçinin ziyanın vuruması ilə cavabdehin hərəkətləri (hərəkətsizliyi) arasında səbəbli əlaqənin mövcud olması cavabdehin yazdğı izahatla da təsdiq olunur.

16. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbini müdafiə etmiş, izahatında həmçinin bildirmişdir ki, bütün işçilərlə, eləcə də cavabdehlə əmək müqaviləsinin bağlandığı gün eyni zamanda tam maddi məsuliyyət haqqında müqavilə də imzalanır. Həmin müqavilənin cavabdehə sonradan xəstəxanada imzalatdırılması ilə bağlı cavabdeh tərəfin dəlilləri həqiqəti əks etdirməməklə, şirkətin heç bir əməkdaşının "kuryer” və ya "motosikletli əməkdaş” vasitəsilə tam maddi məsuliyyət müqaviləsini sonradan göndərib imzalatması mümkünsüzdür. Cavabdeh tam maddi məsuliyyət müqaviləsini işə daxil olan zaman imzalayıb. Yalnız həmin müqavilə imzalandıqdan sonra sürücüyə yol vərəqi verilir. Əgər cavabdeh müqaviləni imzalamasaydı ona yol vərəqi verilməzdi. Əmək müqaviləsinə əlavədə işçinin əmək funksiyaları əks etdirilmişdir. Təhqiqat aktı və iş üzrə cinayət işinin başlanmasının rəddi, eləcə də X2 qərarlardan görünür ki, hadisənin baş verməsində cavabdehin təqsiri müəyyən edilmişdir. Əmək qanunvericiliyinin tələbinə əsasən, belə halda işçi vurduğu maddi ziyanı tam şəkildə ödəməlidir.

17. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, cavabdehdə 3 ay sürücü işləyib, həmin vaxt ərzində işdə heç bir qüsuru olmayıb. Qəza Qarabağ bölgəsində Zəfər yolunda baş verib, həmin yollar təhlükəli yollardır, maşın idarə etmək təhlükəlidir. Qəzadan artıq 1 il keçir. Qəzadan 2 gün öncə maşın təmirə getmişdi. Maşının qoşqusu arxaya qoşulmuşdu. Maşın getdiyi yerdə yoldan çıxıb, sol tərəfə düşdü. Maşının təkəri partlayandan sonra maşın aşdı. Həmin maşınlarla 22 ton yük daşınır. Azərbaycan Respublikası Dövlət Yol Polisinin əməkdaşlarının tərtib etdiyi protokolda da belə qeyd edilmişdir. Qəza zamanı ağır vəziyyətdə yaralanmışdı, bütün sümükləri sınmış, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdir. Xəstəxanada müalicə alan zaman şirkətin heç bir nümayəndəsi onunla maraqlanmayıb. Daha sonra şirkətin müdürü ona dedi ki, heç bir məsələyə görə narahat olma, bu müddət ərzində əmək haqqın ödəniləcək, amma ödənilmədi. Şirkətin əvvəlki müdiri Samir müəlli m ona hər gün zəng edirdi. İddiaçının nümayəndəsi bildirir ki, guya o, könüllü şəkildə öz ərizəsi ilə işdən çıxmışdır, amma bu belə deyil. O, xəstəxanadan çıxdıqdan sonra şirkət ona dedi ki, "ya ərizəni yazıb işdən çıxacaqsan, ya da biz səni işdən çıxaracağıq. Əgər səni işdən çıxarsaq heç bir yerdə tapa bilməyəcəksən”. O da məcbur qalıb işdən çıxmaq ərizəsi yazmışdır. Vəziyyəti indi də yaxşı deyil, qəzadan sonra səhhətində problemlər yaranıb. Səhhətində problemlər olduğuna görə heç bir iş yeri onu işə götürmür. Onun 42 000 manat pulu olsaydı sürücü işləməzdi. Xəstəxanada ağır vəziyyətdə olduğundan X2 protokoldan şikayət verə bilməmişdir. İddiaçı tərəf protokoldan şikayət edib, şirkət həmin protokolun yazılmasına təzyiq göstərib. Şirkət əmək haqqını sonra ödədi, indi şirkətin ona əmək haqqı borcu yoxdur. Şirkət ona əmək haqqından başqa heç bir ödəniş etməyib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ona 1200 manat ödəyib. Sığortadan pul ala bilməyib, qəza olan zaman maşınla 21 600 kq yük daşıyırdı. Ekspert rəyi ilə razı deyil. Ağır qəza keçirdiyinə görə xəstəxanada müalicə almışdır. Xəstəxanada olan zaman şirkətin müdiri xəstəxanaya gəlmiş, demişdir ki, "narahat olma, sənə kömək ediləcək və sənə sığorta pulu ödəniləcək”. Ona maddi məsuliyyət müqaviləsini xəstə halında imzalatdırdı. Müqaviləni şərtlərini oxumadan imzalamışdır. İddiaçıya aid yük avtobilinin təkəri xarab idi. Şirkətin bu məsələdə təqsiri var. Qəza nəticəsində maşına ciddi ziyan dəyməyib, maşından hələ də istifadə edilir. Xəstəxanadan çıxdıqdan sonra müalicəni evdə davam etdirdi. Evdə müalicə alan zaman şirkətin əməkdaşı yayda onun evinə gəldi. O, həmin əməkdaşı tanıyır. Həmin əməkdaş şirkətdə təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edirdi. Əməkdaş ona sənədlər təqdim edərək imzalamasını istədi. Əməkdaş sənədləri imzalayan zaman ona dedi ki, "sənədləri imzalamağın sənə xeyirdir”. O da həmin sözlərə inanaraq sənədləri imzaladı. Əməkdaş ona çoxlu və eyni sənədləri imzalatdırdı. Şirkət onun savadsızlığından istifadə edib. Hər ay onun üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən xəstəxanaya 143 manat ödənilib. İşə qəbul olan zaman tam maddi məsuliyyət müqaviləsini imzalamamışdır.

18. Məhkəmənin təynatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkə mə Ekspertizası Mərkəzinin eksperti xx.xx.2023-cü il tarixli rəyində göstərmişdir ki, nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün olmamışdır. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan zərər aktı məlumatlarına əsasən, 2012 -ci il buraxılışlı, “DAF” markalı, “105 XF” model, **-JB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin təmir-bərpa xərci təxminən 11.349,26 manat müəyyən edilir. O cümlədən: - dəyişilməli hissələrin qiyməti- 7.519,26 manat;- təmir-bərpa işlərinin qiyməti- 3.830,00 manat. 1999-cu il buraxılışlı, “Felbinder” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu. Beləliklə, nəzəri hesablama yolu ilə, iş materiallarında olan zərər aktı məlumatlarına əsasən 1999-cu il buraxılışlı, “Felbinder” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun təmir-bərpa xərci təxminən 27 manat müəyyən edilir. O cümlədən: - dəyişilməli hissələrin qiyməti- 6.460,00 manat; təmir-bərpa işlərinin qiyməti- 20.550,00 manat”.

19. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, e-2(002)50/20 24 saylı qətnaməsi ilə (hakim G.F.Aslanova) iddia qismən təmin edilərək, cavabdehdən dəymiş maddi ziyana görə 38.359,26 manat, ödənilmiş dövlət rüsumuna görə 205,08 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əlavədə- reysdən əvvəl nəqliyyat vasitəsinə ümumi baxışın keçirilməsi, nəqliyyat vəsaitəsinin nasaz olması barədə rəhbərliyə dərhal məlumat vermək; daşımaları təhlükəsiz yerinə yetirmək; daşınacaq yüklərin daşınması üzrə gündəlik planlaşdırmanı yoxlamaq və ya razılaşdırmaq işçinin əmək funksiyalarına aid edilmişdir. Tərəflər arasında xx.xx.2022-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, işçi işəgötürənin əmlakının, maddi və digər sərvətlərinin saxlanması, daşınması, emalı, istifadəsi, satışı və digər əməliyyatların aparılması ilə əlaqədar onların salamatlığını təmin etməlidir. Belə olan halda xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, iddiaçıya məxsus olan və cavabdehə təhkim edilmiş “DAF” markalı ** JB *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə və onun qoşqusu olan “Felbinder” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı yarımqoşquya maddi ziyan vurulmuşdur. Baş vermiş hərəkətdə cavabdehin təqsiri iş materiallarına əlavə edilmiş “İnzibati tənbeh verə haqqında” ******* nömrəli xx.xx.2022-ci il tarixli Qərar, bədbəxt hadisənin təhqiqat materialları ilə təsdiq edilir.

21. Birinci instansiya məhkəməsi həmçinin qeyd etm işdir ki, Xocavənd rayon PŞ-in TQun baş təhqiqatçısı tərəfindən qəbul edilmiş HK-1/1-24 saylı materiallar üzrə xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərara əsasən, Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 1 dekabr 2023-cü il tarixli ekspert rəyinə əsasən, “DAF FTXF 105 yük” markalı, **-BJ-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

22. Birinci instansiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, cavabdeh baş vermiş hadisədə təqsirinin olmadığını təsdiqləyən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmiş, həmçinin maddi məsuliyyət haqqında müqavilənin hadisənin baş verməsindən sonra ona xəstəxanada imzalatdırılmasını əsaslandıra bilməmişdir.

23. Birinci instansiya məhkəməsi, cavabdehin bu dəlili ilə bağlı məhkəmə iclasında dindirilmiş şahid ifadəsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, şahidin özünün də qeyd etdiyi kimi, imzalanan sənədlərin nədən ibarət olmasını, onların maddi məsuliyyət barədə müqavilə olub-olmamasını görməmişdir.

24. Göründüyü kimi iddiaçı, cavabdehin təqsirli hərəkəti nəticəsində ona maddi ziyan vurulması və vurulmuş ziyanla iddiaçının hərəkətləri arasında səbəbli əlaqənin olması halına dair sübutları məhkəməyə təqdim etmişdir. Bu halda, məhkəmə iddiaçıya məxsus əmlaka cavabdehin hərəkətləri nəticəsində maddi ziy an vurulması halının sübuta yetirilməsini və tərəflər arasında tam maddi məsuliyyət müqaviləsinin bağlandığını və Əmək Məcəlləsinin 200.5-ci maddəsini əsas tutaraq qeyd etmişdir ki, iddiaçı (zərər dəymiş əmlakın mülkiyyətçisi və qanuni sahibi) cavabdehə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur.

25. Belə ki, cavabdehin vurduğu maddi zərərin məbləği ilə bağlı tərəflər arasında mübahisə olduğundan və cavabdeh iş materiallarına əlavə edilmiş “qüsur aktı”nı əsassız hesab etdiyi üçün məhkəmə tərəfindən işəgötürənin mülkiyyətində olan nəqliyyat vasitələrinə vurulmuş zərərin hesablanması məqsədilə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, yük avtomobilinə və onun qoşqusuna dəymiş zərər ekspert rəyi əsasında cəmi 38.359,26 manat müəyyən edilmişdir. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza rəyini mötəbər sübut kimi qəbul edərək qeyd etmişdir ki, iddiaçıya məxsus əmlaka cavabdeh tərəfindən vurulmuş maddi ziyanın məbləği məhz müvafiq ekspert rəyi əsasında müəyyən edilməli və vurulmuş ziyanın əvəzi olaraq 38.359,26 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

26. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2-ci, Əmək Məcəlləsinin 192.1, 194.1, 198, 199, 200, 201-ci, habelə Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 76.1, 106.1, 107 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

27. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi obyektiv araşdırmamış, tam maddi məsuliyyət haqqında müqavilənin imzalanma tarixini müəyyən etmək üçün ekspertiza təyin etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları tam, hərtərəfli aydınlaşdırmamış, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.

29. Apellyasiya baxışı zamanı iddiaçıya məxsus “DAF FT XF 105 Yük” markalı, **-JB*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin və “Feldbinder Yarımqoşqu sement çən” markalı, ** ZX *** dövlət qeydiyyat nişanlı qoşqunun kasko sığortası növündə sığortalanıbsığortalanmadığı, 29 iyun 2022-ci il tarixdə həmin avtomobili (qoşqunu) idarə etmiş Cavabdeh tər əfindən törədilmiş yol- nəqliyyat hadisəsi nəticəsində avtomobilə (qoşquya) dəymiş ziyana görə sığorta şirkətləri tərəfindən iddiaçıya sığorta ödənişi (kasko sığortası üzrə) verilib- verilmədiyi barədə məlumat(lar) Azərbaycan Respublikası Mərkəzi Bankının Sığorta fəaliyyətinə nəzarət departamentindən və “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyindən tələb olunmuş və Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli cavab məktubunda həmin hadisəyə görə iddiaçıya kasko sığorta ödənişi həyata keçirilmədiyi bildirilmişdir.

30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2(103)-5136/2024 saylı qətnaməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və M.A.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsin in qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eyni olduğundan həmin dəlillər üzrə əlavə əsaslandırma aparılmasına zərurət yoxdur.

32. Apellyasiya instansiyası məhkəməsi “Tam maddi məsuliyyət haqqında” müqavilənin ona sonradan imzalatdırılması ilə bağlı cavabdehin arqumentini inandırıcı hesab etməməklə bərabər, həmçinin qeyd etmişdir ki, müvafiq müqavilə həm bilavasitə əmək müqaviləsi bağlanarkən, həm də əmək münasibətləri prosesində bağlana bilər. “DAF FT XF 105 Yük” markalı yük avtomobilinə və “Feldbinder Yarımqoşqu sement çən” markalı qoşquya dəymiş ziyan məbləği ilə bağlı isə qeyd olunmalıdır ki, həmin məbləğ “MAN” markalı avtomobillərin rəsmi dileri tərəfindən müəyyənləşdirilmiş, məhkəmənin təyinatı əsasında təqdiqat aparan ekspert isə onu ağlabatan həddədək azaltmışdır.

33. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Mülki Məcəllənin 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2-ci, Əmək Məcəlləsinin 192.1, 194.1, 198, 199, 200, 201-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsin i xahiş etmişdir.

35. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslanldırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

38. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

39. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

40. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.

41. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

42. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

43. Maddə

191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

44. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

45. Maddə 192. (1 -ci hissə). Tərəflərin maddi məsuliyyəti i şəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

46. Maddə 192 (2-ci hissə). Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

47. Maddə

199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkar lıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.

48. Maddə 200. (1-ci hissə). İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

49. Maddə 200 (2-ci hissə). İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərin in hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər.

50. Maddə 200 (5-ci hissə). Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.

51. Maddə 201 (1-ci hissə). İşçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət — sel, daşqın, uçqun, quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, texnologiya riski, işçinin təqsiri olmadan maşın-mexanizmlərin, avadanlıqların, cihazların və başqa istehsal vasitələrinin və alətlərin sı nması, korlanması, habelə son zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi məsuliyyət daşımır. Bu hallar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməzsə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.

52. Maddə 202 (1-ci hissə). İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.

53. Maddə 202 (2-ci hissə). İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır.

54. Maddə 205 (2-ci bənd). Əgər ziyan işçi tərəfindən tam madd i məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

58. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri i lə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılm alıdır. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Cavabdeh kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edi r. Kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi

64. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

65. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşm ır.

66. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşaraq, habelə “Tam maddi məsuliyyət haqqında” müqavilənin ona sonradan imzalatdırılması ilə bağlı cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, sözügedən müqavilə həm bilavasitə əmək müqaviləsi bağlanarkən, həm də əmək münasibətləri prosesində bağlana bilər. 67. “DAF FT XF 105 Yük” markalı yük avtomobilinə və “Feldbinder Yarımqoşqu sement çən” markalı qoşquya dəymiş ziyan məbləği ilə bağlı isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən məbləğ “MAN” markalı avtomobillərin rəsmi dileri tərəfindən müəyyənləşdirilmiş, məhkəmənin təyinatı əsasında təqdiqat aparan ekspe rt isə onu ağlabatan həddədək azaltmışdır. Ona görə də cavadehin apellyasiya şikayətinin dəlilləri mülki iş materialları ilə öz təsdiqi tapmadığından, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün t ətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 oktyabr 2024-cü il tarixli, 2(103)-5136/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar