Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-8/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, Cavabdeh7, Bakı şəhəri 18 saylı Notariat Kontoru, Bakı şəhəri 06 saylı Notariat Kontoru, AR ƏMDK yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi, Quba Regional ASAN Xidmət Mərkəzi Notariat Kontoru, Cavabdeh6 MMC İddia tələbi: etibarnamə, müqavilə və çıxarışların etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və miras paylarının müəyyən edilməsi Açar sözlər: miras əmlaka payın müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassatorun vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1, Cavabdeh7 vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə dair işə 21 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları 03 fevral 2017-ci il tarixli etibarnamə əsasında X2 XXXqızına onun adından bütün əmlakına sərəncam verilməsini və digər hərəkətlərin yerinə yetirilməsini etibar etmişdir. Cavabdeh7 tərəfindən (X6 adından) «xxxx» MMC-yə ünvanlanmış 04.02.2017-ci il tarixli ərizə əsasında, ünvan 1 ünvanında, İİ blokun X mərtəbəsində inşa edilən, 2 otaqlı, 94,2 kv.m sahəsi olan 95 saylı mənzil ə dair müqavilə və kassa mədaxil orderi Cavabdeh1 adına keçirilmişdir. 18 aprel 2017-ci il tarixdə Cavabdeh7 (X6 əvəzindən) Quba şəhəri, 12-ci məhəllədə yerləşən ümumi sahəsi 200,5 kv.m. təşkil edən 2 otaqlı yaşayış evini və həmin ünvanda yerləşən 0.04 ha torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. 18 may 2017-ci il tarixdə X5 ona məxsus olan Quba şəhəri 12-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini oğlu Cavabdeh1 bağışlamışdır. 17 iyun 2017-ci il tarixli etibarnamə əsasında X1 XXXqızına onun adından bütün əmlakına sərəncam verilməsini və digər hərəkətlərin yerinə yetirilməsini etibar etmişdir. 22 iyun 2017-ci il tarixdə Cavabdeh7 (X3 əvəzindən) ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 97,9 kv.m. təşkil edən 3 otaqlı fərdi yaşayış evini Cavabdeh1 bağışlamışdır. X10 28 aprel 2017-ci ildə, X5 10 iyul 2018-ci ildə vəfat etmişdir. a) Birinci instansiya məhkəməsində icraat 26 sentyabr 2018-ci il tarixdə Səmədova X9 Rəşad Telman oğlu və qeyrilərinə qarşı etibarnamələrin və onun əsasında bağlanmış bağışlama müqavilələrinin, mənzilin addanada keçirilməsinə dair sənədləşdirmənin, hüquqların dövlət qeydiyyatı haqqında çıxarışların etibarsız hesab edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması və əmlakların ½ hissəsinə bərabər paylar üzrə vərəsəlik hüququnun tanınması tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6176/2018 nömrəli iş üzrə 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandır mışdır ki, iddiaçının iddia etdiyi əmlaklar onların mülkiyyətçiləri tərəfindən hələ sağlıqlarında ikən öz iradələri ilə övladları Cavabdeh1 bağışlanmışdır.Belə olan halda, həmin əmlaklara dair bağışlama müqavilələrinin, çıxarışların etibarsız hesab edilməsi və vərəsəlik payının müəyyən edilməsi ilə bağlı irəli sürülmüş tələblər əsassız hesab edilməlidir. Mübahisələndirilən etibarnamələrin və bağışlama müqavilələrinin iddiaçının qeyd etdiyi kimi mərhum valideynlərinin aldadılmaqla, onların əsl niyyətlərinin təhrif edilməklə həyata keçirilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamış, əksinə müəyyən edilmişdir ki, tərəflərin valideynləri şüurlu olaraq bütün əmlaklarını məhz övladları hazırki iş üzrə cavabdeh olan Cavabdeh1 bağışlamışlar. b) Apellyasiya instansiyası məhkəməsindəki b irinci icraat İddiaçı həmin qətnamədən apellyasiya şikayət verərək, şikayətini birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, onun məhkəmə iclaslarında iştirakının təmin edilməməsi, işin hallarına düzgün hüquqi qiymət verilməməsi ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4070/2019 nömrəli iş üzrə 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – V.T.Həsənov, Ş.A.Məmmədova, N.Ş.Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı tərəfin mövqeyinə görə, cavabdehlər valideynlərini aldatmış və onların etibarından sui-istifadə edərək gələcəkdə iddiaçını vərəsə olaraq əmlak əldə etmək imkanından məhrum etmək üçün onların vermiş olduqları etibarnamədə olan səlahiyyətlərindən kənara çıxaraq əmlakları faktiki olaraq əldə etmişlər. Halbuki, tərəflərin mərhum valideynləri sağlıqlarında öz əmlakları barəsində sərəncam vermişlər və onlar tərəfindən verilmiş etibarnamədə göstərilən səlahiyyətlərin kənara çıxılmış olsa idi, bu barədə onlar sağlıqlarında iddia irəli sürə bilərdilər. Nəzərə alınsa ki, bir əmlak barəsində tərəflərin ataları özü şəxsən sərəncam vermişdir, belə olan halda aşkar olaraq müəyyən edilmiş olur ki, digər əqdlər də onun iradəsinə uyğun olaraq rəsmiləşdirilmişdir, bunun əksini sübut edən heç bir dəlil yoxdur. Bununla yanaşı, işin düzgün həlli üçün əhəmiyyətli olan kifayət qədər yazılı sübutlar mövcuddur, iddiaçının təqdim et miş olduğu şahidlərin ifadələri iddianın təmin edilməsinin əsası kimi qəbul edilə bilməz. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5605/2019 saylı iş üzrə 24 sentyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.A.Əhmədov, A.Ə.İsgəndərov, İ.K.Dəmirov) İddiaçı verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hədiyyənin vərəsənin payına daxil edilməsini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1277-ci maddəsi 24 iyun 2005-ci il tarixli Qanu nla Mülki Məcəllədən xaric edilsə də, həmin Məcəllənin 1200-cü maddəsində oxşar münasibətləri tənzimləyən normanın mənasına görə, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Maddənin mənasına görə miras payın tam həcmi müəyyənləşdirilərkən, miras qoyanın mirasa vərəsəlik açılanadək iki il ərzində üçüncü şəxsə bağışladığı əşyanın dəyəri nəzərə alınır. Belə ki, bağışlanmış əşya mirasın kütləsinə daxil olsaydı, miras payı almaq hüququ olan şəxsin alacağı payın arta biləcəyi məbləğdə pay artırılmalıdır. Mirasdan pay almaq hüququ olan ş əxsin bağışlanmış əşyaya görə miras payının artırılmasını tələb etmək hüququ miras açıldığı vaxtadək hədiyyənin verilməsindən iki ildən az vaxt keçmiş olduqda yaranır. Əksinə, bu vaxt ötürülərsə, onda hədiyyədən pay almaq hüququ yaranmır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-14127/2019 nömrəli iş üzrə 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – A.N.İmanov, A.Q.Hüseynov, V.N.Sadıqov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi işə üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi haqlı оlaraq qeyd etmişdir ki, sözügedən əmlaklar onların mülkiyyətçiləri tərəfindən hələ sağlıqlarında ikən öz iradələri ilə övladları Cavabdeh1 bağışlanmışdır. Belə olan halda, iddiaçının həmin əmlaklara dair bağışlama müqavilələrinin, çıxarışların etibarsız hesab edilməsi və vərəsəlik payının müəyyən olunması ilə bağlı irəli sürdüyü tələblərinin əsasları mövcud dеyildir. Mübahisələndirilən etibarnamələrin və bağışlama müqavilələrinin iddiaçının qeyd etdiyi kimi, mərhum valideynlərinin aldadılmaqla, onların əsl niyyətlərinin təhrif edilməklə həyata keçirilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamış, əksinə müəyyən olunmuşdur ki, tərəflərin valideynləri şüurlu olaraq bütün əmlaklarını məhz övladları (hazırki iş üzrə cavabdeh olan) Cavabdeh1 bağışlamışlar. Apellyasiya instansiya məhkəməsi apеllyasiya şikayətinin dəlillərinə münasibətdə qеyd etmişdir ki, tərəflərin mərhum validеy nləri sağlıqlarında öz əmlakları barəsində sərəncam vеrmişlər və оnlar tərəfindən vеrilmiş еtibarnamədə göstərilən səlahiyyətlərdən kənara çıхma оlsa idi, bu barədə оnlar sağkən tələb irəli sürə bilərdilər. Nəzərə alınsa ki, bir əmlak barəsində tərəflərin ataları özü şəхsən sərəncam vеrmişdir, digər əqdlərin də оnun iradəsinə uyğun оlaraq rəsmiləşdirildiyi ehtimal edilməlidir, iş materiallarında bunun əksini sübut еdən hеç bir dəlil yохdur. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 1200-cü maddəsi məcburi payın miras qoyanın sağlığında bağışlanmış əşya hesabına deyil, onun ölümündən sonra qalmış miras əmlaklarda məcburi paya hüququ olan şəxsin payının artırılması qaydasını müəyyən edir. Baxılan iş üzrə miras əmlak olmadığından və mülkiyyətçinin verdiyi etibarnamə əsasında onun sağlığında əmlakların bağışlanmasına dair əqdlərin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Mülki Məcəllənin 1200-ci maddəsinin hazırkı mübahisəyə tətbiqi də mümkün deyildir. Əks yanaşma öz sağlığında mülkiyyətində olan əmlaka sərəncam vermiş şəxsin iradə ifadəsinə zidd olmaqla yanaşı, ümumiyyətlə bağışlama institutunu əhəmiyyətsiz etmiş olardı. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış, mübahisə işdəki faktlar nöqteyi-nəzərindən və qanuni baxımdan mahiyyəti üzrə düzgün həll edilməmiş, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Məcəllənin 1200-cü maddəsində miras qoyanın əşyanı üçüncü şəxsə bağışladıqda məcburi paya hüquqi olan şəxsin, əgər bağışlanmış əşyanın mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb etməsi hüququna malik olmasını, əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır müddəasını da yanlış təvsir etmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehlərin vəkili kassasiya şikayəti ni əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəlləsinin 350-ci maddəsinə əsasən əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə e tibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəlləsinin 358-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Həmin Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə d ə bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə b ağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəx slərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən etibarnamələr və əqdlərin, o cümlədən həmin əqdlər əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Həmin hissədə kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınl aşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Bununla bərabər, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 1200-ci maddəsinin yalnız miras qoyanın ölümündən sonra miras qalmış miras əmlaka məcburi payın verilməsi qaydasını müəyyən etməsi barədə gəldiyi nəticə ilə razılaşmaq olmaz. Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il k eçirsə, hədiyyə hesaba alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 08 yanvar 2021-ci il tarixli Qərarına əsasən
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb et mək hüququna malikdirlər. Məhkəmə kollegiyası bu halda, qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əmlaka vərəsəlik payının müəyyən edilməsi tələbinə dair hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli qətnaməsi əmlaka vərəsəlik payının müəyyən edilməsi tələbinə dair hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılmas ı üçün həmin apellyasiya məhkəməsinə göndərilsin, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.