Məhkəmə qərarları › İş №2(103)-6399/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6399/2021

08.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6399/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh7 nümayəndəsi və vəkili X12 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6176/2018 saylı, 06 dеkabr 2018ci il tarixli qətnaməsindən iddiaçı Səmədоva Nurcan Tеlman qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «etibarnamələrin və onun əsasında bağlanmış bağışlama müqavilələrinin, çıxarışların etibarsız hesab edilməsi və s. tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, anası X13 28.04.2017-ci il tarixdə, atası X7 isə 10.07.2018-ci il tarixlərdə rəhmətə getmişlər. ünvan 1 ünvanında yerləşən 2 otaqlı 94 kv.m. ümumi sahəsi olan mənzilin payçısı və ünvan 2əhəllədə yerləşən 0,04 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 200,5 kv.m. təşkil edən fərdi yaşayış evinin mülkiyyətçisi iddiaçının anası olmuşdur. ünvan 3 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 97,9 kv.m. təşkil edən fərdi yaşayış evinin və ünvan 2əhəllədə yerləşən 0,04 ha torpaq sahəsinin mülkiyyətçisi iddiaçının atası olmuşdur. İddiaçı ana və atasına sağ olan vaxtı bir övlad kimi həmişə qulluq edərək onların qayğısını çəkmişdir. Ölümünə yaxın vaxtlarda isə onlar xəstə olanda da, iddiaçı onlara bir övlad kimi qayğısını çəkərək üzərinə düşən övlad borcunu yerinə yetirməyə çalışmışdır. Bir sözlə, ata və ananın da iddiaçıya münasibətləri qarşılıqlı olmuşdur. Hər ikisi ölümündən qabaq dəfələrlə hətta yaxın qohumların yanında gələcəkdə onlardan qalan miras əmlaklara qardaşı ilə birlikdə vərəsə olaraq bərabər paylarda bölüşdürəcəyini demişlər. Onların heç vaxt əmlakları iddiaçının qardaşına bağışlamaq və vəsiyyət etmək niyyətləri olmamışdır. İddiaçının atasının və anasının ölümündən sonra onların əmlaklarını hər ikisi faktiki qəbul edərək idarə etmişlər. Lakin, iddiaçının qardaşı Rəşada bu yaxınlarda əmlakları adına keçirilməsi ilə bağlı etdiyi müraciətinə verdiyi cavabdan görmüşdür ki o, nəisə ondan gizlətməyə çalışır. Ona görə də iddiaçı vəkillə müqavilə bağlamağı və bu işi araşdırmağa üstünlük verməyə başladı. Vəkil sorğularına verilən cavablardan iddiaçıya məlum olmuşdur ki, qardaşı Rəşada tamah güc gəlmiş və o, ana və atasını aldadaraq onların adından öz həyat yoldaşı Cavabdeh7 adına müvafiq etibarnamələr tərtib etdirərək etibarnamələr əsasında öz adına anasının və atasının adından bağışlama müqavilələri rəsmiləşdirməklə əmlakları öz adına sənədləşdirmişdir. Belə ki, Rəşad və onun həyat yoldaşı Cavabdeh7 ilə birlikdə anası X9 aldadaraq Bakı şəhəri 18 saylı Notariat Kontorunda onun adından öz həyat yoldaşı Cavabdeh7 adına 03 fevral 2017-ci il tarixdə 7E-2230 reyestr nömrəsi ilə qeyd edilmiş etibarnamə verdirməklə onun əsasında anasının nümayəndəsi qismində əvvəlcə 18.04.2017-ci il tarixdə Quba rayonu notariat kontorunda ünvan 2əhəllədə yerləşən ümumi sahəsi 200,5 kv.m. təşkil edən 2 otaqlı yaşayış evini və həmin ünvanda yerləşən 0,04 ha torpaq sahəsini bağışlama müqaviləsi ilə öz adına rəsmiləşdirmişdir. Sonradan isə Rəşad və onun həyat yoldaşı Cavabdeh7 ilə birlikdə atası X5 aldadaraq Bakı şəhəri 6 saylı notariat kontorunda onun adından öz həyat yoldaşı Cavabdeh7 adına 17 iyun 2017-ci il tarixdə “E-27931 reyestrlə qeydə alınmış etibarnamə rəsmiləşdirməklə onun əsasında atasının nümayəndəsi qismində çıxış etməklə 22.06.2017-ci il tarixdə Quba rayonu notariat kontorunda 4Ə-2165 reyestr ilə qeydə alınmış bağışlama müqaviləsi ilə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 97,9 kv.m. təşkil edən 3 otaqlı fərdi yaşayış evini öz adına rəsmiləşdirmişdir. Daha sonra isə 18 may 2017-ci il tarixdə cavabdeh yenidən iddiaçının atası X5 aldadaraq Quba rayonu notariat kontoruna aparmış orada ona başqa notariat əməliyyatı aparmaq adı altında Quba şəhəri 12-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 0,04 ha sahəsi olan mülkiyyət hüququ ilə atasına məxsus olan torpaq sahəsini öz adına bağışlama müqaviləsi ilə rəsmiləşdirmişdir. İddiaçının atası ölümünə yaxın ağır xəstə olmuş, ölüm gününədək ona iddiaçı qulluq etmiş, söhbət əsnasında da atası ona məxsus əmlakların qardaşı ilə ona vəsiyyət etdiyini və aralarında bərabər bölgü aparmaqla sahib duracaqlarını bildirmişdir. Bundan başqa isə yenə də Cavabdeh1 ünvan 4 ünvanında yerləşən 2 otaqlı 94 kv.m. ümumi sahəsi olan anası X1 və istifadəsində olan mənzilini 04.02.2017-ci il tarixdə iddiaçıya məlum olmayan əsassız, qanunsuz əsaslarla və "xxxx" MMC-nin əməkdaşlarını aldatmaqla öz adına rəsmiləşdirmişdir. Bu günədək də iddiaçının anasından və atasından qalan yaşayış evlərində ona məxsus əmlakları yerləşir. İddiaçının qardaşı Rəşad hiylə işlədərək öz həyat yoldaşının köməyi ilə valideynlərinin xəstə olmasından istifadə etməklə gizli olaraq onların əmlaklarını onları aldatmaqla öz adına rəsmiləşdirmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək, işə əlavə olaraq Cavabdeh7 cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 06 dekabr 2018-ci il tarixli, 2(006)- 6176/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “etibarnamələrin və onun əsasında bağlanmış bağışlama müqavilələrinin, mənzilin addanada keçirilməsinə dair sənədləşdirmənin, hüquqların dövlət qeydiyyatı haqqında çıxarışların etibarsız hesab edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması və əmlakların ½ hissəsinə bərabər paylar üzrə vərəsəlik hüququnun tanınması” barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2(103)- 4070/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5605/2019 saylı 24 sentyabr 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2019-cu il tarixli, 2(103)-4070/2019 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-14127/2019 nömrəli iş üzrə 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-8/2021 saylı 21 aprel 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli qətnaməsi əmlaka vərəsəlik payının müəyyən edilməsi tələbinə dair hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətini təmin edib işin yeni apellyasiya baxışına göndərilməsi ilə bağlı qərarında mövqeyinin hüquqi əsasını belə şərh etmişdir: “apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 1200-ci maddəsinin yalnız miras qoyanın ölümündən sonra miras qalmış miras əmlaka məcburi payın verilməsi qaydasını müəyyən etməsi barədə gəldiyi nəticə ilə razılaşmaq olmaz. Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 08 yanvar 2021-ci il tarixli Qərarına əsasən 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası bu halda, qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əmlaka vərəsəlik payının müəyyən edilməsi tələbinə dair hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır”. Təkrar apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 Səmədоva Nurcan Tеlman qızına qarşı Səmədоva Nurcan Tеlman qızının vərəsəlik və məcburi pay almaq hüquqlarından məhrum edilməsi barədə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh7 nümayəndəsi və vəkili X14 apellyasiya şikayətinə etiraz edərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Bakı şəhəri 18 saylı notariat kontorunun, Bakı şəhəri 6 saylı notariat kontorunun, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin, Quba Regional “ASAN Xidmət” Mərkəzində Quba rayonu notariat kontorunun və Cavabdeh6 MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi rədd edilmiş, həmin qətnaməni iddiaçı mübahisələndirmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-8/2021 saylı 21 aprel 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 noyabr 2019-cu il tarixli qətnaməsi əmlaka vərəsəlik payının müəyyən edilməsi tələbinə dair hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bu baxımdan hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın rədd edilən - əmlaka vərəsəlik payının müəyyən edilməsi tələbinə dair hissəsində yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan 03 fevral 2017-ci il tarixli Bakı şəhəri 18 saylı notariat kontorunun notariusu A.D.Bəşirov tərəfindən təsdiq olunmuş etibarnamənin surətindən görünür ki, X3 Səbinə Çingiz qızına onun adından onun bütün əmlakına sərəncam verilməsini və digər hərəkətlərin yerinə yetirilməsini etibar etmişdir. İş materiallarında olan Cavabdeh7 (X8 adından) "xxxx" MMC-yə ünvanladığı 04.02.2017-ci il tarixli ərizədən görünür ki, ünvan 5 ünvanında, İİ blokun X mərtəbəsində inşa edilən, 2 otaqlı, 94,2 kv. metr sahəsi olan 95 №-li mənzilin tikintisinə bağlanmış 12.08.2006-cı il tarixli 154 saylı müqavilənin və 12.08.2006-cı il tarixli AXU 844№-li kassa mədaxil orderinə yazılmış olan ödəniş qəbzinin ləğv edilməsini və yuxarıda göstərilən mənzilin və kassa mədaxil orderinə yazılmış qəbzin Cavabdeh1 adına dəyişdirilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 04 fevral 2017-ci il tarixli, 1463 saylı «Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında» müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən MMC ünvan 6 ünvanında, İİ blokun X mərtəbəsində inşa edilən, 2 otaqlı, 94,2 kv.m sahəsi olan 95 saylı mənzili sifarişçi Cavabdeh1 təhvil verməyi, sifarişçi isə bunun müqabilində 39.847 manat məbləğində pulu MMC-yə ödəməyi öz öhdələrinə götürmüşlər. İş materiallarında olan Quba rayonu notariat kontorunun xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq olunmuş, 4Ə-938 reyestrlə qeydə alınmış 18 aprel 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh7 (X8 əvəzindən) ünvan 2əhəllədə yerləşən ümumi sahəsi 200,5 kv.m. təşkil edən 2 otaqlı yaşayış evinə və həmin ünvanda yerləşən 0.04 ha torpaq sahəsini Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan Quba rayonu notariat kontorunun xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq olunmuş, 4Ə-1932 reyestrlə qeydə alınmış 18 may 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X7 mülkiyyətdə olan Quba şəhəri 12-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 0,04 ha olan torpaq sahəsini oğlu Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan 17 iyun 2017-ci il tarixli Bakı şəhəri 6 saylı notariat kontorunun notariusu Ə.L.İmanov tərəfindən təsdiq olunmuş etibarnamənin surətindən görünür ki, X2 Səbinə Çingiz qızına onun adından onun bütün əmlakına sərəncam verilməsini və digər hərəkətlərin yerinə yetirilməsini etibar etmişdir. İş materiallarında olan Quba rayonu notariat kontorunun xüsusi notariusu Z.N.Dəmirov tərəfindən təsdiq olunmuş, 4Ə-2165 reyestrlə qeydə alınmış 22 iyun 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh7 (X4 əvəzindən) ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 97,9 kv.m. təşkil edən 3 otaqlı fərdi yaşayış evini Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 08.07.2017-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, ünvan 3 Cavabdeh1 oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 31 saylı reyestr kitabının 5 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən 31 iyul 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 28.04.2017-ci ildə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Quba regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən 01 avqust 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 10.07.2018-ci ildə Quba rayonunda vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 06.08.2018-ci il tarixli məktubundan görünür ki, mərhum X8 adına olan ünvan 2əhəllədə fərdi yaşayış evini (yarımçıq tikili) 18 aprel 2017-ci il tarixli, 4Ə-938 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh1, mərhum X4 adına olan ünvan 7 ünvanında fərdi yaşayış evini 22 iyun 2017-ci il tarixli, 4Ə- 2165 reyestr nömrəli və ünvan 2əhəllədə 0,04 ha həyətyanı torpaq sahəsini isə 18 may 2017-ci il tarixli, 4Ə-1932 reyestr nömrəli bağışlama müqavilələrinə əsasən Cavabdeh1 bağışlamışdırlar. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflərin valideynləri sağlıqlarında bütün əmlaklarını övladları Cavabdeh1 bağışlamaq məqsədi ilə onun həyat yoldaşı Cavabdeh7 bütün əmlaklara sərəncam verilməsi və digər hərəkətlərin yerinə yetirilməsi üzrə etibarnamə vermiş, həmin etibarnamə əsasında onlara məxsus ünvan 2əhəllədə yerləşən ümumi sahəsi 200,5 kv.m. təşkil edən 2 otaqlı yaşayış evi və həmin ünvanda yerləşən 0.04 ha torpaq sahəsi, Quba şəhəri 12-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 0,04 ha sahəsi torpaq sahəsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 97,9 kv.m. təşkil edən 3 otaqlı fərdi yaşayış evi Cavabdeh1 bağışlanmışdır. Eyni zamanda ünvan 5 ünvanında, İİ blokun X mərtəbəsində inşa edilən, 2 otaqlı, 94,2 kv. metr sahəsi olan 95 №-li mənzil Cavabdeh1 adına dəyişdirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən əmlaklar onların mülkiyyətçiləri tərəfindən hələ sağlıqlarında ikən öz iradələri ilə övladları Cavabdeh1 bağışlanmışdır. Hazırki apellyasiya baxışının predmetini məhz həmin əmlaklara vərəsəlik payının müəyyən edilməsi təşkil edir ki, məhkəmə kollegiyasının qənaətinə görə həmin hissədə birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Mülki Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Qeyd edilən Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin məcəllənin 1157-ci maddəsinə əsasən, əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin məcəllənin 1159-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin məcəllənin 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 08 yanvar 2021-ci il tarixli Qərarına əsasən 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Göründüyü kimi iddiaçının qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından - ünvan 2əhəllədə yerləşən ümumi sahəsi 200,5 kv.m. təşkil edən 2 otaqlı yaşayış evi və həmin ünvanda yerləşən 0.04 ha torpaq sahəsi, Quba şəhəri 12-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 0,04 ha sahəsi torpaq sahəsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 97,9 kv.m. təşkil edən 3 otaqlı fərdi yaşayış evinə eləcə də ünvan 5 ünvanında, İİ blokun X mərtəbəsində inşa edilən, 2 otaqlı, 94,2 kv. metr sahəsi olan 95 №li mənzilə məcburi pay hüququ mövcud olmuşdur. Məhkəmə kollegiyası ünvan 5 ünvanında, İİ blokun X mərtəbəsində inşa edilən, 2 otaqlı, 94,2 kv. metr sahəsi olan 95 №-li mənzilə münasibətdə qeyd edir ki, göstərilən yaşayış sahəsi rəsmi reyestrdə qeydə alınmadığından həmin əmlak barəsində notarial qaydada bağışlama müqaviləsinin həyata keçirilməsi mümkün olmasa da, qeyd edilən əmlak X8 adından onun nümayəndəsinin ərizəsi əsasında digər əmlakların bağışlandığı ərəfədə Cavabdeh1 adına dəyişdirililərək faktiki olaraq həmin əmlak barəsində də bağışlanma həyata keçirilmişdir. Belə olan halda həmin mənzilə dair hüquqların dövlət qeydiyyatından keçməsi təsdiq edilmədiyindən qeyd olunan mənzilin payına dair məcburi pay hüququ tanınmalıdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi – payların müəyyən edilməsinin təmin edilməməsi hissəsində ləğv edilməklə qeyd edilən hissədə yeni qətnamə edilməli və iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İiddiaçı Səmədоva Nurcan Tеlman qızı tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışının predmeti olan hissədə qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6176/2018 saylı, 06 dеkabr 2018ci il tarixli qətnaməsi payların müəyyən edilməsinin təmin edilməməsi hissəsində ləğv edilməklə qeyd edilən hissədə yeni qətnamə edilsin və iddia tələbi həmin hissədə qismən təmin edilsin.

1. ünvan 2əhəllədə yerləşən ümumi sahəsi 200,5 kv.m. təşkil edən 2 otaqlı yaşayış evinin və həmin ünvanda yerləşən 0.04 ha torpaq sahəsinin;

2. ünvan 5 ünvanında, İİ blokun X mərtəbəsində inşa edilən, 2 otaqlı, 94,2 kv. metr payın;

3. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 97,9 kv.m. təşkil edən 3 otaqlı fərdi yaşayış evinin;

4. Quba şəhəri 12-ci məhəllə ünvanında yerləşən ümumi sahəsi 0,04 ha sahəsi torpaq sahəsinin ¼ hissəsinə iddiaçı Səmədоva Nurcan Tеlman qızının məcburi pay hüququ tanınsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar