Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-3440/2025 19.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1, Cavabdeh5 və cavabdeh kimi qeyd etdiyi Cavabdeh2 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gəncə şəhəri 1 saylı Notariat ofisi, Gəncə şəhəri 4 saylı Notariat ofisi, Gəncə şəhəri 6 saylı Notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsi) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bəxşeyiş müqaviləsinin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mülkün əvvəlki vəziyyətinə qaytarılması və miras mülkün qanun üzrə vərəsələr arasında miras paya uyğun bölünməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1, Cavabdeh5 və cavabdeh kimi qeyd etdiyi Cavabdeh2 qarşı (Gəncə şəhəri 1 saylı Notariat ofisi, Gəncə şəhəri 4 saylı Notariat ofisi, Gəncə şəhəri 6 saylı Notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd etməklə) Gəncə şəhəri 1 saylı Notariat kontorunun 10 avqust 2012-ci il tarixli, 2V-1-1492 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, Gəncə şəhəri 4 saylı Notariat kontorunun 13 sentyabr 2012-ci il tarixli, 4Ə-2-309 reyestr nömrəli bəxşeyiş müqaviləsinin və 05 may 2022-ci il tarixli 6 saylı notariat ofisində 4Ə-226 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, 29 may 2022-ci il tarixdə Cavabdeh1 Firuddun qızının adına verilmiş **********64-1034 reyestr nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi, mülkün əvvəlki vəziyyətinə qaytarılması və miras mülkün qanun üzrə vərəsələr arasında miras paya uyğun olaraq bölgünün aparılması barədə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh2 (FİN: xxxxxxx) xx.xx.2019-cu il tarixdə ölmüşdür. Göründüyü kimi, Cavabdeh2, iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl, yəni xx.xx.2019-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin hüquq qabiliyyəti onun ölümü ilə xətm edilir. Belə olan halda ölmüş şəxsin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 48 və 49-cu maddələrində təsbit olunmuş mülki prosessual hüquq qabiliyyəti və mülki prosessual fəaliyyət qabiliyyəti mövcud deyildir. MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə qeyd edir ki, insan öldükdən sonra fiziki şəxs hesab olunmur və beləliklə ölmüş şəxs cavabdeh hesab olunmadığından, ölmüş şəxsə qarşı verilmiş iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildir. Məhkəmə hesab edir ki, Cavabdeh2 iddia ərizəsi verilməmişdən əvvəl öldüyünə görə hazırkı iş üzrə prosessual hüquq varisliyinə də yol verilmir. Belə ki, ölən şəxs sağlığında prosessual hüquqi statusa (iddiaçı, cavabdeh və sair) malik olduğu halda, prosessual hüquq varisliyi (prosessual hüquq və vəzifələrin başqa şəxsə keçməsi) mümkündür. İddia verilənə qədər şəxs ölmüşdürsə, o, prosessual hüquqi statusa malik olmur, ölmüş şəxsin malik olmadığı status isə başqa şəxsə keçə bilməz. MPM-in 58-ci maddəsinin mənası da bunu təsdiq edir. MPM-in 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan normaya əsasən iddia ərizəsi icraata qəbul olunduqdan və məhkəmə prosesi başladıqdan sonra barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hazırki vəziyyətdə Cavabdeh2 onun hüquq varis(lər)i ilə əvəz edilməsi mümkün deyil. Ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və mübahisəyə mahiyyəti üzrə baxılması prosessual baxımdan qeyri-mümkündür. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh2 ölmüş olduğundan, bununla da Cavabdeh2 cavabdeh hesab edilmədiyindən, iddia icraatı qaydasında verilmiş ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 153, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1, Cavabdeh5 və cavabdeh kimi qeyd etdiyi Cavabdeh2 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Gəncə şəhəri 1 saylı Notariat ofisi, Gəncə şəhəri 4 saylı Notariat ofisi, Gəncə şəhəri 6 saylı Notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsi) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bəxşeyiş müqaviləsinin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mülkün əvvəlki vəziyyətinə qaytarılması və miras mülkün qanun üzrə vərəsələr arasında miras paya uyğun bölünməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №2(125)-3440/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-3440/2025
19.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver