Məhkəmə qərarları › İş №2(102)-908/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-908/2025

11.03.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-908/2025 11.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin b bəndi (əmək müqaviləsinin müddətinin qurtarması) müddətli əmək müqaviləsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5235/2024 nömrəli, 31 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 11 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı” və ya “işçi”) Cavabdeh (bundan sonra “cavabdeh” və ya “işəgötürən”, yaxud “Mərkəz”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı 1 il müddətinə Mərkəzdə mühəndis (mülki müdafiə üzrə) vəzifəsinə işə qəbul olunmuşdur.

2. Əmək müqaviləsi daha 1 il müddətinə (xx.xx.2024-cü il tarixədək) uzadılmışdır.

3. Mərkəzin xx.xx.2024-cü il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.

4. İddiaçı əmrin qanuniliyini mübahisələndirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, tutduğu vəzifəyə işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, bir ilin tamamında Mərkəzin rəhbərliyi tərəfindən iddiaçıya xəbərdar edilmədən müqavilə uzadılmışdır. Lakin müqavilənin müddətinin bitməsinə müəyyən zaman qalsa da cavabdeh iddiaçıya xəbərdarlıq vermədən qanunsuz olaraq, şəxsi qərəzliklə iddiaçının müqaviləsinə xitam vermişdir. İddiaçı Azərbaycan Ağsaqqallar Şurasının üzvüdür, müharibə veteranıdır. Ona mənəvi psixoloji zərbələr vurulmuşdur. Mərkəz tərəfindən iddiaçıya m üqavilənin bitməsi və uzadılması barədə rəsmi xəbərdarlıq edilməmişdir. Buna görə də Mərkəzin fəaliyyəti Əmək Məcəlləsinin müvafiq normalarını pozmuşdur. Bundan əlavə iddiaçı tərəfindən əmək müfəttişliyinə müraciət edilmişdir. Əmək müfəttişliyi qanunsuz əməllərinə görə Mərkəzi cərimələmişdir.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsinə istinad etmişdir.

8. Məhkəmə baxışında iddiaçı əlavə olaraq göstərmişdir ki, Əfqanıstanda müharibədə iştirak etmişdir, müharibə veteranıdır. İddiaçı işə götürülərkən Mərkəzin direktoru ilə bağladığı əmək müqaviləsində müddət 1 il qeyd edilsə də, müddətin 2024-cü ilədək uzadılması ilə bağlı müqaviləni iddiaçı imzalamamışdır. Müharibə veteranı olduğu üçün işəgötürən bunu nəzərə almamış iddiaçını əsassız işdən azad e tmişdir. Müqavilə müddəti bitsə də, veteran olmasını və imtiyaza malik olmasını nəzərə alaraq işəgötürən iddiaçını başqa işlə təmin etməli idi.

9. Məhkəmə baxışında cavabdehin nümayəndəsi iddiaya etirazında göstərmişdir ki, iddiaçı ilə əmək müqaviləsi müddətli bağlanmış, 2023-cü ildə müqavilə müddəti bitsə də, iddiaçı əmək münavibəti davam etdirilmiş, müqavilə müddəti 1 il, yəni 2024-cü ilin yanvar ayına qədər artırılmışdır. Bu barədə əmək müqaviləsi bildirişində müvafiq dəyişiklik edilmişdir. 2024-cü ilin yanvar ayında əmək müqaviləsinin müddəti bitdiyi üçün Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən iddiaçının müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə Mərkəz arasında bağlanan müqavilə qanuni olmuş, tərəflərin iradə ifadəsinə uyğun müddətli bağlanılmışdır. Həm in müqaviləyə xitam verilərkən işçinin veteran olub-olmaması nəzərə alına bilməz. Həmçinin, yanvar ayında dövlət büdcəsindən ayırmalar olmadığı üçün iddiaçıya son haqq-hesabın verilməsi bir neçə gün gecikmişdir. Yəni bu hal obyektiv səbəbdən baş vermişdir, Əmək Müfəttişliyi isə bunu nəzərə almamış, Mərkəzi inzibati məsuliyyətə cəlb etmişdir.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)1350/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Şahin Abdullayev)

11. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Mərkəzə mühəndis (mülki müdafiə üzrə) vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanılmış əmək müqaviləsi müddətli olmaqla xx.xx.2023-cü il tarixədək bağlanılmışdır. Müqavilədə müəyyən edil miş müddət bitdikdən sonra, əmək münasibətləri davam etdirildiyindən uzadılmış hesab edilmiş, həmin əmək münasibətləri xx.xx.2024-cü il tarixədək davam etmiş və həmin vaxtadək tərəflər əmək münasibətlərinə xitam verilməsini bir-birlərindən tələb etməmişlər. Mərkəzin 05-k saylı xx.xx.2024-cü il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müddətli əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilmə əsasını müəyyən edir. Qanunvericilik əmək müqaviləsinin xitam verilmə əsaslarının biri kimi əmək müqaviləsinin müddətinin qurtarmasını nəzərdə tutur. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsinin 2 şərtin olması zəruridir: 1. əmək müqaviləsinin müddətinin qurtarması; 2. müddətli əmək müqaviləsinin xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü.

13. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi müddətli olduğundan, işəgötürın (cavabdeh) qanunun yuxarıda göstərilən tələbləri baxımından əmək müqaviləsinə müddətin keçməsi ilə əlaqədar xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur. Cavabdeh təşkilatla iddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən, işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır.

14. Birinci instansiya məhkəməsi iddiaçının o nunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən veteran olmasının nəzərə alınaraq başqa işlə təmin edilməli olmasına dair dəlillər üzrə göstərmişdir ki, əmək qanunvericiliyində yalnız işçinin vəzifəsi ixtisara düşdüyü təqdirdə müharibə veteranlarının digər işçilərə münasibətdə üstünlük hüququna malik olması nəzərdə tutulur, işçi belə bir imtiyaza müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək münasibətlərinin xitam verildiyi təqdirdə malik deyil.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 45, 47, 68, 73cü, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, ddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin hüquq normaları düzgün tətbiq edilməməklə çıxarıldığına istinad etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (2(103)-5235/2024 nömrəli, 31 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Abdiyev (sədrlik edən və məruzəçi), Fuad Babayev, Cəmilə Musayeva)

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əmək qanunvericiliyndə müddətli əmək müqaviləsinin bağlanmasının 9 halı müəyyən edilmişdir. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir. Lakin qanunverici hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağlanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkan verir. Müddətli əmək müqaviləsinin bağlanması işəgötürənin vəzifəsi deyil, hüququdur. Belə müqavilənin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu hallarda isə, əksinə, əmək müqaviləsinin müddəti müəyyən edilmədən, yəni müddətsiz bağlanmasının məcburiliyi şərtləndirilmişdir. Lakin bu müddəanın da tətbiq edilməsinin mümkünlüyü məhz qeyd edilən 9 halın mövcudluğundan asılı edil mişdir. Nəzərə alınmalıdır ki, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında əmək müqaviləsinin müddətli bağlanması bu hallara aid edilmişdir (Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi).

20. İddiaçı cavabdeh qurumda (mülki müdafiə üzrə) mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Bu baxımdan onun əmək funksiyaları öz xüsusiyyətinə, icrası şərtlərinə, müddətinə və xarakterinə görə daimi kimi qiymətləndirilə bilər. Başqa sözlə, iddiaçının əmək funksiyaları çərçivəsində yerinə yetirdiyi iş şərtlərinə görə daimi xarakterə malik olduğu həm iddiaçı, həm də cavabdeh üçün qabaqcadan bəlli olan bir hal olmuş, buna baxmayaraq, onları, xüsusilə də iddiaçını müddətli əmək müqaviləsinin bağlanmasından çəkindirməmişdir. Bu səbəbdən iddiaçının əmək funksiy aları Əmək Məcəlləsinin 47cimaddəsinin “a-ə” və “ğ” bəndlərində sadalanan hallara uyğun gəlmir. Həmin maddənin “f” bəndinə əsasən isə qanunverici əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında bağlanmış müqavilələri sadalanan hallara aid edir. Belə ki, tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45-ci və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı.

21. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanu niliyinə qiymət verilərkən müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən məsələ ilə vurğulamışdır ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri yalnız xx.xx.2022-ci il tarixdə, müddətli əmək müqaviləsinin bağlanması ilə yaranmışdır. Bununla belə, bu müqavilədən əvvəl iddiaçı öz əmək fəaliyyətinin hər hansı dövründə cavabdehlə əmək münasibətlərində olmamış, hər hansı müqavilə bağlamamışdır.

23. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən həmin müqavilə 1 il müddətinə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək bağlanmışdır. Lakin bu müddətin qurtarmasına baxmayaraq, əmək münasibətl əri davam etdirilmiş və bitmə tarixindən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etməmişdir. Bundan sonra da tərəflərin iradə ifadəsi, o cümlədən qarşılıqlı razılığı əsasında əmək müqaviləsi daha 1 il müddətinə uzadılmışdır. Sonra isə cavabdeh əmək münasibətlərini davam etdirmək istəməmiş və məhz əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xx.xx.2024-cü il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir.

24. Bununla belə, iddiaçı xx.xx.2022-ci il tarixdən əvvəl hər hansı formada cavabdehlə əmək münasibətlərində olmamış, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi məhz tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında 1 il müddətinə bağlanmış, bundan sonra dah a 1 il müddətinə də uzadılmış və həmin müddətin sonunda əmək münasibətlərinə xitam verilmişdir. Nəticədə əmək münasibətləri cəmi 2 il davam etmiş, həmin müddət ərzində tərəflərin hər hansı biri, xüsusilə də iddiaçı əmək müqaviləsinin müddətsiz bağlanması tələbini irəli sürməmişdir. Tərəflərin münasibətlərinin xarakterinin xx.xx.2024-cü il tarixli əmrin qəbul edilməsinə təsir etməsi, o cümlədən fəaliyyəti dövründə cavabdehin iddiaçıya münasibətdə qərəzli mövqe sərgiləməsi müəyyən edilmir.

25. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli əmrin məhz cavabdehin sərbəst iradə ifadəsi olmaması, cavabdehin bu əmri qəbul etməkdə hüquq bərabərliyi prinsipini pozmaq niyyətində olması, hər hansı başqa məqsəd güdməsi də aşkar edilmir. Bununla belə, iş üçün diqqə təlayiq olan bütün hallar da nəzərə alınmaqla, göstərilən xidmətlərin daimi xarakterə malik olması, iddiaçın fəaliyyət göstərdiyi 2 il ərzində intizam məsuliyyətinə cəlb edilməməsi, habelə digər bu kimi hallar hər hansı formada apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz.

26. Apellyasiya instansiyası məhkəməsi bir məsələni də qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının tutduğu vəzifə və ya ştat ixtisar edilməmiş, yəni iddiaçı ilə bağlanmış əmək müqaviləsinə bu əsasla deyil, Əmək Məcəlləsinin 68-ci madəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. Bu münasibətlər çərçivəsində isə iddiaçının müharibə veteranı olaraq işdə saxlanılmasında üstünlük hüququ yoxdur, cavabdeh, ümumiyyətlə, Əmək Məcəlləsinin 70-c i və 77-ci maddələrinin tələblərinə uyğun olaraq hər hansı tədbir görmək öhdəliyi daşımamışdır.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 43, 45, 47, 68, 73, 83 və 300-cü maddələrinin müvafiq hissə bəndləri ilkə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmənin bu nəticəyə gəlməsinə ə sas kimi işdə olan əmək müqaviləsi və onun müddətinin artırılması barədə bildiriş olmuşdur. İş materiallarından göründüyü kimi, əmək müqaviləsinin müddəti uzadılarkən iddiaçıya məlumat verilməmiş, bu isə iddiaçıda əmək müqaviləsinin müddətsiz uzadılması kimi qiymətləndirilmişdir. Yəni, məhkəmə sübutları qiymətləndirən zaman cavabdehin hərəkətlərinin əsl mahiyyəti ilə hərəkətləri arasındakı uyğunsuzluğunu da müəyyən etməli idi. Bununla da, MPM-n 88-ci maddəsinin tələbinin pozulmasına yol vermiş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. Bundan əlavə, iddiaçı cavabdeh qurumda (mülki müdafiə üzrə) mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Bu baxımdan onun əmək funksiyaları öz xüsusiyyətinə, icrası şərtlərinə, müddətinə və xarakterinə görə daimi kimi qiymətləndi rilə bilər. Yəni, cavadeh iddiaçı ilə faktiki olaraq müddəsiz əmək müqaviləsi kimi münasibət qursa da, faktiki olaraq müqaviləni müddətli kimi rəsmiləşdirmişdir. Bu səbəbdən də əmək münasibətlərinə xitam verilməsi də Əmək Məcəlləsinin 77-ci maddəsi ilə rəsmiləşdirilməli idi. Məhkəmənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin cavabdehin xeyrinə şərh etməsi maddi hüquq normasının düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı müqaviləyə xitam verilməmişdən azı dörd təqvim həftəsi əvvəlcədən rəsmi qaydada xəbərdar edilməli idi. Qeyd olunanlar qanunvericiliyin pozulması halları ilə bərabər, iddiaçının qazandığı imtiyazların, onun uzun illərdir ailəvi yataqxanada yaşaması, qüsursuz xidmət və əmək münasibəti illəri nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 43. (2-ci hissənin “b” bəndi) Əmək müqaviləsinin müddəti əmək müqaviləsində mütləq göstərilməlidir. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 47 ( bənd “f”). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68 ( bənd “f”). Əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Maddə 73 (1) Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əm ək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. (əvvəlki redaksiyada) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kass asiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

32. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsini n mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

36. İddia tələbi işə bərpa barədədir. İddiaçı onun işdən azad edilməsi barədə əmrin qanunsuz olmasına istnad etmişdir.

37. Belə olan halda iddianın təmin olunması iddiaçı ilə əmək müqav iləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.

38. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallardan isə görünür ki, iddiaçı ilə bağlanan xx.xx.2022-ci il tarixli əmək müqaviləsi müddətli olmuş, əmək müqaviləsinə əsasən iddiaçı 1 il müddətinə Mərkəzdə mühəndis (mülki müdafiə üzrə) vəzifəsinə işə qəbul olunmuş, əmək müqaviləsi daha 1 il müddətinə (xx.xx.2024-cü il tarixədək) uzadılmış, xx.xx.2024-cü il tarixli əmrlə xx.xx.2024-cü il tarixdən müddətin bitməsi əsası ilə də iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə görə mümkündür. İşdən də görünür ki, işəgötürən məhz həmin əsasla d a iddiaçı ilə əmək müqaviləsinə xitam verib.

39. Məhkəmə kollegiyası gəlinən nəticə və apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 19-26-cı bəndlərinə əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır, buna görə də qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

40. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, iddiaçı ilə faktiki olaraq müddəsiz əmək müqaviləsi kimi münasibət qurulsa da, cavadehin faktiki olaraq müqaviləni müddətli kimi rəsmiləşdirməsi barədə dəlili əsaslı deyil.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yan var 2024-cü il tarixli Qərarında hüquqi mövqe belə olmuşdur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır, lakin nəzərə alınmalıdır ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur.

42. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərli yi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qar şısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.

43. Konstitusiya Məhkəməsinin Plenumu işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab etmişdir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.

44. Barəsində kassasiya şikayəti verilən qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün məhz Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında göstərilən, müddətli əmək müqaviləsi bağlanarkən tərəfələrin hüquq bərabərliyi və s. hallarla bağlı araşdırılması mühüm əhəmiyyət kəsb edən işin hallarına qiymət verməklə iddianı təmin etməmiş və gəldiyi nəticəni də buna uyğun əsaslandırmışdır.

45. Müqaviləyə xitam verməmişdən azı dörd təqvim həftəsi əvvəlcədən cavabdehin iddiaçını rəsmi qaydada xəbərdar etməli olması barədə dəlil də əsaslı sayıla bilməz.

46. Belə ki, əmək qanunvercilyində müddətli əmək müqaviləsinə xitam verilməsi halında işəgötürənin işçini bu barədə xəbərdar etməli olması və bunun hər hansı müddət ərzində olması ilə bağlı heç bir vəzifəsi nəzərdə tutulm ayıb. Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Qeyd edilən normadan da görünür ki, burada göstərilən müddət xəbərdarlıq müddəti deyil.

47. İddiaçının istinad etdiyi dörd həftəlik xəbərdarlıq müddəti Əmək Məcəlləsinin 77ci maddəsinin 1-ci hissəsinə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bir ildən beş ilədək əmək stajı olan şəxslərə aiddir. Hazırki işdə isə iddiaçının əmək müqaviləsinə işçilərin sayının azalması və ya ştatların ixtisarı ilə deyil, müqavilə müddətinin bitməsi əsası ilə xitam verilmişdir.

48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, k assasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5235/2024 nömrəli, 31 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar