Məhkəmə qərarları › İş №2(103)-10055/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10055/2021

15.10.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10055/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, onun vəkili Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 19.06.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı ilə bağlanmış 01.10.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin 28.04.2020-ci il tarixli, 29/k nömrəli əmri ləğv olunsun və məcburi işburaxma müddəti üçün əmək haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdeh təşkilatda əşya-geyim üzrə mütəxəssis vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi işəgötürənin (direktorun) 28.04.2020-ci il tarixli, 29/k nömrəli əmri ilə ləğv edilib. Əmək müqaviləsinin ləğv edilməsinə əsas ştat ixtisarı olub. Hüquqi əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinad olunub. Orada qeyd olunub ki, ştat ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. “İşçilərin sayının ixtisarı” və “işçilərin ştatlarının ixtisarı” bir-birindən fərqləndirilməlidir. Sayın ixtisarı – bu, müəyyən vəzifə üzrə ştat vahidlərinin sayının azaldılmasıdır. Məsələn, müəssisədə 2 mühasib ştatı mövcuddursa, 1 mühasib ştatı ştat cədvəlindən xaric olunursa, bu, işçilərinin sayının azaldılmasıdır. Ştat ixtisarı – bu, ştat cədvəlindən müəyyən vəzifələrin tamamilə çıxarılmasıdır. Məsələn, müəssisədə yalnız 1 mühasib və 1 mühafizəçi ştatı mövcuddursa, onların hər ikisi ştat cədvəlindən xaric olunursa, bu, işçilərin ştatlarının ixtisarıdır. Cavabdeh təşkilatda cəmi 1 əşya-geyim üzrə mütəxəssis ştatı olub, həmin ştat vahidi ştat cədvəlindən xaric olunub. Ona görə də işdə saxlanmağa üstünlüyü olan şəxsləri müəyyənləşdirən normanın - Əmək Məcəlləsinin 78-ci maddəsindəki normanın hazırkı mübahisədə tətbiqi mümkün deyil. Əmək müqaviləsinin ləğvi barədə əmrin məzmununda onun verilməsinə əsas olan rəsmi sənəd kimi 02.03.2020-ci il tarixli, 16/k nömrəli əmrə istinad olunub. Bu əmrdən görünür ki, cavabdeh təşkilatda 11 ştat vahidi ləğv olunub, 13 yeni ştat vahidi yaradılıb. Yeni yaradılan ştat vahidlərindən biri “ƏM və TT üzrə aparıcı mütəxəssis” ştatıdır. İddiaçıya aid olan, ləğv edilmiş ştatın əmək funksiyasını həmin mütəxəssis yerinə yetirməlidir. Lakin ləğv edilmiş 11 ştat vahidinin sırasında “ƏM və TT üzrə aparıcı mühəndis” ştatı olduğuna görə yeni yaradılmış “ƏM və TT üzrə aparıcı mütəxəssis” ştatı əvvəl “ƏM və TT üzrə aparıcı mühəndis” ştatını tutmuş şəxsə həvalə edilib. İddiaçıya Abşeron regionu üzrə böyük atıcı ştatı təklif olunub, lakin o, imtina edib. Beləliklə, əmək müqaviləsinin ləğv edilməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olub, əmək qanunvericiliyinin tələbi pozulmayıb. Ona görə də birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 19.06.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar