Məhkəmə qərarları › İş №2(103)-1017/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1017/2021

07.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1017/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh iştirakı ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(010)-1150/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X3 Kompani S.A” Şirkəti Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin Nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Bülbülə qəsəbəsi S.Əliyev küçəsində 39 T 415358.00 m B; 4476945.00 m C koordinantları üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq cavabdehin hesabına sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin tikinti materiallarından boşaldılaraq Nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı Şirkət Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış xx xxxxxx 2005-ci il tarixli Sazişə əsasən fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2005-ci il tarixli 875 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə “Suraxanı blokunun” mülkiyyətçisi və əməliyyatçısı kimi həmin Sazişin hazırlanması və Azərbaycan Respublikasının adından imzalanması, həmçinin tərəf müqabili qismində onun qüvvədə olduğu müddət ərzində Azərbaycan Respublikasının mənafelərini təmsil etmək səlahiyyəti verilmişdir. Sazişin 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Saziş müddəti ərzində neft- qaz əməliyyatlarının aparılması üçün zəruri olan və qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X3 Kompani S.A“ Şirkətinin sərəncamına verir. Həmin Sazişin 2.1-ci maddəsinə əsasən “X3 Kompani S.A“ Şirkətinə Sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neft-qaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüquq verir. Kontrakt sahəsi dedikdə, Sazişə 2 saylı Əlavədə verilmiş coğrafi koordinatlar perimetri daxilində olan sahə başa düşülür. Şirkətin istifadəsində olan torpaq sahəsinin hüdudları Sazişə 2 saylı Əlavədə göstərilən xəritə ilə müəyyən edilmişdir. Halhazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun bir növü olan istifadə hüququ iddiaçı Şirkətə məxsusdur. Lakin son illər Şirkətin istifadəsində olan torpaq sahələri müxtəlif fiziki şəxslər tərəfindən ayrı-ayrı dövrlərdə zəbt edilmiş, özbaşına olaraq yaşayış evləri tikilmişdir. Həmin fiziki şəxslərə bu qanunsuz hərəkətlərin və tikintinin dayandırılması, tikilmiş evlərin sökülməsi və Şirkətin istifadəsində olan torpaq sahələrinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilmişdir. Belə ki, Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsinin S.Əliyev küçəsində 39 T 415358.00 m B; 4476945.00 m C koordinatları üzrə yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən həmin torpaq sahəsində qeyri-qanuni tikinti işləri aparılması aşkar edilmişdir. Mübahisəli torpaq sahəsinin yaxınlığında neft quyuları fəaliyyət göstərir. Cavabdehə bu qanunsuz hərəkətlərin və tikintinin dayandırılması, tikilmiş evin sökülməsi və Şirkətin istifadəsində olan torpaq sahəsinin boşaldılması barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilmişdir. Lakin Şirkətin haqlı tələblərinə əhəmiyyət verməyərək cavabdeh tikintini davam etdirmişdir. Bununla da, cavabdeh həmin torpaq sahəsində yaşayış evi tikərək iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Mədən ərazilərində gedən hər hansı bir qeyri-qanuni özbaşına tikintilər neft quyularına xüsusi cihazlarla yaxınlaşmağı mümkünsüz edir və eləcə də, yeni quyuların qazılması üçün lazım olan sahələrin seçilməsi, quyularda geoloji-texniki tədbirlərin keçirilməsi mümkün olmur. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməsi və Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsinin S.Əliyev küçəsində 39 T 415358.00 m B; 4476945.00 m C koordinatları üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq Cavabdeh hesabına sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin tikinti materiallarından boşaldılaraq Nümayəndəliyin istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(010)-1150/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçı “X3 Kompani S.A“ Şirkətinin istifadəsində olan torpaq sahəsinin ərazi hüdudları daxilindəki Bakı şəhəri Bülbülə qəsəbəsinin S.Əliyev küçəsində 39 T 415358.00 m B; 4476945.00 m C koordinatları üzrə yerləşən torpaq sahəsində tikilmiş tikilinin özbaşına tikili hesab edilərək, Cavabdeh hesabına sökülməsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2018-cı il tarixli qətnaməsində məhkəmənin müəyyən etdiyi hallar kimi göstərilmişdir ki, cavabdehin məskunlaşdığı mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətinə aid olan torpaq sahəsidir. Onun həmin evə və torpaq sahəsinə heş bir aidiyyəti yoxdur. Cavabdeh həmin ərazidə nə ev tikib, nədə ki, yaşayıb. Göründüyü kimi, torpaq sahəsinin onun tərəfindən zəbt edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı deyildir və məhkəmə heç bir sübuta istinad etmədən, iddiaçı “X3 Kompany S.A” Şirkətinin mübahisəli torpağa münasibətdə subyektiv hüququnun olması qənaətinə gəlmişdir. Cavabdeh məhkəməyə çağırılmayıb, məhkəmə onun iştirakı olmadan keçirilmişdir. Həmin torpaq sahəsində yaşayanları da tanımır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı “X3 Kompani S.A” Şirkətinin nümayəndəsi X1 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, tikintinin cavabdeh tərəfindən tikilməsini təsdiq edən yeganə sübut, onların əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxx 2017-ci il tarixli aktdır. Növbəti məhkəmə iclasında çalışacaqdır ki, məhkəməyə mötəbər sübutlar təqdim etsin. Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı “X3 Kompani S.A” Şirkətinin nümayəndəsi X1 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ona çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi onun iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsi ilə əsaslandırmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir. İş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh oğlu lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, şikayətin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Kollegiya apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış xx xxxxxx 2005-ci il tarixli Sazişin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, “X3 Kompani S.A“ Şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bağlanmış “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü“ haqqında Sazişə uyğun olaraq fəaliyyət göstərir. Həmin Sazişin 10-cu maddəsində göstərilmişdir ki, ARDNŞ Saziş müddəti ərzində neft-qaz əməliyyatlarının aparılması üçün zəruri olan qanuni istifadəsində olan torpaq sahələrini istifadə üçün “X3 Kompani S.A“ Şirkətinin sərəncamına vermişdir. Həmin Sazişin 2.1-ci maddəsində göstərilmişdir ki, “X3 Kompani S.A” Şirkətinin Sazişin qüvvədə olduğu müddət ərzində Kontrakt sahəsinin hüdudları daxilində və həmin sahə ilə bağlı neftqaz əməliyyatlarının aparılması üçün vahid və müstəsna hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikasında “Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü” haqqında xx xxxxxx 2005-ci il tarixli Sazişə 2-ci Əlavədən görünür ki, kontrakt sahəsinə həmin əlavədə göstərilmiş coğrafi koordinatlar daxilindəki sahə aiddir. İş materiallarında olan peyk vasitəsi ilə çəkilmiş cizgi-planda Cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin koordinatları – yəni 39 T 415358.00 m B; 4476945.00 m C koordinatları göstərilmişdir. Həmin 39 T 415358.00 m B; 4476945.00 m C koordinatlarından görünür ki, iddia tələbində qeyd olunan mübahisəli torpaq sahəsi iddiaçı “X3 Kompani S.A” Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. İş materiallarında olan xx xxxx 2017-ci il tarixli Aktın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 2017-ci ildə saat 16:00 radələrində “X3 Kompani S.A” Şirkətinin kontrakt ərazisinə baxış keçirilərkən, Şirkətin kontrakt ərazisində, yəni Bülbülə qəsəbəsinin Samir Əliyev küçəsində Cavabdeh tərəfindən özbaşına, yəni qeyri-qanuni olaraq tikinti işləri aparıldığı aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli **********59 saylı məktubundan görünür ki, Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsinin S.Əliyev küçəsində 39 T 415358.00 m B; 4476945.00 m C koordinatları üzrə yerləşən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan ərazilərə düşür və qeyd edilən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş materiallarından görünür ki, Cavabdeh ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Göründüyü kimi, iddiaçı tərəf Bakı şəhəri Bülbülə qəsəbəsi S.Əliyev küçəsində 39 T 415358.00 m B; 4476945.00 m C koordinantları üzrə yerləşən tikilinin özbaşına tikili sayılaraq cavabdehin hesabına sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin tikinti materiallarından boşaldılaraq Nümayəndəliyin istifadəsinə qaytarılmasını xahiş edərkən, təmin tikilinin cavabdeh tərəfindən tikilməsinin sübutu kimi öz əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxx 2017-ci il tarixli akta istinad etmişdir. Kollegiya qeyd edir ki, qeyd olunan akt yalnız iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş, kənar şəxslər və cavabdeh aktın tərtibində iştirak etməmişdir. Kollegiya aktı mötəbər sübut kimi qəbul etmir və qeyd edir ki, iddiaçı tərəfə tikilinin cavabdə aidiyyatı olub-olmaması ilə bağlı mötəbər sübutlar təqdim etməsi təklif olunsa da, iddiaçı tərəf məhkəmənin növbəti iclasına gəlməmiş, sübutları təqdim etməmişdir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq kollegiya hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə kollegiya hesab edir ki, sübut etmə yükü iddiaçı tərəfin üzərində olduğundan, iddiaçı tərəf tikilinin cavabdeh tərəfindən tikilməsi və ona aidiyyatı olması barədə sübutlar təqdim etmədiyindən, iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(010)- 1150/2018 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar