Məhkəmə qərarları › İş №2(103)-10177/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10177/2021

04.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10177/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “birgə nikah dövründə əldə edilmiş mənzilə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “birgə nikah dövründə əldə edilmiş mənzilə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 1994-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həyat yoldaşı doğma əmisi qızıdır. Rəsmi nikaha daxil olduqdan sonra bir müddət Sumqayıt şəhərində yataqxanada yaşamış, qaynatası (əmisi) həmin müddətdə Bakı şəhərində ailəsi ilə birlikdə yataqxanada yaşayırdı. Ona bildirdi ki, yaşadıqları yataqxanada onların qonşuluğunda olan mənzili 3000 manata satırlar, o deyilən məbləği düzəldib qaynatasına verdi və onlar həmin mənzilə köçmüşlər. Birgə nikahdan iki övladı dünyaya gəlmişdir. Yataqxana plana düşüb söküldüyü üçün orda yaşayan sakinlərə kompensasiya verildi. Onlara verilən kompensasiyanı aldıqdan sonra 2000-ci ildə Bakı şəhəri, B.Nuriyev küçəsi ev 4 mənzil 47-ni alıb ailəsi ilə birlikdə həmin mənzilə köçmüşdür. Mənzil Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında DƏDRX-nın 123456 qeydiyyat nömrəsi, 07654897 reyestr nömrəsi ilə qeydə alınaraq ümumi razılğa əsasən müvafiq qaydada Cavabdeh1 Şıxverdı qızının adına qeydə alınaraq Çıxarış verilmişdir. Cavabdehlə münasibətlərinin pozulmasına cavabdehin anasının həddən artıq ailə işlərinə və ailənin idarə olunmasına yerli-yersiz müdaxilələri səbəb olmuşdur. Həyat yoldaşı ilə onun arasında tez-tez mübahisələr olduğuna görə, yoldaşı Bahar ona bildirmişdir ki, evin satılmasına müştəri tapmış və 120.000 manata razılığa gəlmişdir. Evin satılmasına dair etibarnamə istəmiş, mənzil satılandan sonra pulun yarısını ona verəcəyini bildirmiş, hər kəs özünə ayrıca mənzil alsın. O, cavabdehin bu sözlərinə inanaraq 04 avqust 2020-ci ildə onun adına etibarnamə verdi. Həyat yoldaşı Bahar onun etibarından sui-istifadə edərək həmin etibarnamə əsasında Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 4, 47 saylı mənzil 15 saylı DNK-nın 4Ə/326 reyestr nömrəli 03.09.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən 23.09.2020-ci il tarixdə qızı Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Həyat yoldaşı Bahar ona qarşı dələduzluq edərək onu aldatmış və onun bağışlanma müqaviləsindən heç bir xəbəri olmamışdır. Birgə nigah dövründə aldığı mənzildə son günlərədək ailəsi ilə birlikdə yaşamışdır. Sonradan qaynanasının təsiri və təzyiqi nəticəsində o cavabdehlər tərəfindən mənzilə buraxılmamışdır. Mənzilin qapısının açarları cavabdehlər tərəfindən dəyişdirilib, onun cavabdehlə birgə nikah dövründə aldığı mənzildən istifadəsində maneələr yaradılmışdır. Cavabdehlər onu mənzilə buraxmadığına görə qalmağa yeri yoxdur. Qohumların evlərində və küçədə gecələməli olur. Kirayə mənzil tutmağa da maddi imkanı yol vermir. Bu barədə sahə müvəkkilinə bildirsə də müsbət nəticə verməmiş, ona bildirmişdir ki, bu mülki iş olduğuna görə məhkəməyə müraciət olunmalıdır. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 4, 47 saylı mənzilə dair 15 saylı DNK-nın 4Ə/326 reyestr nömrəli 03.09.2020-ci il tarixli bağışlama müqaviləsini etibarsız hesab edilməsi, onun cavabdehlə birgə nikah dövründə aldığı Bakı şəhəri, B.Nuriyev küçəsi ev 4 mənzil 47də yerləşən mübahisəli, ümumu sahəsi 45 kvmdən ibarət olan 3 otaqlı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq nörmaları pozulduğu, sübutların düzgün qiymətləndirilmədiyi və digər əsaslar göstərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı tərəf apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək iddia tələblərinin təmin edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı cavabdeh tərəf apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrıayrılıqda müzakirə edib, tərəfləri dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 02.03.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzil haqqında məlumat və müvafiq sənədlərin surətinin verilməsi ilə bağlı 15.02.2021-ci il tarixli 102 saylı sorğuya baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzil 15 saylı DNK-nın 4Ə/326 reyestr nömrəli 03.09.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən 23.09.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Müvafiq sənədlərin surəti yalnız məhkəmə müraciəti əsasında verilə bilər. İş materiallarında olan Nərimanov rayon Qeydiyyat Şöbəsinin 23.01.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında nikah 20 avqust 1994-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsində bağlanmış və bu barədə 383 nömrəsi ilə akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Nərimanov rayon Qeydiyyat Şöbəsinin 23.01.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında nikah 20 avqust 1994-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsində bağlanmış və bu barədə 383 nömrəsi ilə akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdıma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı 154147 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 11762 saylı reyestr kitabında 17595-ci səhifə qeydə aınmış, 30.05.2003-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan 03.09.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzili Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan 08.08.2020-ci il tarixli (**********040) ərizədən görünür ki, İddiaçı, Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzilin satılmasına və bağışlanmasına etiraz etməyini bildirmişdir. İş materiallarında olan 02.09.2020-ci il tarixli (**********533) ərizədən görünür ki, X4, Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzilin bağışlanmasına etiraz etməyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri 15 saylı notariat ofisinin AR-İİ saylı 079784 nömrəli etibarnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 etibarnamədə qeyd edilən səlahiyyətlərini ona etibar etmişdir. Etibarnamə 1 il müddətibə verilmişdir və 04.08.2021-ci il tarixinədək etibarlıdır. İş materiallarında olan 30.03.2021-ci il tarixli (**********718) İddiaçı tərəfindən Bakı şəhəri 15 saylı notariat ofisinə verilmiş ərizədən görünür ki, 04.08.2020-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisində Cavabdeh1 reystrdə 7E-11770 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən qeyd olunan etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasına və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş edir. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibanamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Etibarnaməyə xitam verildikdə, onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. İş materiallarında olan AZ-T seriyalı 128875 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 birgə nikahından 16.09.1996-dı il təvəllüdlü Cavabdeh2 anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında isə Cavabdeh1 qeyd olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)887/2021 saylı 19.05.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiasının təmin olunması qət edilmişdir. İş materiallarında olan 10 saylı Mənzil Komumal İstismar Sahəsinin 22 aprel 2021ci il tarixli Aktından görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzildə 2013-cü ildən bu günə kimi yaşamır. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında nikah 20 avqust 1994-cü il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan 16.09.1996-сı il təvəllüdlü Cavabdeh2 anadan olmuşdur. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdıma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı 154147 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ kimi 30.05.2003-cü il tarixində qeydiyyatdan keçirilmişdir. 03.09.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzili Cavabdeh2 bağışlamışdır. Bu fakt Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 02.03.2021-ci il tarixli məktubu ilə öz təsdiqini tapır. Həmin məktuba əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzil 15 saylı DNK-nın 4Ə/326 reyestr nömrəli 03.09.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən 23.09.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş ərizədən də göründüyü kimi, İddiaçı, Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzilin satılmasına və bağışlanmasına etiraz etməyini bildirmişdir. Həmçinin 10 saylı Mənzil Komumal İstismar Sahəsinin 22 aprel 2021-ci il tarixli Aktından da göründüyü kimi İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzildə 2013-cü ildən bu günə kimi yaşamır. İddia tələbində İddiaçı Cavabdeh1 vermiş olduğu 04 avqust 2020-ci il tarixli Etibarnaməni verərkən Bakı şəhəri 15 saylı notariat ofisinə Cavabdeh1 yox, qızı Cavabdeh2 gəlmiş olduğunu iddia edərək etibarnaməni Baharın əvəzinə Fatimə aldığını və cavabdehlərin qanunsuz hərəkət edərək onu aldatdıqlarını bildirimişdir. Lakin qanunvericiliyin tələbinə görə etibarnamə bir tərəfli əqd olduğundan Notariat ofisinə yalnız etibar edənin getməsi kifayətdir etibar edilən ümümiyyətlə notariat ofisinə getməyə bilər. Bir tərəfli əqdlərdə tərəflərin razılaşmasına uyğun olaraq bir tərəfin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəllənin 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Mülki Məcəllənin 362.1-ci maddəsinə əasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Mülki Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Bundan başqa, iddiaçı Cavabdeh1 ilə birgə nikah dövründə əldə olunmuş mübahisəli mənzili qızına bağışlamaq üçün deyil həmin mənzilin satılaraq pulun yarısının ona veriləcəyi barədə razılaşdığını bildirdi. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 15 saylı Notariat ofisinin Xüsusi X1 tərəfindən təsdiq edilmiş 08 avqust 2020-ci il tarixli (**********040) ərizədən görünür ki, İddiaçı, Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzilin satılmasına və bağışlanmasına etiraz etmədiyini bildirmişdir. Həmçinin İddiaçı 04.08.2020-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisində Cavabdeh1 vermiş olduğu etibarnaməni 30.03.2021-ci il tarixli (**********718) ərizə əsasında Etibarnaməyə xitam vermişdir. Cavabdeh1 mənzili birgə nikahdan anadan olmuş qızlarına bağışlamağına dair razılıq ərizəsini iddiaçı 08 avqust 2020-ci il tarixdə vermişdir. Lakin 04 avqust 2020-ci il tarixli Etibarnaməyə 30.03.2021-ci il tarixli (**********718) ərizə əsasında xitam vermişdir. Bagışlama müqaviləsi isə 03.09.2020-ci ildə bağlanmışdır. İddiaçı 7 ay sonra etibarnaməyə xitam vermiş və bağışlama müqaviləsinin etibarsız hesab olunması barədə məhkəməyə müraciət etmişdir. Ailə Məcəlləsinin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlı sayılır. İddiaçı Cavabdeh1 bütün əmlakı üzərində sərəncam vermək hüququ verən etibarnamə vermiş və həmin etibarnamənin aldadılma təsiri altında verilməsini məhkəmədə sübuta yetirə bilməmiş, eləcə də İddiaçı etibarnaməni ləğv etdirmək üçün yetərincə zamanı olsa da, o, 7 ay sonra etibarnaməyə xitam vermişdir. Bununla yanaşı İddiaçı mübahisəli evin bağışlanmasına, və satılmasına etiraz etməməsi barədə notariat kontoruna ərizə vermişdir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarının 2-ci maddəsinin 7-ci hissəsinə əsasən notarius sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir. Yuxarıda da qeyd edildiyi kimi Bakı şəhəri 15 saylı notariat ofisinin xüsusi notariusu X3 razılıq ərizəsinin ərizəni təqdim edən şəxs tərəfindən imzalandığını təsdiq etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərkən bildirmişdir ki, notariusda ərizəni təqdim edərkən ona heç kim təzyiq etməmiş, ona hədə-qorxu gəlməmiş və ona hər hansı başqa bir təsir olmamışdır. Beləliklə birinci instansiya məhkəməsi tərəfindən 03.09.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün hallar müəyyən edilməmiş, bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmış və təsdiq edilmişdir. İddia tələbində bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün qeyd edilən dəlillər əsassızdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar